adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
16 Avqust 2016 14:57
9943
ƏDƏBİYYAT
A- A+

İki yazıçının buynuzu

XX əsrin ən böyük yazıçılarından olan Ernest Heminqueyin evindən oğurlanmış divara vurulan heyvan buynuzları onun nəslinin davamçılarına geri qaytarılıb. Adalet.az The Guardian qəzetinə istinadən xəbər verir ki, bu barədə buynuzu oğurlayan yazıçı-jurnalist Hanter S. Tompsonun həyat yoldaşı Anita Tompson məlumat verib. Elə ərinin oğurladığı buynuzu da qaytaran Anitanın özüdür.

Qeyd edək ki, 1964-cü ildə cavan jurnalist olan S.Tompson Heminqueyin Aydaho ştatının Ketçum şəhərindəki malikanəsinə yollanıb. Artıq depressiyyadan əziyyət çəkən Heminquey həyatda yox idi. Jurnalist "Heminqueyi Ketçuma bağlayan nə idi?” adlı silsilə yazılar hazırlamaq istəyirdi. Nobel mükafatçısı olan yazıçının zəngin və maraqlı ev interyeri jurnalistdə dərin izlər buraxır. Xüsusilə də yazıçının özünün öldürdüyü maralın buynuzu daha cazibəli görünür və... əli dinc durmur. Oğurladığı buynuzu nə yollasa malikanədən çıxarır. Amma bu barədə uzun illər sonra etiraf edir və oğurluğuna bəraət qazandıraraq, bunu böyük yazıçıdan yadigar saxladığını deyir.

Maraqlıdır ki, Heminquey özü də paranoya tutmalarında tez-tez bu buynuzdan və ovladığı digər heyvanlardan danışırmış. (Ernest ovçuluğa hələ 12 yaşındaykən başlamışdı). Əlbəttə ki, özünü güllələməyə səbəb buynuz deyildi, yazıçı onsuz da depressiv bitkinliyin sərhəddində idi. Yeri gəlmişkən, Heminqueyin atası da özünü güllələyərək intihar edib. Və daha qəribəsi də odur ki, buynuzu oğurlayan Tompson da 2005-ci ildə silahla intihar edib.

Buynuz məsələsi, daha doğru müəmması ədəbiyyatda və parapsixologiyada tez-tez hallanır. Onsuz da kişilər buynuz söhbətində hərtərəfli olaraq həssasdırlar. Amma parapsixoloqlar evdə aksessuar olaraq buynuz asılmağının mənfi enerji saçdığını bildirirlər.

Tompson bir neçə kitabların müəllifi olsa da əsas əsəri "Las Veqasda qorxu və ikrah” hesab olunur.

Heminquey isə əsrin nəhənglərindən biridir. Təkcə "Qoca və dəniz”ə görə 1952-ci ildə "Pulitser” mükafatına layiq görülüb. 1954-cü ildə isə ədəbiyyat üzrə Nobel mükafatını alıb.