adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

SƏRHƏD

FƏRİDƏ RƏHİMLİ
25577 | 2016-08-20 09:15
Sərhəd sözü həm də çərçivə, hədd, sınır, bəlli sahəsi olan ərazi kimi də təsir bağışlayır. "Sözünün sərhəddini bil" ifadəsi də danışmanın bir həddə qədər ola biləcəyi, ondan o yana keçərsə, xoşagəlməz olacağı anlamını daşıyır. Ölkələr arasında sərhəd bir torpağın bitib, başqasının başladığı yerdir. Bu anlaşılandır. Amma öz torpağınn ikiyə bölünüb, arasına sərhəd çəkilməsi sinənə dağ çəkilməsinin eynidir - göynərtisi zaman-zaman ürəkləri tərk etməyəcək bir dağ...
Sərhədçilər günü yenə xəyal məni uşaqlıq çağlarıma götürdü. Kəndimizin sərhəd zonasında yerləşməsi bizi o taylı-bu taylı həsrətlilərə çevirmişdi. Gülüstan, Türkmənçay müqavilələrini bağlayanların ayağının altında tapdaq olan, bizdən soruşmadan ikiyə bölünmüş yurdumuzun hər iki sahilinin ağlar qalan sakinlərinin göz yaşları Araz vasitəsilə illərlə axır, axır...
Ağlımız kəsəndən getmək istədiyimiz "o tay" bizim üçün müəmmaya çevrilmişdi. Uşaqkən dilini bilmədiyimiz, nə dediyini anlamadığımız rus əsgərlərinin bizə etinasızca baxaraq avtomatı üzərimizə tutub, sərhəd məftillərinə yaxınlaşmağı qadağan etdiyi günlərdə içimdə bir üsyan qalxmışdı mənim torpağımda mənə belə münasibətə. Sərhəd zonasında dayanarkən İran tərəfdən çağırıb qohumlarını soruşanlara cavab vermək qadağası qoyulmuşdu bu taydakılara. Başqa millət nümayəndəsinin iki qardaşın arasında dayanaraq qadağa qoyması içimdəki üsyanı bir az da qabardırdı.
Pencər yığmağa (qutab üçün göyərti) gedəndə bir gözümüz rus əsgərlərində olardı. Sərhəd dirəklərinin dibində bitmiş göyərtiyə əlimizi uzada bilməzdik. Sərhəd məftilinə toxunarkən siqnal çalınmasıyla dəstəylə əsgərin zonaya axışması bizi qorxudurdu.
Sonralar bunun səbəbini anladıq. Başqa ölkələrdən keçib Sovetlərə gələn "şpionlar" məhz bu zonaları zəif hesab etdiyindən tez-tez keçməyə cəhd göstərirdilər. Buna dəfələrlə nail olsalar da, əksər vaxt yaxalanırdılar. Çünki sərhədçilərə yerli camaatdan da kömək edənlər vardı. Və onlara o vaxt könüllü "drujinniklər" deyirdilər. Gecə yarısı sərhəd məftillərindən gələn siqnaldan az sonra kəndə "şpion tutulduğu" haqda xəbər yayılanda əsgərləri qəhrəman kimi təsəvvür edərdik - Bizi, Böyük Sovet Vətənimizi qoruyan qəhrəmanlar. Əvvəllər xaricdən gələn agentləri onlara məxsus olan fərqli paltarda, əcnəbi dildə danışan təsəvvür edərdim. Ancaq tutulanların sadə kəndlilərdən fərqlənməyən geyimləri və dilimizi çox gözəl bilməsinin şahidi olurduq. Buların səbəbini isə sonralar anladım.
Bəzən isə siqnaldan sonra təlaşla gözləyən kənd camaatına tülkü-çaqqalın məftillərə toxunduğu xəbəri gələrdi...
Sərhəd keşikçilərinin işini bəzən romantik peşə kimi qiymətləndirirlər. Romantikası olsa da, təhlükə, risq, ölüm daha çoxdur bu peşədə.
O vaxtlar içimdə romantik duyğular baş qaldırardı. Özümü sərhədçi kimi təsəvvür edər, sərhəd pozanları müxtəlif üsullarla təqib edər, yaxalayar, "qəhrəman olardım". Xanım sərhədçilərə həsədlə baxardım. Sonradan öyrəndim ki, onlar zabitlərin xanımlarıdır və bu ucqar ölkəyə öz istəkləriylə gəlmirlər.
Mütaliə dünyagörüşünın, təsəvvürün, nitqin, müşahidənin, məntiqin inkişafına kömək edən amillərdəndir. Erkən mütaliəyə başladığımdan yaşıdlarımın bəzilərindən bir az fərqlənirdim, əksər vaxt onlar məni anlamadıqları üçün kimsə ilə danışmaz, tənhalığa çəkilər, xəyallar qurardım. Oxuduğum kitabların mövzusu fərqli-fərqli olsa da, detektiv janrda və sərhəd zonasına həsr olunan kitablar daha maraqlı idi mənim üçün. Çünki o əsərlərdəki hadisələr, qəhrəmanlar gözümün qarşısında idi. Mənim uşaq təsəvvürümdə dərin iz buraxmış, səhv etmirəmsə, V.Kojevnikovun olan "Dağ baharı" əsərini oxuduqca kitabın səhifələrinə "girərək" oradakı hadisələrə qarışmış, personajlardan ən çox sevdiyim birinə çevrilmişdim. Hadisələr başqa ölkədə cərəyan etsə də, xarakter eyni idi - sayıqlıq, yuxusuz gecələr, vətənpərvərlik, şifrələri zəngin bilik, məntiq, ağıl, istedad sayəsində açaraq, düşməni deşifrə etmək, tez-tez satqınlıqlarla qarşılaşmaq və başqa çətinliklərlə əsgər borcunu ləyaqətlə yerinə yetirməklə Vətənə borcunu ödəmək. Bizim "Dağlarda döyüş" filmində də hadisələr eyni motivlə cərəyan edir və illər keçsə də, tamaşaçıların çox sevdiyi filmlərdəndir.
Kəndimizdə əsgərlərə böyük hörmət, qayğı görərdik həmişə. Əsgəri kənarda yedizdirmək qadağan olsa da, analar təndirdə bişirdikləri isti çörəkdən, bağ-bağçadakı məhsullardan onlara yedizdirməyə, pay verməyə çalışırdılar. Gənclər isə onları imtina edə bilmədikləri içkiyə qonaq edərdilər.
O zamanlar o tayl-bu taylı Azərbaycanın birləşərək bütöv Azərbaycan olacağına, o tayda qalan bacısının ayrılığına dözməyən qonşumuz Səkinə nənənin hər gün axıtdığı göz yaşlarına son qoyulacağına uşaq anlayışımda güclü bir inam vardı. O inam mənimlə böyüdü. Mənimlə ölməz inşallah!..
Sərhədçi günündə xəyalın qanadlarında illər öncəyə - kəndimizin firavan həyat yaşadığı illərə, erməni murdarlarının ayağının o təmizliyə toxunmadığı illərə, kənd camaatının bir-birinə qohum-əqraba kimi davrandığı, xeyir-şərində birevli kimi iştirak etdiyi illərə, ağsaqqal-ağbirçək sözünün kəsərli olduğu illərə və bizi qoruyan sərhədçilərə inanıb rahat yaşadığımız illərə getdim. Bizdən olmayıb, bizi qoruyacağına inandığımız sərhədçilərin.
Kaş ki, sərhədlər ölkələri birləşdirəydi, ölkələri iki yerə ayırmayaydı...
Nə yaxşı ki, xəyallar var və nə yaxşı ki, xəyalında da olsa gedə bildiyin gözəlliklər var. Vətənimiz sərhədləri keşiyində ayıq-sayıq dayanan əsgərlərimiz, Sərhədçi Gününüz mübarək! Allah sizi qorusun! Düşmən gülləsindən həmişə uzaq olasınız!

TƏQVİM / ARXİV