adalet.az header logo
  • Bakı 7°C
28 Avqust 2016 13:52
8240
GÜNDƏM
A- A+

Aprel döyüşçüləri ilə görüş keçirilib - FOTO

Müdafiə Nazirliyinin dəstəyi, Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü və maliyyə dəstəyi ilə aprel döyüşlərinin bir qrup iştirakçısının Lənkəran rayonundakı "Palıdlı sahil" istirahət mərkəzində ailə üzvləri ilə birlikdə istirahətləri təşkil olunub.

Adalet.az xəbər verir ki,yerli ictimaiyyət nümayəndələri və qarnizonun əsgərləri istirahət mərkəzində aprel döyüşlərinin iştirakçıları ilə görüşüblər.

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə çıxış edən Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani aprel döyüşlərində Azərbaycan əsgərinin xalqımıza böyük qələbə sevinci yaşatdığını qeyd edərək bildirib ki, ölkəmizdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə başlayan ordu quruculuğu prosesi bu gün Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan Ordusunun regionda ən güclü ordu olduğunu və onun maddi-texniki təchizatının möhkəmləndiyini vurğulayan A.Qurbani Milli Ordumuzun yeni döyüş texnikaları - zenit artilleriya qurğuları, təyyarələr, helikopterlər, gəmilər, lazımi silah-sursatlarla təmin olunduğunu diqqətə çatdırıb.

Lənkəran Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Əlimərdan Əliyev rayonun ən səfalı guşələrindən birində ailələri ilə dincələn aprel döyüşlərinin qazilərini və onların ailə üzvlərini lənkəranlılar adından salamlayaraq, Azərbaycan Prezidentinin şəhid ailələrinə, müharibə əlillərinə və müharibə veteranlarına göstərdiyi diqqət və qayğıdan danışıb.

Ə.Əliyev qeyd edib ki, aprel döyüşlərində ölkəmizin bütün bölgələrindən olan hərbi qulluqçular kimi, lənkəranlı gənclər də şəxsi rəşadət və şücaət göstəriblər. Onlardan iki nəfəri şəhidlik zirvəsinə ucalıb.

YAP Siyasi Şurasının üzvü, Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli partiyanın təşəbbüsünü yüksək dəyərləndirərək, aprel döyüşlərində şəhid olmuş və yaralanmış hərbi qulluqçuların ailələrinə göstərilən dövlət qayğısından danışıb, bu ənənənin gələcəkdə də davam etdirilməsinin vacibliyini bildirib.

Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov, veteran-jurnalist Etibar Əhədov və başqaları çıxışlarında aprel döyüşlərinin Azərbaycan xalqının və ordusunun ruh yüksəkliyinə səbəb olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, YAP-ın təşəbbüsü ilə aprel döyüşlərinin 50 iştirakçısının ailə üzvləri ilə birlikdə istirahət mərkəzində dincəlməsinin təmin olunması təqdirəlayiq haldır.

Daha sonra aprel döyüşlərinin qaziləri xatirələrini dilə gətirərək, bundan sonra da Vətənin müdafiəsi, torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün əllərindən gələni etməyə hazır olduqlarını bildiriblər.

Tədbirdə hərbi-vətənpərvərlik mövzusunda şeirlər və mahnılar ifa olunub.