DÜNYANIN ƏN GÖZƏL KƏNDİ

FAİQ QİSMƏTOĞLU
79526 | 2016-08-13 00:20
... Maşının arxasında əyləşib dünyanın ən gözəl kəndinə yola düşürük. Və dünyanın ən gözəl kəndi hər gün, hər saat, hər dəqiqə bizi özünə çəkir. Bir ay o kəndə getməsək ürəyimiz partlayar. Elə ki, ay tamam olur, elə bil kimsə ürəyimizə hakim kəsilir ki, nə durmusunuz, durun tərpənin o gözəl məkana. Getməyəndə də gecələr yuxumuza girir. Və bəzən elə bilirik ki, bu yuxular bitməyəcək...
... Kəndə yaxınlaşanda gözlərim dolur. Bilmirəm, yaşdandımı, yaxud da ürəyimin kövrəkliyindəndimi, kəndə bir neçə kilometr qalmış sanki içim yerindən silkələnir. Bunu hiss edən həyat yoldaşım dillənir:
- Gözlərin niyə dolub? Şükür Allaha, üç-dörd dəqiqədən sonra dədə-baba yurduna çatırıq.
... Dolmuş gözlərimin yaşını əlimin arxası ilə silirəm və dərindən köks ötürürəm. Həyat yoldaşım bunu duyur və deyir ki, bir dəfə belə köksü kəndiniz işğal olunanda keçirmisən. Bax, onda az qala ölmüşdün...
... Bir az da kəndimiz işğal altında qalsaydı, bəlkə də ürəyim partalayardı. Belə çətin anlarda mənim ustadım və müəllimim, istedadlı jurnalist Məcnun Namazəliyev "Ədalət"ə gəlmişdi. Gördüm ki, Məcnun müəllim də mənim kimi havalanıb. Dedi ki, kəndimiz qayıtmasa, çətin ki, bir də sən məni görəsən. Təsəvvür eləyin, üç-dörd ayda Məcnun müəllim necə sınıxmışdısa, arıqlamışdısa onu tanımaq olmurdu.
Allahın mənə, Məcnun müəllimə və dünyanın ən gözəl kəndinin adamlarına rəhmi gəldi. Və altı aydan sonra Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Horadiz şəhəri, dünyanın ən gözəl kəndi və 22 yaşayış məntəqəsi işğaldan azad edildi...
Bu günə baxıb şükür eləyirik! Gözümü açıb görürəm ki, artıq maşınımız dədə-baba ocağımıza daxil olub. Qardaşım və qardaşım balaları ayağa qalxıb bizə tərəf gəlirlər. Bir anlıq yenidən gözlərim dolur. Kəndin havası, suyu, ətri adamı bihuş eləyir. Həyətimizdən iyirmi metr dərinlikdən çıxan buz kimi su ilə tərləmiş üz-gözümüzü yuyuruq. Sürücümüz Arif də buz kimi sudan bir stəkan içir və "oxxay" deyir...
... Dünyanın ən gözəl kəndinin bir balaca keçmişini vərəqləmək istəyirəm. Tarixçilərin dedyinə görə, Bəhmənlinin 5 min illik keçmişi var. Və bu kənd müxtəlif dövrlərdə İrandan, Monqolstandan, Ərəbistandan gələn yadellilərin basqınına məruz qalıb. Ancaq dünyanın ən gözəl kəndini heç kəs işğal edə bilməyib və adamlarını da əyməyi bacarmayıblar...
Bəhmənlidə bu gün on minə yaxın əhali yaşayır. Zarafat deyil, böyük bir kənddə hər cür şərait var. Kəndin dörd bir tərəfinə asfalt yol çəkilib. Bütün evlərə təbii qaz verilir. İçməli su, işıq problemi çoxdan həll olunub. Kənddə ötən əsrin 70-ci illərindən 5 artezian qazılıb, istifadəyə verilib və həmin artezianlardan buz kimi su fontan vurur. Bu kənddə XIX əsrdə inşa edilmiş bir məsciddə var. Sovet hökumətinin kəshakəs vaxtında belə rus əsgərləri bəhmənlilərə bu məscidə getməyi qadağan edə bilmədilər. Çünki bəhmənlilərin mənliyinə, hissiyatına və əxlaqına heç vaxt toxunmaq olmaz. Əgər kimsə toxunarsa, həmin adam cəzasını gec-tez camaat tərəfdən alacaq.
Dünyanın ən gözəl kəndinin bir neçə məşhur tayfaları var. Və bu məşhur tayfalar da yüz illərdir ki, bu kənddə yaşayırlar: Kəbirli, Zeynallı, Qarçıxaylı, Dəlləkli, Qıvraqlı...
Bu kənddə heç yerdə rast gəlinməyən və təsadüf edilməyən qeyri-adi ənənələr və mənəvi zənginliklər var. Elə ki, birinin qapısında yas düşür, yas sahibinin xəbəri olmadan qonum-qonşu yığışıb bir göz qırpımında həyətdə çadır qurarlar, stol gətirərlər və digər avadanlıqları ortaya qoyarlar. Üstəlik də yas günlərində qonum-qonşu 40 gün həmin insanın yanında olar. Heç vaxt evdəki yeməkdən istifadə eləməzlər. Əksinə, yas yerinə gələnlər özləri evlərində yemək bişirib yas məclisinə gətirərlər ki, ev sahibinin çiyninə yük düşməsin. Maddi köməkliklə yanaşı, mənəvi köməklik də yaddan çıxmır. Bayaq dediyimiz kimi, rəhmətə gedənin 40-ı çıxana qədər bütün qonum-qonşu o həyətdə olar. Axı, dərd bir yerdə çəkiləndə yüngüldür.
Bir adamın uşağı, yaxud da ailə üzvlərindən biri "ilişib" eləyəndə o dəqiqə qohum-əqraba o evə gələr və öz köməkliyini bildirər. Heç imkanı olmayan adam çətinə düşən insana kömək məqsədilə qapısındakı qoyunlardan birini gətirib verər ki, ala sat pul eylə, uşağını polisdən qurtar.
Bu kənd bəlkə də yeganə kənddir ki, boşanma halları nadir halda ola bilər və bəlkə də heç yoxdur. Bilirsiniz niyə yoxdur? Çünki kənddə keçmişin əxlaqi dəyərlərinə, adət-ənənələrinə və qeyri-adi yaşayış tərzlərinə çox böyük hörmət var. Hətta elə vaxt olub ki, kiminləsə hansı tayfanın düşmənçiliyi də baş verib. Ancaq ocaqlarında olan o gəlinə əyri gözlə heç kəs baxmayıb. Deyiblər ki, bizim haqq-hesabımız onun böyüyü ilədi və gəlinin də heç bir günahı yoxdur.
Dünyanın ən gözəl kəndi olan Bəhmənlinin sayılıb-seçilən ağsaqqalları olub: Əliş kiiş, Əsəd kişi, Məmməd kişi, Seyidəli kişi, Pənah kişi, Məhərrəm kişi, Əvəz müəllim, Balaca müəllim, Cəlal müəllim... Bu kişilər dünyalarını dəyişsələr də, amma onlar yenə də yaşayırlar. Çünki xeyirdə, şərdə həmişə onların ağsaqqal sözləri xatırlanır. O kişilər köhnə kişilərdən olub və həmişə yanan ocağın üstünə su töküblər. Bir qan davası olan kimi milisdən də, prokurordan da, hakimdən də əvvəl onlar məsələni yoluna qoyublar. Tay camaat gedib hüquq-mühafizə orqanlarına müraciət eləməyib.
Və bugünün özündə də bu ənənələr yaşayır, davam eləyir. Düzdür, həmin ağsaqqallar indi yoxdur. Onların yerini orta yaşlı insanlar tutublar. Köhnə kişilərdən bir neçəsi qalıb, onları barmaqla saymaq olar. Bu kişilərdən də biri Talıb kişidir. Bir neçə gün əvvəl Talıb kişi ilə bir məclisdə görüşdük. Dedi ki, oğul, Allah üzünüzü ağ eləsin, atanıza da rəhmət olsun. Yaxşı kişinin övladlarısınız. Vaxtı ilə sənin atanı da, məni də tutmuşdular ki, bəs kolxoz sədrinin üzünə durun. Nə mən, nə də Qismət kişi kolxoz sədrinin üzünə durmadıq. Çünki onun heç bir cinayət əməlini görməmişdik. Hər ikimizi günahımız olmadığına görə, məhkəmədə hakim azadlığa buraxdı. Bax, siz də belə kişinin övladısınız. Kəndimizdə köhnə kişilərdən Əyyub həkimi görürəm. O da çox savadlı, ləyaqətli ağsaqqallardan olub. Bakıda yaşasa da, xeyir-şərdə tez-tez görüşürük.
Bəhmənlilər ən yaxşı otaqlarını, ən yaxşı süfrələrini qonağa saxlayırlar. Evə qonaq gələndə bəhmənlilərin uçmağa qanadı olmur. Elə bil dünyanı ona verirsən. Və kimsə Bəhmənliyə gəlsə, tanımadığı qapını döysə, o qapının adamları həyətə çıxacaq, əvvəl darvazanı, sonra isə evin qapısını ürəyi kimi onun üzünə açacaq və qonağını elə qarşılayacaq ki, bu məhəbbət heç vaxt qonağın yadından çıxmayacaq.
Bu kənddə bayaq dedik ki, heç vaxt ailələr dağılmır. Qonşu kəndlərdə eşdirik ki, kimsə boşanıb. Amma son on ildə burda heç bir boşanma halı baş verməyib. Bunu da qoruyan ağsaqqal, ağbirçək insanlardır. Çünki onlar cavanlara düz yol göstərirlər. Və bu düz yolla da gedənlərin heç vaxt ayağı büdrəmir.
Dünyanın harasında olsam belə dünyanın ən gözəl kəndi olan Bəhmənli üçün burnumun ucu göynəyir. Dünyanın ən gözəl şəhəri İstanbulda 15 gün qalanda elə bil öz yuvamdan ayrı düşmüşdüm. Gecələr də yuxuma dünyanın ən gözəl kəndi - Bəhmənli girirdi. Dünyanın ən gözəl kəndinin bal kimi şirin qarpızı, yemişi, gilası, gilanarı var. Bu bal kimi qarpızdan kimsə bir dilim yesə, onun canından bütün xəstəlikləri çıxmasa da, özünü çox rahat hiss eləyər. Dünyanın ən gözəl kəndinin təmiz havası, buz bulağı, gözəl səması heç vaxt yaddan çıxan deyil. Allah-Təala dünynın ən gözəl kəndinin təmiz havasını, buz bulağını və gözəl havasını qorusun!..

TƏQVİM / ARXİV