Qadınlardan Freyd və onun həmcinslərinə tarixi cavab
Ziqmynd Freyd
(bu adın xüsusi təqdimata ehtiyacı yoxdur) dostuna yazdığı məktubda belə
deyirdi: "Otuz il qadın psixologiyasını araşdırdım, onlarla işlədim, amma hələ
də bu suala cavab tapmadım: "Qadınlar nə istəyir?” Adamın ürəyi ağrıyır, "rəhmətlik”
axır günlərində lap depressiyaya düşübmüş. Amma Freydin davamçıları
ustadlarından fərqli olaraq konkret nəticəyə gəliblər. İnkişaf etmiş ölkələrdən
olan xeyli qadını müşahidə etdikdən sonra belə nəticəyə gəliblər: "Qadın HƏR
ŞEY istəyir”. Göründüyü kimi, bu "hər şey”in içində hər şey var. Psixoloqlar,
genetiklər və s. alim qrupu sözü bir yerə qoyub uzun araşdırmalatdan sonra "hər
şey”i detallarına qədər xırdalayıblar ki, qadının ən yaxın silahdaşı olan
Şeytanı evinəcən qova bilsinlər.
Qadın və şopinq
Yəni zərif cinsin bütün fiziki, psixoloji xəstəliklərinin tək müalicəsi! Marketoloqlar etiraf edirlər ki, qadınlar olmasaydı, dünya ticarəti batardı. Ticarətin əksər sahələrində 80 faiz üstünlük qadınlardaymış. Marketoloqların müşahidələrinə görə, qadın "yolüstü” şopinq edir, kişi isə lazım olandan-olana. Psixologiyanın maraqlı bir yönü var: neyromarketinq. Ticarət alışqanlıqlarını, asılılıqlarını araşdırır. Bildirilir ki, şopinq qadını bir neçə tərəfdən yoldan çıxarır: görünüşə, qoxuya, eşitmə qabiliyyətinə görə. Yəni parlaq vitrinlərdə sərgilənən geyim, aksessuar, tekstil və s. ilk diqqəti cəlb edir. Bəzən qadın başını aşağı salıb öz yoluyla getdiyi yerdə onu qoxu özünə çəkə bilər. Ərzaq, parfümeriya, geyim (məsələn, dəri məmulatları) qoxusu onu düz yolundan edir, ehtiyac olmadığı təqdirdə belə mütləq nəsə almalıdır. Və, təbii ki eşitdikləri də qadının cüzdanını boşalda bilər. Rəfiqəsi, bacısı, iş yoldaşı gəlib hansısa yeni aldığı məhsulu tərifləyəndən sonra "almasam da, gedim baxım” deməsinə səbəb olur. Amma sonrası məlumdur: "Daha gəlmişəm də, qoy birini alım” nəticəsi ilə mağazadan əlidolu çıxır.
Hələ 1954-cü
ildə kanadalı alimlər Ceyms Old və Piter Milner sübut etmişdilər ki, qadının
alış-veriş vərdişi üçün tam hormon industriyası çalışır. Amma ən əsas
neyrofiziki stimul - dofamindir. Alimlər bunu "öz-özünü təcili mükafatlandırma”
da adlandırırlar. Yəni kişisi hərəkətə gəlib nəsə alana qədər təkanverici bir hədiyyəni
özü özünə mütləq etməlidir.
Qadın və evlilik
Belə bir deyim var: "Hətta ən qatı feminist də yaxşı ər tapana qədərdir”. Yəqin bu deyim kişilər tərəfindən icad olunub. Amma hər hərfinə qədər haqlı deyimdir. Kişinin nə özü, nə də sözü olmadan iş başa gəlmir. Bu mövzuya girmədən, sadəcə toxunub keçək: feminizm – kişidən küsən, ürəyi qırılan qadınların cərəyanıdır. Başqa sözlə, kişidən ağzı yananların cəmiyyəti. O feministlərin bir neçəsinə xəyallarında arzuladıqları kişini verin, görün bu feminizm sözünü terminoliji lüğətdən necə silirlər!.. Yerdə qalan üzvləri də paxıllıqdan yaxşı kişi axtarışına çıxacaqlar. Qərəz, deməyim odur ki, dağ başındakı çoban qızı, karyerasının ən yüksək nöqtəsində olan ədəbaz xanımın da xəyalında ağ gəlinlikli, möhtəşəm toy mərasimi var. Çünki bu istək qadına südlə gəlib, sümüklə də çıxacaq. Təbii zərurət kimi özündən asılı olan məqam deyil. Düzdür, hazırda qadınların nikah yaşı xeyli artıb, xüsusən də böyük, dünyəvi ölkələrdə qadınlar rəsmi izdivacı 30 yaşdan sonraya saxlayırlar. Buna səbəb isə artıq qeyri-rəsmi izdivacın da qadınlar üçün əlçatan olmasıdır. Şərq, ya qərb ölkəsi – fərq etməz: qızlar şahzadəni tapana qədər qurbağalarla da muşqulat edirlər. Sadəcə, şərqdə gizlin, qərbdə aşkar şəkildə. Qurbağa dedim, yadıma düşdü. O günlərdə alimlər car çəkirdilər ki, nağıllardakı qurbağa faktoru gerçək imiş. Yəni nağılların daha bir həqiqəti gələcəyə ötürmə qabiliyyəti öz təsdiqini tapıb. Alimlərin qənaətinə görə, qurbağa dərisindəki selik, xüsusən yağ ifrazı qadın dərisinin gözəlliyinə xidmət edirmiş. Dərini hamarlaşdırır, elastikləşdirir və parlaqlaşdırır. Yəni dodağını qurbağaya toxunduran xanım, onu şahzadəyə döndərə bilməsə də, ən azından özü şahzadəyə çevrilir, yəni gözəlləşir. Güman ki, fransızlar bu üzdən qurbağanı milli mətbəxlərinə daxil ediblər...
Qayıdaq evlilik
məsələsinə: ABŞ-ın Albert Eynşteyn Tibb Kollecinin professoru Lüsi Braun bioantropoloq
Helen Fişerlə birgə 2005-ci ildə maraqlı araşdırma aparmışdı. 17 nəfər subay
oğlan və qızın beyni tomoqrafiya edilmişdi. Bu şəxslərin hamısı aşiqlər imiş.
Əldə olunan nəticəyə görə, uzunmüddətli alışqanlıq hissinə əsas beynin ön hissəsi
cavabdehdir. Və bu hissə də qadınlarda daha yaxşı inkişaf edib. 2006-cı ildə
San-Fransisko Universitetinin professoru Rebekka Ternerin gəldiyi qənaətə görə,
insanları birləşdirən, aralarında alışqanlıq yaradan hormonlardan biri olan
oksitotsin qadınlarda daha çox ifraz olunur. Odur ki, qadınlar birgə həyata
daha meyillidirlər. Kəndiri əldə saxlamağın ən yaxşı yolu da nikahdır.
Qadın və nitq
Bütün kişiləri çilədər çıxaran sual: "Qadınlar niyə çox danışırlar?” Həə... xətrinizə dəyməsin, alimlər deyir ki, problem sizdəymiş... Yəni insanın nitq qabiliyyətinə cavab verən beynin sol yarımkürəsi kişilərdə zəif inkişaf edib. Allah göstərməsin, kişi xeylağı təpəsinə tava və ya başqa mətbəx "silah”ı yesə, o, danışıq qabiliyyətini ümumiyyətlə itirəcək. Amma qadını belə zərbə qorxutmamalıdır. Çünki kişidən fərqli olaraq, onun beyninin sağ yarımkürəsi də nitqə kömək edir. İşdi-şayət, soldan zərbə alsa, sağ hissə onu vəziyyətdən çıxaracaq.
Qadın nitqi kişi nitqindən təkcə söz ehtiyatı ilə deyil, həm də intonasiya və emosiya ilə də fərqlənir. Qadın gün ərzində 8000 söz, 3000 səs, 10 000 jest edir. Kişi isə, 4000 söz, 2000 səs, 3000 jest edə bilir. Yəni hər işdə təmbəlmişsiz ha... Odur ki, "Qadın nə istəyir" sualı ilə baş sındırmayın. Onsuz da qadının istəklərini yerinə yetirməyəndə, o baş özü müxtəlif avadanlıqlar vasitəsilə sınacaq. Qadının istədiyi "Hər şey"in bir-iki şeyi çatışmayanda dözmək olar, amma dözüm həmişə çözüm yolu deyil. (Yenə şairliyim vurdu başıma...)
Şəfiqə ŞƏFA