ADAMIN İPİ ÜZÜLMƏYƏNDƏ

5370 | 2016-08-27 09:09
...O uşağın beş yaşı vardı. Beş yaşı olan uşağı bir Allahdan başqa heç kim bilmirdi ki, qarşıda nələr gözləyir. Bu beş yaşlı uşağın hər an, hər dəqiqə ölüm qarşısına çıxırdı. Və bu beş yaşlı uşaq öz dünyasını yaşayırdı, altıda alımı yox idi, beşdə də verimi...
Atası onu "QAZ-51" maşında düz Araz çayının vadisinə gətirmişdi. Sərhəd zonası olduğu üçün həmin yerlər əsgərlər tərəfindən qorunurdu. Sərhədi keçib Araza qədər olan məsafədə əkin-biçin işi görür, bostan əkir və yetişəndə də bu məhsulu yığırdılar.
... Maşın düz gəlib çayın bir addımlığında dayandı. Atası uşağı kabinədə qoyub bostan sahəsinə sarı getdi. Uşağın əlində bir dəsmal vardı. O dəsmal necə oldusa suya düşdü. Uşaq maşının qapısını açıb çayın düz kənarına gəldi. Əlini uzadıb dəsmalı götürmək istəyəndə bu vaxt atası onun paltarından yapışdı. Əgər bir neçə saniyə atası ləngisəydi uşaq Arazın dərinliyinə düşərək sulara qərq olacaqdı.
... Bu uşaq o qədər dəcəl, o qədər ipə-sapa yatmayan bir uşaq idi ki, kənddə çoxları onun əlindən zinhara gəlmişdi. Və uşaq günlərin birində də bibisigilin həyətində "evcik-evcik" oynayırdı. Bibisi qızları onu yaxınlarına buraxmayanda uşaq əsəbiləşdi. Və dedi ki, sizin "evciklərinizi" yandıracağam. Qızlar buna inanmırdı. Onların başı oynamağa qarışanda hardasa tapdığı kibritlə "evciyə" od vurdu...
Od ordan yana-yana bibisigilin mərəkdən tikilmiş evlərinə sarı gəldi. Bir göz qırpımında ev od tutub yandı. Aləm bir-birinə dəydi. Yanğını söndürmək üçün yaxınlıqdakı zastavadan əsgərlər özlərini köməyə çatdırdılar. Ancaq hər şey gec idi. Ev yanmış və hər tərəf külə dönmüşdü. Camaat da deyirdi ki, o dəcəl uşaq da evin içində yanıb.
...O dəcəl uşaq evin içində qalmamışdı. Qaçıb həyətdəki kolluqda gizlənmişdi. Elə onu da kolluqdan evi yanan maması oğlu tapdı. Sevincindən gözləri doldu. Bir anlıq yanan evləri yadından çıxdı. Qışqıraraq dedi ki, uşağı kolluqdan tapmışam, bir şey olmayıb. Bu hadisədən sonra o dəcəl uşağı çoxları həyətlərinə buraxmadılar. Hətta tay-tuşları ilə oynayanda valideynləri deyirdilər ki, o köpək oğlunu bu həyətə gətirməyin. Görmürsünüz, onun gözlərindən cin yağır? Və bu dəcəl uşaq da görürdü ki, nəinki böyüklər, hətta tay-tuşları ona "üz vermir", ondan qaçırlar...
Bu uşağın başı bəlalı idi. Bir dəfə də kənddəki dərin kanalda çiməndə burulğana düşüb ölürdü. Əgər Əhəd kişinin oğlu İbrahim olmasaydı, elə bu dəcəl uşaq kanalda da boğulacaqdı. O, iki-üç dəfə uşağı xilas eləmək istədi. Ancaq gücü çatmadı. Dördüncü dəfə ilahi bir qüvvə Əhəd kişinin oğlu İbrahimə güc verdi və o da sudan bu dəcəl uşağı götürüb kənara tulladı. Və dəcəl uşağı arxası üstdə uzatdılar və nə qədər onun ağzından su gəldi, ondan sonra uşaq dirçəldi...
Bir gün də pambıq zavodunda pambıq emalı sexində uşaq gəlib düşdü emal dəzgahın arasına. Xoşbəxtlikdən o vaxt dəzgah işləmirdi. Əgər o dəzgah işə düşsəydi, həmin uşağı pambıq kimi bir neçə yerə bölüb presləyəcəkdi. Bu dəfə də uşağın anası namaz üstə imiş. Bəlalar içində uşaq böyüdü, böyüdü və gəlib çıxdı Bakıya. Bakıda da bir neçə dəfə dənizdə çimərkən suda batdı. Bir dəfə dalğıclar, bir dəfə də dostu kömək elədi. Ondan sonra həmin oğlan bir daha dənizə getmədi...
Uşaq vaxtı pambıq yığarkən qəribə hadisə ilə üzləşdi. Pambığı tökülmüş yerdən yığanda əlinə yumşaq bir şey dəydi və hiss elədi ki, bu yumşaq şey çox qorxuludu. Qorxusundan pambıq qarışıq o yumşaq şeyi yerə atıb qaçdı. Və pambığın arasından gürzə fısıldayıb başqa səmtə süründü. Bir neçə uşaq əlinə ağac, daş götürərək sürünən gürzəni öldürdülər. Əgər o uşaq ilanı basdalasaydı və yaxud ayağı ilə toxunsaydı, çoxdan onu gürzə çalmışdı. Görünür, anası namaz üstəymiş.
Bakıda da dəfələrlə ölümlə üz-üzə gəldi. Və hər dəfə də Allah-Təala onu ölümün pəncəsindən xilas elədi. Nə az, nə çox düz dörd dəfə avtomobil qəzasına düşdü. Yanındakılar xəsarət alsa da, onun burnunu da qanamadı. Günlərin bir günündə də qış vaxtında Şabran rayonundan qayıdarkən əyləşdiyi maşının sürücüsü buzlu yolda idarəetməni itirdi. Xoşbəxtlikdən nə qarşıdan, nə də arxadan avtomobil gəlirdi. Arxa tərəfdən bir avtomobil irəliləyirdi. Həmin "Tır" yük maşınının sürücüsü də avtomobilin sürüşdüyünü görüb maşını yolun kənarına çəkdi və sürüşən maşın da bir xeyli sürüşüb ehmalca həmin "Tır"ın təkərinə toxundu, heç maşın əzilmədi də. Hər iki sürücü gözlərinə inanmırdı. Çünki belə qəzalar zamanı ən azından maşınlar əzilir və kimsə yüngül xəsarət alırdı.
İndi həmin uşaq 60 yaşlı ağsaqqaldır. Özü də deyir ki, ötən günlərimə dönüb baxanda tüklərim biz-biz olur. Və Allah-Təala məni 20-30 dəfə ölümün pəncəsindən xilas edib. Hətta həmin adam deyir ki, tələbə olanda istedadlı yazıçı və professor Qulu Xəlilovun "Yaşamaq istəyirəm" povestini oxuyub təəccüblənmişdim. Çünki Qulu müəllim nə az, nə çox on dəfə müxtəlif ağır cərrahiyyə əməliyyatı keçirmişdi və sağ qalmışdı. Və mən də bu möcüzəyə inana bilmirdim. Amma elə ki, bu hadisələr başıma gəldi, dəfələrlə ölümün yaxasından Ulu Yaradan məni qurtardı, bir daha heç nəyə təəccüblənmirəm. Adamın ipi Allah-Təala tərəfindən üzülməsə, ona heç bir zaval yoxdur. Görünür, ipi üzülməyən adamlar ya Allahın sevdiyi insanlardı, ya da əməli-saleh adamlardır...

TƏQVİM / ARXİV