DÜNYANIN ƏN SƏMİMİ ADAMI

FAİQ QİSMƏTOĞLU
79709 | 2016-09-10 09:04
Biz bu dünyada bir Allaha, bir valideynə, bir də müəllimlərimizə borcluyuq. Ancaq nə Allaha, nə valideynlərə, nə də müəllimlərə olan borcumuzu heç vaxt qaytara bilmərik. Olsa-olsa ən yaxşı halda övladlarımıza nə isə eləməyi bacararıq...
Mənim də çox sevdiyim və hörmət elədiyim müəllimlərim olub və var. Onların bir çoxu orta məktəb illərində, bəziləri də ali məktəb dövründə qəlbimizdə və ürəyimizdə elə bir iz qoyub ki, bu iz uzun illər keçsə də, yaddan çıxmır. Yəni o müəllimlər biz adam olmaq üçün savadlı, cəmiyyət və xalq üçün dəyərli, ziyalı yetişməyimiz üçün ürəklərini, qəlblərini yolumuzda qoyublar.
Bizim bir müəllimiz də olub və heç vaxt sadəliyi, səmimiyyəti ilə yadımızdan çıxmayıb və bu gün də çıxmır. Bəlkə də o, dünyanın ən səmimi müəllimi, ən səmimi insanı və ən səmimi ziyalısıdı. Bilirsiniz kimdən danışmaq istəyirəm? Onu çoxları yaxşı tanıyır. Azərbaycan Dövlət Universitetində biz oxuyanda rus jurnalistikasından dərs deyib. O, biz tələbələrin hamısına dost kimi baxardı. Çox qəribə idi ki, heç birimizə fərq qoymurdu. Biz də elə bilirdik ki, o müəllim bizim böyük qardaşımızdı. Çünki heç kimə demədiyimizi və heç kəslə bölüşə bilmədiyimiz sevinci və kədəri çox vaxt Cahangir Məmmədovla bölüşürdük. Hətta hər hansı imtahan verən zaman çətinliyimiz olanda ona güvənirdik. Cahangir müəllim də özünəməxsus bir səmimiyyətlə deyirdi ki, onsuz da sizin hamınızı çox istəyirəm. Çətinliyiniz də varsa heç nədən qorxmayın. Amma oxuyun. Biz də oxuyurduq, imtahanlara hazırlaşırdıq və gəlib imtahan zamanı yüksək qiymət alırdıq.
Cahangir müəllim bizə rus jurnalistikasını sevdirmişdi. Bununla yanaşı, o, ən çox sevdiyi rus yazıçılarından - Çexvodan, Şukşindən tez-tez sitatlar gətirirdi. Və biz də o vaxt Çexovu və Şukşini bir o qədər yaxşı oxumamışdıq. Şəxsən mən Cahangir müəllimin bu yazıçılara olan böyük sevgisindən sonra Çexovu yenidən oxudum və yenidən kəşf etdim ki, bu böyük yazıçı Tolstoy, Dostoyevski səviyyəsində olan unikal bir ədibdi. Belə-belə söhbətlərlə Cahangir müəllim bizi gələcəyə hazırlayırdı və biz də onun tövsiyələriylə yetişirdik.
Bir gün Cahangir müəllim dedi ki, Əhmədlidə təzə mənzil alıb. Tələbə yoldaşlarımdan Loğman, Mübariz, Rəhman, İsrayıl bir ağızdan dilləndilər ki, müəllim, nə vaxt desən biz sizi gedib köhnə evdən təzə mənzilə köçürə bilərik. Bir neçə gündən sonra biz tələb dostlar Cahangir müəllimin köhnə evinə gəldik və orda nə əşyalar var idisə hamısını maşına yığıb yeni Əhmədlidəki 9 mərtəbəli binaya gətirdik. Səhv eləmirəmsə, həmin binanın 6-cı mərtəbəsində ev almışdı. Və biz də bütün əşyaları səliqə ilə mənzillərə yığdıq. Cahangir müəllimin çox zəngin kitabxanası var idi, elə indi də var. Həmin kitabları da rəflərə düzdük və evə bir də əl gəzdirdik...
Biz getmək istəyəndə Cahangir müəllim buraxmadı. İki daşın arasında hardasan yemək gətirtmişdi. Biz də həmin yeməyi elə şirin-şirin yedik ki, indi də dadı damağımızdan getməyib.
... O vaxtdan bəri 35 ildən çox vaxt ötüb. Həmin şirin xatirələr yenə bir tələbə kimi mənim yadımda və qəlbimdə qalıb. Tələbə vaxtı Cahangir müəllimi necə səmimi, sadə və ürəyi açıq tanımışıqsa, bu gün də elədir. Biz tələbə vaxtı ən çox Cahangir Məmmədovla, Akif Rüstəmovla, Mahmud Mahmudovla, Nəsir Əhmədovla ünsiyyət yaradırdıq. Çünki onlar bayaq dediyim kimi, bizə tələbədən çox doğmaları kimi münasibət bəsləyirdi...
... Beşmərtəbənin yanındakı binaların birində kirayəşin qalırdım. Elə oldu ki, Cahangir müəllimlə bir dəfə yolda rastlaşdıq və evə dəvət elədim. Düzdür, kirayə qaldığımız mənzilin elə gözəlliyi və rahatlığı yox idi. Buna görə də müəllimimdən bir qədər utanırdım. O isə evi görəndə özünəməxsus bir səmimiyyətlə dedi:
- Tələbənin evi elə belə olar də! Buna görə heç də sıxılıb eləmə. Guya biz tələbə olanda yaxşı evlərdə qlamışıq? Elə biz də bu cür evlərdə kirayəşin olmuşuq.
Müəllimimlə bu otaqda bir stəkan çay içdik. Bir az söhbət elədik. Sonra da soruşdu ki, nə çətinliyin var? Təbii ki, bizim də elə çətinliyimiz yox idi. Çünki jurnalistika fakültəsi yeganə fakültələrdən idi ki, orda həmişə tələbəyə çox böyük sevgi vardı. Və yaxşı oxuyan tələbənin də qiymətini özünə verərdilər. Bir sözlə, biz beş il bu fakültədə oxuyanda bir-iki kənardan gələn müəllimlərdən başqa heç kimdən təpki və təyziq hiss etməzdik. Onun da qarşısı fakültəmizin dekanı Şirməmməd Hüseynov tərəfindən alınırdı. Biz bu cür müəllimlərə əlçatmaz qüvvə kimi baxırdıq. Çünki orda çox müqəddəs, çox dəyərli millətini və xalqını sevən ziyalılar, professorlar, alimlər çalışırdılar.
Bu gün həyatda nə qazanmışıqsa həmin müəllimlərə borcluyuq. Beş il təhsil aldığımız vaxtda onlar bizdən bir şey tələb etdilər: Oxumaq! Və biz də onların dediyi yolla getdik, pis-yaxşı gəlib jurnalistikada özümüzə bir yer tapdıq. Ona görə Allahımıza və müəllimlərimizə borcluyuq!
Bu yaxınlarda eşidim ki, professor, kafedra müdiri Cahangir Məmmədov BDU-nun jurnalistika fakültəsinə dekan təyin edilib. Sözün düzü bu xəbəri eşidəndə sevincimdən uçmağa qanadım olmadı. Sevimli müəllimimin və dostumun mobil telefonunu öyrənib onu təbrik etmək istədim. Zəng vurdum, telefonu açdı:
- Cahangir müəllim, həmişə ucalıqda olasınız! Çünki siz buna layiqsiniz.
Gördüm ki, səsimi tanımadı və özünəməxsus bir səmimiyyətlə soruşdu:
- Dədə, kimdi danışan?
- Faiq Qismətoğludur, - dedim.
Cahangir müəllim yenidən dilləndi:
- Faiq, çox sağ ol. Mən sənin yazılarını izləyirəm. Və həmişə də sevinirəm ki, tələbələrimin imzalarına tez-tez rast gəlirəm.
Sevimli müəllimimlə bir neçə dəqiqə telefonda danışdım. Elə bil dünyanı mənə verdilər. Çünki onun bir daha sadəliyinin, səmimiyyətinin şahidi oldum. Şahidi oldum ki, çox böyük ziyalı, tanınmış jurnalist, professor Cahangir Məmmədov heç dəyişməyib. Elə tələbə vaxtı tanıdığımız Cahangir müəllimdi.
Bu fakültədə biz oxuduğumuz dövrdə dekan vəzifəsində Şirməmməd Hüseynov, Seyfulla Əliyev, Tofuq Rüstəmov çalışıb. Sonradan fakültənin dekanı vəzifəsini Akif Rüstəmov, Nəriman Zeynalov, Yalçın Əlizadə və digərləri irəli çəkilib. Hamısı da bizim fakültəmizdə təmizliyi, şəffaflığı və obyektivliyi qoruyub. Onların hamısına halal olsun! Öz namuslarını necə hifz ediblərsə, qoruyublarsa, fakültəmizi də o cür qoruyublar!
İnanıram ki, Cahangir müəllim də bu fakültədəki təmizliyi, şəffaflığı və obyektivliyi bir qədər də möhkəm qoruyacaq və özünün yenilikləriylə bu müqəddəs ocağa yeni rənglər, yeni çalarlar gətirəcəkdi. Çünki Cahangir Məmmədov harda olursa, orda yeni ab-hava, yeni aura və yeni həyat özünü göstərir. Həyat dedim yadıma düşdü ki, axı Cahangir müəllim həm də gözəl ailə başçısıdı. Səhv eləmirəmsə onun beş qız övladı var. Hamısı da millətini, xalqını sevən çox dəyərli ziyalılardı. Başqa cür də ola bilməz. Cahangir müəllimin tərbiyəsini alan, onun nəsihətinə qulaq asan övladlar da məhz ona layiqli yol tutmağa borcludular. Əziz müəllimim, həmişə ucalıqda olasınız! Çünki siz bu ucalığa, bu işığa və bu nura layiqsiniz...

TƏQVİM / ARXİV