adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
26 Avqust 2016 14:05
10147
ƏDƏBİYYAT
A- A+

“Döyüşə kitablar gedir”

Rusiya və Ukrayna arasındakı münaqişə ədəbiyyatdan da yan keçməyib. Əslində mədəniyyətu, ədəbiyyatı ayrılmaz olan bu iki slavyan dövlətinin gərgin münasibətləri səngimək əvəzinə getdikcə şaxələnir. Hər halda "Döyüşə kitablar gedir” prizmasından yanaşsaq, bəli əsgərlərlə, siyasilərlə yanaşı kitablar da döyüşür. Ukrayna Baş nazirinin müavini Vyaçeslav Kirilenko Nazirlər Kabinetinin Ali Radaya bəzi Rusiya kitablarının qadağan olunması ilə bağlı qanun layihəsinin təqdim edəcəyini bildirib. Bu, əsasən bədii kitab adı altında gizlənən təxribat xarakterli kitablardır.

"Hökumətin yekun qərarı sentyabrda bəlli olacaq və ondan sonra qanun layihəsi parlamentin müzakirəsinə buraxılacaq”, – deyə Kirilenko qeyd edib.

Baş nazirin müavini diqqətə çatdırıb ki, əsas hədəf  Ukraunanın bir dövlət, ayrıca xalq kimi mövcudluğunu şübhə altına qoyan müəlliflərin kitabları olacaq.  

Ümumiyyətlə, münaqişəyə ədəbiyyatın qarışdırılması ilk hadisə deyil. Kitab tarixdə yaranar-yaranmaz siyasətə, rejimə müdaxilə edib. İstər eradan əvvəl, istər sonra və ya müasir tarixdə ədəbiyyatın bütün janrları arasında inqilabı dəstəkləyənləri olub: heyvanların dili ilə təmsillərdə cəmiyyətin çatışmazlıqları göstərilib, qəzəllər müxalif köklənib, hekayələr rişxənd edib, romanlar inqilabın bayraqdarı olub. Və maraqlıdır ki, bəzən bir-birindən kəskin fərqlənən Şərq və Qərb qələm adamları məhz bu məsələdə həmrəy olublar. Belə çıxır ki, onları ədəbiyyat deyil, niyyət birləşdirir.  

Başqa sözlə, kitabın özü də az aşın duzu deyil. Çox vaxt sırf təyinatı üzrə işləmir: elmi, texniki, bədii sahələri işıqlandırmaq əvəzinə siyasi proseslərə qarışır, təxribat-təbliğat məqsədilə əllərdə gəzir. Əlbəttə kitabın əllərdə gəzməsi rəflərdə saralıb-solmasından yaxşıdır. Amma kaş ki, özünü kimlərəsə alət etdirməyəydi. Maləsəf, biz də kitaba qarışa bilmirik, ədəbiyyatın, elmin rəsmi təmsilçisi, söz sahibi olan məhz əlahəzrət kitabdır. Sonda bədəli də özü ödəyir: ortalığa tökülüb yandırılır, qadağaya məruz qalır, oxucusunu tapmaq üçün illərlə arxiv tozlarını, kağız qurdlarını canına çəkməli olur.    

Şəfiqə ŞƏFA