Əlli beş yaşın işığında

6847 | 2016-08-27 09:27
Ömür Tanrının insanlara lütflə bəxş etdiyi ən qiymətli, ən dəyərli ərməğandır. Bu Tanrı payını dəyərləndirib, qiymətləndirib qorumaq isə insanların borcudur. Hərdən düşünürsən ki, görəsən ömrün dəyəri nəylə, hansı meyarlarla ölçülür? Məncə, ömrə dəyər və şərəf gətirən bu ömrü daşıyan insanın əməlləridir. Hər ötən gün üçün öz-özümüzə hesabat versək, dönüb geri boylansaq, yəqin ki, ömrün müəyyən vədəsində, müəyyən pilləsində təəssüf hissi keçirmərik. Neçə illərdən bəri tanıdığım, yaradıcılığına yaxından bələd olduğum bu günlərdə ömrünün 55 ilini yola salan hərbi jurnalist Vahid Məhərrəmov inanmıram ki, nəyəsə təəssüf etsin, çünki o, ömrünü hədər yerə xərcləməyib. Ümumiyyətlə, yaradıcı insanlar həyatlarını dolu-dolu yaşayan, belə həyata vurğun olan insanlardır. Mən Vahid müəllimi də belə görmüşəm, belə tanımışam.
Yeri gəlmişkən, deyim ki, onunla tanışlığımız M.F.Axundzadə adına Milli Kitabxanadan başlayıb. O kitabxanaya tez-tez üz tutan oxucularımızdan biri idi. Kitabxanaçı olmağımın bir özəlliyi də ondadır ki, Azərbaycanın ziyalı təbəqəsini tanımaq, onlara xidmət etmək imkanım olub. Hər hansı bir oxucunun axtardığı kitabı tapıb verəndə ondan çox elə mən özüm sevinmişəm. Bu sevincli günlərim bu gün yenə də davam edir.
Vahid müəllim hərbi jurnalistdir, yazıçıdır. Hərdən düşünürəm ki, görəsən yurd itirməsəydi, eli yağmalanmasaydı, doğma ocağa həsrət qalmasaydı o hərbçi olardımı? Bəlkə də yox! Amma bu gün biz hamımız həm qarabağlı, həm də hərbçi olmalıyıq. Çünki Azərbaycanın azadlıq, bütövlük, müstəqillik yolu hərb yoludursa, hər kəs öz işinin başında hərbçi sayıqlığı, hərbçi dəyanəti, hərbçi qətiyyəti ilə dayanmalıdır.
Mən Vahid müəllimin hekayələrini, povestlərini oxumuşam və belə qənatə gəlmişəm ki, müəllif gördüklərini yazıb, real həyatı təsvir edib. Ola bilsin ki, bir yazıçı kimi əsərlərinə bəzək-düzəyi az vurub, elə buna görə də təbiiliyi, səmimiliyi ilə ürəklərə yol tapıb. Oxucularda öz yaradıcılığına maraq oyada bilib. Bəzən ədəbi normalara tam riayət olunmuş bir əsər oxuyursan, amma o səndə heç bir hiss oyatmır, duyğularını tərpətmir. Oxucu gərək oxuduğunun əsər olduğunu unutsun, özünü hadisələrin içində hiss eləsin, qəhrəmanın həyatını, duyğularını yaşasın. Bir anlıq da olsa özün unutsun.
Hərbi jurnalist Vahid Məhərrəmov yazdığı kitabları avtoqrafı ilə mənə də təqdim edib. Bu yazını qələmə alarkən mənə bağışlanan o kitabları bir də vərəqləyib səhifələrinə göz gəzdirdim. "Müharibənin bir ili" müəllifin ilk kitabıdır, ilk sevincidir. Bu kitab cəbhələri addım-addım gəzmiş hərbi jurnalist Vahid Məhərrəmovun oxucularla ilk görüşüdür. Kitaba müəllifin döyüş bölgələrinə olan səfərlərindən doğan təəssüratları hopub. Daha sonra hərbi jurnalist bir-birinin ardınca Qarabağ müharibəsindən bəhs edən "Səngərdə yazılmış sətirlər", "Ölməzlik zirvəsi", "Qələbə naminə", "Puleyotçu Nurəddin", "Qanlı gecə, qanlı tarix", "Erməni əsirliyindən dönənlər" publisistik kitablarını qələmə alıb. 2013-cü ildən isə Vahid müəllimin müharibə mövzusunda yazılmış bədii əsərləri işıq üzü görməyə başladı. Publisistik məqalələri bədii əsərlər əvəz elədi. Yavaş-yavaş hekayə və povestləri mətbuat səhifələrinə ayaq açdı. Onun hekayələrinin içərisində mənə ən təsir edəni "Qoşa məzar" və "Qanlı məktəbli çantası" oldu. Bu hekayələri ilk dəfə "Azərbaycan" jurnalının səhifələrində oxudum. Mövzu məni çox tutdu, ahənrüba kimi özünə çəkdi. Azərbaycan zabitlərinin qəhrəmanlığı, şəhid analarının dəyanəti bu hekayələrdə çox əhatəli və peşəkarcasına qələmə alınıb. Elə ilk hekayələrdən hiss olundu ki, müəllifin yaradıcılıq potensialı çoxşaxəlidir. Çox keçmədi ki, bu ehtimal, bu hiss özünü doğrultdu. 2013-cü ildə müəllifin "Hər addım uğrunda" kitabı işıq üzü gördü. Kitaba müəllifin müharibə mövzusunda yazdığı doqquz hekayəsi, "Ölüm vaxtı" adlı povesti və publisist məqalələri toplanmışdı. Hekayələrin dili sadə olduğundan çox oxunaqlı idi. Müəllif əsərlərində real hadisələrin bədii təsvirini ustalıqla qələmə almışdı. Hekayələri oxuduqca sanki baş verən hadisələrin canlı şahidinə çevrilirdin. Hiss olunurdu ki, müəllif bu əsərləri yaşaya-yaşaya yazıb, yaza-yaza yaşayıb.
Yola saldığımız 2015-ci il müəllif üçün uğurlu olub. Ötən il müəllifin "Kəsilməyən atəş səsləri" kitabı çap olunub. Bu kitaba da müəllifin hekayə və povestləri, həmçinin publisistik məqalələri toplanıb. Müharibə mövzusunda yazılmış əsərlər maraqlı cəhətləri ilə diqqəti çəkir. "Yazılmamış gündəlik" bölməsindəki publisistik məqalələr müəllifin Qarabağ müharibəsində gördüklərindən, şahidi olduqlarından doğan ağrı-acılı təəssüratlardır. Bu məqalələrdə müharibə bütün çılpaqlığı ilə göstərilib. İnsanların bu müharibədə hansı əzab-əziyyətlər çəkdiyini yazıb. Müharibə nədir? sualına bu publisistik məqalə və hekayələrdə cavab tapmaq mümkündür.
Kitaba filologiya elmləri doktoru Vaqif Yusifli ön söz yazıb. Hörmətli tənqidçimizin qeydlərində bu sətirləri oxuyuruq: "Hərbi jurnalist Vahid Məhərrəmovun bu kitabında müharibə ilə bağlı çox təsirli yazılarla qarşılaşdım. Ona görə "təsirli" deyirəm ki, bu yazıları oxuyanda xeyli həyəcanlandım, özümü Vahidin təsvir etdiyi döyüş bölgələrində hiss etdim, bu döyüşlərdə iştirak edən eloğlularımızın vətənpərvərlik ruhunu, qisasa, intiqama çağırışlarını eşitdim, onları gözləyən anaların, nişanlı qızların intizarına şərik oldum, yəni müəllif hər yazısında bizi müharibəyə - döyüş səngərlərinə aparıb çıxarır, biz müharibəni canlı-canlı seyr edirik. Çünki Vahid Məhərrəmovun o müharibənin hər bir anının canlı şahidi olub, döyüşçülərlə, komandirlərlə görüşüb, onların igidlikləri ilə, Vətən sevgisi ilə fəxr edib, qələbələrə sevinib, itkilərə məyus olub. Müharibə və döyüş haqqında yazmaq həm də profssionallıq tələb edir. Vahid döyüş bölgələrində, əsgərlər arasında olanda müharibənin texnologiyasını da yaxşı mənimsəyib. Ona görə də onun hekayələri, publisistlk yazıları döyüş, savaş haqqında mükəmməl bilgi ilə də diqqəti cəlb edir".
Vaqif müəllimin söylədikləri bu sözlər hərbi jurnalist Vahid Məhərrəmovun yaradıcılığını real əks etdirir. Vahid müəllimin yaradıcılığında yurd həsrəti, yurd nisgili də özünü qabarıq şəkildə göstərir. Bu da təbiidir. Çünki onun dünyaya göz açıb böyüyüb baya başa çatdığı Zəngilan rayonu da bu gün erməni işğalçılarının tapdağı altındadır. Vahid Məhərrəmov "Təslim olmayan tut ağacı" publisistik məqaləsində yurd həsrətini, torpaq nisgilini çox təsirli boyalarla təsvir edib. Bu məqaləni həyəcansız oxumaq mümkün deyil. Oxuduqca da Vahid müəllimin dərdinə şərik oluruq. Müəllifin yazdığı əsərlər oxucuları düşməndən qisas, intiqam almağa səsləyir. Ürəyində Vətən eşqi olan hər kəs bu çağırışa səs verməli, silahlanıb torpaq uğrunda vuruşmalıdır.
Qeyd etdiyimiz kimi Vahid müəllimin yaradıcılığının mərkəzində Qarabağ, Qarabağ döyüşlərində şəhid olan, girov düşən insanların taleyi dayanır. Bu taleləri qələmə almaq o qədər də asan deyil. Yaradıcı adamlar yaxşı bilirlər ki, o talelərin ağrı-acısını yaşamasan yaza bilməzsən. Bu ağrıları yaşaya-yaşaya yazmaq isə dünyanın ən əzablı işidir. Deyirlər həyatın bütün sevinci yaradıcılıqdadır. Yaradıcılıq isə məlum olduğu kimi çox ağrılı prosesdir. Bəlkə ağrılarla doğulan əsərlərin sevilməsi, oxunması yaradır bu sevinci. Hər növ yaradıcılığın psixologiyası belədir ki, yazar öz müasirləri üçün yazır, amma yaranan əsərin taleyini də oxucu müəyyən edir. Ən əsası odur ki, gələcəyin oxucusunun da diqqətini çəkə bilən əsər yaradasan. Bu isə hər kəsə nəsib olan xoşbəxtlik deyil. Yalnız buna nail olanlar xoşbəxtdir.
Mən ömrünün 55-ci baharını yola salan Vahid müəllimə belə xoşbəxtlik arzulayıram. Deyirlər ömür ötən illərlə deyil, yaşanan günlə ölçülür. Müəllifə belə yaşanacaq günlər diləyirəm və bir də doğma el-obasına dönmək, yurd -yuvasına qayıtmağını arzulayıram. Yaradıcılıq uğurları yol yoldaşı olsun. İnanıram ki, hərbi jurnalist Vahid Məhərrəmov yeni-yeni əsərləri ilə oxucularının görüşünə gələcək. Yaradıcılığı ilə, kitabları ilə, əsərləri ilə qələbəmizə xidmət edəcək. Əlli beş yaşın işığı gələcək yaradıcılıq yollarına nur çiliyəcək.


TƏQVİM / ARXİV