DÜNYANIN ƏN TƏMİZ ADAMI

FAİQ QİSMƏTOĞLU
89059 | 2016-08-20 09:03
...Ötən şənbə "Dünyanın ən gözəl kəndi" adlı yazı qələmə almışdım. Və düşündüm ki, dünyanın ən gözəl kəndində ən təmiz adamlar, ən yaxşı insanlar, ən vicdanlı ziyalılar olub, bu gün də var. Deyə bilərlər ki, necə olur dünyanın ən yaxşı adamları, ən təmiz insanları Bəhmənlidən çıxır? Hər yerdə, hər şəhərdə, hər kənddə gözəl insanlar var və siz də onları yaxşı tanıyırsınız. Kimsə mənimlə lap mübahisə də eləyə bilər. Olsun!

Mən gördüklərimi, tanıdıqlarımı və eşitdiklərimi yazıram. Dünyanın ən gözəl kəndində dünyanın ən təmiz adamı dünyaya göz açıb. Həsənqulu oğlu Qəbilin, İttifaq kişinin və Diləfruz xanımın ocağında, yurdunda böyüyüb bu oğlan. Böyüyə-böyüyə kəndə, el-obaya şərəf gətirib, qürur və sevinc bəxş edib...
Dünyanın ən təmiz adamı Vaqif Bəhmənlinin heç kəsdən, heç kimdən umacağı olmayıb. Bircə Allah-Təaladan nəsə arzulayıb və böyük Yaradan da istedadına, əməlinə görə ona nur, işıq və xoşbəxt bir ömür bəxş edib. Bəhmənlidən Bakıya gəlib və özünə çox böyük aləm yaradıb. Daha doğrusu, Allahın verdiyi istedad ona bütün qapıları açmağa kömək göstərib. Düzdür, onun da həyatında kimlərsə kömək göstərib, arxa durub. Və Vaqif Bəhmənli də ən çox özünə, istedadına və zəhmətinə güvənib. 1972-ci ilində orta məktəbi bitirib Bakıya gəlib. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub və oranı müvəffəqiyyətlə bitirib. 40 ildən çoxdur ki, şəhər mühitində, şəhər ab-havasında yaşayır. Bu şəhər, bu hava çoxlarını dəyişsə də, Vaqif Bəhmənlini dəyişə bilməyib. Kənddən necə duru gəlibsə, necə təmiz olubsa, bu gün də həmin duruluqda və həmin təmizlikdədi. Mən "Qurani-Kərim"ə onun yerinə əl basaram ki, o, bu 40 ildən çox müddətdə işlədiyi məqamlarda kimdənsə umacağı olmayıb və kimsə ona bir hədiyyə verməyə də cəsarət etməyib. Çünki büllur kimi təmiz, bulaq suyu kimi saf olan Vaqif Bəhmənlini heç kəs əqidəsindən, tutduğu təmiz yoldan döndərə bilməyib və döndərə də bilməyəcək.

O hansı vəzifədə çalışıbsa, həmişə o vəzifəni ucaldıb. Yəni Vaqif Bəhmənlinin heç bir vəzifəyə ehtiyacı olmayıb. Əksinə, vəzifənin ona ehtiyacı olub ki, o, həmin vəzifəni ucaltsın. Qəzetdə şöbə müdirindən tutmuş baş redaktor və eyni zamanda müxtəlif nazirlikdə departament rəhbəri vəzifələrində çalışıb. Həmin vəzifələrdə dupduru Vaqif Bəhmənli öz əxlaqı, istedadı, səmimiyyəti ilə seçilib.
Biz Vaqif Bəhmənli ilə eyni kənddən, eyni məhlədənik. Uşaqlığımız bir yerdə keçib. Amma indiyə qədər cəsarət edib onun özü və yaradıcılığı haqqında bir kəlmə belə yazmamışam. Ən azından ona görə ki, Vaqif Bəhmənli qat-qat məndən istedadlı, zəhmətkeş və təmiz adamdı. O heç vaxt balalarına haram çörək yedirtməyib.

Haram çörək dedim yadıma Aqil Abbasın Vaqif Bəhmənli barəsində danışdığı bir hadisə düşdü. Aqil müəllim deyir ki, "Sovet kəndi" qəzetində işləyəndə Vaqiflə Ağcabədiyə ezamiyyətə gedirdik. Elə oldu ki, tanış kolxoz sədrlərindən biriylə yolda görüşdük və hal-əhval tutduq. O da məni həddindən artıq çox istəyirdir. Əlini atıb cibinə bir paçka onluq verdi ki, gedib yeyib-içərsiniz. Mən də o pulu Vaqiflə bölmək istədim. Pulu bölmək istəyəndə Vaqif dedi ki, dünya dağılsa da mən o pulu götürmərəm. Mən də Vaqiflə yoldaşlıq eləməmişdim. Onun bu təmizliyi qarşısında baş əydim. Sonra da aparıb o pulları dost-tanışa xərclədim.

Vaqif Bəhmənlinin ilk şeirlər kitabı - "Bahar payız arası" 1979-cu ildə çap edilmişdi. O vaxt mən də o kitabdan nə az, nə çox yüzünü alıb qucağımda Dram Teatrın qarşısından keçib kirayə yaşadığım evə gedrdim. Bu vaxt iki-üç qəşəng qız mənə yaxınlaşdılar. Dedilər bu nə kitabdı? Mən də dedim ki, təzə kitabım çapdan çıxıb. Vaqifin ilk kitabında şəkili verilməmişdi. Mən də o qızlara kitabları Vaqif Bəhmənli kimi aftoqraf yazıb verdim. Həmin qızlar uzun müddət məni Vaqif Bəhmənli kimi tanıdılar. Sonra da həqiqəti onlara deyəndə onlar heç bitr şey demədilər və gülüb getdilər.
Bir dəfə də xalq artisti Arif Quliyevlə keçirilən görüşdə Vaqif Bəhmənlinin o vaxtlar məşhur olan və əl-əl gəzən "Üzük" şeirimi əzbər dedim. Onda da bir yalan danışdım ki, bu şeiri mən yazmışam. Şeiri əzbər bilirdim. Həmin şeirin dörd misrasını yada salıram:

Köçdüm gözlərinə günün birində,
Varlığım qəlbində durmadımı, bəs?
Sənin o nişanlın bəbəklərində,
Mənim nişanəmi görmədimi, bəs?

Beləcə, qızlar bu şeiri eşidəndə dəli olurdular. Vaqif Bəhmənlinin bizim bu oyunlardan xəbəri olmazdı. Çox dostlarımız qızlarla tanış olmaq istəyəndə özünü Vaqif Bəhmənli kimi təqdim eləyirdi. Bir qız da tanışlarımıza deyib ki, nə qədər yalançı Vaqif Bəhmənli olar? Əgər Vaqif Bəhmənlisənsə, onun bir şeirini de. Bizim kəndçi də o şeiri deyə bilməyib pərt olub.

Dünyanın ən təmiz adamının bayaq dediyimiz kimi, heç kəsdən, heç kimdən umacağı olmayıb və bu gün də yoxdur. Mən bu ürəkdə, bu səmimiyyətdə və bu qəlbdə insan görməmişəm. Vallah, bu, insan deyil. Sanki mələkdir. Kiminsə paxıllığını çəkməz, kiminsə qeybətini eləməz, kiminsə sözün-söhbətin danışmaz. Hətta incidiyi adamdan belə umu-küsü eləyən deyil. Biz bəzən kimdənsə inciyirik və yeri gələndə ona irad tuturuq. Amma Vaqif çox qeyri-adi bir adamdı. Onun xasiyyəti vaxtilə bizə dərs demiş böyük ziyalı və professor Mir Cəlal Paşayevə bənzəyir. Başqa cür də ola bilməz. Çünki o elə bir ailədə tərbiyə alıb ki, elə bir mühitdə böyüyüb ki, elə bu cür də olmalıydı. Və mən də həmişə çalışmışam ki, hansısa xasiyyətmilə Vaqif Bəhmənliyə oxşayum. Bilmirəm, oxşaya bilmişəm, ya yox?!
Dünyada çox səmimi adamlar olub, çox yaxşı insanlar yaşayıb. Amma mənim tanıdığım ən təmiz adamlardan biridi Vaqif Bəhmənli. O harda işləyibsə, haqqı, ədaləti, həqiqəti hər şeydən üstün tutub və həmişə də haqqa, ədalətə söykənib. Bayaq dediyimz kimi, müxtəlif vəzifələrdə işləyib. Öz təmizliyini, sadəliyini və səmimiliyini qoruyub. Onun bir şeiri var: "Mən atasız böyümüşəm". Hər adamın gücü deyil ki, sözünə sadiq olsun, vədinə xilaf çıxmasın. Amma Vaqif nə deyibsə, ona da sadiq olub. İnanmırsınız həmin şeirin aşağıdakı misralarına diqqət yetirin:

Amma bir gün
yalan söz gətirsəm dilimə,
atasız uşaq incitsəm,
sözünü qaytarsam anamın,
Qırın başdaşını
atamın
bir parçasını da
mənim təpəmə çırpın,
Baxmayın
Atasız böyüməyimə!

Bəlkə də bu fikri başqa şairlər də deyə bilər. Amma Vaqif Bəhmənli qədər çətin ki, kimsə təmiz, kimisə səmimi olsun. Bu, ilahi bir sevgidir. Və ilahi sevgini allah-Təala Vaqifdən əsirgəməyib. Onun 30-dan çox şeirlər kitabı çap edilib. Hər kitabından, hər şeirindən, hər misrasından bal damır. Mən bir dost olaraq həmişə Vaqif Bəhmənli ilə fəxr eləmişəm, qürur duymuşam. Qürur duymuşam ki, dünyanın ən təmiz, ən vicdanlı, ən istedadlı adamıyla həm qohumam, həm də dostam. O bu gün də gənclik sevgisiylə, gənclik ürəyiylə yazıb yaradır. Qoy Allah-Təala bu istedadı, bu sərvəti Vaqif Bəhmənlidən əsirgəməsin ki, o da şeirləri ilə bizi sevindirsin. Ürəyin dolu, qələmin iti olsun, mənim Vaqif qardaşım! Bilmirəm, bu yazı necə alında, amma bir onu bilirəm ki, əlli il ürəyimdə gəzdirdiyim sevgimi, duyğularımı, istəyimi pis-yaxşı sənə çatdırdım. Pisdirsə, günahlarımdan keç!

TƏQVİM / ARXİV