adalet.az header logo
  • Bakı 20°C

"O KƏND BİZİM KƏNDİMİZDİ..."

FƏRİDƏ RƏHİMLİ
33419 | 2016-09-10 09:18
İtki ağır bir dərddi. İnsan bir iynəsini itirəndə axtarır, tapmayınca rahat ola bilmir. O da ola yurd, torpaq, Vətənin bir parçası. Bu itkini axtarmağa gərək yoxdu, harda olduğunu bilirsən. Amma yaxınlaşa bilmirsən, götürə bilmirsən. Özününkü hesab edirsən, amma sənin deyil. Əl uzadacaq qədər yaxındı, amma gedə bilmirsən.

"Orda bir kənd var ...uzaqda,
O kənd bizim kəndimizdi.
Getməsək də, görməsək də
O kənd bizim kəndimizdi...".

O kənd bizim kəndimizdi. Onların əlində olsa da, düşmənindi deməyə dilimiz gəlmir. Onu deyə bilən dil yerindən qopsun!!!
Xankəndi! Adı nə qədər möhtəşəm səslənir. Xanların oylağı, istirahət zonası, nəinki düşmənin, heç xan olmayanların da ayağı hələ-hələ dəyməyən möhtəşəm yurd! Kim bada verdi sənin xanlığını? Kim ayaqlar altına atdı vüqarını? Kim səni qapına qulluqçu kimi gələn gədaların yemi etdi?..
Xankəndi dekabrın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR MİK 1923-cü il iyulun 7-də "Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında" dekret verdi. Həmin dekretlə Xankəndi vilayətin mərkəzi elan olundu. Az sonra şəhər Stepan Şaumyanın adı ilə "Stepanakert" adlandırıldı. 1991-ci ildə Azərbaycan SSR Ali Sovetiinin qərarı ilə şəhərin əvvəlki "Xankəndi" adı bərpa edildi. Xankəndi digər Azərbaycan şəhərlərinin əksəriyyətindən nisbətən cavan olması ilə fərqlənirdi. Arxiv sənədlərinə görə şəhər XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlığı başçılarının - xanların istirahəti üçün yaşayış məskəni kimi salınır. Yeni yaşayış məntəqəsi kimi digər yaşayış məntəqələrində də ancaq yerli əhali, yaşayırdı. İlk illər yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında "Xanın kəndi" kimi tanınır. Qısa bir müddətdən sonra qəsəbə Xankəndi adını alır.
Qarabağ xanlığını zorən Rusiya imperiyasına birləşdirən 1813-cü il Gülüstan müqaviləsinə qədər Xankəndi ancaq xan ailəsinin və ona yaxın azsaylı əyanların yaşadığı kiçik yaşayış məskəni kimi formalaşmışdı. Rusiyanın Qarabağı işğal etməsi bütün bölgələrə olduğu kimi, Xankəndinin də taleyinə ciddi təsir edir. Əvvəlki həyat tərzi dağıdılır, Azərbaycan cəmiyyəti üçün ənənəvi olan sülalələr bölgüsü qadağan edilir, hər şey imperiyanın maraqlarına tabe etdirilir. Eyni zamanda keçmiş xanlıq ərazisində tez-tez baş verən üsyanların qarşısını almaq üçün bütün ərazi boyu hərbi hissələr yerləşdirilməyə başlayır. Onların biri də Xankəndidə yerləşdirilir. Yer hərbi hissə üçün çox əlverişli idi. Bir tərəfdən çara tabe olmaq istəməyən Şuşanı və ətrafdakı xeyli Azərbaycan məskənlərini nəzarətdə saxlamaq mümkün idi. Digər tərəfdən, Xankəndiyə İrandan köçürülən və rus hərbi bazalarında onlara qulluq edəcək erməni ailələrini yerləşdirmək planı var idi. 1813-ci ildə Xankəndidə heç bir erməni və rus ailəsi yaşamasa da, artıq 1847-ci ildə orada 80 erməni, 52 rus ailəsinin yaşadığı ev və erməni kilsəsi var idi. Ermənilər və rus zabitləri yaşayış məskənini "qərargah" adlandırsalar da, 1847-ci il çar Rusiya xəritələrinə qəsəbə rəsmi şəkildə Xankəndi adı ilə düşür. Çar işğalından sonra böyüyən Xankəndi şəhərinə bir qayda olaraq İrandan köçürülən ermənilər yerləşdirilir, etibar doğurduqlarına görə çar ordusunun hərbi hissələrində və dövlət idarələrində işlə təmin edilirdilər. Xankəndidə erməni və rus əhalisinin sayı xeyli artır. Ancaq bununla belə şəhərdə xeyli sayda xan nəslinin nümayəndələri, azərbaycanlı ziyalılar, musiqiçilər və sənətkarlar yaşayırdılar. XIX əsrdə tarixi Azərbaycan dövləti olan İrəvan xanlığı torpaqlarına yerləşdirilmiş İran erməniləri orada Ermənistan dövləti elan etdilər. Bununla kifayətlənməyən erməni millətçiləri Azərbaycanın Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ, ümumilikdə bütün Azərbaycan torpaqlarına iddia etməyə başladılar. Bunun üçün erməni hərbi birləşmələri həmin bölgələrdəki azərbaycanlılar yaşayan şəhər və kəndlərə hücum edir, dinc insanları qətliam edirdilər. Bakı, Şamaxı, Quba,
Göyçay, Göyçə, Zəngəzur qırğınlarına aid arxiv sənədləri indi də durur, eyni zamanda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, o cümlədən Xankəndidə də baş verirdi. Erməni millətçiləri vaxtilə qulluq etdikləri Xankəndidə yerləşən çar ordusu hərbi hissəsinin imkanlarından da geniş istifadə edirdilər. Sonradan 1992-ci il fevralın 26-da onlar bu metodu təkrarlayaraq Stepanakertdə yerləşən dağılan Sovet Ordusunun 366-cı polkundan istifadə edərək Xocalı soyqırımını törətdilər. 1918-1920-ci illərdə müstəqil Azərbaycan Cümhuriyyəti hökumətinin apardığı siyasət və Azərbaycan Ordusunun qətiyyəti nəticəsində erməni millətçilərinin Dağlıq Qarabağ və Xankəndi iddialarını dəf etmək mümkün oldu.
1988-ci ildə Ermənistan SSR-dən gəlmiş erməni millətçi emissarlarının təşkilatçılığı ilə Xankəndində ermənilər Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana verilməsi tələbi ilə icazəsiz mitinqlərə başladılar. İlk mitinq 13 fevral 1988-ci ildə Xankəndinin mərkəzi meydanında təşkil olundu. Bundan bir həftə sonra, 20 fevralda Dağlıq Qarabağ Ali Sovetindəki erməni deputatlar qanunsuz olaraq vilayətin Azərbaycanın tərkibindən ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi məsələsini qaldırdılar. Bu, Dağlıq Qarabağın azərbaycanlı icmasının haqlı narazılığına səbəb oldu. Bundan sonra Sovet rəhbərliyi vəziyyəti stabilləşdirmək üçün Xankəndiyə Daxili Qoşunların batalyonunu göndərdi. Həmin aylardan etibarən ermənilərin azərbaycanlılara qarşı terror hərəkatı başlandı. Xankəndi erməniləri Şuşaya gələn su kəmərini zəhərləməyə cəhd etdilər. 20 fevralda Xankəndi mərkəzi xəstəxanasında praktika keçən iki azərbaycanlı tələbə qız ermənilər tərəfindən zorlandı. 2 gün sonra isə Ağdamdan yüzlərlə azərbaycanlı gənc bunun qisasını almaq üçün Xankəndiyə yürüş etdilər. Onların qarşısı Əsgəranda silahlı ermənilər və rus əsgərləri tərəfindən kəsildi. Baş verən qarşıdurmada iki azərbaycanlı qətlə yetirildi, çoxlu sayda insan isə yaralandı. Bu gənclər sonradan illərlə davam edəcək Dağlıq Qarabağ münaqişəsinin ilk qurbanları oldular.
May ayının 25-dən etibarən isə Vilayət Partiya Komitəsində məsul vəzifədə çalışan azərbaycanlılar işdən çıxarıldı. İlk olaraq ermənilər 1988-ci ilin 18 sentyabrında Xocalıya hücum etdilər. Güclü müqavimətlə rastlaşdıqdan sonra onlar Xankəndidə olan azərbaycanlıların evlərinə basqınlar təşkil etdilər. Ümumilikdə isə 59 ev yandırıldı. Sentyabr ayının 18-də 20-nə kimi ermənilər talan və qarətlərinin davam etdirdilər. Beləliklə, 1988-ci ilin sentyabr ayında ermənilər Xankəndi şəhərində yaşayan bütün etnik azərbaycanlıların hamısını zorla şəhərdən qovurlar. Xankəndidə Azərbaycanın büdcəsinin pulu ilə tikilmiş bütün sənaye müəssisələrinin başçıları ermənilər idi. Həmin müəssisələr gizlin olaraq atıcı silahlar və minalar istehsal edərək bunları erməni silahlı dəstələrinə paylayırdılar. 1991-ci ilin dekabr ayında SSRİ öz mövcudluğuna son verdi. Xankəndidəki ermənilər bunu fürsət kimi bilib dərhal şəhərdə yerləşən hərbi bazaya hücum edərək oradakı bütün silahları ələ keçirdilər. Lakin bundan daha əvvəl Xankəndində yerləşən 366-cı motoatıcı alayın rus əsgərləri öz silahlarını ermənilərə satmağa başlamışdılarMüharibə boyunca Azərbaycan Ordusunun bölmələri bir neçə dəfə Xankəndiyə yaxınlaşsa da, şəhəri işğaldan azad etmək mümkün olmayıb...
Bəli... iki gün əvvəl Xankəndidə ermənilərin "Xankəndinin azad edilməsi"nin 25 illiyini bayram etdiklərinin videosuna baxdım. Düşməndə həyasızlığın həddsizliyini gördüm. Buna insan ürəyi dözə bilmir. Xanlarımızın sümüyü sızıldayır o torpaqların altında, ruhları göyüm-göyüm göynəyir xələflərinin laqeydliyinə. Biz "Xanlarımızın kəndinin işğalının, onlarsa azad olunmasının 25 illiyini "qeyd edirik". Kimin babası xan olub - o torpaqda haqqı olanınmı, yoxsa o torpaqda bayram edəninmi?!.

TƏQVİM / ARXİV