adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Iyul 2016 12:33
9070
GÜNDƏM
A- A+

Bir şair uyuyur dağlar qoynunda

Asta-asta üzüyuxarı - Şəki şəhərinin şərqində, dağların ətəyində yerləşən məzarlığa doğru qalxırıq. Üç nəfərik - A.Abdullazadənin əmisi oğlu, Şəki Şəhər Təhsil Şöbəsinin müdir müavini Elxan Abdullayev, şairin uşaqlıq və məktəb yoldaşı olmuş yerli yazar Şahid Məmmədkərimov və mən. Məqsədimiz Azərbaycan ədəbiyyatında özünəməxsus dəsti-xətti və orijinal poetik üslubu (həm də xarakteri) ilə seçilən Arif Abdullazadənin qəbrini ziyarət etməkdir. Yol boyu elədiyimiz söhbətlər də məhz Arif Abdullazadə və onun zəngin ədəbi-elmi yaradıcılığı barəsindədir. Elxan müəllimin xatirələrindən isə şairi daha çox bir insan, şəxsiyyət kimi səciyyələndirən məqamları öyrənirik.
Məşhur altmışıncılar ədəbi nəslinə mənsub olan Arif Abdullazadənin bədii və elmi yaradıcılığı çoxşaxəlidir. O, "Bir ovuc torpaq", "Duyum", "Qanlı yaddaş" kimi sanballı romanların, "Aqillər" və "Evlərin axşamları" adlı dram əsərlərinin müəllifidir. İstedadlı ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor kimi bir neçə elmi monoqrafiyası və xeyli məqaləsi işıq üzü görmüşdür. "Novatorluq və üslub", "Şairlər və yollar", "Od nə çəkdi", "Şair C.Cabbarlı" adlı elmi monoqrafiyaları maraqla qarşılanmış, ciddi tədqiqat əsərləri kimi diqqəti cəlb etmişdir. A.Abdullazadə, əsasən, Rəsul Rza ədəbi məktəbinin layiqli davamçısı, həm də onun yaradıcılığının tədqiqatçılarından biri olmuşdur.
Bütün bunlarla yanaşı, oxucular onu daha çox novator bir şair kimi tanıyır və sevirlər. Şairin poeziyası, xüsusilə də son şeirləri öz fəlsəfi mündəricəsi, İnsan və Dünya, Həyat və Ölüm haqqında düşüncələrin maraqlı poetik ifadə tərzi ilə daha çox diqqəti cəlb edir. Elə bu məqamda da Bədirxan Başkeçidlinin mərhum şairimiz haqqındakı dəyərli fikirlərini, onun poeziyasının əsas xarakterik xüsusiyyətlərini dəqiqliklə incələyən məqamları misal gətirmək istəyirəm: "A. Abdullazadə poeziyası hiss ilə təfəkkürün, duyğu ilə ağılın, ehtimal ilə məntiqin vəhdətinin məhsuludur. Bu şeirlərdə poetik detalın-fikrin zahiri təsvirinə yox, psixoloji çalarlarına, mahiyyətinə, fəlsəfi yozumuna varılır. Onun poeziyası həm də dərin mənalar poeziyasıdır. Burada yüksək vətəndaşlıq mövqeyindən yazılmış şeirlərdən tutmuş, fəlsəfi, poetik duyumlara qədər hər şey insana, onun gələcəyinə inam ifadə edir. Onun poeziyası fikir və düşüncə poeziyasıdır. Öz intellektuallığı, assosiativliyi, təkrarsız orijinallığı ilə seçilir, janr və forma baxımından müxtəlif və rəngarəng olur".
90-cı illərdə A. Abdullazadənin də əlindəki qələm bir silaha çevrilmişdi. Qanlı şənbəyə gətirib çıxaran yolu "Qanlı yaddaş" romanında bütün çılpaqlığı ilə əks etdirən müəllif, "Şəhidlik andımız" şeirində "şəhid düşəcəyik, ölməyəcəyik", - deyə fəxrlə bəyan edir:

Ölmədik, ölmədik, ey uca Allah,
Bu qanlı-qadalı günü də gördük,
Biz də sözümüzü ucadan dedik,
Biz də bu zamandan bir gün götürdük.

Ölmədik, axır ki, biz də tanıdıq
"doğma" düşmənimiz, öz yağımızı,
Qırıla-qırıla biz də suvardıq
Bəxtimizə düşən torpağımızı.

Yaman darıxmışdıq, qəribsəmişdik
Şəriksiz vətənçün vətən içində,
Dilimiz qalmışdı özgə ağızda,
Ruhumuz bir başqa bədən içində.

Ölmədik, ölmədi taleyimiz də-
Bizə də ölü yox, Şəhid dedilər,
Bizə də haqqını dur özün qazan,
Bizə də sözünü yerit dedilər.

... Gəlib çatırıq - bu da Arif Abdullazadənin məzarı. Ata-anasının qəbri ilə yanaşı olan qəbrin başdaşından şairin lopabığlı siması görünür. Bu dünyaya meydan oxuyan baxışları harasa uzaqlara - məchulluğa zillənib. Bir qədər aşağıda sinədaşının üzərində onun məşhur şeirlərindən birinin son bəndi həkk olunub:

Zaman taleyimi içindən oydu,
Ömür tabutuma tərsinə qoydu,
Gəlişim matəmdi, gedişim toydu,
Tövbə, ömür adlı kəlməyə tövbə,
Bir də bu dünyaya gəlməyə tövbə.

Tanış misraları bir də oxuyub şairin şəklinə baxıram. Sanki bu sözlərlə etibarsız, zalım dünyaya qəzəbini bildirir. Ondan öz qisasını almış kimi məmnun görünür şəkildə də.
"Ey tale önündə balaca Arif, Ey adı özündən çox uca Arif, Ey uşaq, ey cavan, ey qoca Arif", görəsən, bu dünya sənə neyləmişdi, ondan nə çəkmişdin ki, ürəyinin hikkəsini-qəzəbini bu şəkildə dilə gətirdin? Sən deyilmiydin bir vaxtlar "hər şey gözəldir həyatda" yazan?
"Dünyanın ən böyük yalanı, elə dünyanın özüdür", - gerçəyinə haçan agah oldun ki, haray saldın:

Haraya baxdımsa, milçək sürüsü,
Bir-bir adam olur heyvan kürüsü.

"Ən dəhşətli tənhalıq insan seli içindədir" həqiqətini yaxşı dərk elədiyindən idimi ömrün boyu təkcə qələmlə həmdəm oldun, həmişə tənhalığa meyl etdin? Bəs, o dünyada necə, tənhasanmı yenə?
Başdaşındakı doğum və ölüm tarixlərinə baxıram. Yaddaşımda şairin "ömürdən son diləyi" olan misraları canlanır:

Nə vaxt gəlir-gəlsin
o sonuncu an, son dayanacaq,
Təki gəlməsin qışda, deyirəm,
Qışda çox üşüyürəm,
Torpaq oyananda - baharda gəlsin.

Başqa arzularını bilmirəm, amma son diləyini eşitmişdi Tanrı, baharda doğulan şair elə baharda da vida etmişdi bu fani həyata. "Qışda çox üşüyürəm, ən isti otaqda da, ən odlu qucaqda da" misralarını xatırladıqca bir üşütmə, bir gizilti keçir canımdan.
Əlbəttə, bütün bunlar A.Abdullazadə haqqında bədbin, oxucunu həyatdan küsdürən bir şair obrazı yaratmağa əsas vermir. Fikrət Sadığın aşağıda misal gətirdiyimiz bu fikirləri də dediyimizə sübutdur: " Son zamanlar Arif ölümdən daha çox yazır, ölümün fəlsəfəsini açmaq üçün müxtəlif vasitələrə müraciət edir. Ancaq bu misra və sözlər arasındakı sətiraltı mənalara fikir verdikcə bu ölüm şeirlərinin bətnində necə güclü bir həyat eşqi olduğunu görüb hiss etmək o qədər də çətin olmur - təki buna təşəbbüs edəsən, onları axtarıb tapmağa çalışasan".
... Şəkidə, dağlar qoynunda bir məzar var...
Şair, nasir, dramaturq, alim Arif Abdullazadənin məzarıdır o məzar - "bir də bu dünyaya gəlməyə tövbə " eləyən Arif Abdullazadənin...
Ziyarətimizi bitirib geri qayıdırıq, heç birimiz dinmirik. Yol boyu dəli bir sual keçir beynimdən: "Görəsən, yenə öz fikrində qalırmı şair?!" Bilmirəm. Təkcə onu bilirəm ki:

Yurdun Vətən ətirli
çiçəyi də olmaq olar,
alaq otu da -

deyən Arif Abdullazadə yurdumuzun söz gülşənində Vətən ətirli, solmayan bir çiçək oldu.
Mayis Səlim,
Şəki