MƏKTUB

ƏBÜLFƏT MƏDƏTOĞLU
47959 | 2016-08-13 14:55
Göndərilməsi və oxunması zəruri deyil
Ağlım kəsəndən, özümü tanıyandan özümə məktublar yazıram. Bilirəm ki, bu sadəcə mənim mənə təsəllimdi. Çünki o məktubları heç yerə göndərmirəm. Göndərsəm də, onu kiminsə oxuyacağına inanmıram. Ona görə inanmıram ki, məktub yazan təkcə mən deyiləm. Əgər mənim arşınımla götürsək, bu məmləkətdə ən azı əhalinin yarıdan xeyli artıq hissəsi məktub yazır. Doğrudur, bunlar fərqli məktublardı. Amma hər halda onlar yazılır və onlar hansısa ünvanlara göndərilir. Mən isə yazdığım məktubları ancaq özümə göndərirəm. Düşünə bilərsiniz ki, bu necə olur? Onu da deyim. Yazdığım məktubu yazı masamın dolabına qoyuram. Növbəti məktuba qədər orada gözləyir. Sonra açıb oxuyuram və onun yerində növbəti məktub növbə tuturg
Bu məktubu yoldan yazıram. Bakıdan 1200 kilometrlik bir məsafədən. Bunu da özümə yazıram. Özü də çox nostalji duyğuların təsiri altında. Həyatın müxtəlif çalarlarını göz önünə gətirərək yazıram. Çünki dediyim bu məqamda mənim iç dunyamda bir təlaş baş qaldırdı, bir çevriliş stressi yaşandı. Belə ki, çox dəyərli, yetərincə tanınan, sayılan kordioloq Mustafa Göyçə üzümə baxıb bir anlıq dinmədi, susdu. Bəlkə də andan da az çəkdi bu susqunluq. Amma tuta bildim onun susmağını. Sonra çöhrəsinə bir həkim təbəssümü gətirdi və o təbəssümlə də bircə kəlmə dedi:
- Heç özünü qoruyan adama oxşamırsan.
Bunun ardınca həqiqətən susdu və öz işiylə, yəni ürəyimi oxumaqla məşğul oldu. Mən onun andan da az çəkən susqunluğu və dediyi bir kəlməni ildırım sürəti ilə bütün içimdən keçirdim. Yaşadıqlarımı, yaşaya bilmədiklərimi, həyatımı, olmuşları və olacaqları, bir də arzusunda olub, qovuşa bilməyəcəyimə əmin olduqlarımı düşündüm. Və onda mənə elə gəldi ki, bu həyat deyilən, bu ömür deyilən hər nədisə o məkanda, o ərazidə mən heç nəyə sahib ola bilməmişəm və heç harda, heç nədə yerim, heç kimdə xatirəm yoxdu. Bircə olsa-olsa səndən başqa. Ona görə "olsa-olsa" deyirəm ki, mən səni daha çox sevincli, qayğısız görmək və o günlərin içərisində yaşamaq haqqından istifadə etmənə çalışmışam, arzu etmişəm. Bilmirəm, bunlar alınıb yoxsa yox, amma etiraf edim ki, bədənimə qoşulmuş müxtəlif kordioloji apparatların yaratdığı görüntülər mənim üçün o anda heç bir əhəmiyyət daşımırdı. Çünki hər yerdə ancaq səni düşünürdüm. Son sözü, son düşüncələri, son istəkləri sənə çatdırmaq istəyirdim. Bəlkə də bu hardasa gücsüzlükdü, acizlikdi. Bəlkə də elə lap qorxaqlıqdı. Nə deyə bilərəm ki? Amma hər halda mən bunları yaşayırdım. Yaşadıqlarımın da bir ucu sənə gedib çatırdı. İstəyirdim ki, bütün bunları biləsən, duyasan, hiss edəsən.
Elə bu yerdəcə mütləq vurğulamalıyam ki, yazdıqlarıma görə kimlərsə məni qınayacaq. Buna əminəm. Nostalji hissləri, duyğuları qabartdığıma görə, mənə yanakı da baxacaq. Hətta kimlərsə daha çox ürəyə qulaq asdığıma, hisslərə, duyğulara təslim olduğuma görə məni asıb kəsəcək. Açıq şəkildə fikirdən, düşüncədən yararlanmadığıma, ağıla üstünlük vermədiyimə görə, ünvanıma dilinin ucunda olan hər şeyi deyəcək. Olsun. Elə bu mövzu barəsində dilimdən qaçırdığım bir sözə görə, dərhal təpki almışam, o da yadımdadı. Həmin təpkini göstərən məni şairlikdə, duyğusallıqda hisslərə təslim olmaqda qınayıb, bunların nə zaman ötüb keçəcəyini söyləmişdi. Mən bilmirəm o, nə qədər haqlıdır. Amma bildiyim bircə odur ki, mənim dünyam duyğuların, hisslərin üzərində, içində, aurasındadı. Ordan kənarda mən yoxam, mövcud deyiləmg
Qayıdıram yenə həmin o nöqtəyə, yəni xəstəxananın kordioloji şöbəsinin xüsusi odasına. O yerə ki, orda bir məktub yazdım. Yazdım ki, oxuyasan. Bilmirəm, aldın yoxsa yox. Elə bilmədiyimə görə də özüm etiraf etməliyəm. Axı o məktubu sənə göndərməmişəm. İndi pıçıldayacam.

Hər gün
hər saat
hər an
əmin edirəm
inan
mən
özümdən özümə
yazdığım məktublarla
yoldayam -
ünvanına gəlirəmg
yetişib yetişmədim
onu bilmək istəsən
gözünün altıyla bax
ürəyin olan yerdə -
soldayam!
yəni
qısa söyləyim
ürəyin hardadırsa
məktubumla birlikdə
elə, mən də ordayam!..

***

Bakıdan 1200 kilometr uzaqdag Səndən 1200 kilometr uzaqda və bir də həmin o məsafənin hamısını qət etdiyim bir anda ağlımdan min cürə fikirlər gəlib keçir. Onların baş xətti, əsas mövzusu olum və ölüm. Təbii ki, bütün insanlar üçün "olum və ölüm" həyatın sualıdı. Həyat da ki, insana bir dəfə verilir. Deməli elə o sual da elə bir dəfə cavabını alır. Mən bu yazdıqlarımın arxasında dayanan məntiqə söykənərək belə bir qənaətə gəlmişəm ki, insan yaşlandıqca həyata, dünyaya, elə yaşamın özünə də münasibəti, baxışı dəyişir, cilalanır, müsbət və mənfi nüanslar daha gerçək, daha aydın şəkildə ortaya çıxır. Və hər kəs də görə-görə gəldiyindən hər gün bir az da yaxşı, bir az da fərqli nələrəsə çatmağa, qovuşmağa çalışır. Bax, bu yerdə həmin o ürək öz sözünü o qədər ustalıqla pıçıldayır ki, heç cınqırını da çıxara bilmirsən. Çünki müəyyən mənada yumruq boyda ət parçası olan ürək əslində elə insanın bütövlüyüdü, insanın yaşamının qarantıdı. Dediklərim nəyinsə kəşfi deyil, nəyinsə yeni təqdimatı hesab oluna bilməz. Bunlar hər kəsə məlumdu. Lakin bütün bəlli olanların mütləq bir görünməyən, bəlli olmayan tərəfi də var. Böyük Bəxtiyar Vahabzadə demişkən, "İnsan göydə Ay kimidi, görünməyən tərəfi var".
Hə, yaşananlar başa gələnlərdi deyiblər. Mən bu yazını bilgisayara diktə etdiyim ana qədər həmin o 1200 kilometrlik məsafəni dəfələrlə gedib-qayıtdım. Xatırladım hər şeyi - gördüklərimi, eşitdiklərimi, toxunub təmasda olduqlarımı, yaddaşıma köçürdüklərimi, bir sözlə, hər şeyi. Xüsusilə dəyərli Əhməd bəyin mələklərə məxsus bütün keyfiyyətlərini düşünə-düşünə, ona cavab ola biləcək nələrisə özümdə tapmaq çabasıyla çox var-gəl etdim. Lakin bildiyim, dərk etdiyim o oldu ki, mənə hopanlar, mənim həm qazancım, həm yükümdü, boynumdakı haqdı. Mənm edə biləcəklərim isə indiki halda sadəcə xəyaldı, arzudu. Ancaq bu zaman kəsiyində mənim sözümün, misramın, qələmimin kağıza köçən hər toxunuşu bu iç dünyamı təlatümlərdən, ağrılardan uzaq tuta bilmədi. Mən bəlkə də ölçüsü, həcmi mövcud olmayan stressin içərisində bir daha anladım ki, kiməm, nəçiyəm və kimliyim, nəçiliym hamıya, xüsusilə sənə nə verir? Bax, bu sual indinin özündə də mənim üçün təkcə narahtçılıq yox, həm də bir bağırtı kimi ipə-sapa yatmır. Bəlkə də onun susması, onun öz ilkinliyinə qayıtması artıq heç nəyi dəyişməyəcək. Amma sən bir dəyişiklik istəyirsən, bir dəyişiklik gözləyirsən. Bunun olması mümkünsüz. Əvəzində mən sənə bu pıçıltıları göndərirəm.

Vücudumu sevgiyə
Nöqtə-nöqtə bölmüşəmg
Sən məni rahat ağla -
Elə bil ki, ölmüşəmg

Nə səsn titrəməsin,
Nə dodağın əsməsing
Ölümüm yaşamağa -
Ümidini kəsməsing

Sən məni rahat ağla
Fərqlənsin ağlamağın
Kirpiyinin ucunda -
Donmuş yaş saxlamağıng
Dilindəki ağını
Sər üstümə çiçək tək.
Ruhumu sevindirən -
Kövrək bir bayatı çək.

Əzizim təklənmişəm
Şumlanıb ləklənmişəm.
Ortada ayrılıq var -
Ölümdən şəklənmişəmg

Sən məni rahat ağla
Ölənlə həyat bitmirg
Bir xatirə, bir sevgi -
Ölənlə birgə getmirg

***

Bütün yollarda dayanacaqlar var, məsafəsindən asılı olaraq. Amma mənə elə gəlir ki, məsafəni qısaltmaq da mümkündü, dayanacağı qabaqlamaq da. Çünki ürək ağıla, ağıl ürəyə qarşı olanda qalib hisslər olur, duyğular olur. Və mən də bunu özüm üçün bir əminlik halına gətirmişəm. Şübhə etmirəm ki, sonda mən duyğulara, hisslərə tabe olacam, onların istəyini gerçəkləşdirəcəmg
Bir də ki, dünyanın istənilən nöqtəsində bir günlük, beş günlük, lap uzun müddətli yaşamaq, sığınmaq olar. Bu, xilas deyil, bu özündən qaçmaqdı. Amma özündən hara qaça bilərsən ki? Bir halda ki, özümdən özümə məktublar yazıram, onda özüm özümdən necə qaça bilərəm?
Deməli, bütün hallarda məni öz təsiri altında saxlayan, məni öz aurasından çıxmağa qoymayan ürəkdi. Mən onun əsiri, onun girovuyam. Ona görə də sözüm də, lap elə səsim də onun ritminə, onun ahənginə köklənir. Baxıb görürəm ki, yıxılmışam, yerdəyəm. Və gücüm ancaq ona çatır. Üzümü tutub deyirəm:
- Əyilmə! Amma qaldır məni! Rica edirəm, qaldır məni, ürəyim!
Hə, nə olur-olsun mənim inancıma və ürəyimə görə, ürək qalibdi. Çünki:

Ürəyim
və ağlım
bütün gücüylə
məni
dirəyib divara
para-para
gilə-gilə
olmuş kimi
toplaya
bilmirəm
özümü bir yerəg
səbəb soruşma,
günah
və ya günahkar
axtarma
çünki bütün bunlar
bir yaşanmayan
qarşılığı olmayan -
sevgiyə görə
çıxarılmış
qərardı!...


TƏQVİM / ARXİV