adalet.az header logo
  • Bakı 13°C
30 Avqust 2016 15:06
49950
TEXNOLOGİYA
A- A+

Diqqət: texnologiya pusquda!

Son illərdə texnologiyanın həddən artıq irəliləməsinə artıq insan sürəti yetişmir. Bir göz qırpımında dünən icad olunan bu gün köhnəlir, nə baş verdiyini anlayana qədər yeni ixtiralar öz "xidmət”ini təklif edir. Əslində bu təkliflə insanı daha da öz nəzarətində saxlamağa nail olur. Günümüzdə artıq texnologiya insanın deyil, insan texnologiyanın köləsinə çevirib. Bizim işimizi yüngülləşdirmək üçün icad olunanlar, indi özümüzü idarə edirlər. Hərdən adama elə gəlir ki, işıq sürəti ilə sıraya düzülmüş bu ixtiralar insan əli ilə baş vermir. Əgər burda insan barmağı varsa, onda 20 əsr boyu bütün bunlar, texnoloji tərəqqilər hardaydı?! Bəşəriyyətin beyni elə XXI əsrin qədəm qoymasını gözləyirdi?

Əlbəttə, daha dərinə gedəndə sıravi insanların başını qatmaq üçün çıxarılmış əyləncələrin elə onların özünü tora salmaq üçün ortaya atıldığını və bunun səbəblərini başa düşürsən. Adicə Facebook adama dədəsinin vermədiyi sualları verir: "Nə düşünürsən? Hazırda hardasan, yerini dostlarına göstər, Harda oxumusan, işləmisən, kimsən, siyasi, dini görüşlərin nədir...” və s. Vallah bu sualları real insan yağdırsa, durub onu boğazlayarıq, amma texnikanın qarşısında müttəhim kürsüsündəki kimi acizik. Əslində bunun da səbəbi aydındı – şöhrət. İnsanın şöhrət həvəsi, heç olmasa bu yolda az da olsa irəliləməsi, ən azından ətrafında müəyyən qrup çevrələşdirməsi istəyi özündən asılı olmadan onu marionet kuklaya çevirir. Ağıllı adamlar bar-bar bağırırlar ki, özünüzün, xüsusilə uşaqlarınızın harda olduğunu, harda təhsil aldığını, istirahət etdiyini, yaşayış ünvanını, hələ sənədlərinizi sosial şəbəkələrdə paylaşmayın. Xüsusi dəstələr marıtda hazır dayanıb, izləyirlər. Kimə deyirsən? Müasir insan özü haqqında məlumatları bir kənara qoyub indi də dədə-nənəsinin şəcərəsini vizuallaşdırır ki, pusquda duranların işi asanlaşsın. Sonra da tələyə düşəndə, bu necə oldu deyə ah-vay edəndə olan bir başa, bir də dizə olacaq. Yəni əyləncəsi müasir, düşüncəsi keçmişdə qalan insan əlinin altındakı texnologiya vasitəsilə bütün məlumatları özü verdiyini ağıl eləmir. "Dələduzlar dünyanı başına alıb” deyə bilir, amma özü kimi səfehlərin bu dələduzları yemlədiyinin fərqində olmur.

Məşhur bir film var: "Şeytanın vəkili”. Baş rollarını dahi Al Paçino, Kianu Rivs və Şarliz Teron oynayır. Yəqin ki baxmısınız, dəfələrlə nümayiş olunur ki, bəlkə Adəm oğlunun ağlı başına gələ. Amma Adəmin oğlu elə dədəsi kimi bir almaya aldanır. Yəni filmin mahiyyəti qalır bi yana, baxanlar ordakı erotik, insest səhnələrə ağız suladırlar. Halbuki film çox ibrətamizdir, insanı şeytan quluna nələrin çevirdiyini bir-bir göstərir. Ən əsası da insanın şöhrətli, varlı olmaq istəyi və kəmiyyət (say) həvəsinin onu necə uçuruma apardığını detallarına qədər göstərir, yəni boynuna alır ki, düz deyiblər, "Şeytan detallarda gizlənir”. Bir vəkilin zənginlik və şöhrət arzusunun onun başına nələri gətirdiyini bir göz qırpımında – əl-üzünü yuyarkən göz önünə sərir. Bütün bu dəhşəti yaşamasına baxmayaraq, guya istəklərindən vaz keçən insan sonda yenə də şöhrət istəyinə tabe olur.

Dediyim kimi, suravi insan hələm-hələm şöhrətin zirvəsinə çata bilməsə də, heç olmasa da onun ətəklərində oynaqlaşmağı arzu edir. Bunun üçün müasur texnologiya işinə yarayır, elə müasir priyomlar da... Dini, peyğəmbəri, tapınaqları, inancları, əxlaqı təhqir et, insanlar üzünə tüpürsə də, "zato” tanınacaqsan. Hələ üstəlik sənin yolunla gedən məsləkdaşların da olacaq. Nə çox bu yolu örnək tutanlar.

Mövzunu çox dağıtmadan istəyirəm texnologiya qurbanlarına bir şad xəbər verəm: gözünüz aydın, bundan sonra əlinizdəki smartfon da kürəyinizdən xəncərləyəcək. Yəni telefondakı GPS xidməti sayəsində bütün insanların koordinatları birləşdiriləcək. Yəni harda olduğunuzu, hara istiqamət aldığınızı smartfonun məlum xidməti xüsusi orqanlara göndərəcək. Bunun sayəsində bütöv bir şəhərin sakinlərinin hərəkətindən ibarət xəritə yaradılacaq. Guya insanların rahat gediş-gəliş yollarından xəbər tutması üçün. Ay-hay! Saçlıları bilmərəm, amma keçəl suya getməz. Di gedin! Yediyiniz kababı, içdiyiniz qəhvəni, gəzdiyiniz məkanları sosial şəbəkədə paylaşın ki, suaşağı axa biləsiniz!   


Şəfiqə ŞƏFA