Payızgülü bayramında görüş

6750 | 2016-08-20 09:21
Ueda AKİNARİ
(1734-1809) - Yaponiya

Şükür ŞƏNOL - un tərcüməsində

(əvvəli ötən şənbə sayımızda)

Günün üzü buludsuz və aydınıdı. Samonun evinin yanındakı yoldan ötən iki yolçu bir-biriylə söhbət edirdi: "Bu gün cənab filankəs paytaxta səfərə gələcək, - onlardan biri deyirdi. - Hava da gözəldi, əminəm ki, bu gün mənim işim alınacaq". Sonra iki samuray keçdi, birinin əlli, o, birinin iyirmi yaşı olardı: "Əgər belə havada Akasidən tezdən dəniz yoluyla çıxsaydıq indi çoxdan Usimadoya çatmışdıq. Niyə indiki gənclər belə qorxaqdı, gör nə qədər artıq pul xərclədik!" - "Mən, çox böyük cənablardan eşitdiyimə görə Adzukisimadan Muratsuya paytaxta gələn yolu bərədə keçməyin nəticəsi çox vaxt yaxşı olmur. Yəqin ki elə hamı bu bərədən qorxur. Məndən inciməyə dəyməz, Uoqaxasiyə çatan kimi bizi qarabaşaq aşına qonaq edəcəklər, hər şey yaddan çıxacaq". - Gənc samuray ona cavab verdi. Cilovdan tutub yedəyində yüklü at aparan bir nəfər də bu yoldan keçdi. "Bir yerisənə kor yabı". - O, hirsnən ağır yükün altında olan atı tələsdirirdi. Belə-belə gün yarı oldu, Akanadan səs-soraq çıxmadı. Sonra günəşin qürub vaxtı da gəldi, yolçular gecələmək üçün mənzil başına çatmağa tələsdilər, lakin Samon yenə də ayaq üstə dayanıb gözünü yoldan çəkmirdi.
Anası onu çağırıb dedi: "İnsanın qəlbi payız səması deyil. Bir də, axı, heç payızgülü də yalnız öz bayramında gözəl olmur. Bu gün qardaşın gəlməsə heç əhvalını pozma, indi gəlməz, yağışlar düşəndə gələr, təki sağ-salamat qayıtsın. Gedək evə, sən də uzan yat. Gözləyək səhər açılsın". Samon anasını sakitləşdirib yuxuya verəndən sonra "Bəlkə də gəldi", - deyib yenidən yola çıxdı. Göyün üzündəki Ağ Yolun topa-topa ulduzları tək-tək hərdən bir sayrışırdı. Soyuq işıq saçan ay ona sarı baxırdı. Həzin meh əsən gecənin sakitliyində hürüşən itlərin səsi çox uzaqlara yayılırdı, sahili döyən dalğalar sanki ayaqlarının altındaydı. Bu arada ayın parlaq şəfəqi uca dağların kölgəsində itdi. Hər tərəf qaranlığa qərq oldu. "Artıq gözləməyin mənası yoxdu", - Samon öz-özünə dedi. O, evə qayıtmaq istəyirdi ki, qaranlıqda küləyin ani şiddətindən silkələnən adamın şəvgəsin gördü. Təəccüb içində qalan Samon bu adamın kim olduğunu bilmək üçün diqqətini cəmlədi. Bu Soemon Akana idi. Şadyanalıq edən Samon dedi: "Qardaşın səni səhərin gözü açılandan gözləyir, nə yaxşı ki, sözünü unutmadın. Bir az tez ol, evə gedək!" Akana yalnız başını tərpətməklə cavab verdi.
Akananı böyük hörmət və izzətlə qarşılayan Samon ondan süfrənin başında oturmasını xahiş etdi və dedi: "Sən gec gəldin, gözləməkdən yorulan anam da sabah gələcəyini fikirləşib yatdı. Gedim, deyim o da oyansın". Yenidən bir söz belə deməyən Akana onu başını tərpətməklə saxladı. Bunu görən Samon dedi: "Sən uzun yol gəlmisən, özün də çox yorulmusan. Qədəhi qaldır, bu görüşün şərəfinə içək, sonra sən də yat dincəl". O, Akananın qədəhinə sake süzüb qabağına xörək qoydu, amma Akana heç nəyə əl uzatmadı və köynəyinin uzun qolun üzünə tutdu. Sanki xörək qazanından qalxan buğ onu pəhsindirdi. "Xahiş edirəm, çimçəşmə, - Samon dedi. - Xörəyi özüm bişirdim, bir az dadsız ola bilər. Amma sənə görə böyük həvəsnən hazırladım. Bir müddət susan Akana bildirdi ki, şəvgədən başqa bir şey deyiləm. Və dərindən nəfəs alıb dedi: "Qonaqcıl qardaşımın istəyinə qarşı çıxa bilərdimmi? Əlbəttə yox, mən sənə yalan danışa bilmərəm, bu üzdən sənə bir həqiqəti açıqlamaq istəyirəm. Amma sən heç əndişələnmə. Artıq mən günəş dünyasına aid deyiləm, ruham və qısa bir zaman üçün öz əvvəlki cilidimdəyəm". Təəccüb və heyrət içində qalan Samon dedi: "Yox, qardaşım sən çox qəribə, qeyri-adi danışırsan! Axı biz yuxuda deyilik, bu söhbətimizi də həyatda olduğu kimi aşkarda edirik!"
Görün Akana ona nə dedi: "Səndən ayrılandan sonra öz doğma obalarımızda oldum. Mənə məlum oldu ki, yerlilərimin böyük əksəriyyəti müzəffər ordusu olan, yenilməz Sunexisa Amokoya qoşulub. Artıq Eneyanın yaxşılıqlarını da xatırlayan yoxdur. Tomida qəsrində öz qardaşım oğlu Tandzi Akanaya baş çəkdim. O, mənə qəsrdə olan vəziyyəti danışdı və başçı Sunexisanın qəbuluna düşməyimi məsləhət bildi. Mənim Sunexisaya göz yetirmək, bələd olmaq fikrim vardı, o üzdən Tandzinin fikriylə razılaşdım. Bəli, Sunexisa bir çox igidlikləriylə fərqlənmişdi, o, savaş elmində mahir idi. Lakin o, hamıya şübhə ilə yanaşır və qabil, bacarıqlı adamlara etibar etmir. Onun hakimiyyətindən asılı olan feodallar da yoxdu ki, yeri gələndə onun tərəfində olsun. Ona görə də qəsrdə qalmağın mənasız olduğunu anladım və Sunexisaya Payızgülü Bayramında səninlə görüşmək üçün verdiyim vədi xatırlatdım. Və oranı tərk etmək istədim. Amma görünür bundan inciyən və tərsliyi tutan Sunexisa Tandziyə məni qəsrdə saxlamasını əmr etdi. Bura gələnədək mən çox güclü mühafizə altında idim. Yalnız sənə verdiyim vədi yerinə yetirmək üçün nə edəcəyimi düşünürdüm. Və qədimlərdən deyilən bir məsəli xatırladım: "İnsan bir gündə min pini qət edə bilməz, amma ruh günə minlərlə pini qət edər". Mən qılıncımı sıyırıb özümə çaldım, gecənin qara küləyi ruhumu alıb sənin yanına gətirdi. Əminəm ki,məni başa düşəcəksən. Mən vədimə əməl etdim". Akana susdu və göz yaşı axıtdı. "İndiysə gəl, halallaşıb ayrılaq, - dedi Akana. - Ancaq xahiş edirəm, anamıza qayğını əsirgəmə". O, ayağa qalxdı və yox oldu. Sanki çıraq kimi bir gözqırpımında söndü.
Samon yerindən sıçrayıb onu tutub saxlamaq istəsə də bacarmadı, qara külək onun gözlərinə doldu və hər şeyi görünməz etdi. Samon büdrədi, üzüstə düşüb inildəməyə başladı. Bu arada yuxudan oyanan anası qorxu içində yorğan-döşəkdən qalxdı. Samonu axtarmaq üçün otağından çıxdı. Samon qonaq otağında sake cürdəyi, xörək qazanı, qab-qacaqlar da böyür-başında yerə sərili vəziyyətdəydi. Sənə nə olub, - deyən anası tələsik oğlunu ayağa qaldırdı. Ancaq Samon hönkürüb ağladı və heç nə demədi.
Anası Samonu məzəmmətlədi: "Əgər sən qardaşına belə qəzəblənirsənsə, gələndə onu hansı üzlə qarşılayacaqsan? Bu, nə ağılsızlıqdı, sanki uşaq kimisən!" Göz yaşı axıdan Samon dedi: "O, burdaydı, qardaşım verdiyi sözü tutdu. Lakin o, hər şeydən imtina etdi; qonaq etmək istədiyim xörəkdən və içkidən, ona görə ki, artıq o, bu dünyanın adamı deyil, o dünyanın sakinidi. Vədini yerinə yetirmək üçün özünü qılıncla çapıb və ruhu yüzlərlə pi yolu bir anlıq müddətdə adlayıb bura gəlib. Bağışla məni, ana! Sənin də rahatlığını pozdum". - "Ağlını başına yığ, - anası dedi, - nahaq yerə deməyiblər ki, gecələr röyada hər şey görmək olar, yanğısı olan su da içə bilər. Yəqin, bu sənin də başına gəlib". Ancaq Samon başını yelləyib dedi: "Yox, ana! Bu, aşkarda oldu. Qardaşım burdaydı!" Və Samon qəm içinə ağladı. Daha anasında da bir şübhə yeri qalmadı və ikisi də bütün gecəni göz yaşı tökdü. Səhəri gün anasının qarşısında təzim edən Samon dedi: "Uşaqlıq illərindən mən özümü kitablara və fırça ilə rəsm çəkməyə həsr etdim. Lakin bu işıqlı dünyadakı həyatım xeyirsiz və faydasız keçir. Mən öz adımı vətənə sədaqətimlə də şərəfləndirə bilmirəm, həm də bir oğul kimi də öz borcumu yerinə yetirmədiyimi bilirəm. Halbuki qardaşım Akana sözünün üstə durdu, verdiyi vədi pozmamaq üçün həyatından keçdi. Mən elə bu gün İdzumaya yola düşüb, heç olmasa onun məzarına baş əymək istəyirəm. İndi xahiş edirəm, anam buna icazə verəsiniz və mən olmadığım müddətdə özünüzdən muğayat olasınız". - "Övladım mənim, - deyə anası cavab verdi, - bir halda ki, məni qoyub gedirsən, qəlbimi intizarda qoyma, çalış tez qayıt. Uzun müddət tək qala bilmərəm, yoxsa bu gün əbədi ayrılıq tariximiz ola bilər". - Samon dedi: "Həyat suyun üzündə dayanan köpük kimidi - biz onun nə vaxt yırtılacağını bilmirik. Amma mən hər halda qayıdacağam". O, göz yaşını silib evdən çıxdı. Yolüstü cənab Sayegilə dəydi, ondan anasının da qayğısına qalmasını xahiş etdi. O, İdzumaya gedən yolu acanda yemək haqqında fikirləşmədən, soyuqda üşüyəndə əynindəki geyimə güvənməklə, yuxuya qalmadan gah yeridi, gah da yüyürdü və nəhayət Tomida qəsrinə çatdı.
O, Tandzi Akananı tapıb ona kim olduğunu söylədi. Tandzi onu evə dəvət etdi və heyrət içində dedi: "Başa düşmürəm necə olub ki, siz belə tez bir vaxtda ad olunan qardaşınız haqqında xəbər tutdunuz! Bəlkə, bu xəbəri kimsə qanadlarında çatdırıb sizə?" - "Samurayın fikrində nə bu dünyanın var, dövləti, nə də şöhrəti olur, o, sədaqətiylə seçilir və ədaləti sevir, - dedi Samon. - Qardaşlığımı qəbul edən Soemon kimi, vədinə xilaf çıxmamaq üçün özünü öldürüb bir gecədə yüzlərlə pi yolu qət etdi. Və mən də sözünə sadiq qalan bu insanın yaxşılığının əvəzini vermək üçün bura tələsdim. Amma əvvəlcə nə vaxtsa oxuduğum rəvayət haqqında sənin də fikrini bilmək istəyirəm. Xahiş edirəm, diqqətlə qulaq as. Çox qədimdə Vey9 knyazlığında əyan Şu Szo ağır xəstələnir. Vey knyazı şəxsən özü onun yanına gəlir və əlindən tutub soruşur, - əgər sənin başına bir iş gəlsə, bu dövləti kim təhlükələrdən qoruyacaq? Şu Szo cavabında deyir ki, Şan Yan gəncliyinə baxmayaraq böyük bacarıq və qabiliyyətə sahibdir. Əgər siz onu yanınızda xidmətə layiq bilməsəniz, yaxşı olar ki, onu öldürün. Lakin onu hökmranlıq etdiyiniz knyazlığın hüdudlarından kənara buraxmayın. Çünki başqa ölkədə o, sizə başağrısına çevrilə bilər. Vey knyazına nəsihət verən və onu ehtiramla yola salan Şu Szo xəlvəti Şan Yanı yanına çağırıb dedi: "Mən knyaza səni yanına xidmətə götürməsini təklif etdim. Amma məlum oldu ki, knyaz səni istəmir. Onda məsləhətim bu oldu ki, o, sənə lazım olmayacaqsa onu öldür. Mən ona görə belə etdim ki, hər şeydən əvvəl dövlətin mənafeyini qoruyuram və yalnız bundan sonra təbəələrim haqqında düşünürəm. İndi mümkün qədər tez qaç canını qurtar". Şu Szo ən dar ayaqda bu yolu seçir. Bəs, siz Soemona Akanayla bağlı nə etdiniz?" Tandzi başını aşağı salır və bir kəlmə belə söz demir.
Samon bir azda ona yaxın durub deyir: "Enyaya sadiq qalan mənim qardaşım Soemon Akana bir alicənab kimi Amokoya xidmət etməkdən çəkindi. Amma siz əminizə xəyanət etdiniz, onun düşməniylə birləşdiniz və samurayın şərəfinə ləkə oldunuz. Mənim qardaşım vədinə əməl etmək üçün sözünün üstə durdu. Amma sən Amokanın etimadını qazanmaq üçün namərdlik etdin, öz doğma əminə əzab verdin. Sunexisa onu zorakılıqla mühafizə altına alsa da sən öz əminə sadiq qalıb Şu Szonun kimi hərəkət etməliydin. Amma sən şərəf və ləyaqətdən çox uzaqsan. Sən öz məqsədlərinə çatmaq üçün ən şərəfsiz bir yol seçmisən. Görünür Amokonun qəsrində yalnız sən əqidəli adamlar xidmət edir. O üzdən mənim qardaşım bu qəsrdə xidmət edə bilməzdi. Mən də ona görə bura gəldim ki, ədalət öz yerini alsın. Qoy, səndən yalnız yaman və pis ad qalsın!" Bu sözləri deyən Samon qılıncı çəkib Tandzinin üstünə cumdu və bir zərbəylə onu parçaladı. Dəhşətdən başını itirən ev xidmətçiləri özünə gələndə, artıq Samonun izi, tozu belə yoxudu.
Vaqiədən xəbər tutan Sunexisa Amoko bu iki ad olunan qardaşın bir-birinə sonsuz sədaqətindən fövqəladə şəkildə heyrətdə qaldı və Samonun arxasınca yaraqlılar göndərmək fikrindən də daşındı. Nahaq yerə deməyiblər, ağıldan yüngül adamı özünə dost seçmə. Söz yox ki, dost Samon və Akana kimi olar.
İzahlar
1. ...nəsil və nəcabətinə görə Men-tsının anasından geri qalan deyildi... - Men-tsı (bizim eradan əvvəl 372 - 289-cu illər arası qədim Çinin məşhur filosofu. Əfsanəyə görə Men-tsı hələ körpəykən anası məktəbə yaxın bir yerdə məskunlaşana qədər üç dəfə yaşayış yerlərini dəyişir. O, bunu hələ kiçik oğlunun gələcəkdə elm, təhsil və əxlaqı yüksək səviyyədə mənimsəməsi üçün edir.
2. "Binşu" - hərb, savaş elmindən bəhs edən qədim Çin klassik fəlsəfəsi.
3. Kammonoske Enya - real tarixi şəxsiyyət, İdzumo ( hazırda Simane prefekturası ) əyalətinin ən iri feodallarından biri, 1485-ci ildə həlak olmuşdur.
4. Udzisuna Sasaki - qədim knyaz nəslinin nümayəndəsi.
5. Sunexisa Amako ( 1458 - 1541 ) görkəmli hərbi sərkərdə. Novellada XV əsrin 80-ci illərindəki hadisələr rəvayət olunur. O dövrdə Yaponiyada ali hakimiyyət formal olaraq Asikaqa feodal evinin syohununa (ali baş komandanına ) məxsus idi. Lakin əslində ölkə - başında knyazların durduğu çoxsaylı müstəqil inzibati ərazilərə bölünmüşdü. XV və XVI əsrlərdə Yaponiyada knyazların çəkişməsiylə qızışan qəbilə və tayfalararası döyüşlər gedirdi, torpaq sahibi ağalar və cənablar feodallara qarşı qiyam qaldırırdılar
6. Doqquz sentyabr Payız bayramı - Payızgülü bayramı, mövsüm bayramı.
7. Qumi - ətirli yağı çıxan ağac növü.
8. Sake - düyüdən çəkilmiş araq.
9. Vey - qədim Çin knyazlarından biri, bizim eradan əvvəl IV əsrdə yaşamışdır.

TƏQVİM / ARXİV