adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
20 Avqust 2016 00:10
9938
LAYİHƏ
A- A+

BALAKƏN: ZİRVƏLƏRƏ QOVUŞMAQ


"... Bu gün bizim gözəl ölkəmizdə - sürətlə inkişaf edən ölkədə hər bir vətəndaş üçün bütün imkanlar var. Çünki ölkəmizin dinamik inkişafı, yeni iş yerlərinin, yeni istehsalat sahələrinin açılması əlbəttə ki, hər kəs üçün imkan yaradır. O insanlar ki, böyük biliklərə malikdirlər, onlar həyatda öz layiqli yerini tuta bilərlər".
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev

(Əvvəli ötən sayımızda)

Təsərrüfatlarda 7244.5 ha sahədə qarğıdalı, 2046 ha sahədə tərəvəz, 905 ha sahədə kartof, 313 ha sahədə bostan, 379 ha sahədə lobya, 501 ha sahədə tütün, 1056 ha sahədə yonca əkilmişdir. Yoncadan başqa bütün digər bitkilərin əkinində artım müsahidə olunmuş, hətta taxıl əkini 2.5 dəfə artırılmışdır. Hazırda taxıl biçini başa çatmaqla və 3517.3 ton taxıl əldə olunmuş, məhsuldarlıq göstəricisi 2015-ci ilə nisbətən 5 sentner artaraq 30 sentnerə çatmışdır. Bu son illərdə taxılda ən yüksək məhsuldarlıq göstəricisidir. Qeyd olunmalıdır ki, qarğıdalı əkini və məhsul istehsalı sahəsində Balakən rayonu respublikada 1-ci yerdə qalmaqdadır.
Rayonun qarğıdalıçılıq üzrə ixtisaslaşması, bu sahənin inkişaf etdirilməsinə mövcud təbii iqlim şəraitinin imkan verməsi insanlar tərəfindən dəyərləndirilir və bu sahəyə maraq ildən-ilə artmaqdadır. Carı ilin əlverişli keçən iqlim şəraiti bol qarğıdalı istehsal olunacağından xəbər verir və sahələrdən 45 min ton məhsul gözlənilir.

Yeni münasibətlərin
formalaşması zərurəti

2016-cı ildə ölkə Prezidenti cənab İlham Əliyevin aqrar sahənin inkişaf etdirilməsi sahəsində verdiyi tapşırıqların icrasının təşkili məqsədilə kəndlərdə görüşlər keçirilmiş, tütün bitkisinin becərilməsi sahəsində uzun illər ərzində formalaşmış əmək vərdişlərinin olması nəzərə alınaraq tütünçülüyün inkişaf etdirilməsi sahəsində zəruri işlər görülmüşdür. Nəticədə son illərdə ilk dəfə olaraq ümumilikdə 310 istehsalçı ilə müqavilə bağlanmış, 501 ha sahədə tütünün "İtiyarpaq" və "Virciniya" növlərinin əkilməsi təmin edilmişdir. Hazırda sahələrdən tütünün toplanması davam edir.
Hesabat dövründə barama istehsalı sahəsində zəruri işlər görülmüş, baramaçılığın yem bazasının möhkəmləndirilməsi üçün 10 000 ədəd tut ağacının əkilməsi təmin olunmuşdur. Kümçülərin "Şəki İpək" ASC ilə bağladıqları müqaviləyə əsasən 70 qutu ipəkqurdu bəslənmiş və 3.3 ton barama istehsal edilərək müəssisəyə təhvil verilmişdir.

Balakəndə
bağçılığın inkişafı
prioritet məsələdir

Rayonda meyvəçiliyin, xüsusilə intensiv bağçılığın inkişafına ciddi fikir verilmişdir. Ən müasir texnologiya tətbiq edilməklə son illərdə salınmış və damlama üsulu ilə suvarılan 187 ha meyvə bağlarına aqrotexniki xidmət göstərilmiş və ekoloji təmiz meyvə istehsalına başlanılmışdır. Bununla yanaşı, qərzəkli meyvələrdən fındıq və qoz bağlarının salınması istiqamətində də ardıcıl işlər aparılmışdır. Katex kəndində xaricdən qoz ağacları gətirilərək sahibkarlar tərəfindən 3.5 ha sahədə əkilmiş və damlama üsulu ilə suvarma sistemi qurulmuşdur. Eyni zamanda, rayonun kəndlərində 139 ha sahədə yeni fındıq bağları salınmışdır ki, bu da fındıq istehsalının artırılmasına imkan yaradacaqdır.
Ötən dövrdə istehsalçıların mineral gübrələrə olan tələbatının ödənilməsi üçün 970 ton mineral gübrə ehtiyatı yaradılmış və 862 ton mineral gübrənin, 1260 litr herbisidin istehsalçılara güzəştlə satışı təşkil olunmuşdur. Eyni zamanda, istehsalçıların kənd təsərrüfatı texnikasına olan tələbatı ödənilmiş, istər əkin, istərsə də biçin sahəsində texnika ilə bağlı problemlər vaxtında və operativ həll olunmuşdur. Əkin sahələrinin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına, habelə buğda, çəltik, pambıq və tütün əkininə görə 1967 nəfər məhsul istehsalçısına 5133.55 ha əkin sahəsinə görə 282,4 min manat yardım hesablanmış, sənədlər Respublika Komissiyasına təqdim olunmuşdur.

Maldarlıq sahəsinin uğurlu nəticələri - ilin ilk yarısında 14,8 mln manat gəlir

Rayonda bitkiçiliklə yanaşı heyvandarlıq da inkişaf etdirilir. Bu sahədə görülmüş işlərin nəticəsində iri və xırdabuynuzlu mal-qaranın sayında, həmçinin heyvandarlıq məhsullarının istehsalında artım müşahidə olunmuşdur.
Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də zəruri tədbirlər həyata keçirilmiş və rayonun sahibkarlarına xaricdən idxal olunan 14 baş malın güzəştlə satılması təşkil olunmuşdur.
2016-cı ilin I yarımilliyində kənd təsərrüfatından 24.7 milyon manat gəlir əldə olunmuş, onun 9.9 milyon manatı bitkiçilik, qalan 14.8 mln manatı isə heyvandarlıq məhsullarının payına düşür.
Aqrar sektorun davamlı inkişaf edirilməsi üçün ən əsas şərtlərdən biri olan əkin sahələrinin suvarılmasının təşkili istiqamətində işlər görülmüş, "Balakən QES" suvarma kanalı bərpa edilmiş və hektarlarla əkin sahələrinin suvarılmasına imkan yaranmışdır. Katex , Sarıbulaq, Qaysa, Tülü, Talalar və Xalatala kəndlərində mövcud suvarma kanalları təmizlənmiş, İtitala kəndində 400 metr, Püştətala kəndində 200 metr uzunluğunda yeni kanallar qazılmış, Meşəşambul kəndində Ulğam çayından əlavə suvarma kanalının çəkilməsi istiqamətində işlər görülmüşdür.
Eyni zamanda, rayonun kənd təsərrüfatında mövcud olan potensial imkanlar üzə çıxarılmalı, yabanı meyvə və giləmeyvələrin qurudulması və qablaşdırılması, meyvələrdən ekoloji təmiz şirələrin istehsalı, konsentratların hazırlanması, quşçuluğun inkişaf etdirilməsi ilə bağlı tədbirlər həyata keçirilməlidir, bütövlükdə rayonun kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalı sənayesinin inkişaf etdirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi təmin olunmalıdır.

(ardı gələn sayımızda)

Məzahir ƏHMƏDZADƏ