adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
16 Sentyabr 2016 12:58
61292
MÜSAHİBƏ
A- A+

“Güclü diasporumuzun yaranacağına inanıram”

Bir neçə gün öncə Makedoniya parlamentinin deputatı Enes İbrahim və diaspor üzrə jurnalist Elnur Eltürk Makedoniya-Azərbaycan Dostluq Cəmiyyəti yaratdılar. Yeni qurumun əsas təşəbbüskarı olan Elnur Eltürk cəmiyyətin fəaliyyət ilə bağlı Adalet.az-a müsahibə verib.

- Yeni cəmiyyəti yaratmaqda məqsəd nədir?

- Xaricdə soydaşlarımızın təşkilatlanması və onların bir amal ətrafında birləşməsi hər zaman əsas məqsədim olub. Bir media işçisi olaraq, bu xəttin güclü olmasını dəstəkləmişəm. Düzdür, bu bir az çətin prosesdir və onu bilirəm ki, güclü diasporumuzun yaranacağına inanıram. Dünyanın bir sıra ölkələrində savadlı və inteqrasiya etmiş gənclərimiz var. Onların potensialı istəklərimizin gerçəkləşməsinə böyük təsir göstərəcək. Ziyalılarımızın gücünü bura əlavə etsək, istənilən hədəfə çatmaq imkanlarımız artır. İllərdir ki, bu istiqamətdə dostlarımızla fəaliyyət göstəririk.

- Bilirik ki, beynəlxalq ictimai əlaqələriniz də genişdir, bunun Makedoniya-Azərbaycan Dostluq Cəmiyyəti yaratmaqda təsiri olubmu?

- Bilirsiniz ki, üzvü olduğum Diaspor Jurnalislər Birliyi də Azərbaycan diasporunun güclü olması üçün var gücü ilə çalışır. Bunu zaman-zaman ölkə mediasında çıxan yazı və xəbərlərdə görə bilərsiniz. Diaspor Jurnalistlər Birliyi xarici media ilə sıx əlaqələr qurub. Bu günlərdə təşəbbüsümüzlə formalaşan Makedoniya-Azərbaycan Dostluq Cəmiyyəti iki ölkə arasında körpü əlaqələrinin daha da güclü olması üçün yarandı. Makedoniya parlamentinin deputatı Enes İbrahimlə söhbətimiz oldu və ona belə qurumun yaranmasının vacibliyini bildirdim. Enes bəy sağ olsun ki, təşəbbüsümü dəstəklədi. Həm də Enes bəy Azərbaycanı, ümumi olaraq Qafqazda gedən prosesləri izləyən siyasətçidir. Əvvəllər Qarabağla bağlı Makedoniyada tədbirlər təşkil edib, bu mövzuda mediada yazılarla çıxış edib. Makedoniyada çalışqan və fəal siyasətçi kimi böyük nüfuza malikdir. Təbii, iki ölkə arasında siyasi-iqtisadi və mədəni əlaqələr var. Ancaq bildiyim qədər orada Azərbaycanla bağlı təşkilat yoxdur. Bəlkə də olub və sonradan fəaliyyəti dayanıb. Ancaq hələlik belə bir cəmiyyət və ya təşkilat fəaliyyət göstərmir.

- Təşkilatın gələcək güc strukturu nədən ibarətdir?

- Bu cəmiyyət gələcəkdə dostluq əlaqələrimizin güclənməsinə öz töhfəsini verə bilər. Üstəlik, yeni yaranacaq təşkilatlar digər qurumlarla sıx təmasda olmalıdırlar. Bu gün internetin bizə verdiyi imkanlardan maksimum yararlanmaqla koordinasiyanı həyata keçirə bilərik. Əsas odur ki, işləməyə maraq olsun. Qarşıda bir sıra planlarımız var. Bu barədə Enes İbrahimlə müzakirələr aparırıq. Hər şey dəstəkdən aslıdır. Əgər dəstək olacaqsa, işi məntiqli və keyfiyyətli şəkildə həyata keçirəcəyik. Makedoniya mediası ilə sıx əlaqələr qurmaq planlarımızın əsas tərkib hissəsini təşkil edir. Oranın yerli və Türk icması ilə sıx əlaqələr quracağıq.

Rüfət Soltan