adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
23 Avqust 2016 03:31
16615
İDMAN
A- A+

Olimpiya Oyunları tarixində yeni səhifə - 9 medal

Başa çatan Rio-de-Janeyro Yay Olimpiya Oyunları Azərbaycan güləş tarixində yeni səhifə açdı. Pəhləvanlarımız 4 illiyin zirvə yarışında indiyə qədərki Olimpiya Oyunlarından fərqli olaraq ən çox sayda medal qazandı. Rio-de-Janeyroda mübarizə aparan 14 güləşçimizdən 9-u Vətənə medalla qayıdır. Medallardan 3-nün əyarı gümüş, 6-cı isə bürünc oldu. 

Yarışların ilk üç günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz Rəsul Çunayev (66 kq) və Sabah Şəriətinin (130 kq) timsalında bürünc medala yiyələnib. Baş məqşçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında 5 güləşçi ilə təmsil olunan yığmamız 2 bürünc medal qazanıb və Dünya Güləş Birliyinin ənənəvi reytinq sıralamasında 3-cü nəticə göstərib. 

Qadın güləşçilərin yarışında 3 idmançı ilə təmsil olunduq. Baş məşqçi Semyon Çterevin rəhbərliyi altında çıxış edən güləşçilərimiz 1 gümüş və 1 bürünc medal qazandı. Mariya Stadnik (48 kq) yalnız finalda uduzaraq gümüş medala yiyələnsə də, Nataliya Sinişin (53 kq) bürünc medalı boynuna taxıb. Bu nəticə ilə qadın güləşi yığmamız Dünya Güləş Birliyinin ənənəvi reytinq sıralamasında 4-cü yeri tutub. 

Yarışların son üç günündə mübarizə aparan sərbəst güləş yığmamız güləş tariximizdə yeni bir səhifə yazıb. Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında 6 idmançı ilə təmsil olunan sərbəst güləş yığmamız 5 medal - 2 gümüş və 3 bürünc medal qazanıb. Gümüş medalları Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq), bürünc medalları isə Hacı Əliyev (57 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (86 kq) qazanıb. Qazanılan medalların sayına və Dünya Güləş Birliyinin tərtib etdiyi ənənəvi reytinq sıralamasına görə yığmamız bütün komandaları qabaqlayıb və ilk sırada qərarlaşıb. 

Güləşçilərimiz Rio-de-Janeyroda məhz bu növdə qazanılan medalların sayına görə Rusiya ilə ilk sıranı bölüşdülər - hərəyə 9 medal. Sərbəst güləş yığmamız isə qazandığı medalların sayına görə birinci oldu.

1996-cı ildə Atlantada 1  gümüş, 2000-ci il  Sidney Olimpiadasında 1 qızıl, 2004-cü ildə Afinada 1 qızıl, 2008-ci il Pekin Olimpiadasında 2 gümüş, 2 bürünc, ümumilikdə 4 medal, 2012-ci ildə Londonda 2 qızıl, 2 gümüş, 3 bürünc olmaqla yekunda 7 medal  qazanan güləşçilərimiz Rio-de-Janeyro Olimpiya Oyunlarında 3 gümüş və 6 bürünc olmaqla ümumilikdə 9 medal qazandı və güləş tariximizdə yeni bir səhifə açdı. 

Statistikaya nəzər salsaq görərik ki, güləşçilərimiz 4 illiyin zirvə yarışında qazandıqları medalların sayında hər dəfə artım müşahidə olunur. Bu dəfə yeganə çatışmayan qızıl medal oldu. İnanırıq ki, gələcəkdə güləşçilərimiz daha böyük əzmkarlıq nümayiş etdirərək qazanılan medalların keyfiyyətinin daha da yaxşılaşıdırılması üçün əllərindən gələni edəcək, həmişə olduğu kimi bayrağımızı yüksəldəcək, himnimizi səsləndirəcəklər. 

Qazanılan bu nailiyyətlər, AGF rəhbərliyi tərəfindən aparılan məqsədyönlü və düzgün fəaliyyət bizi gələcəyə nikbin baxmağa sövq edir. Deməli, 4 il sonra Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında daha yüksək nəticələr göstərmək iqtidarındayıq. Odur ki, əlvida Rio-de-Janeyro, görüşənədək, Tokio!