adalet.az header logo
  • Bakı 13°C
24 Avqust 2016 08:52
7108
MƏMLƏKƏT
A- A+

İctimai nəqliyyatda kart sistemi: razılıq da var, narazılıq da

ctimai nəqliyyatda vahid kart sisteminə keçid bu sahədə nizam-intizamın yaranmasına xidmət etdi. Ekspertlər bu sistemə keçidin bütün ictimai nəqliyyat vasitələrinə şamil edilməsinin daha çox fayda verəcəyini güman edir. Hesab olunur ki, məhz kart sisteminə keçidlə avtobusların ötüşməsinə, sürücülərin dayanacaqdan kənarda saxlamasına, vergidən yayınma hallarına son qoyulacaq.

Bakı Nəqliyyat Agentliyindən "Ekspress"ə verilən məlumata görə, agentlik Bakı şəhərində nəqliyyat axınının daha da yaxşılaşdırılması, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin rahat və təhlükəsiz gediş-gəlişinin təmin edilməsi məqsədi ilə zəruri tədbirləri davam etdirir. BNA mütəmadi olaraq müəyyən edilən tələblərlə bağlı paytaxtda müntəzəm sərnişindaşıma ilə məşğul olan daşıyıcı şirkətləri məlumatlandırıb. Qoyulan tələblər sırasında ən mühümü nəqliyyatda vahid ödəmə kart sisteminə keçidin təmin edilməsidir. BNA daşıyıcı şirkətlərin qısa vaxt ərzində bu sistemə keçidinə nail olmaq üçün bütün zəruri addımları atmaqdadır.

Vahid ödəmə kart sisteminə keçid ictimai nəqliyyatda mövcud olan bir sıra problemlərin birdəfəlik həllinə imkan verəcək. Kart sisteminə keçid daşıyıcı şirkətlərin sürücülərə aylıq əmək haqqı verməsinə səbəb olacaq ki, bu da sürücüləri gündəlik plan ödəməkdən azad edir. Məhz plan öhdəliyi sürücülərin yollarda sürət həddini aşmasına, lüzumsuz olaraq dayanacaqlarda uzun müddət dayanmalarına, avtobusa tutumundan dəfələrlə artıq sərnişin mindirməsinə, avtobusu dayanacaqdan kənarda saxlamasına səbəb olurdu. Bu isə haqlı olaraq sərnişinlərin narazlığına yol açırdı. Bu sistemə keçid həm də ictimai nəqliyyatda ödənişlərin beynəlxalq standartlara uyğunlaşdırılmasına gətirib çıxaracaq. Bu həm də sürücü ilə sərnişin arasında birbaşa əlaqəni aradan qaldıracaq. Nəqliyyat sektorunda ödəniş sisteminin liberallaşması ilə yanaşı, vəsaitlərin hərəkətinə nəzarəti mümkün edəcək. Çünki vahid ödəniş sistemi nəqliyyat sektorunda ödənişlərlə bağlı dövriyyəni müəyyənləşdirməyə imkan verəcək. Bu da vergiyə cəlb olunma və şəffaflığın təmin edilməsi baxımından əhəmiyyətli olacaq. Sistemin önəmli olan digər bir tərəfi isə sərnişin axınının real vəziyyətinə dair dəqiq statistikanın müəyyənləşməsinə imkan verməsidir.

Qeyd edək ki, hazırda Bakıda 1, 2, 3, 5, 6, 7, 8, 13, 14 saylı marşrut xətlərindəki avtobuslarda, eləcə də metronun 28 May stansiyasından Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində hərəkət edən Ekspress avtobusda kart ödəniş sistemi tətbiq edilməkdədir. Yaxın vaxtlarda 18, 61, 65, 79, 85, 96 marşrut xətləri üzrə hərəkət edən avtobuslarda da kart ödəniş sisteminə keçid təmin ediləcək. Hazırda kart sistemi tətbiq ediləcək marşrut avtobusların keçdiyi ərazilərdə sərnişinlərin rahatlığını təmin etmək üçün ödəniş terminalları quraşdırılır.

Təhlükəsiz Yol Alyansının sədri Şahin Camalov hesab edir ki,  digə avtobuslarda da vahid kart sisteminə keçiddən sonra bunun daha çox müsbət tərəfləri üzə çıxacaq. "Biz kart sisteminə keçən "BakuBus" avtobuslarına baxanda bu avtobuslarda sürücülərin özlərini normal apardığını, digər marşrutlarla ötüşmədiyini, müştəri davasını etmədiyini görürük. Bunlar kart sisteminə keçidin müsbət tərəfləridir".

Yol hərəkəti qaydaları və təhlükəsizliyi üzrə ekspert Azər Allahverənovun dediyinə görə, kart vasitəsilə ödənişlərin həyata keçirilməsi ictimai nəqliyyatda olduqca vacib komponentdir: "Kart vasitəsilə ödənişlər həyata keçirilən zaman sərnişinlər nəğd pulu gəzdirmək öhdəliyindən azad olur. Sərnişinlər üçün kartla ödəmə daha rahatdır" deyən ekspert bildirir ki, ödənişin qəbul olunması və digər məslələr artıq sürücülük deyil. Onun sözlərinə görə, bu sistem sayəsində sürücü bütün diqqəti avtobusu idarə etməyə yönəldir və lazım olan nöqtələrə vaxtında çatır.

A.Allahverənov qeyd edib ki, kartla ödəmə sisteminin tətbiq olunması həm sürücülərin, həm də sərnişinlərin maraqlarına uyğundur: "Dövlət üçün də önəmli olan məqam ondan ibarətdir ki, kart sisteminin tətbiqi nəticəsində maliyyə ilə bağlı çox ciddi nəzarət tətbiq olunur. Bu da hər hansı vergidən yayınma və digər məsələlərin qarşısını alır".

Dediyinə görə, bütün avtobusların vahid kart sisteminə keçməsi bu sahədə nizam-intizamın, qayda-qanunun tətbiq olunmasına gətirib çıxaracaq ki, bu da hamının maraqlarına uyğundur.

Bununla belə, o, kart sisteminə keçidin müəyyən narazılıqlara səbəb olduğunu da deyir. Belə ki, kart hamıda yoxdur, onu alma üçün əlavə olaraq iki manat ödəmək lazımdır: "Amma gec və ya tez bu sistem bütün avtobuslarda tətbiq olunacaq və insanlar geniş halda bu sistemdən istifadə etdikdə bunun nə dərəcədə onların maraqlarına uyğun olduğunu görəcək".

Kart sisteminə keçidlə bağlı sərnişinlərin fikirləri üst-üstə düşmür. Sərnişin Çinarə Xudiyevanın dediyinə görə, kart sistemindən sonra avtobuslardan istifadə etmək çox rahat olub: "Artıq sürücülər sərnişinləri avtobus dolana qədər gözlətmirlər. Dayanacaq olmayan yerlərdə avtobusu saxlamaqda maraqlı deyillər. Ən əsası həyatımızı təhlükəyə atıb o biri sürücülərlə yolda ötüşmür, "sən mənim vaxtıma girdin" deyib dalaşmırlar. Üstünlükləri çoxdur".
Digər sərnişin İlhamə Kazımova isə hesab edir ki, kart onlara əlavə narahatlıq yaradır: "Hamısı pul tələsidir. Bəzən kartı unudub götürməyəndə və ya kartda məbləğ qurtaranda sürücüyə nə qədər yalvarsan da, qəpik götürmür. Məcbur olursan avtobusdan düşəsən. Yaxşı olardı ki, kart sistemi ilə ödəmə üçün nəzərdə tutulan aparatlarda metro stansiyalarında olduğu kimi pulu yükləmək üçün də imkan olsun. Bu, həm sərnişin, həm də müştəri itirməmək üçün avtobuslar üçün də faydalı olardı".