Villa əvəzinə bir dəstə çiçək

ETİBAR CƏBRAYILOĞLU
58116 | 2016-09-24 20:07

Dövlət Musiqili Teatrının aktrisası Ülviyyə Əliyeva: "Qərar vermək həmişə çətin olur”

Anası Ülviyyənin teatrda işə düzəldiyini eşidəndə elə bilib ki, aktrisalığa həvəs qızında ötəri hissdir. Bir neçə aydan sonra yenidən hər şey əvvəlki axarı ilə gedəcək, xarici dillər üzrə mütəxəssis kimi görmək istədiyi Ülviyyə bütün diqqətini imtahan hazırlığına yönəldəcək.

Amma elə ilk günlərdən səhnənin sehrinə düşən Ülviyyə qəti qərarını vermişdi və aktrisa olmaq istəyirdi. İlk addımlarını mərhum rejissor Hüseynağa Atakişiyevin yaratdığı Gənclər Teatrında atan gənc aktrisa İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini də bitirir. İstedadı sayəsində diqqətləri cəlb etməyi bacardığından 2001-ci ildə Dövlət Musiqili Teatrın truppasına qəbul olunur, ustadı, Xalq artisti Afaq Bəşirqızı və digər tanınmış səhnə xadimləri ilə çiyin-çiyinə çalışır.

Yeni teatr mövsümündə maraqlı obrazlarla tamaşaçıların qarşısına çıxmağa hazırlaşan Ülviyyə xanım televiziya layihələrindəki işləri ilə bağlı tez-tez bölgələrimizə səfər edir, sadə insanlarla təmasda olur. Özünün dediyi kimi, günləri yolda, məşqdə, televiziya çəkilişlərində keçsə də, səhnəyə çıxan elə ilk dəqiqədən bütün yorğunluğunu bir andaca unudur.

- Ülviyyə xanım, qısa bir müddətdən sonra ötən mövsüm yenidən doğma kollektivə qayıtdın. Bir halda ki, qayıtmısan, gəl elə getməyinin yox, dönüşünün səbəblərindən danışaq...

- 15 ildən artıq çalışdığım Dövlət Musiqili Teatrından, bu mehriban kollektivdən tam ayrılmamışdım, müqavilə əsasında işləyirdim. O zaman televiziya layihələrində, teleseriallarda həddindən artıq məşğul olduğumdan bütün diqqətimi teatrdakı işlərimə ayıra bilmirdim. Sırf bu üzdən belə bir addım atmağa məcbur olmuşdum, məni yaxından tanıyan insanlar yaxşı bilirdilər ki, özümü səhnəsiz təsəvvür etmirəm, tezliklə doğma teatra dönəcəm. İş yoldaşım, Əməkdar artist Əkbər Əlizadə də hər dəfə mənə deyirdi ki, qayıt gəl, bu teatrda səni maraqlı obrazlar gözləyir. Göründüyü kimi, yenidən Dövlət Musiqili Teatrının ştatlı aktrisasıyam. Dönüşümün xüsusi bir səbəbi yoxdu, teatr aktrisası kimi harda olmalıydımsa, elə oradayam.

- Belə görünür ki, qayıtmaqla bağlı qərar vermək çox asan olub...

- O qədər də asan olduğunu deməzdim. Bunun özü də xarakterimlə bağlıdı. Mənim üçün istənilən məsələdə qərar vermək çətin olur, düşünmədən, daha çox risk tələb edən addımlar atmağı xoşlamıram. Hər hansı bir işi başlayanda az qala yüz ölçüb, bir biçirəm, həmişə də məsələnin mənfi tərəflərini fikirləşirəm.

- Şər deməsən, xeyir gəlməz yəni...

- Eynən belə. Əksər hallarda da məsələyə bu cür yanaşmamın daha doğru yol olduğunu görürəm. Teatrımıza dönməyimlə bağlı qərarı da düzgün və uğurlu sayıram. Qayıdan kimi Tamara Vəliyeva və Faiq Sucəddinovun "Mən dəyərəm min cavana” tamaşasında Güldəstə rolunu oynadım. Məndən əvvəl bu obrazı ustadım, Xalq artisti Afaq Bəşirqızı böyük şövqlə yaratmışdı. Afaq xanımdan sonra bu rolu oynamaq böyük məsuliyyət tələb edirdi, üstəlik vaxtımız da çox az idi. Afaq Bəşirqızı kimi böyük sənətkarın etimadını doğrultmağa çalışdım, onun məsləhətlərini dinlədim, mənəvi dəstəyini hiss etdim. Təsadüfi deyil ki, ötən mövsümün yekunlarına görə teatrımızda keçirilən mərasimdə "Bərpa tamaşasında ən yaxşı rolun ifaçısı” nominasiyasının qalibi oldum.

Teatrımızın zəhmətsevər kollektivinə, direktorumuz, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru Əliqismət Lalayevə minnətdaram ki, belə bir məsuliyyətli işin öhdəsindən gəlməyim üçün nə lazımdırsa etdilər. Yeri gəlmişkən, bir neçə gün öncə qeyd olunan Milli Musiqi Günündə ölkə rəhbərinin sərəncamı ilə Əliqismət Lalayev fəxri ada layiq görüldü. Fürsətdən istifadə edib Əliqismət müəllimi təbrik edir, ona daha böyük yaradıcılıq uğurları arzulayıram. İnanıram ki, kollektivimiz onun rəhbərliyi altında hələ çox nailiyyətlər qazanacaq.

- Son illər az qala hər gün efirdən görünən Ülviyyə Əliyevanı tamaşaçılar səhnədə necə qarşıladılar?

- Ürəklə deyə bilərəm ki, çox yaxşı. Teatr tamaşaçılar ilə hər bir görüş mənim özüm üçün də faydalı olur. Həqiqətən də səhnə, tamaşaçı zalı başqa bir aləmdi. Teatr aktyorunun, aktrisasının filmə, teleseriala çəkilməsi, televiziya kanallarında aparıcılıq etməsi çox yaxşıdı, bunun bir necə tərəfdən faydası var. Amma sən teatrda çalışırsansa tez-tez səhnəyə çıxmalısan, əks halda çox şey itirə bilərsən. Səhnənin havası, tamaşaçı zalının enerjisi aktyoru, aktrisanı belə demək mümkünsə, formada saxlayır. Əgər idmançı aylarla məşq etmir, zala, meydançaya ayaq basmırsa ondan nə yaxşı nəticə gözləmək olar?

Şəxsən mən televiziyadan tanındıqca, populyarlaşdıqca teatrın, səhnənin məsuliyyətini daha çox hiss edirəm. Teatrdakı rollarımı zəif oynayıb məni tanıyan insanların gözündən düşmək istəmirəm.


- Yeni teatr mövsümünə start verildi, Musiqili Teatrda hazırlanacaq hansı təzə səhnə əsərlərində səni görə biləcəyik?

- Özbək dramaturqu İbrahim Sadıqovun "Molla Nəsrəddinin beşinci arvadı” komediyasının məşqlərinə başlamışıq, əsərə istedadlı rejissor Əsgər Əsgərov quruluş verir. Mən Molla Nəsrəddinin arvadlarından biri-kar Tutunu oynayıram. Komik situasiyalarla zəngin, maraqlı bir əsərdi. Elə ilk oxunuşdan həm əsər özü, həm də Tutu obrazı çox xoşuma gəlib. Əsgər müəllimə də demişəm ki, əsər elə yazıldığı kimi tamaşaya qoyulsa kifayətdi. Birinci məşqdə o qədər gülmüşük...

- İndi qaldı tamaşaçıların gülməyi...

- İnanıram ki, maraqlı bir tamaşa alınacaq, əsərdəki sağlam gülüş tamaşaçılarımızın xoşuna gələcək. Bəziləri elə düşünür ki, komediyada oynamaq, tamaşaçıları güldürmək asandı, amma mənim fikrimcə, bu, heç də belə deyil. Məncə faciə əsərlərində oynamaq, tamaşaçını ağlatmaq asandı, çünki zalda əyləşən hər bir tamaşaçının qəlbində necə deyərlər, bir sarı sim var, həmin sarı simə toxunmaqla onu ağlatmaq olar. Lakin teatra gəlib bir-iki saatlıq da olsa problemlərini unutmaq istəyən tamaşaçıları güldürmək çox çətindi.

- Axşam tamaşadan sonra gül-çiçək dəstəsi ilə evə getmək aktrisa üçün həqiqətən də böyük bir sevincdir?

- Əlbəttə, inanılmaz bir sevinc hissidir. Teatr aktyorlarının maaşı o qədər də çox deyil, buna rəğmən məsuliyyətlə çalışırıq, bir rolu yaratmaq üçün aylarla əziyyət çəkirik. İstər premyera olsun, istərsə də 100-cü tamaşa, fərq etməz, pərdə bağlanandan sonra eşitdiyimiz alqış səsləri və ya aldığımız gül dəstəsi sanki bizi dünyanın ən xoşbəxti edir. Şəxsən mən həmin anda tamaşaçının bağışladığı bir dəstə çiçəyi villadan, bahalı avtomobildən də üstün tuturam. Alqışını, gül dəstəsini əsirgəməyən tamaşaçılar biz sənət adamlarına nə qədər böyük bir sevinc yaşatdıqlarının bəlkə də fərqində deyillər. Biz aktyorların tamaşaçı sevgisindən, alqışından başqa heç nəyimiz yoxdur. Allah bu sevgini əlimizdən almasın.

- Müsahibələrinin birində deyirsən ki, hamıya qarşı səmimi olmağa çalışırsan və hər kəsdən də belə davranış gözləyirsən. İndiki zamanda bu prinsiplə yaşamaq çətin deyil?

- Çətindi. Bəlkə də elə bu üzdən çevrəmdə çox az adam var. Sadəcə dostluq xətrinə dostluq etməyi xoşlamıram. Kəsdiyim duz-çörəyə lap köhnə kişilərin anlamında olduğu kimi, dəyər verməyə çalışıram. Bütün diqqətimi sənətimə, işimə yönəltmişəm, bekarçılıqla, dedi-qodu ilə heç aram yoxdu. Yaxşı bilirəm ki, bütün narazılıqlar qeybətdən, dedi-qodudan yaranır. 17 yaşımdan teatr aləmindəyəm, həmişə də qeybətdən, intriqalardan, söz gəzdirməkdən uzaq olmuşam. Gənclər Teatrında çalışanda iş yoldaşım Xalidə xanım bir dəfə məni kənara çəkib dedi ki, qızım, heç vaxt belə söhbətlərə qoşulma. Onun sözlərini indiyə kimi qulağımda sırğa eləmişəm. Kimə deyiləsi sözüm varsa həmin adamın özünə deyirəm, başqalarından da eyni cür hərəkət gözləyirəm.


Etibar CƏBRAYILOĞLU


TƏQVİM / ARXİV