adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
29 Avqust 2016 15:54
7830
MƏMLƏKƏT
A- A+

İcra hakimiyyəti bələdiyyənin şortik qadağasını araşdıracaq

"Yəqin ki, turistlər çox qısa şortik geyinir”

İsmayıllı rayon Lahıc qəsəbəsi bələdiyyəsinin verdiyi elan yenidən müzakirə mövzusuna çevrilib. Ölkəmizdə geyim azadlığının olduğu zamanda Lahıc bələdiyyəsinin şortik geyinənlərə öz ərazisində qadağa qoyması istər sosial mediada, istərsə də cəmiyyətdə birmənalı qarşılanmayıb. Çoxsaylı etirazlara, Lahıc bələdiyyəsinin bununla bağlı açıqlamasına baxmayaraq görünən odur ki, İsmayıllı rayon İcra Hakimiyyətinin məsələdən xəbəri yoxdur.

İsmayıllı rayon İcra Hakimiyyətinin əməkdaşı Nazim Səfərov açıqlamasında sözügedən elandan da, qadağadan da xəbərsiz olduqlarını bildirib: "Bizim bu məsələ ilə bağlı heç bir məlumatımız yoxdur, amma inanmırıq ki, Lahıc rayon bələdiyyəsi nə vaxtsa belə bir sərəncam versin. Əgər belə bir sərəncam vermiş olsa, biz bunu araşdıracağıq. Hal-hazırda bununla bağlı bizdə heç bir məlumat yoxdur”.

Ümumiyyətlə, bələdiyyələrin öz ərazilərində hansısa qadağa tətbiq etmək səlahiyyəti varmi?

Qaraçuxur qəsəbəsinin bələdiyyə sədr müavini Lyudmila Xəlilova Cebhe.info-nun bu sualına cavabında bildirib ki, verilən bu və ya digər xarakterli qərarlar qanunvericiliyə söykənməlidir: "Bələdiyyə öz inzibati ərazisində idarəetməni təmin edir. Buraya həm abadlıq, ekoloji məsələlər, təmizlik, məsələlərini daxildir. Əhalinin xeyirinə olan istənilən bir qərarı qanun çərçivəsində qəbul edə bilər. Lahıc qəsəbəsində belə bir qərarının hansı əsas və hansı səbəblə verildiyini bilmirəm. Amma belə bir qanun-qayda qoyula bilər. Məsələn, çimərlikdə çimərlik geyimi geyinilməsi normal haldır. Lakin çimərlik geyiminin qeyri-çimərlik ərazisində geyinilməsi milli-mənəvi dəyərlərimizə ziddir. Biz adi vətəndaş olaraq dərhal belə məsələləri qınaq obyektinə çeviririk. Bundan başqa bunun mənəvi dəyərlərə zidd olmasını da hər bir kəs dərk etməlidir. Əgər həmin ərazidə azyaşlılar varsa, belə bir qərar qəbul edilə bilər. Başqa bir məsələni də qeyd etmək lazımdır ki, bəzi şortiklər var ki, onun ictimaiyyət içərisində geyinilməsi bir az utancvericidir. Çox qısa şortiklərdir. Yəqin ki, həmin ərazilərdə xarici, yaxud yerli turistlər çox qısa şortik geyinirlər, ona görə də yerli bələdiyyə belə bir qərar verib. Amma mənim bu hadisəyə mənfi, yaxud müsbət münasibət bildirməyə səlahiyyətim yoxdur. Mən sadəcə onu demək istəyirəm ki, verilən istənilən qərar qanuna söykənməlidir. Bəzən isə belə hallar olarkən düşüncə tərzi nəzərə alınıb xəbərdarlıq edilə bilər”.