adalet.az header logo
  • Bakı 16°C
27 Avqust 2016 10:05
7801
ƏDƏBİYYAT
A- A+

ŞEİRLƏRDƏN BOYLANAN ÖMÜR

Nəcibəyəm, min dərd yatır canımda,
Nəcibəyəm, üz tutmadım yamana.
Nəcibəyəm, bir ev tikəm təzədən.

Bu misralar son illər qadın yazarlar arasında seçilən, şeirlərində məxsusi dəst-xətti olan Nəcibə İlkindir. Onu redaktor olduğu "Azad qələm" qəzetini müntəzəm oxuyuram, bu qəzetdə maraqlı yazılara sevinirəm, hətta şeirdə o qədər də mahir olmayan, təzə-təzə yaradıcılığa başlayan cavanların da ilk çıxışlarını izləyirəm. Hər bir qəzetdə onun redaktorunun öz dəst-xətti, jurnalist səliqə-səhmanı da duyulmalıdır və Nəcibə xanım bu mənada duyumlu redaktordur. İndi keçək onun şeirlərinə.
"Nəcibəyəm, min dərd yatır canımda" - əslində, şairləri adi insanlardan fərqləndirən də elə DƏRDdir. Təbii ki, patoloji dərd yox, həyatda, gerçəklikdə, yaşadığı mühitdə, ümumən dünyada onu düşündürən, narahat edən hadisələrdən doğur bu dərdlər. Nəcibə İlkinin "Qartal zirvədə qaldı" poeması "Azərbaycan bayrağı" ordenli şəhid Aydın Manerova həsr olunub. Bir igid azərbaycanlının şəhidliyi qəm-qüssə doğurur, amma bu dərdin içində batıb-qalmaq olmaz, həm də onun şəhidliyi qürur doğurur. Şəhidlik həm də qəhrəmanlıqdır. Poema epik səciyyəlidir, yəni burada hadisələri, qəhrəmanın keçdiyi yolu özündə əks etdirən hadisələr bir süjet daxilində təqdim olunur. Hiss olunur ki, müəllif öz qəhrəmanının həyat yoluna yaxşı bələddir, təkcə onun Qarabağ uğrunda savaşlarını deyil, doğulduğu ailəni, döyüş yoldaşlarını, ən başlıcası isə mənəvi aləmini, ürəyini, duyğu və düşüncələri rəsm edir. "Qartal" ləqəbli bu igid döyüşçünün son anlarını - qəhrəmancasına həlak olmasını təsvir edən səhnələr təsirlidir, şəhidliyin poeziya dili ilə təcəssümüdür:

"Qartal" son nəfəsədək,
Döyüşdü dayanmadan.
"Qarabağ" kəlmələri
Dəlirdi daş-qayanı.
Çox sevdiyi torpağın
Sinəsini bəzədi.
"Onun şəhid al qanı,
Son nəfəsdə Aydının,
"Gülarəm" - dedi dili.
"Qa...ra...bağ..." kəlmələri
Hecalandı dilində,
O, bir ovuc torpağı,
Bərk sıxmışdı əlində.
Ruhu uçdu göylərə,
Salamladı göyləri,
Sinəsinə sıxmışdı,
Sevdiyi mələkləri.

Poemada Ana və Sevgili obrazları qəhrəmanın mənəvi-psixoloji aləmini aydınlatmağa kömək edir. Daha doğrusu, müəllif iki Azərbaycan qadınının milli-mənəvi dəyərlərə necə sadiq qaldığını təsvir edir.
Nəcibə İlkinin "analı" şeirləri çoxdur. O, ana məhəbbətini mücərrəd, ümumi və şablon sözlərlə təqdim eləmir, real hadisələrdən, ana ilə bağlı keçirdiyi hisslərdən, həm qəmli, həm də fərəhli duyğulardan çıxış edib qələmə alır. Bu mənada "Bir ana taleyi-bir ömür yazı" lirik poeması onun Ana sevgisinə layiq əsəridir. Poemada Ana ölümü ilə bağlı lirik-nostalji düşüncələr kədərli ovqat yaratsa da, müqəddəs sayılan ana varlığı göz önünə gəlir.

Bir ana taleyi-bir ömür yazı,
Soyuqdu, ölümün sərtdi əlləri.
Ömrün son anıymış, ömrün son yazı,
Əsdi başın üstən xəzan yelləri.

Sən bir günəş idin-işıqlı, aydın,
Ana təbiəti oyatmaq üçün.
Sən mənə bir acı kəlmə qıymadın,
İndi göz yaşımı qurutmaq üçün.

Poemada təzadlı lövhələr və ifadələr diqqəti tez-tez cəlb edir. "Arzum çiçək açan vaxtı, Dərdim çiçək açdı, neylim. Qanad açıb uçan vaxtı, Kədər məni qucdu neylim"- elə bu misralar ana ölümündən təsirlənən lirik qəhrəmanın kədərini incələyə bilir. Poemada Ana bir kənd qadını, el-oba anası kimi təqdim edilir. Ananı sevdirən insani keyfiyyətlər milli adət-ənənələrə sədaqət hissidir. Bir sözlə, Nəcibə İlkin yaddaqalan bir Ana obrazı yaratmışdır.
Niyə N.İlkindən, onun yaradıcılığından söz açanda öncə poemalardan başladıq. Əlbəttə, bunun elə bir əhəmiyyəti yox. Çünki onun poemaları da ayrı-ayrı ilirik şeir parçalarından ibarətdi. Nəcibə İlkinin şeirlərini mövzular üzrə qruplaşdırmaq niyyətindən uzağam. Sevgidən yazanda da, Vətənə məhəbbətini izhar edəndə də, dilimizin gözəlliyindən söz açanda da, bir qarabağlı kimi yurd itkisindən, ürəyində qövr edən o həsrətdən yana-yana danışanda da şeirlərinə xas olan bir xüsusiyyəti-səmimiyyəti itirmir. Təzəcə çapdan çıxan "Könlüm nağıl istəyir" şeirlər kitabında bu səmimiyyətin şahidi oldum. Ancaq səmimiyyət hələ poeziya deyil. Çox səmimi hisslər bəzən şeirdə öz poetik ifadəsini tapa bilmir. Ancaq Nəcibə xanımın şeirlərində ilk növbədə, yaşanılan hisslər daha qabarıq nəzərə çarpır, yəni onun şeirlərində ömrün, günün acılı-şirinli anları ilə üzləşirik. Bəzən bu anlar əsl şeiriyyətə - o səviyyəyə gəlib çatmır. Fikrin poetik ifadəsi zəif nəzərə çarpır. Amma əksər şeirlərində şairliyin, şeiriyyətin rayihəsini duyursan. "Məni dərd doğubdu, ana doğmayıb, Dərdin qucağında böyümüşəm mən" - yetərincə inandırıcıdır. "Nə yaman tələsdin payız, gəlməyə, Pərişan qəlbində xəzandı hələ. Bəlkə dərdlərini məınlə bölməyə Məni qabaqlayıb gəlmisən elə" - insan qəlbindəki kədər hissi ilə payız arasında metaforik əlaqə yaradılır. Ümumiyyətlə, Nəcibə İlkinin şeirlərində payız və qış lövhələri tez-tez nəzərə çarpır. Bu lövhələr həm də ürəkdəki payızın və qışın cizgiləridir.
Sevgidə sabitqədəmli əsas şərtlərdən biridir. Nəcibə İlkinin lirik qəhrəmanı da bu sabitliyi, ürəyinin sədaqət, vəfa hissini həmişə qoruyub saxlayır. Olur ki, bu şeirlərdə təkrar motivlər nəzərə çarpır, amma bu da sabitqədəmlikdən irəli gəlir. Hətta inciyib-küsmək anlarında da sevən adam o mənəvi xislətini itirmir. Çünki sevgi hissi rəngarəng çalarlıdır, barışmaq, küsmək, ayrılıq anları, bir anlıq xoşbəxt dəqiqələr, sonra yenə üzüntülər və sonu bilinməyən duyğular seli. Həm də sevənlər arasında mütləq bir təzad, bir ayrılıq səddi olmalıdır. O səddi aşıb keçmək mümkünmü? Qoy bu suala Nəcibə İlkinin bir şeirində cavab tapaq:

Baxır əksimiz də bulaq gözündən,
O vaxtdan bizləri salıb gözündən,
Beləcə qəm çəkən eşqin izində,
Qarışıq salmışıq sözlərimizi,
Niyə sevəmmədik bir-birimizi?

Amma o suala bu şeirdə cavab tapa bilmədik. Bəlkə başqa bir şeirində buna cavab axtaraq:

Yaman sənsizlədim bu axşam yenə,
Yaza həsrət qalan çiçəklər kimi.
Ömür karvanımız bahara dönə,
Düzülək gül üstə ləçəklər kimi.

Yaman sənsizləşdim, bilmədim nədən,
Həsrət baxışımı küsülü sandım.
Sıxılmaq istədim köksünə birdən,
Əksini köksümə sıxıb dayandım.

Deməli, sənsizlik imiş ayrılığın səbəbi. Amma bu sənsizliyin mahiyyəti açıqlanmalıdı. İki sevən insan arasında təzad nədən yaranır? Məncə, aşağıdakı şeirdə buna cavab tapırıq:

Sən ömür baharı, mən könül qışı,
Haraya gedəcək bu yol, bilmirəm.
Mən bəxtin önündə payız yağışı,
Alırsan könlümü, gəl al, bilmirəm.

Demək, bir könüldə bahar, bir könüldəsə qış. Elə isə onların mənəvi birliyi mümkünmü? Bax, sevgi elə bu təzadlardan yaranır. Baharın ardıyca qış gəlir. İnsan sevgisi də sanki bu iki fəsilə bənzər. Amma ayrılıq, intizar olsa belə, sevgi hissi əbədidir. Nümunə üçün, Nəgibə İlkinin 19 yaşında yazdığı bir sevgi şeirinə müraciət etdim:

Nə qədər göz dikim sən gedən yola,
Kükrəyən sel olum, leysan olum mən.
Gah dönüm bir ürkək qaçaq marala,
Gah da ki, yaralı ceyran olum mən.

Nə qədər yalvarım ağaca, daşa,
Gül-çiçək ətirli bahar olum mən.
Bu eşqin yolunda çıxıb savaşa,
Bəlkə Əsli olum, Nigar olum mən?

Nə qədər bürünüm dumana, çənə,
Dağların döşündə yaylaq olum mən.
Bu bahar eşqini sərib çəmənə,
Yanında qaynayan bulaq olum mən.

Gözəl şeirdir və Nəcibə İlkinin cavan yaşlarında yazdığı bir çox şeirlər son illərdə yazdığı şeirlər üçün hətta bir nümunə ola bilər. 1981-ci ildə qələmə aldığı "İlk sevgi" şeiri haqqında bu xoş sözləri söylə bilərəm: "İlk sevgim bircə yol dil açdı, dindi, Səslədim, bir daha dönmədi geri".
Nəcibə xanımın şeirlərində çox az miqdarda dil səliqəsizliyinə rast gəldim. Əksər şeirləri səlisdi, rəvandı, əsl şeir dilidi. Özü də deyim ki, onun qoşma formasında yazdığı şeirlər daha yaxşıdı. Amma şeirdə hər hansı formanın (şəklin) olması əsas şərt deyil, təki ortada gözəl şeir dililə cilalanan fikir olsun.

Kaş ki, bahar gələndə mən,
Ətirli bir gülə dönəm.
Bülbül kim cəh-cəh vurub,
Xoş nəğməli dilə dönəm.

Gəldi bahar coşdu sinə,
Bu baharda yaza dönəm.
Bəxt gətirə, dünya dönə,
Cavanca bir qıza dönəm.

Nəcibə İlkin təbiəti duyur və şeirlərində istənilən qədər təbiəti tərənnüm motivləri ilə qarşılaşırsan. Amma o, peyzaj lirikasına o qədər də meyl eləmir. O, ürəyinin fəsillərindən təbiətin fəsillərinə boylanır, təbiətlə öz əhval-ruhiyyəsi, ömrü-günü arasında bir vəhdət axtarır. "Dağlar" şeirində olduğu kimi:

Başınız üstünə çökən duman, çən,
Mənim ürəyimə çökübdü nədən?
Vaxtsız ələnibdi saçlarıma dən,
Çatmırmı sizlərə amanım, dağlar?

Nəcibə İlkin 55 yaşını keçdi. İnsan ömrünün ekvator xəttini ötdü. Üzü payıza doğru yol gedir. Amma şair üçün qocalıq bu yaşda başlamır. O zaman ki, həmişə söz axtarışına çıxasan, yerirndə saymayasan, həmişə fikirləşəsən ki, mən hələ ən gözəl şeirimi yazmamışam. Elə bilirəm, Nəcibə İlkin belə fikirləşir. Ən gözəl şeirlərini hələ yazmayıb.