adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
20 Avqust 2016 09:35
52405
ƏDƏBİYYAT
A- A+

Bəxtiyar Vahabzadə


Biz yaxın olmuşuq qədimdən, yaxın.
O qədər yaxın ki, bizim dağların
Kölgəsi düşübdür sizin dağlara.
Mən əfsus demirəm ötən çağlara.
Baxşının kamanı bizi ağladıb,
Cabbarın cəh-cəhi sizi ağladıb.

Babam baban ilə dost olub, ancaq
Dostluqdan bir kəlmə danışmazdılar.
Biri-birimizə diş qıcardaraq
Dostqludan deyirik o ki var.

Nədir bu eyhamlar, bu atmacalar,
Yenə şeytan girib araya bəlkə?
Deyirəm, kənardan barmaq basan var
Köz tutan o köhnə yaraya bəlkə?

Torpaq istəyirsən sən indi məndən,
Bu necə qardaşlıq, yoldaşlıq oldu?
Özgə torpağına göz dikdiyindən
Sənin neçə dəfə gözün oyuldu?
Sənə dərs olmadı yenə də bunlar,
Yoxsa tökülməli artıq qanın var?

Mənə üzəvari qardaş deyirsən,
Ancaq altdan-altdan iynələnirsən.
Əyyami-qədimdən sadədiləm mən,
Baş aça bilmədim hiylələrindən.

Əgər düşmənsənsə, hiylədən əl çək,
Açıqca davalıq məramın olsun.
Mənimlə min ildir kəsdiyin çörək,
Aldığın kirvəlik haramın olsun!

Hardan sənin oldu bizim Qarabağ?
Adı sahibini demirmi aşkar?
Xoşluqla verməzlər torpağı. ancaq
Qanla möhürləyib, zorla alarlar.

Hələ göz dikmisən Naxçıvana da.
Təbriz də. Sərab da bəlkə səninmiş?
Vartazar yaşayan bütün ölkələr -
Yəni bütün dünya öz vətəninmiş?..

Günahım nədir ki, qanqal kimi sən
Bütün yer üzünə səpələnmisən?..

Arxını gəl selimə bənd eləmə,
Bu, qan davasıdır, bu, qan davası.
Xəbərimiz yoxdur... yamaqmış demə
Sərçə yuvasına qartal yuvası?!

Yatır bu torpaqda əcdadım mənim.
Şərəfim,
Şöhrətim,
Öz adım mənim...

Cəddimin yatdığı ulu torpağı,
Sinəsi sərvətlə torpağı,
Mən sənə pay verim?
Mən qul, sən ərsən?
Sən məni bu qədər axmaq bilirsən?

İsa bulağının zümzüməsini,
Cabbarın, Seyidin, Xanın səsini,
Dalğalı Qarabağ şikəstəsini,
Babək türbəsini necə pay verim?

Oğuz nəslindənəm, ər oğlu ərəm,
Özgə bağçasından bir gül dərmərəm,
Doğma torpağımdan çərək vermərəm,
Əgər dardasansa, sənə "hay" verim!

"Dığalar" yenə də yolunu azmış,
Məndən yuxarıya şikayət yazmış,
Neçə yol vermişəm, görünür azmış,
İstəyir mən ona yenə pay verim!

Qürbət-Vətən

Anamız birdirsə Vətən də birdir
Nə ana, nə Vətən iki olammaz.
Qürbətdə tapdığın xeyir də şərdir
Qəlbin bu xeyirdən isıqlanammaz.

Qürbətin xeyrinə ay aldanan kəs,
Vətənin şərinə kim ortaq olsun?
Vətəni özünə qürbət sanan kəs
Sənin anan ölüb, başın sağ olsun!

Hamı həşirdədir güzəranıyla
Ceyran belindədir bir loxma əppək.
Ana yaralıysa, oğul qanıyla
Onun yaraları yuyulsun gərək.

Yediyim, içdiyim dərddi, qəmdisə
Neyləmək? Bu ocaq, bu yurd mənimdir.
Göz yaşım axan yer qürbətimdisə,
Qanım axan yerlər, öz Vətənimdir.

Harda olursan ol, qəlbin fəhmi var
Səni torpaq çəkər, səni qan çəkər.
Qürbətdə Vətənçin gözü yaşlılar
Vətənin naminə canmdan keçər.

Qəribə deyilmi?

Qəribə dünyadır, bəzən baş yarır
Ayağın dəstəyi taxta çəliklər.
Bəzən qul sahibi qula yalvarır
Dünyanı fırladır qəribəliklər.
Dünya çalxalanır yenə dəniz tək.
Bu böyük dünyanın dərdini çəkmək
Bizəmi qalıbdır?
Vallah, nə deyim?
Sənə yox, mənəsə qalıb, neyləyim?

Qəribə deyilmi?
Sən sirr, mən də sirr.
Bu sirri bilmirik necə çözməli?
Kimi övladının dərdini çəkmir,
Kimi də xalqının dərdindən dəli!
Torpaq əldən getdi, ölkə talandı,
Sənin nə vecinə, günün ağ olsun.
Səninçün dünyada hər şey yalandı
Təki damağın çağ, canın sağ olsun.
Bu boyda millətin ağır günündə
Qaşını çatmaq da sənə əzabdır.
Qardaşın döyülsə gözün önündə
Deyərsən, nə hay-küy, nə şaphaşapdır?

Ayıra bilirsən xeyirdən şəri,
Mənfəət meydanı səninçin gendir.
Nə Vətən, nə millət?
Səndən ötəri
Harda xeyrin varsa, ora vətəndir.
Xalqın naləsinə qulaqların kar,
Millətin içində millətə yadsan.
Dərddən başımıza yağdı yağışlar,
Səni islatmadı, dərddən azadsan.
Bir qırıq dəymədi xeyrin özgəyə
Quru ağacdan da meyvə dərmisən.
Xeyrinin gözüylə baxdın hər şeyə
Dünyanı cibinə yerləşdirmisən.
Qışın çovğunu da sənə yaz gəlir
Əgər mənfəətin var isə bundan.
Xeyrindən özgə şey sənə vız gəlir
Araz açığından, Kür topuğundan.
Heç demə, dünyada dünyada kənar
Zamanın çölündə yaşayan da var...

Özümdən narazıyam

Təbiətin könül açan
Min rəngi, min səsi var.
Hər könülün min arzusu,
Min rəngli nəğməsi var.

Bu arzular, bu nəğmələr,
Bu səslər bir sa kimi-
Mənim solğun sözlərimdə
Heç dil açı bildimi?

Hissim dərin, sözüm solğun,
Qəlbim geniş, sinəm dar.
Məndər əvvəl doğlubdur
Sinəmdəki duyğular.

Səhv atılan addımları
Sonradan anlayıram;
Baxıb vicdan güzgüsünə,
Özümü danlayıram.

Siz ey yanlış addımlarım,
Məni dərdə saldınız
Mən sizlə döyüşdükcə
Gün-gündən çoxaldınız.

Mən haqq-hesab istəyirəm
Gecələr gündüzümdən;
Narahatam, narızıyam
Ömrüm boyu özümdən.

Bizim sənət dünyasının
Qırıq telli sazıyam;
Bircə bundan razıyam ki,
Özümdən narazıyam.

Üçüncü göz - könül gözü


Göy üzü damar-damar,
Göydən yerə nur damar.
Ha baxdım göy üzünə,
Nuru görə bilmədim.
"Gözlərimin işığı bəlkə azalmış", - dedim,
Xalq hikməti heç zaman yanlış olammaz deyə
Bir daha baxdım göyə.
Gördüm, vızıltılarla uçan bir anaş arı
Qondu gül ləçəyinə.
Düşündüm: "bu arının məramı nə, qəsdi nə?"
Qızıl gül dilə gəldi
(Ya mənə elə gəldi):
"Göydən enən o nuru görə bilməkçün sənə
Üçüncü göz gərəkdir,
Göydən enən nur seli yerdə çiçək-çiçəkdir,
Gözəlliklər önündə bu an heyrətdəyəm mən.
Çıxmaq da mümkün deyil,
gördüyüm gözəlliyin
Sirli cazibəsindən.
Gözəlliyə heyrətim başqa göz verdi mənə,
Görmədiyim nuru da o göz göstərdi mənə,
Anladım, üçüncü göz mənim könül gözümdür.
O göz ilə baxanda gecə də gündüzümdür,
O göz ilə baxanda mən yalnız üzü deyil,
Həm də özü görürəm.
Birə baxıb o birin arxasında gizlənən
Onu, yüzü görürəm.
O göz ilə baxanda daşda da, torpaqda da,
Otda da, yarpaqda da,
Düzəndə də, dağda da,
Qarada da, ağda da
Mən özəyi görürəm.
Bu günə baxmaq ilə gələcəyi görürəm.
O göz ilə baxanda, bir gizli sirr görürəm.
Hələ misralanmamış nəğmə, şeir görürəm.
Bir nəğmədir, şeirdir bu dünya başdan-başa
Könül gözüylə baxsan.
Könül gözün yoxdusa, bu hikmətdən uzaqsan.