Vaqif Osmanov - 60 yaşının işığı tükənməsin!

12450 | 2016-08-27 09:49

Vaqif Həmid oğlu Osmanov 1956-cı ildə Balakən rayonunun Qamıştala kəndində anadan olmuşdur. 1963-1973-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) coğrafiya-biologiya fakültəsində təhsil almışdır. Dörd il Balakən rayonunun Qaravəli və Qasbinə kənd məktəblərində coğrafiya müəllimi işləmişdir. Orta və ali məktəblərdə təhsil aldığı vaxtlarda Balakən rayonunda çıxan "Şən həyat", oxuduğu ali məktəbdəki "Gənc müəllim", "Azərbaycan gəncləri" qəzetlərində, "Elm və həyat" jurnalında şeirləri, müxtəlif səpgidə elmi-publisistik yazıları işıq üzü görmüşdür. Daha sonralar "Rezonans" və "Aktual qəzet" mətbuat orqanlarında təbiətə, coğrafi adların mənşəyinə, dövrümüzün mənzərəsinə aid yazıları çap olunmuşdur. 1982-ci ildən dəniz hidrometeorologiyası sahəsində mütəxəssisdir, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentində işləyir.
Vaqif müəllim uzun illərdir ki, yaradıcılıqla məşğuldur. Şeirləri dövri mətbuatda dərc olunur. Bu yaxınlarda "Oxunan dualar" kitabı "Nurlan" nəşriyyatında işıq üzü görüb. Kitabda elmi-publisistik məqalələr və şairin son illərdə yazdığı şeirləri dərc edilmişdir.
Vaqif müəllim çox xeyirxah, yüksək insanı xüsusiyyətlərə malik bir insandır. Cəmiyyətimizin belə insanlara ehtiyacı çoxdur. İndiki gəncliyin inkişafında, maariflənməsində böyük rolu var.
Beləcə Vaqif müəllim gəlib çatdı 60 yaşına. Ömrünün ən ali, ən müdrik çağına. Vaqif müəllim, hələ ömür qabaqdadır. Uğurların bol olsun, nailiyyətlərin tükənməsin. Sizə can sağlığı, yeni yaradıcılıq uğurları arzulayıram. Tanrının nəzəri üstünüzdən əksik olmasın. Min yaşa əziz qardaşım!

Fərqanə Mehdiyeva
Vaqif Osmanov

TƏQVİM / ARXİV