adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
22 Avqust 2016 15:00
9136
MƏMLƏKƏT
A- A+

“Azyazşlı uşaqlar sosial şəbəkələrdən uzaq tutulmalıdır”- QHT Lökbatanda tədbir keçirib

Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ailə dəyərlərinin və sağlam ailə modelinin təbliğində maarifləndirmə” layihəsi çərçivəsində növbəti tədbirini avqustun 20-də Bakı şəhəri, Lökbatan qəsəbəsində keçirib. "Ailə institutunu sıradan çıxaran amillər” mövzusunda keçirilən dəyirmi masada çıxış edən HDİM sədri, layihənin rəhbəri İ. Əliyev problemin aktuallığından danışıb və ailə institutunun təhlükədə olduğunu bildirib. Boşanmaların artmasına müxtəlif faktorların təsir etdiyini vurğulayan layihə rəhbəri deyib ki, bunlardan ilk yeri sosial problemlər tutur: "Əksər hallarda görürük ki, həyat şəraiti ağır olan ailələr, uzun zaman bu ağır sosial təzyiqə davam gətirə bilmir. Bu da təbiidir. O qədər ailələr var ki, gənclər bir birini sevirlər, amma işsizlik, maddi imkansızlıq bu ailələrin davam etməsinə mane olur. Xüsusən valideynlər öz övladlarına dəstək vermək əvəzinə, onların ailədaxili problemlərinə yersiz müdaxilə edir və ailələrin dağılmasını sürətləndirirlər”. İ.Əliyev deyib ki, ailə quranlar əsas meyarlara əhəmiyyət vermirlər: "Qarşı tərəfin maddi vəziyyətinə, xarici görünüşünə önəm verir, həmçinin valideynlərin məcbur etməsi ilə nikaha girirlər. Nikaha girəndən sonra fərqli düşüncə və əxlaq sahibləri olduğu meydana çıxır və ailədə problemlər yaranır. Valideynlərin təkidi ilə ailə quranların əksəriyyəti qan qohumlarıdır. Qan qohumları arasında qurulan ailələrdə isə sonsuzluq və xəstə uşaqların doğulması kimi problemlər yaranır və bu da boşanmaların artmasına səbəb olur”. Ziyalı Nəsir Həsənov bildirib ki, sağlam ailə modeli bütövlükdə cəmiyyətə bağlı olan məsələdir. Cəmiyyətin proseslərə yanaşma tərzi adekvat olmalıdır. Əks təqdirdə bunun qorunub saxlanması qeyri-mümkün olacaq. N.Həsənov deyib ki, sağlam ailə modelinin qorunub saxlanmasında məktəbin də rolu var: "Məktəb də cəmiyyətin bir hissəsidir. Hesab edirəm ki, təhsilin normal olması sağlam ailə modelinin qorunub saxlanmasına təsir edən amillər sırasındadır. Uşaqlar birmənalı olaraq sosial şəbəkələrdən uzaq tutulmalıdır. Valideynlər yetkinlik yaşına çatmayana qədər övladlarının həyat tərzinə nəzarət etməli, onlarən təhsilinə ciddi fikir verməli və sosial şəbəkədən hansı formada istifadə etdiyi ilə maraqlanmalıdırlar”. Həkim Məmmədağa İsmayılov deyib ki, məktəblərdə, ailə dəyərləri haqqında maarifləndirici məşğələlər və təlimlər üçün vaxt ayrılmalıdır: "Ən azından milli dəyərlərimiz və gələcəyimiz düşünülmüş şəkildə qorunub saxlanılmalıdır. Gənclərimiz bilməlidir ki, hər bir ailə, bir dövlət deməkdir. Ailələrimiz nə qədər savadlı olsa bir o, qədər də sağlam cəmiyyətimiz olar. Məktəblərdə təhsil ilə bərabər tərbiyə də verilməlidir”. Ziyalı Yeganə Təhməzova çıxışında bildirib ki, erkən nikahların qarşısını almaq üçün maarifləndirmə tədbirlərinə ciddi ehtiyac var: "Erkən nikahlar da əksər hallarda uğursuzluqla nəticələnir. Formalaşmamış, ailənin nə olduğunu belə bilməyən, dünyagörüşü tam olmayan qızların ərə verilməsi bu gün cəmiyyətimizin faciəsidir. Hazırda xüsusən bölgələrdə bu hallar var və buna da birmənalı olaraq valideynlər şərait yaradır. Hesab edirəm ki, bu problemin həllində maarifləndirmə işi çox önəmlidir və davamlı olaraq aparılmalıdır”.