KƏNDİN BƏYAZ YUXULARI

MƏZAHİR ƏHMƏDZADƏ
62794 | 2016-08-06 08:59
Məzahir ƏHMƏDZADƏ

"...2016-cı ili də "Kənd təsərrüfatı ili" hesab edin. Əslində, hər il "Kənd təsərrüfatı ili" olmalıdır".

İlham Əliyev,
Azərbaycan
Respublikasının
Prezidenti

Torpaq onu sözün həqiqi mənasında ucaltmışdı. Doğma rayonda, kəndində hamı onu tanıyırdı. Hətta adı respublika səviyyəsində çəkilirdi. Sovet adamı idi, kommunist partiyasının üzvüydü. İclaslarda indi bizə qəribə gələn rəyasət heyətində - yəni əvvəlcədən təyin olunmuş 20-25 seçmə şəxslərlə "yuxarıda" əyləşərdi. Ancaq bütün bu yığıncaqlar, plenumlar, konfranslar, qurultaylar onun zəhmetkeş ömrünün, əsl həyatının, belə deyək ki, darıxdırıcı fasilələri idi. Niman Piriyev və onun kimi şöhrətə iddiasız insanlar üçün gerçəklik torpaq idi, tarla idi, arx-bərələrdən axan "nəğməli":::sular idi.
Bu nədir? Mən axı başqa cür yazmaq istəyirdim. Ancaq elə ilk cümlələrdən başlamış oçerk kimi alınır deyəsən. Lap elə sovet dövründəki zəhmət adamının "portret cizgiləri" mənasında. Nə olar, qoy bu dəfə belə olsun. Ancaq hələ ziddinə getməyin. Şərtilik düşüncələridir. Dadıma çatar yəqin. Yəni ədəbiyyatda, incəsənətdə şərtilik müəyyən bir üslub kimi qəbul olunubsa, məsələn, Pikassonun, Mircavadın rəsmlərində, Dürrəmatın pyeslərində, sürrealist nümunələrdə yaşayaraq narahatlıq doğurmayıbsa, o zaman bunun müasir jurnalistikada nə qorxusu?
Nostalji tamam başqa hisslər doğurur. Burada, bax bu ovqatda zaman özü şərtidir. Mən çoxdan olub keçənləri bu günün hadisələri kimi də yaşaya bilərəm. Ancaq gəlin Niman Piriyevin portretini yaratmağa cəhd etməklə "saat neçəni vurdu?" sualından çaşmayaq da.
Dedik axı, torpağın oğludur. Bu elə belə ritorik dəyər deyil.
... İlk gənclik illərindən maldarlığa üz tutsa da qəlbi, gözü pambıq tarlalarında idi. Altmışıncı illərin ortalarından başlayaraq Göyçay rayonunda da pambıqçılığın inkişafı məqsədəuyğun hesab edilmişdi. N.Piriyev Alpoud kəndində, çalışdığı Lenin adına kolxozda fermadan pambıq sahəsinə gəldi. Bu kolxozda pambıqçılıq geridə qalan sahə idi. Elə bil qarğımışdılar Alpoud torpaqlarını. Artıq sahə əkməsəydin planın heç 60 faizini də verə bilməzdin. Respublikada hakimiyyət də dəyişilmişdi. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev qeyri-adi əzmkarlığı ilə iqtisadiyyatı həm sənaye, həm də aqrar istiqamətdə dirçəltməyə, inkişaf etdirməyə başlamışdı. Rayonların rəhbərliyini bacarıqlı kadrlarla möhkəmləndirirdi. Göyçayın bəxtinə hədsiz dərəcədə işgüzar, güclü təşkilatçı, eyni zamanda sərt və qəzəbli Rüstəm Səfərəliyev kimi katib düşmüşdü. Bir az irəli gedib deyim ki, 4-5 min tondan artıq pambıq istehsal edə bilməyən Göyçay rayonu Rüstəm Səfərəliyevin dövründə, cəmi 2-3 il ərzində pambıq istehsalını 15-16 min tona çatdıra bildi. Bu göstərici respublikada nisbətən kiçik əkin sahələrinə malik olan Göyçay rayonu üçün fantastik sıçrayış idi. Bax o vaxtlar N.Piriyev də kolxozun pambıqçılıq briqadasına başçılıq edirdi və bircə hektar da artıq sahə əkmədən uğurlar qazanırdı. Hektardan 30-35 sentner. Aran Qarabağa, Mil-Muğan bölgələrinə baxmayın, Şirvanda hər hektardan 20 sentnerin özü normal məhsuldarlıq sayılırdı. Bu mənada N.Priyevin əmək qəhrəmanlığı hər yana səs salmışdı. Bütün varlığı ilə təvazökar və utancaq olan bu zəhmət adamını çox mötəbər məclislərə dəvət edirdilər. O torpaqla necə davranmağı mexanizatordan, suçudan, aqronomdan da yaxşı bilirdi. Onu kolxoz sədri, sovxoz direktoru göndərmək istəyirdilər, getmədi. İllər uzunu öyrəşdiyi doğma işini sevirdi.
İllər ötüb keçirdi. Kəndlər pambıqçılığın, üzümçülüyün, heyvandarlığın inkişafı sayəsində yeniləşir, kol-kosdan, çəpər-çüpərdən təmizlənirdi. Xüsusilə pambıqçılıqdan əldə olunan gəlirlər hesabına rayonun ən ucqar kəndi Alpoudda da yeni evlər tikilir, daş hasarlar çəkilir, dəmir qapılar qoyulur, minik maşınları alınırdı. Təbii ki, asfalt yollar da çəkilirdi. Qəhrəmanımızın da daxmasının yerində kürsülü rahat bir ev ucalmışdı, qıj-qıj budaqlarından düzəlmiş doqqazı dəmir qapı əvəzləmişdi, bu qapı həm də göy rəngli "Jiquli"yə açılırdı. Çörək, gəlir bollaşmışdı. Briqadirin həyat yoldaşı qabaqcıl manqabaşçısı Güldənə bibi ailədə boya-başa çatan 7 uşaqdan yaşca böyüklərini də özüylə tarlaya aparırdı. Xatirə, Göyərçin, Daşqın... zəhmətin şirinliyini, halallığını ata-analarının yanında sevinə-sevinə yaşayırdılar. İş nə qədər çox olur-olsun, hər şeyə vaxt tapırdılar. İş olmayanda vaxt tapılmırmış, iş olmayanda vaxt diri-diri ölüb gedirmiş...
İllər ötüb keçirdi. N.Priyevin sinəsini orden-medallar da adbaad bəzəyirdi. İndi çoxlarının "qul əməyi" adlandırdığı pambıqçılıq ona və onun kimi çox-çox kənd adamına normal yaşayış, bəzən də şöhrət bəxş edirdi. Torpağı sevmək, torpağa əyilmək, işdən, peşədən zövq almaq, rəhbər işçilərlə eyni sanatoriyada, eyni kurortda dincəlmək və Qul Əməyi! Bir araya gəlirmi?
Mövzunu çox qabartdım deyəsən. Ancaq bunları da yazmalıyam. Traktorlarının səsi eşidilməyən, pambıq tarlaları, üzüm plantasiyaları sıralanmayan, örüşləri göz oxşamayan, bağ-bağatları nəğmələnməyən kəndin daş evlərində rahat yatıb sabaha ümidlənmək olarmı? İstər kolxoz olsun, istərsə də xüsusi mülkiyyətçilik.
İllər ötüb keçirdi...
... Bütün bunları - SSRİ-nin dağılmasını, müstəqilliyin şirinliyini, kəndlinin torpağa birbaşa sahibliyini, başqa yenilikləri Niman kişi də özünəməxsus tərzdə normal qavrayırdı. Ancaq başa düşmədiyi, qəbul edə bilmədiyi bir məsələ onun rahatlığını almışdı. Görəsən, bu adamlar sahib olduqları torpaqdan niyə soyuyur, hansı səbəbə qaçır, uzaqlaşırlar? Yəni baş verən hadisələrin, yeniliklərin torpağa, əkin-biçinə nə dəxli? Əmlak bölgüsü... Bir gün traktorlar, digər mexanizmlər yoxa çıxdı, bir gün kolxoza məxsus təsərrüfat binaları, qurğuları sökülüb paylandı. Hərə 50-60 kubiki, 5-6 şiferi, 4-5 taxta-tuxtanı maşına yığıb daşıdı qapısına. Kişi mövcud olanı söküb mülkiyyətçi olur. Və bir gün iki nəfərin arasında tək qalan köhnə şiferin yarı (!!!) bölündüyünü görəndə dalağı sancdı. Bu insanlar ədalətli yeni quruluşun köhnə təfəkkür bazasında inkişafına hazır deyildilər. Bir yandan da neft haqqında varlı ərəb xülyaları.
O, aldığı orden-medalları da, payına düşən nəyi vardısa hamısını verməyə hazır idi ki, insanlar torpaqdan uzaqlaşmasın, əl-ələ verib yeni formada, yeni əhval-ruhiyyədə pambıq, taxıl, üzüm əkib becərsinlər, otlaqları qorusunlar, arx-bərələri lildən, çal- çayırdan təmizləsinlər... İnanıb etibar etdiyi həmkəndliləri ilə söhbətləri də oldu. Tərəddüdlü baxışlarla rastlaşdıqda çox dərinə getmədi. Onillərlə qazandığı hörmət-izzətin itirilməsindən yaman qorxdu.
Guya birdən-birə sahibkar olub "varlanan" kəndlilərin çoxu boş xülyaların labirintində azıb yollarını itirdilər. Az vaxt ərzində olan-qalanlarını yeyib tamam kasıblaşdılar. Kasıblaşan kənd boşalmağa başladı. Cavanlar Rusiyaya, Bakıya üz tutdular. Heç doğmaca oğlanları da kənddə dayanmadılar. Niman kişinin Alpoudu, əldən verdiyimiz ellərdən 120-130 kilometr uzaqlarda olmasına baxmayaraq sanki gündən-günə işğal olunurdu...
Həyatının mənası olan ucsuz-bucaqsız pambıq tarlaları, bağlar, otlaqlar beləcə sahibsizləşdi. Keçmişlərdən üzü bu yana kasıb olan Alpoud son 20-25 il ərzində bir təhər özünə gəlmişdi. Zalım dünya bu kənddən, bu eldən nəyin qisasını alırdı görəsən? Kəndli də öz torpağından qaçarmı? Birlikdə çalışdıqları, xeyir-şər işlərini yola verdikləri, sevdiyi, əzizlədiyi bu insanlara nə oldu axı? Orda-burda tək-tük istixana düzəldib faraş xiyar-pomidor yetişdirməklə bu qədim kəndi, bu insanları yaşatmaqmı olar? Hələ bir də gördün zaval gəldi, neçə- neçə ailə borca, sələmə düşdü. Həm də bu parniklər qul əməyi deyilən pambıqçılıqdan qat-qat əzablı və zərərli bir işdi. Burada çalışan insanlar vaxtsız qocalır, xəstəliklər tapır, 40-50 yaşlarında xərçəngdən, vərəmdən ölürdülər.
Yaşı yetmişi adlasa da hələ ki, qıvraq idi. Bu qıvraqlığı da son vaxtlar düşməyə başladı. Əkinsiz-biçinsiz torpaqları görməməkçün evdən, həyətdən bayıra nadir hallarda çıxırdı. Kəndin xeyir-şər məclislərinə baş çəkmək üçün, insanlıq, həmkəndli borcunu vermək üçün çıxırdı hərdən.
gHərdən yuxularına pambıq tarlaları girirdi, şırımları yalayıb keçən arx sularının doğma səsini eşidirdi. Traktorlara qoşulmuş lafetlərdə istana-məhsul qəbulu məntəqəsinə pambıq daşıyırdılar. Yuxuda sevinirdi, gümrahlaşırdı. Ancaq bəzən elə yuxuda da hiss edirdi ki, bütün bunlar yuxudu və bu şirin-yalan yuxudan ayılmaq istəmirdi heç. Axı o, doğma kəndini, doğma torpağını belə canlı, belə qaynar, işli-güclü, hərəkətli görmək arzusuyla yaşayırdı. Nə olsun, torpaqlar bölüşüb paylanıb. Gör neçə il keçir, ancaq eləcə bomboş, qupquru qalmaqdadır. Arxların da suyu mənasız yerə axıb getməkdən sanki yorulub taqətdən düşüb.
Ürəyi qübardan sıxılır, sıxılır nəfəsini təngidirdi...
İllər ötürdü. İndi yavaş-yavaş torpağa qayıdanların səsi-ünü eşidilirdi. Torpağa xəyanət edənlər cəzalarını çəkib "sürgündən" qayıdırdılar. Doğma torpağın ən şirin nemət, var-dövlət olduğu amansız tale oyunu ilə şüurlara dönürdü. Əslində dönmürdü, dumanlı hisslər bir az əzabla oyanırdı.

TƏQVİM / ARXİV