Qara yel

7894 | 2016-08-27 09:36

Adı dünya ədəbiyyatının ən böyük simaları ilə bir sırada çəkilməyə layiq olan qüdrətli sənətkarımız Hüseyn Cavid haqqında çox yazılıb - həm sağlığında, həm də ölümündən sonra. Ancaq ədəbi tənqidin və nəzəri-estetik fikrin bir sıra nümayəndələri Cavidə münasibətdə heç də həmişə birmənalı, ədalətli çıxış etməmişlər. Vaxtı ilə məlum səbəblərdən onun şəxsiyyətinə və yaradıcılığına qeyri-obyektiv, qərəzli yanaşmalar da çox olmuşdur. Ancaq ötən əsrin 80-ci illərindən başlayaraq Cavidşünaslıq tamamilə yeni bir mərhələyə qədəm qoymuş, müstəqillik illərimizdə isə ədəbiyyatşünaslığımızın bir sıra sahələrinə olduğu kimi, bu mövzuya da yeni can, yeni nəfəs gəlmişdir. Təbii ki, Cavid yaradıcılığının əsl mahiyyəti, romantikasının əsrarəngiz xüsusiyyətləri hələ tam olaraq bütün dərinliyi ilə öz tədqiqini tapmamışdır. Cavid dastanının nə qədər açılmamış, oxunmamış sirli-sehrli səhifələri var hələ də.
H. Cavid haqqında düşünəndə müəllifin "Peyğəmbər" dramındakı aşağıdakı misraları düşür yada:

Bən fəqət hüsni-xuda şairiyim,
Yerə enməm də, səma şairiyim.

Bəli, Cavid haqqında yazanda mütləq ona layiq olduğu və qərar tutduğu zirvədən baxmaq lazımdır. Bu böyük mütəfəkkirin ruhi aləminə, mənəvi dünyasına bələd olmadan, onu duymadan, bütünlüklə bu dünyaya bağlanmadan necə yazmaq olar ki Caviddən? Onu yetirən tarixi şəraiti, ədəbi mühiti, dini, fəlsəfəni, romantik ədəbiyyatın incəliklərini və s. bilməyən şəxs əlinə qələm almasın gərək bu mövzuda.
Cavid əsərlərinin bir çoxunun mövzusunu keçmişdən, tarixdən götürsə də, o, gələcəyi yazırdı, sabahımızı necə qurmağı öyrədirdi bizə. Bütün varlığı ilə ətalətə, sükunətə qərq olmuş, zamanı geri çəkməyə çalışan mənəviyyatı "axsaqlar" aça bilərlərmi onun həyat fəlsəfəsini, bəşəri dəyərini?
Cavid haqq aşiqi, irfan yolçusu idi - bu yola nabələd adamlar necə anlaya və anlada bilərlər onun böyüklüyünü, kəlamının qüdrətini?
Türk birliyini gözü götürməyənlər, türk dilinə xor baxanlar Cavidin ideyalarını, əsərlərinin dilini necə qəbul etsinlər axı?
Cavid haqqında yazmaq üçün bütün bunlar da azdır hələ - Caviddən Cavidanə yazmaq lazımdır həm də...
İnsafən, indiyə qədər H.Cavid haqqında onun adına layiq olan bir çox elmi-tədqiqat əsərləri yazılmışdır və bundan sonra da yazılacaqdır. Amma...
Sən demə, ilin-günün bu vaxtında da Cavidin əlindən yanıqlı olanlar varmış. Vaxtı ilə Cavidə və onun məsləkdaşlarına divan tutanların nəvələri baş qaldırıblar indi də... Hüseyn Cavid haqqında (təkcə onun haqqındamı?) hədyan danışanlar, görəsən, hansı iblisə xidmət edirlər? Yaxın zamanlarda internet saytlarında bir filosofun (məncə, bu şəxs fəlsəfədən daha çox səfsəfə ilə məşğul olur) türk dünyasının bu böyük şəxsiyyəti haqqında söylədiklərini oxuyanda, necə deyərlər, ayaqlarımın altından yer qaçdı.
Əlbəttə, Cavidin yaradıcılığını xoşlamayan, onun ədəbi dilini qəbul etməyənlər ola bilər, fərqli ədəbi zövqlərin mövcudluğunu inkar etmək, hamını eyni cür düşünməyə məcbur etmək mümkün də deyil. Ancaq "nə yaxşı ki, Cavidi vaxtında aradan götürdülər" kimi qeyri-insani düşüncə məni dəhşətə gətirdi. Bu düşüncə sahibi, yəqin ki, Sabirin əlli yaşına çatmadan həyatdan getməsinə, Müşfiqin heç otuz yaşı bitmədən güllələnməsinə də eyni sevinclə yanaşır.
Nə etmək olar? Görünür, Cavidin nakam qismətində bu da var imiş - arada üstünə belə qara yellər əsməliymiş.

Olsun! Yel qayadan nə qoparar ki?..
Müştaqın ev-muzeyi

Azərbaycanda ilk xanlığın əsasını qoymuş Hacı Çələbi xanın nəvəsi, 1759-1780-ci illərdə Şəki xanlığına rəhbərlik etmiş Məhəmməd Hüseyn xan həm də bir şair kimi tanınmış, "Müştaq" təxəllüsü ilə şeirlər yazmışdır. Onun böyük Azərbaycan şairi M.P.Vaqiflə xüsusi dostluq münasibətləri olmuş, mənzum şəkildə onunla məktublaşmışdır. Salman Mümtaz "El şairləri" kitabında ondan bəhs etmişdir. O, sui-qəsd nəticəsində öldürüləndə XVIII əsrin digər görkəmli şairi M.V.Vidadi bu xəyanəti pisləyən "Müsibətnamə" əsərini yazmışdır.
Şairin həm əruz, həm də heca vəznində olan şeirləri dil-üslub baxımından diqqəti cəlb edir:

Sinəm o gözəlin çarpaz dağıdır,
Məclisi-eyş içrə türfə çağıdır.
Şux nazü-qəmzəsi can almağıdır,
Müjgan sadağına qurban olduğum.

Ağ üzdə xalları filfilə nisbət,
Can quşu bağında bülbülə nisbət.
Ləbləri çiy düşmüş bir gülə nisbət,
Əhmər yanağına qurban olduğum.

Hüseyn xan Müştaq öz xanlığı dövründə abadlıq və quruculuq işlərinə də ciddi fikir vermişdir. Dünya memarlığının nadir incilərindən sayılan Şəki Xan sarayının da əsası onun zamanında qoyulmuşdur. Xan sarayı ilə Məhəmməd Hüseyn xan özünə əbədi bir abidə ucaltmışdır.
Şair-dramaturq Vaqif Aslan da Hüseyn xan Müştaq haqqında yazdığı və bu yaxınlarda işıq üzü görmüş eyni adlı leze-dramla ona ədəbi abidə ucaltmış oldu.Əsərdə on səkkizinci əsrin ikinci yarısında Azərbaycanın gərgin ictimai-siyasi şəraiti öz bədii əksini tapmışdır. Müəllif Məhəmməd Hüseyn xanın həm bir dövlət xadimi, həm də incə ruhlu bir şair kimi maraqlı obrazını yaratmağa müvəffəq olmuşdur.
Hərdən Xan sarayında olanda xəyalımda belə bir mənzərə canlanır - bələdçi qadın qonaqları şirin Şəki ləhcəsi ilə salamladıqdan sonra deyir:
-Siz XVIII əsrdə yaşayıb-yaratmış Azərbaycan şairi Hüseyn xan Müştaqın ev-muzeyinə xoş gəlmisiniz!

Necədir, hə?!
Böyüklük

Sevimli şairimiz Zəlimxan Yaqubun bir şeiri var - çox vaxt yanlarından saymazyana keçdiyimiz süpürgəçilərə həsr olunub bu şeir. Hər gün bizə təmizlik bəxş edən, zir-zibilimizi süpürüb atan, qışın soyuğunda, yayın istisində hamı şirin yuxuda olanda küçələrə çıxıb ailəsinə halal çörək qazanan zəhmət adamlarına öz hörmət və sevgisini bildirən şair bu şeiri ilə gözümüzdə bir boy da ucalmış oldu. Əlbəttə, Z.Yaqub kimi şairin ədəbi qəhrəmanı olmaq bu sadə insanlar üçün böyük şərəfdir, ancaq müəllif şeirini onlara halal etdiyini bildirən son misraları ilə heç bir təmənnaya da yer qoymur:

Bərk yapış, bərk yapış o süpürgədən,
Artıq nə dövlətin, nə malın olsun.
Səni düşünmüşəm, sənə yazmışam,
Get oxu, bu şeir halalın olsun! -
deyir.

Yadıma "Sirlər xəzinəsi" əsərindəki kərpickəsən qoca düşür - Fateh İsgəndərə, Bəhram şaha, Xosrov Pərvizə poemalar həsr edən dahi Azərbaycan şairi Nizami Gəncəvinin böyük məhəbbətlə yaratdığı obraz.
Elə "Süpürgəçi" şeirini də "Peyğəmbər", "Böyük ömrün dastanı" kimi əsərlərin müəllifi olan şair yaza bilərdi...

Mayis Səlim

TƏQVİM / ARXİV