adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

XAN ARAZIN ŞAİR QIZI

VAQİF YUSİFLİ
34415 | 2016-09-17 09:31
(ŞÖVKƏT ZƏRİN HOROVLUNUN 75 YAŞINA)

Belə deyirlər ki, hər bir şair öz doğulduğu torpağa, onun havasına, suyuna, çölünə, çəməninə bənzəyir. Qadın yazarlar arasında Şövkət Zərin Horovlu da doğulduğu, boya-başa çatdığı Cəbrayılın havasına, suyuna, torpağına, çinarına bənzəyir. Bir də sahilində axar sularına dönə-dönə tamaşa etdiyi Araza. Şeirlərində də o havadan, o sudan, o torpaqdan, o çinardan, Arazdan gələn misralar görərsən.

Dəysin qulağıma Arazın səsi,
Ovutmur qəlbimi isti nəfəsi.
Ey nəğməli söyüd, qocaman palıd,
Həyata göz açıb doğulduğum yurd,
Sizinçün mən yaman qəribsəmişəm,
Qürbətdə ağlamaq olubdur peşəm.
Bu yolda, ey külək, gəl ol yoldaşım,
Apar, xan Arazla mən qucaqlaşım.

İndi, yaşının bu çağında Cəbrayılın çinarlarına, kəhrizlərinə, havasına, suyuna həsrət qalıb. Elə Cəbrayıl da, o çinarlar da öz şair qızına həsrət çəkir. İnanıram ki, bu günlərdə ordumuzun şanlı qələbəsinin bir sorağı da Cəbrayıldan gələcək, o qələbədən Sabir Əhmədlinin də, Tofiq Hacıyevin də, Sabir Süleymanovun da, uzaq Polşada əbədi uyuyan Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun da ruhları şad olacaq. Cəbrayıl iyirmi dörd illik həsrətdən sonra öz şair qızını da bağrına basacaq.
Şövkət Qulam qızı Hüseynova (Şövkət Zərin) Cəbrayılın Horovlu kəndində, ziyalı bir ailədə dünyaya gəlib. Bədii yaradıcılığa - şeir yazmağa uşaq yaşlarından başlayıb, ilk yazıları Cəbrayıl rayon qəzetində dərc edilib. Uzun müddət tərəddüd eləyib, şeirlərini utana-utana, çəkinə-çəkinə redaksiyalara aparıb, yalnız yaşı əllini keçəndən sonra ilk kitabını çap etdirib. Ədəbi aləmdə isə onu artıq tanıyırdılar, çünki nəinki oxucular, bir sıra tanınmış şairlər də onun istedadına şəkk eləmirdilər. Şövkət xanım poeziya aləminə gec daxil olsa da, tezliklə bu müqəddəs aləmin layiqli üzvü ola bildi.
Şövkət xanım müasir şeirimizdə məhz Cəbrayıl həsrəti-Qarabağ nisgili ilə tanınıb. Onun şeirlərini həyəcansız oxumaq olmur. Bu şeirlərin canında ağrı var, kədər var. Poeziyamızda bütün əsrlər boyu Vətən həsrəti aparıcı mövzulardan biri olub. Bəli, Vətən həsrətli şeirlər böyük kədəri ifadə edib, göz yaşlarına, hönkürtüyə çevrilməyib bu şeirlər.

Xəzəl kimi əzilim, ovulum,
Bir ovuc torpağın olum,
Məlhəm tək yaralarına qoyulum,
Qayalarında mamıra,
Dənizində yosuna dönüm,
Payızına dolanım,
yazına dönüm,
başına dönüm,
Təki səndən olum,
Sənə dönüm Vətən!

Şövkət xanımın şeirlərində, poemalarında əsas bir obraz var. Onun adı Anadır - Azərbaycan anası. Bu Ana bizim anaların ümumiləşdirilmiş obrazıdır, həm də konkret bir Ana obrazıdır. Bu Ana bir tərəfdən yurd həsrəti ilə yanır-yaxılır ("Əzizinəm, yurdum hey!.. Qəmdən qala qurdum hey!.."), öz taleyini bir yaralı quşcuğazla müqayisə edir, doğulduğu kəndi dönə-dönə yad edir, dağın ətəyində yerləşən o kəndin kəhrizlərini, salxım söyüdlərini, əsrlərdən yadigar qoca çinarı xatırlayır, bir yandan da əski günlərinin xatirələrini solmağa qoymur, ömrünün payızında baharlı ümidlərini dilə gətirir. Təkcə kövrək, həzin duyğular deyil, Azərbaycan qadınına xas olan Tomris, Həcər ruhu da onun şeirlərinə döyüş-savaş ahəngi qatır, həsrət nəğmələrini cəngi sədaları əvəz edir ("Döndərək Qələbə bayraqlarına, Şəhidlərin qanlı köynəklərini"), şeirlərində Xətai, Qorqud, Babək, Cavanşir, Səttarxan, Pişəvəri kimi tarixi qəhrəmanların adları də əbəs yerə xatırlanmır - xalqın mərdlik, cəngavərlik, müdriklik dönəmləri bir Ana ürəyinin istəklərindən soraq verir ("Türk qızıyam: Qazanların, Beyrəklərin anası mən özüməm!").. Məncə, Şövkət xanımın şeirlərində həzinliklə, kövrəkliklə, həsrət və kədər yanğıları ilə coşqu ruhunun bir-birini əvəz etməsi təəccüblü sayılmamalıdır - Azərbaycan qadını zərif və incə duyğularla yaşadığı kimi, "Mən qayayam. Tufan qopa, şimşək çaxa, Əsla məni qorxutmaz. Mən atəşəm: Öz köksümdən od almışam, dərya bağla, sönmərəm" deməyə də haqqı çatır.
Şövkət Horovlu poeziyamızın milli ənənələrinə bağlı şairdir. Müqayisə bəlkə də yerinə düşər, deyim ki, onun şeirlərində bizim XX əsr ədəbiyyatımızın üç xanım incisi Mirvarid Dilbazinin, Nigar Rəfibəylinin, Mədinə Gülgünün poetik ənənələrindən gələn çalarlar da hiss olunur. Yəni Azərbaycan qadınının istək və arzuları, milli və bəşəri hissləri yeni Şair-Ana obrazında təcəssüm edir. Ənənəyə bağlılıq onun qoşma və gəraylılarında, Şəhriyarın "Heydərbabaya salam" ahəngində yazdığı "Yaddaş ağrıları", həmçinin "Nənəmin son günləri", "Ana layla çalır yuxularında" poemalarında daha çox hiss olunur. O, bəziləri kimi qoşmaya baxıb onun şəklini çəkmir, özü əsl qoşma yaradır. Bu qədim şeir şəklində müasir bədii təfəkkürün işığını görürsən:

Yenə də qarışıb halı dağların,
Onun bahar çağı uzaqda qaldı.
Qonaqlı, qaralı buz bulaqların,
Şirin zümzüməsi qulaqda qaldı.

Özümə bəllidir nisgilim, qəmim,
Bir xəzan andırır indi görkəmim,
Əzəlki həvəsim, əzəlki dəmim,
Ürəkdə kövrəlib, dodaqda qaldı.

Ömür nə vaxt gəlib keçdi, bilmədim,
Çən-çisək saçıma düşdü, bilmədim,
Bu dünyanın sonu heçdi, bilmədim,
Onun da bəhrəsi torpaqda qaldı.

Şövkətəm, titrəyir əlimdə qələm,
Həsrətdən od tutub, alışır sinəm.
Qoynunda gəzdiyim, a dağım, dərəm,
Bir də görüşümüz nə vaxta qaldı?

Şövkət Horovlu şeir yaradıcılığı ilə yanaşı, nəsr əsərləri də yazır və artıq bir neçə romanın, povestin də müəllifidir.
Şairin nəsrə, ya da nasirin şeirə keçməsi çox vaxt birmənalı qarşılanmır. Bunu bəzən şairin, ya da nasirin adət elədiyi janrda daha uğur qazana bilməməsi ilə izah edənlər də tapılır, bəzən də tamamilə qanunauyğun bir hal hesab edirlər. Amma fikrimizcə, Şövkət xanımın nəsr əsərləri yazması da şeirdə tam ifadə edə bilmədiyi mətləbləri daha geniş, epik planda əks etdirmək cəhdiylə bağlıdır. Şövkət xanım həyat yoldaşı, tanınmış alim Hüseyn müəllimlə bir neçə il Əfqanıstanda olmuş və sonralar "Açılmamış zərf" xatirə povestində o çətin, son dərəcə gərgin illəri (SSRİ dövlətinin Əfqanıstana müdaxiləsi, kommunist rejimi yaratmaq iddiasından doğan işğalçılıq siyasəti) bütün görüntüləri ilə əks etdirib. Bu, onun ilk nəsr əsəriydi. Və bu əsərdə Şövkət xanım təkcə xatirə, gündəlik, olanların təsviri ilə kifayətlənmir, Əfqanıstanda gördüyü, ünsiyyətdə olduğu insanların da obrazını yaradır. O xalqın adət-ənənələrini, həyat tərzini, məişətini də bildiyi qədər əks etdirir.
Horovlunun "Arazdan gələn səs" və "Köynək" romanları bu gün hamını düşündürən bir mövzuya həsr edilib.
Hər iki əsərdə Qarabağda, keçən əsrin 90-cı illərində baş verən hadisələrin təsviri əsas yer tutur və müəllif mümkün qədər çalışır ki, o hadisələri reallığı ilə gözlərimiz qarşısında canlandırsın, müharibəni, o müharibənin doğurduğu maddi və mənəvi itkiləri, bu itkiləri öz varlığında yaşadan insanları danışdırsın.
"Köynək" romanında eyni məkanda yaşayan azərbaycanlıların və ermənilərin qonşuluq münasibətləri, ikincilərin məkrli siyasəti və düşmənçilik niyyətləri, hadisələrin get-gedə qarşıdurmaya yol açması və nəhayət, xain qonşuların açıq şəkildə hücum və talanlara keçməsi, beləliklə, soydaşlarımızın məhrumiyyətlərə düçar olması əks etdirilir. Romanın əsas qəhrəmanı el ağsaqqalı Nəbidir. Sadə bir azərbaycanlı. Torpağa, elinə-obasına, ailəsinə bağlı bir insan. Nəbi üçün azərbaycanlıya xas olan duz və çörək, etibar və inam, bir sözlə, əsl kişilik qanunları müqəddəsdir. O, erməni Stepanla dostluq edir, ona inanır və təbii ki, xasiyyətində təkidli olduğu üçün onun haqqında deyilənlərə qətiyyən inanmır. O, vaxtilə, uşaq ikən erməni köynəyindən keçirilib, deməli, bu adətə, inanca sadiq qalmalıdır. Oğluna da Stepanı kirvə tutur, onu da həmin adətlə köynəkdən keçirir. Elə Stepanın atası da onun kirvəsi olmuşdu. Azərbaycanda, xüsusilə, Qarabağda kirvəlik dostluq, qardaşlıq, bir-birinə hədsiz sədaqət kimi anlaşılıb. Ona görə də, Nəbi azərbaycanlıların bu ata-baba adətini müqəddəs hesab edir, heç vəchlə inanmaq istəmir ki, bu adi pinəçi erməni dostluğa xəyanət etsin, özü kimi xainləri başına yığıb Sumqayıt hadisələrində əli qana bulaşsın, azərbaycanlıların mal-mülkünü talan etsin. İnanmaq istəmir ki, Stepanın zahiri sadədilliyi arxasında qəddar, yırtıcı bir insan xisləti dursun. Stepan üçün fərqi yoxdur, türkə nifrət illərdən bəri onun köksündə yuva salıb. Müəllif Nəbinin inamının tamamilə sarsıldığını onun ermənilərə əsir düşdüyü məqamda açıqlayır. Nəbinin oğlunu oğurlatdıran, sonra da onu həmin o köynəklə boğub öldürən Stepan olur. Nəbi kəsdiyi duz-çörəyə, kirvəlik peymanına sadiq qalıb Stepanın yanına gəlir. Və Stepan: "Cibindən alışqanı çıxardıb yandırdı. Alışqanın zəif, sarımtıl işığında Nəbi köynəyi tanıdı. Gördüyündən dəhşətə gəldi. O, sandıqda əzizlənib saxlanan köynək idi. Nəbinin dəhşətdən səsi batdı. Nə qışqıra, nə ağlaya bildi. Ona elə gəldi ki, bütün dünya lərzəyə gəldi. Günahsız bir körpənin faciəsinə yerdə dağ-daş, göydə bulud da ağladı. Amma özü ağlaya bilmədi. İçindən yanıqlı bir hönkürtü qalxdı: "Özü yıxılan ağlamaz", - dedi".
Çox ibrətli səhnədir. Biz Nəbini heç cür qınamırıq. O, içinə dolan şübhələri yox etsin deyə, düşmən ayağına gəlir. Və nəhayət, illər boyu dostluğuna inandığı bir insanın (insan yox, erməninin!) əsl simasını görür. Doğrudur, gecdir, amma bu da bir ibrət almalı səhnədir. Bir insanın inam zirvəsi tamamilə məhv oldu. Əslində, Stepan obrazı təzə deyil, biz nəsr əsərlərimizdə ondan da dəhşətli, xəbis erməni obrazları ilə tanış olmuşuq. Amma Nəbi obrazı yenidir. Müəllif sanki belə bir fikri aşılayır ki, bizim bütün bəlalarımızın kökü o inamdan gəlir. Və beləliklə, belə bir ifrat inamın təməlinin olmadığını sübuta yetirir.
Romanda Stepandan fərqli başqa bir erməni obrazı ilə də qarşılaşırıq ki, bu da Susannadır. Kamillə Susannanın məhəbbəti doğrudan da qibtə ediləsidir. Nə olsun ki, ermənidir, o, gəlin getdiyi evdə müsəlman ailəsinə çox tezliklə isnişir, amma bu məhəbbəti də onlara çox görürlər, ər-arvad müəmmalı şəkildə qəzaya düşüb həlak olurlar.
Əlbəttə, biz bu romanı təfsilatı ilə təhlil etmək fikrində deyilik. Şövkət xanımın təsvir etdiyi hadisələr inandırıcıdır, bu da müasir roman üçün başlıca şərtlərdən biridir. O, xalqın, daha doğrusu, qaçqın düşən insanların əzablı günlərini, məşəqqətli anlarını, psixoloji sarsıntılarını verməyə çalışır. Eyni zamanda, o çətin günlərdə, cavanların, intiqam hissilə coşub-daşan soydaşlarımızın mübarizə əzmini də təsvir etməyi unutmur.
"Arazdan gələn səs" "Köynək"dən fərqli olaraq çoxplanlı bir romandır. Əsər başlanğıcdan sona kimi həyəcanlı səhnələrlə diqqəti cəlb edir. Əsasən bir ailənin taleyi (Teymur müəllimin və oğlu Kamranın) izlənilsə də, romanda Arazqırağı kəndlərin, rayonun ərazisində baş verən hadisələr, ermənilərin hücumlarından sonra başlanan köçkünlük, eyni zamanda, igid oğullarımızın düşmənə qarşı mübarizə aparması, rayon daxilində ayrı-ayrı vəzifəli adamların bir-birilə çəkişmələri də süjet xəttində çoxplanlılıq yaradır. Romanın əsas qəhrəmanlarını səciyyələndirən bir xüsusiyyəti sonadək izləyə bilirik - bu da vətənpərvərlikdir.
Şövkət xanımın "Tale yolu" romanı, "Əbədiyyətə qədər" povesti də maraqla oxunur və arzum budur ki, o, nəsrində də yeni uğurlar qazansın.
...Beləliklə, əziz oxucular, mən sizə istedadlı bir şair və nasir qadın yazarımızdan, onun yaradıcılığından söz açdım. Xan Arazın şair qızına tezliklə doğma Cəbrayılına qovuşmaq arzusuyla yazıya nöqtə qoyuram.

TƏQVİM / ARXİV