adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
29 Avqust 2016 14:59
24363
ƏDƏBİYYAT
A- A+

Sevə bilmək qorxusu

Sevə bilmək qorxusu

elə sevə bilməməkdi...

Su bildiyin o yollar

su deyil, işartıdı.

Sağ əli qaşının üstünə qoyub,

O uzaq yollara baxmaq həvəsi

Yox ee, yox !

O sən deyən həvəs deyil,

O gözündən gələn yaş da

yaş deyil, yaşartıdı...

Və bir az da öz yarana duz səpməyin

ağrısıdı əslində.

Müqəddəs bildiyin nə varsa

hardasa qırılıb qalmış...

Həm də müqəddəs olmayan

Bir az da kirə bələnmiş

bir arzunun, bir diləyin

sarğısıdı əslində.

Sadiq qala bilmədiyin

ölüm kağızın əlində.

Lakin ölə bilmədiyin,

İçindən hey gəlir deyən

Amma gələ bilmədiyin,

O sevdalar, o sevgilər,

Dünyanın ən möhtəşəm

qorxusudu əslində...

***

Eyni sabahlara oyanmaq...

...eyni günahlara yorulmaq.

Adını sorsan bilməm ki,

Məncə bir az durulmaq gərəkir...

...bir az da hənirti gərəkir

bu bumbuz odalarda.

Nəfəs qədər yaxın olmaq dilərsən

amma olmaz ki...

Eləcə adın misalı,

Yadlaşıb gedər hamı.

Hər şeyin adı tapılar,

Adlaşıb gedər hamı.

Yaxınlar uzaqlaşar...

...havalar sazaqlaşar.

Eləcə odun misalı,

Yanarsan sobalarda.

Bircə nəydi, İlahi

onun adı tapılmaz...

Bircə səni yandıran

odun adı tapılmaz.

***

İndi bircə yolumuz qaldı-

Unutmaq !

İndi, bir- birini ən uzaq keçmiş kimi

xatırlamaq vaxtıdı-

Xatirələrin üstün tozlamaq...

Nimdaş gözlərlə baxmaq

ən uzaqlara,

Qırış əllərlə toxunmaq,

Ələ həsrət qucaqlara...

Bir az da,

bir az da yalan danışmaq,

Külə dönmüş ocaqlara...