Gedən cismimdi

6942 | 2016-08-27 09:41
Nəsrəddin müəllimin əziz xatirəsinə

Əslində o, mənim böyük qardaşım, dayım olacaq yaşdaydı. Fələyin işinə bax ki, ondan səkkiz yaş kiçik olan mən onun xalası oldum bu dünyada.
Bilmirəm, o, dünyaya balaca bir xalası göz açanda nə qədər sevinib və ümumiyyətlə sevinibmi?! Bu körpənin böyüyüb ona xalalıq etməsə də, bacılıq edəcəyini düşünübmü?! Ağlına gəlibmi ki, bir vaxtlar onu öz "mənəvi varisi" elan edəcək.
Bilmirəm, mən onu - özümdən böyük bacıoğlumu ilk dəfə nə vaxt görmüşəm. Görəndə bu adamın ən böyük dostum, sirdaşım olacağını, məni öz qızı kimi sevəcəyini hiss etmişəmmi.
İndi bunların nə fərqi var. İndi danışan ancaq xatirələrdi. Özündən kiçik xalanın doğulmasından onun mənəvi varisə çevriləcəyinə qədər keçən zaman.
Mənim ilk yol göstərənim, ədəbiyyat müəllimim olub Nəsrəddin müəllim. Balaca kəndin cılız bir qızının gözü qarşısında ədəbiyyat adlı o dünyanın qapılarını açıb. O aləm gözəl və sehrliydi. Mən o aləmə durmadan can atır və bu yolda yalnız öz ədəbiyyat müəllimimə, öz hamimə, sirdaşıma inanırdım.
Sonralar elə onun mənəvi dəstəyi ilə də özünün oxuduğu universitetin filologiya fakültəsinə daxil oldum, onun müəllimlərindən, qrup yoldaşlarından dərs aldım. O məni balaca kəndin sısqa qızını ilk dəfə Bakıyla - o böyük şəhərlə tanış etdi, öz universitetinə - divarları arasında xatirələri yaşayan o binaya sanki etibar edib getdi.
Mən onun xalası idim, o isə mənə atalıq elədi.
Sonrakı illərdə də öz kölgəsini mənim üzərimdən çəkmədi, tələbəlik illərimdə dəstəyim oldu, hər problemdə yanımda hiss elədim. Sonra universiteti bitirib kəndə-elə onun işlədiyi məktəbə qayıtdım. Artıq kolleqa sayılırdıq, amma o hələ də məni əvvəlkitək o sısqa qızcığazı qoruyurmuş kimi qorudu. Bütün ömrüm boyu özümü onun yanında güvəndə hiss elədim. O, təkcə qohumum deyildi, o, mənim ən yaxın dostum idi.
Bir neçə il əvvəl ürəyi şıltaqlıq edəndə çox qorxdum onunçün, onu itirmək mənə mümkünsüz göründü. Sonra həkimlərin köməyi ilə ayağa qalxsa da, onu itirmək qorxusu məni tərk etmədi. Və nəhayət, ölüm başımızı aldadıb onu anasının, balalarının, sevimli Şairəsinin gözü qabağında yox, onlardan uzaqda, sanatoriyada dincələrkən yaxaladı.
Bəlkə ölümünü bilmədi o, buna macal vermədi ürəyi, sanatoriyada konsert gecəsində şeir söyləyib, mahnı sifariş verib oynayandan sonra ürəyi dayandı. Onun kimi insan başqa necə ölə bilərdi ki...
Amma indi onun ata nəvazişinə öyrəşmiş balaları, sevimli şagirdləri, gözəl dostları, qohumları yoxluğunu aydınca hiss edirlər. Onun yoxluğu da özü qədər böyükdü. O, indi yoxdu, gözəl pedaqoq, maraqlı ədəbiyyatşünas, fədakar ata, yaxşı dost.
Və mən bilirəm ki, həyatımda bir də o olmayacaq. Bəlkə mən yaşlanıb bir gün ondan böyük olacağam, onun xalası olacaq yaşda. Bəlkə, heç onun ölüm yaşını keçə bilməyib həmişəlik ondan yaşca kiçik qalacağam. Bilmirəm. Bircə onu bilirəm ki, bu gündən belə onun xatirəsi məni yaşadacaq. Hərdən mənə elə gəlir ki, o mənə-öz mənəvi varisi adlandırdığı şagirdinə pıçıldayır: "Gedən cismimdi, ruhum sizinlədi".

TƏQVİM / ARXİV