ŞAİR FÜZULİ - ALİM FÜZULİ

VAQİF YUSİFLİ
153258 | 2016-08-20 00:05
"Tənqid tariximizdən- VI yazı)

Y.E. Bertelsin "müstəsna" şair adlandırdığı dahi Məhəmməd Füzuli ədəbi-estetik fikrimizin inkişafında böyük rol oynayıb və bircə poetika kitabı, nəzəri məqaləsi olmasa da, farsca və azərbaycanca divanlarının dibaçəsində, poemalarında və şeirlərində ifadə etdiyi fikirlərində sənət haqqında (şeirin mənşəyi, mövzusu və məqsədi, məzmun və forma, orijinallıq və təqlidçilik, şeirdə elmilik və obrazlılıq və s məsələlər) sistemli bir estetik konsepsiya ilə qarşılaşırıq. 1563-cü ildə, Füzulinin ölümündən az sonra, onun müasiri olmuş təzkirəçi Əhdi Bağdadi "Gülşəni-şüəra" əsərində yazırdı: "Mövlana Füzuli Bağdadi bilik və mərifətdə kamil, hünər fənlərində fazil, şux təb, şirinsöhbət, elm-həndəsə, hikmət və heyətdə mahir, yeni mənalı məzmunlar tapmaqda misilsizdir. Üç dildə şeir növlərinin hamısına qabil, müəmma yazmaq və əruzu bilməkdə mahirdir. Səlis və mənalı nəsr yazmaqda əsrinin yeganəsidir. Nəsri zəmanə əhli tərəfindən bəyənilir. Üç dildə yazdığı qəsidələri xacə Səlmanın qəsidələri kimi fəsahətli olub, şeir biliciləri tərəfindən sevilir. Məsnəvi üslubunda "Leyli və Məcnun" kimi qiymətli incilər yaratmışdır. Türk və fars dillərində bir sıra risalələr yazmışdır. Həqiqəti budur ki, üslubunda orijinal və mənalar yaratmaqda yenilikçidir. Fikrinin gözəli söz zinətilə bəzənmiş və məna paltarı ilə günəş kimi işıqlanmışdır. Ərəb dilində olan beytləri ərəb fəsihlərinin içərisində məşhurdur. Nəvaiyə yaxın türkcə şeirləri türk və moğolların dilinin əzbəridir. Fars dilində olan divanı hər bir ölkədə məşhurdur. Türkcə şeirləri Rum zərifləri tərəfindən bəyənilmişdir". Elm aləminə Füzuli haqqında onun müasirinin verdiyi bu məlumat sonralar bütün təzkirəçilər və Füzuli tədqiqatçıları tərəfindən birmənalı şəkildə qəbul və təsdiq edilmişdir. Bu kiçik parçada Füzuli təkcə böyük şair və nasir kimi deyil, həm də dövrünün mütəfəkkir bir alimi, şeir nəzəriyyəçisi kimi də etiraf olunur.
XX əsrdə-füzulişünaslığın artıq bir elm kimi formalaşdığı bir dövrdə onun alimliyi, ədəbi-estetik fikir tarixində misilsiz rol oynadığı barədə fikirlər daha professional şəkildə ifadə olunmuşdur. İlk dəfə professor Mir Cəlal Paşayev "Füzuli sənətkarlığı" monoqrafiyasının "Füzuli şeir haqqında" bəhsində bu mətləbi xüsusi olaraq nəzərə çarpdırmışdır: "Füzuli dövrünün ən böyük şairi olduğu kimi, həm də ən böyük alimi idi. Özü dediyi kimi, əziz ömrünü zamanının "əqli və nəqli, həkəmi və həndəsi" elmlərini dərindən öyrənməyə sərf etmişdir". Başqa bir füzulişünas-professor M.Quluzadə "Füzulinin şeir haqqında nəzəri görüşlərinə dair" məqaləsində yazırdı: "Füzuli böyük mütəfəkkir alim, istedadlı nəzəriyyəçi kimi öz ədəbi inkişaf istiqamətini, həmçinin müasir dövrün və gələcək ədəbi hərəkatın inkişaf yolunu nəzəri görüşləri ilə işıqlandırmışdır".
Füzulini bir ədəbiyyat nəzəriyyəçisi, bir alim kimi səciyyələndirən fikirlərə biz Firidun bəy Köçərli, Abdulla Sur, Bəkir Çobanzadə, Salman Mümtaz, Həmid Araslı, Məmməd Cəfər, Əkrəm Cəfər, Azadə Rüstəmova, Fuad Qasımzadə, Samət Əlizadə, Sabir Əliyev, Əlyar Səfərli, Rafael Hüseynov, T.Kərimli, Hacı Ələmdar Mahir, həmçinin bir sıra türk alimlərinin (M.F.Köprülüzadə, İsmayıl Hikmət və b.) tədqiqatlarında da rast gəlirik. Son dövrdə filologiya elmləri doktoru, elmi əsərlərində Füzuli irsinin öyrənilməsi problemini tədqiq edən filologiya elmləri doktoru Gülşən Əliyeva-Kəncərlinin "Azərbaycan füzulişünaslığı" monoqrafiyası, həmçinin üç cildlik "Azərbaycan füzulişünaslığının qaynaqları" topluları Füzulini təkcə şair kimi deyil, bir alim-nəzəriyyəçi kimi də izləməyə, ALİM FÜZULİ obrazını canlandırmağa yardımçı olur. Fikrimizi tam ifadə etmək üçün yenə yenə bir sitata ehtiyac duyulur. Füzulinin ədəbi estetikasına az qala bütün ömrünü həsr etmiş mərhum tədqiqatçı Sabir Əliyev yazır ki: "Füzuli alim şairdir. Özü də təkcə elmi əsərlərinə görə yox, həm də bədii əsərlərindəki elmi mühakimə üslubuna və nəzəri mülahizə materialına görə. Başqa sözlə desək, şairliklə alimlik Füzulinin şəxsiyyətində və yaradıcılığında birləşmişdir... Şair Füzuli poeziyasında alimdir, alim Füzuli də elmi mülahizələrində şairdir".
Orta əsrlərdə, elmlərin hələ indiki səviyyədə inkişaf etmədiyi, lakin dar və məhdud bir çərçivədə olsa da, düşünən insanların mənəvi həyatına təsirsiz qalmadığı bir dövrdə şairliyin alimliklə müvazi olaraq yanaşı addımlamağı təəccüblü deyildi. Əksər orta əsr şairlərinin bütün elmlərə yiyələnmək istəyi təbii idi. O səbəbdən də onların bədii əsərlərində bu elmlərin təsiri, bədii mühakimələrində alim kimi düşünmələri, yaxud elmi əsərlər, traktatlar, nəzəriyyə kitabları meydana gətirmələri də məlumdur. Elə Nizamini götürək. Tədqiqatçılar qeyd edirlər ki, Nizami astronomiya, fəlsəfə, riyaziyyat, təbabət və s. elmləri yaxşı bilirdi, hətta dövrünün və özündən sonrakı əsrlərinin alimlərini də bir çox elmi məsələlərdə üstələmişdi. O, qədim yunan və Şərq alimlərinin toxunduğu bir çox məsələlərə böyük maraq göstərmiş, Yerin kürə şəklində olduğu ideyasını müdafiə etmiş, Saturn planetinin ətrafındakı həlqə haqqında Qalileydən dörd əsr əvvəl fikir söyləmiş, məşhur yunan alimi Arximedin Sirakuz şəhərinin mühasirəsi zamanı yandırıcı güzgünü icad etməsini elmi dəlillərlə şərh eləmişdi. Füzuli də belə bir alim-şair səviyyəsindəydi və onun bir çox əsərlərində, xüsusilə "Mətləül-etiqad", "Həft cəm", "Səhhət və Mərəz", "Rindü Zahid"də bir alim kimi dünya və kainatın yaranması, təbabət, tarix, coğrafiya, din, psixologiya və s. elmlərlə bağlı fikirləri ilə qarşılaşırıq. Onun ruh, əql haqqında fəlsəfi fikirlər söyləməsi, maddi varlıq, onun mahiyyəti, səbəb və nəticə xüsusunda söylədiyi fəlsəfi mülahizələr şairin elmi təfəkkürünün genişliyini sübut edirdi. Füzulinin "Elmsiz şeir əsası yox divar kimi olur. Və əsassız divar ğayətdə bietibar olur" sözləri əbəs deyilməyib. Bütün bunlar ondan irəli gəlirdi ki, Füzuli orta əsr elmlərinin əksəriyyətini mükəmməl mənimsəmiş və xüsusilə, türk, fars və ərəb mədəniyyətini, özündən əvvəlki əsrlərdə yaranan Yaxın Şərq filoloqlarının, söz ustalarının ədəbi irsini, ona məlum olan poetika kitablarını dərindən mənimsəmişdir.
Farsca divanındakı bir qitədə Füzuli yazır ki: "Dünya xalqı iki qismdir: alim, cahil. Cahillər heç bir şey anlamazlar, çünki hünərdən nəsibləri yoxdur. Alimin nəzərində isə şeir yazmaq xətadır, bəlkə şəriətə zidd, batil bir işdir, bir növ həzyandır. Ah, çox müztəribəm, çox müşkül vəziyyətdəyəm. Ömrümü kimsənin iltifat etmədiyi bir sənətə sərf etmişəm".Amma Füzuli "kəlami-mövzun"un küfr oxunduğu, nəzmin xar olduğu, "Dövran istər ki, xar ola nəzm, Biizzətü etibar ola nəzm" dediyi bir dövrdə sözün, sənətin şərəfini uca tutmuş, şeir sənətinin Allah və peyğəmbər tərəfindən yüksək qiymətləndirildiyini isbat etmişdir. Hərçənd ki, Füzulini az nala ateist kimi qələmə verən, onun Tanrı ilə bağlılığını materialist mövqedən şərh edən alimlərimiz az olmamışdır. Halbuki, Füzuli bizim bir çox alimlərin də etiraf etdikləri kimi, idealist olmuşdur. Gəlin onun məşhur "Söz" qəzəlindəki mətlə beytə müraciət edək:
Xəlqə ağzın sirrini hər dəm qılır izhar söz,
Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz?
"Yoxdan var söz" - burada açıq-aşkar varlığın yoxdan yaranmasına işarə olunur. Həmin qəzəli şərh edən Sabir Əliyev yazır ki: "Allah kimi söz də görünmür, lakin qeybdən gələn vəhylər kimi o da təsir edir, tərpədir, düşündürür, ağladır, güldürür, yaşadır, öldürür. Söz eyni zamanda, ağızın varlığına əşyaya-dəlildir. Ağız "yoxluğu" şəraitində söz varlığı və sirr tufanı ecazında Füzuli Allah-Vəhy-Quran - Məhəmməd rabitəsini görür". Ümumiyyətlə, "Söz" qəzəli Füzulinin nəzəri-estetik görüşlərini tam şəkildə açıqlamaq üçün ən tutarlı mənbədir. Füzulinin şairliyi və alimliyi bu qəzəldə elə vəhdət təşkil edir ki, bir şəxsin timsalında iki elm sahəsinin birləşdiyini görməyə bilməzsən. Sözün müqəddəsliyi və dəyəri, həyatvericilik missiyası heç bir əsərində bu qədər incəliklə şərh olunmayıb.
Ver sözə ehya ki, tutduqda səni xabi-əcəl,
Edə hər saət səni ol uyqudan bidar söz.
"İnsan sədəfində sözdən qiymətli gövhər görmədim" deyən Füzuli demək istəyir ki, söz ariflərin lisanında qiymətli bir xəzinədir. Füzulinin "Ləfz" rədifli başqa bir qəzəli də var ki, burada gözəlin nitqi, danışığı mədh olunur və son dərəcə orijinal təşbehlər silsiləsi ilə sözün, nitqin fəzilətləri bəyan edilir:
Dürcdür ləli-rəvanbəxşin, düri-şəhvar ləfz,
Dürcdən dürlər tökərsən eyləsən izhar ləfz.
Gözəlin dodağı incilər cəm olan qutuya bənzədilir, gözəl danışırsa, o qutudan incilər saçılır.
Öylə ağzın təngdir kim, söyləşir saət sənə,
Görci nazikdir, verir, əlbəttə, bir azar ləfz.
Gözəlin hər bir üzvü zərifdir, incədir, necə olur ki, o dar ağızdan belə incə sözlər çıxır .
Yetmək olmaz ləfzi-canbəxşinlə ağzın sirrinə,
Vəhydir guya bu kim, mütləq ağız yox, var ləfz.
Klassik poeziyada "ağzın yoxluqu" məsələsindən çox deyilib. Amma söz var və söz, olmayan bir varlığı aşkar edir. Söz də Allah kimi qeybdən gəlir, bir vəhydir o.
Qönçə ləlinə lətafətdən dəm urmuş, bilməzəm
Neylər izhar eyləgəc ol ləli-gövhərbar ləfz.
Bağdakı qönçə heç vaxt gözəlin dodağı ilə bəhsə girə bilməz. Çünki gözəlin dodağı nitqə gəlir, incilər saçır. Bu qəzəldə söz, nitq insan fəzilətinin bir nişanəsi kimi təqdir olunur. (Sabir Əliyevin şərhi)
Ümumiyyətlə, Sözə, onun möcüzələr yaratmaq qüdrətinə orta əsrlər poeziyasında yüzlərlə şeirlər həsr edilib və təbii ki, Söz haqqında ən yaxşı sözü böyük hünər sahibləri, bütün varlığı ilə sözə bağlananlar söyləmişlər. Deyək ki, Nəsimi kimi:
Dinləgil bu sözü kim, candır söz,
Aliyi-asiman məkandır söz.
Zahiri batin, əvvəli axır,
Aşkaravu həm nihandır söz.
Kafu nundan vücuda gəldi cahan
Əgər anlar isən əyandır söz.
Füzulidə ollduğu kimi Nəsimidə də sözün məkanı göylərdir, göylərdən nazil olub, Allah-Söz-Məxluq dusturu onun qəzəlində beləcə izhar olunur.
Füzuli birmənalı şəkildə Allaha, Yer üzünün yaradıcısına, peyğəmbərə bağlı şair idi. Sovet dövrü tədqiqatçıları Füzulinin Allahın mədhinə həsr etdiyi bir qəzəli niyə unudurdular?
Qəlbimi nurunla açdın, nolar açsan nitqimi,
Verdiyin nemətlər olsun ta ki, dillər əzbəri.
Nitq verdinsə, gözəl söz söyləmək də lütf qıl
Şeirim ilə zahir olsun gizli hikmət zivəri.
Lütfün əlası sözün bilməkdədir mənasını,
Həmd qıl, vermiş, Füzuli, həq sənə bu gövhəri.
Ona görə də Füzuli şeiri Allah neməti kimi vəsf edirdi. Bu səbəbdən də şeirin mənşəyi məsələsində qəti tərəddüd etmirdi. O, öz dövründə şeiriə qiymət verilməməsindən şikayətlənəndə "Allah, mənə bir mədəd elə" deyirdi.
Füzuli şeirin məqsədi və şairlik sənəti haqqında söylədiyi fikirlər orta əsrlər estetik fikrin birmənalı şəkildə qəbul etdiyi həqiqətlər idi.
Şeir zövqündən olmayan agah,
Əhli-nəzmi məzəmmət eyləməsin.
Kəndi cəhlinə etiraf etsin,
Hər kəramətə sehr söyləməsin.
Yəni deyirdi ki, əsl şairlərin yaratdığı şeirlər insana hədsiz zövq verir, bu zövqdən məhrum olan adamlar o şairləri gərək məzəmmət eləməsin, hər kəramətə, guya bədii kəşfə sehr söyləmək olmaz, belələri öz cahilliklərini etiraf etsinlər. İndi olduğu kimi Füzulinin dövründə də qrafoman şairlərin bazarı boş deyildi.
Mir Cəlal müəllim yazırdı ki: "O, əsil şeirin nədən ibarət olduğunu yalnız bir sənətkar kimi deyil, həm də bir alim kimi, nəzəri-elmi əsaslarla çəkdiyi üçün əsil şeir yaradırdı". Burada "əsil şeir" ifadəsini o mənada anlayaq ki, həyat həqiqəti yüksək şeir dililə ifadə edilir, obrazlı ifadə üsulu, bədii təsvir vasitələri o şeirin gözəlliyini birə-beş artırır, lakin oxucunu da inandırmalısan. Lakin Füzulini, onun məna dolu beytlərini anlamaq, dərk etmək üçün oxucunun da səviyyəsi, şeiri və o şeirin alt qatındakı mənaları duyması başlıca şərtdir. Mir Cəlal müəllimin "əsil şeir" ifadəsi bu mənada anlaşılmalıdır. Yüksək və parlaq bədii forma mədəniyyətini özündə əks etdirən Füzuli şeiri məhz onun elmi-fəlsəfi bilikləri ilə şair istedadının vəhdətini əks etdirmişdir. Bir sözlə, Alim Füzuli ilə Şair Füzulinin vəhdəti Azərbaycan şeir mədəniyyətinin ən gözəl örnəklərinin yaranmasına rəvac verib. Əsrlər boyu da Füzuli şeirləri şərhçilərin, ədəbiyyat alimlərinin cild-cild yazdığı kitablara sığmamışdır.
Füzulişünas alim Samət Əlizadənin bir etirafı ilə bu yazıya nöqtə qoyaq: "Füzulini şərh etmək?! Bu sözlər çox qəribə səslənir. Belə bir işə başlamaq üçün dahi sənətkarın mənimsədiyi elmi-fəlsəfi biliklərə yiyələnməli, klassik Şərq şeirinin sirlərinə, incəliklərinə, metodoloji prinsiplərinə dərindən bələd olmalı və ən başlıcvsı, yüksək dərəcədə inkişaf etmiş bədii-estetik zövqün olmalıdır. Füzulini şərh etmək! Bu ona bənzəyir ki, kiməsə günəş bağışlamaq istəyirsən, ancaq əliboş gedirsən: hərarəti öz qəlbində qalır, nuru gözlərindəg

Füzuli dəryadır!"



TƏQVİM / ARXİV