adalet.az header logo
  • Bakı 7°C
27 Avqust 2016 20:38
12320
MƏDƏNİYYƏT
A- A+

Qəbələdə keçirilən IV Beynəlxalq Mürəbbə Festivalının qalibləri müəyyən edilib

Avqustun 27-də Qəbələ şəhərində IV Beynəlxalq Mürəbbə Festivalı keçirilib. Qəbələ rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının köməkliyi ilə Qəbələ şəhərindəki "Qafqaz Karvansaray” otelinin qarşısındakı parkda keçirilən beynəlxalq tədbirdə Türkiyə, İran, Qana, Gürcüstan, Rusiya, Şimali Kipr, Ukrayna, Özbəkistan, Çin şirniyyatçıları, eləcə də Azərbaycanın 30 şəhər və rayonunu təmsil edən mürəbbə ustaları öz məhsullarını nümayiş etdiriblər.

 

APA-nın yerli bürosunun xəbərinə görə, Dünya Kulinariya Təşkilatları Birliyinin və Dünya Xalq Yaradıcılığı Təşkilatının eqidası altında keçirilən festivalı izləyənlər arasında Mədəniyyət və Turizm Nazirliyinin, Qəbələ rayon İcra Hakimiyyətinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbər şəxsləri, bir neçə ölkənin Azərbaycandakı səfirləri, üç mindən çox yerli və xarici turist olub. Festivalın açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov, festivalın münsiflər heyətinin sədri, Özbəkistan Aşpazlar Assosiasiyasının prezidenti Əkbər Umarov çıxış edib.

 

Bildirilib ki, artıq 4 ildir ki, Qəbələ möhtəşəm mürəbbə festivalına ev sahibliyi edir. 2013-cü ildə bu festivalda 11, 2014-cü ildə 20, ötən il və bu il isə 30 şəhər və rayondan, eləcə də ötən il 6 və bu il isə 10 xarici ölkədən şirniyyatçıların iştirak etməsi bu tədbirin beynəlxalq nüfuzunun ildən-ilə daha da artmasından xəbər verir. Natiqlər qeyd ediblər ki, belə festivalların keçirilməsində əsas məqsəd xalqımızın qeyri-maddi mədəni irsinin qorunub saxlanmasına nail olmaqdır. Natiqlər Beynəlxalq Mürəbbə Festivalının Azərbaycanın qədim və gözəl şəhərlərindən biri olan Qəbələdə keçirilməsinin heç də təsadüfi olmadığını vurğulayıblar. Bildirilib ki, böyük inkişaf yolu keçən Qəbələ xalqımızın mətbəx mədəniyyətinin formalaşmasında mühüm rol oynayır.

 

Natiqlər artıq bir çox rayonda beynəlxalq nüfuza malik olan şirniyyat, nar, plov, alma, qarpız, paxlava və digər meyvə-tərəvəz məhsulları və qida məhsulları ilə bağlı festivalların keçirildiyini, bu mürəbbə festivalının da ölkəmizə turist axınına səbəb olan beynəlxalq tədbirlərdən biri olduğunu bildiriblər.

 

Müsabiqədə Azərbaycan mürəbbələri çeşidinə və keyfiyyətinə görə digər ölkələrin məhsulundan daha üstün hesab edilib. Qeyd edilib ki, ölkəmizin mədəniyyətini və milli kulinariyasını təbliğ etmək məqsədi ilə keçirilən Qəbələ mürəbbə festivalında rayonların hər birindən 8 çeşiddə mürəbbə hazırlayan 8 nəfərdən ibarət komanda, eləcə də həmin şəhər və rayonların bədii kollektivləri, xalq tətbiqi sənəti ustaları iştirak ediblər.

 

Yarışlar bitdikdən sonra mürəbbələrin satışı üçün şərait yaradılıb və sərgi təşkil olunub.

 

Mürəbbə müsabiqəsində 3 nominasiya üzrə qaliblər elan olunub. Mürəbbələrin ən yaxşı təqdimatına görə, xarici ölkələr arasında Ukrayna birinci, Şimali Kipr ikinci yeri, ən yaxşı mürəbbə müsabiqəsində İran birinci, Çin ikinci yeri, mürəbbələrin növ müxtəlifliyinə görə Özbəkistan birinci, Türkiyə ikinci yeri tutub. Azərbaycanın rayonları arasında Zərdab (gilas), İsmayıllı (böyürtkən), Gəncə (çiyələk), Şəki (heyva), Qazax (qoz), Zaqatala (ərik), Gədəbəy (gül), Qəbələ (gavalı) birinci yeri tutub. Ən qeyri-adi mürəbbənin hazırlanmasına görə Balakən rayonu (cökə mürəbbəsi), çeşidinə görə ən çox mürəbbənin təqdimatına görə Bakı komandası, ən yaxşı təqdimata görə Xaçmaz iştirakçıları, mürəbbə hazırlayan müəssisələr arasında isə "Gilan Holdinq” şirkəti birinci yerə çıxıb.

 

İştirakçılara kubok, medal və qiymətli hədiyyələr təqdim olunub.

 

Festival maraqlı konsert proqramı ilə davam etdirilib.