adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Iyul 2016 01:12
54041
GÜNDƏM
A- A+

AĞSAQQALLAR HAQQINDA AĞSAQQAL SÖZÜ

Atalar yaxşı deyib: "Keçmişə güllə atsaq, gələcək bizi topa tutar". Doğrudan da keçmişi unutmaq, həyatımızda ağıllı məsləhətləri ilə iz buraxan, qayğıkeş, mərhəmətli insanlara biganə qalmaq olmaz, əksinə, onlar haqqında cavanlara məlumat vermək borcumuzdur. Müasir gənclər ata-babalarının cəmiyyətdə mövqeyindən, iş təcrübələrindən məlumatlı olmalıdır. Soykökə bağlılıq inkişaf üçün meyardır.
El ağsaqqalı, əməkdar jurnalist Həmzə Vəliməmmədov yaradıcılığında həmişə keçmişə bağlı olmuşdur. Ağıllı məsləhətləri ilə gənclərə örnək olan insanlar haqqında müntəzəm yazmışdır. Dəyərli qələm sahibinin "Elimizin ağsaqqal oğulları" adlı sayca onuncu kitabı "Apastrof" nəşriyyatında yenicə işıq üzü görmüş, müəllif ənənəsinə sadiq qalaraq, necə deyərlər, "keçmişə salam" vermişdir.
Kitabın ilk səhifəsində dünya şöhrətli ağsaqqal, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin "Ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur" kəlamının verilməsi şərəfli ömür yaşamış müdrik insanlara ulu öndərin böyük dəyərini ifadə etməklə, kitaba gözəl bir giriş sözüdür.
"Elimizin ağsaqqal oğulları" kitabı beş bölmədən ibarətdir. "Hörmət və nüfuz sahibləri" bölməsində əsasən ulu öndər Heydər Əliyev və onun siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevdən danışılır. Müəllif yazır: "Tale Heydər Əliyevi Azərbaycan xalqına bəxt ulduzu kimi bəxş etmişdir".
Heydər Əliyev Azərbaycana rəhbər seçiləndən sonra respublikada ədalət bərqərar olundu. Az zaman kəsiyində iqtisadiyyatın, elmin və mədəniyyətin inkişafına nail oldu. İstedadlı rəhbər, müdrik ağsaqqal kimi tanındı. Ağsaqqallıq sanki onun boyuna biçilmişdi. Bəli, ona bu ağsaqqallığı tale özü vermişdi. Taleyin verdiyi payı heç bir qüvvə ala bilməz.
Lerik ağsaqqalları haqqında ulu öndərin dediklərinin kitabda verilməsi yerinə düşüb. Ulu öndər demişdir: "Lerik Azərbaycanın ucqar dağ rayonudur. Orada gözəl insanlar, zəhmətkeş adamlar, qəhrəman insanlar yaşayır. Mən leriklilərlə əbədi dostam. Bu dostluq böyük sınaqlardan keçmişdir. Müəllif bu hissədə dahi rəhbərin yaxın dostu Xaniş Şahiyevdən, Stalinqraddan Berlinədək döyüş yolu keçmiş, Şöhrət ordeninin hər üç dərəcəsi ilə təltif olunmuş Əli Hüseynovdan, Lerikin ilk ali təhsilli demaqoqu Əli Vəliyevdən, əməkdar müəllim Məhərrəm Kazımovdan, maarif əlaçısı İdris Məhərrəmovdan fəxrlə danışır. O, ulu öndərin təbirincə desək, milli-mənəvi dəyərlərimizin qızıl fondu olan ağsaqqalların qədrini bilməyə, onların məsləhət və tövsiyələrinə əməl etməyə çağırır.
Həmzə Vəliməmmədovun aşağıdakı fikri çox düzgün və diqqətəlayiqdir: "Yaşadığımız dövr tarixə Heydər Əliyev epoxası kimi daxil olmuşdur. Gələcək nəsillər taleyin bizə bəxş etdiyi bu tarixi dövrü böyük qibtə hissi ilə xatırlayacaq, öyrənib deyəcəklər". Ölkədə fəaliyyət göstərən siyasi və iqtisadi sistem əsil vətəndaşın, böyük şəxsiyyətin, qüdrətli liderin əməyinin bəhrəsidir".
"Unutsaq unudularıq" bölməsində 20-dən artıq ağsaqqal haqqında yazılmışdır. "Ayrılığın sonu yoxmuş" oçerkində yaxından tanıdığım Tərlan İbrahimoğlundan danışılır. Tərlan meşə mühəndisi idi. Lerik Meşə Təsərrüfatının rəhbəri işləyərkən meşələrimizin bərpasına ciddi fikir verərdi. Saldırdığı yeni yaşıl zolaqlar ondan yadigar qalıb.
El ağsaqqalı Ataxan Ağayev haqqında "saflıq və bütövlük timsalı" yazısı da diqqəti cəlb edir. Əmək fəaliyyətinə müəllimliklə başlayan İkinci Cahan müharibəsinin veteranı Ataxan müəllim Bakı Ali Partiya məktəbini bitirdikdən sonra Lerik Rayon Partiya Komitəsində məsul vəzifələrdə çalışır. Saf və xeyirxah bir insan olan Ataxan müəllimin həyatı gənclərimiz üçün tərbiyə məktəbidir.
Lerikin Aşağı Gədik kəndindən Xandadaş və İlham Qubadov qardaşlarından yazılanlar maraqlıdır. Hər iki qardaş həkimdir, insanların sağlamlığı keşiyində durublar. Onlar hörmət və izzət sahibi olublar. Ilhamın oğlu Elşad da atasının yolunu davam etdirir, bölgədə tanınmış cərrahdır.
Bu bölmədə Bəxtiyar Muradxanlı, Ənvər Şahqubadbəyli, İmanverdi Əbilov, Vəkil Ağababayev, Həmzə Şıxəliyev, İbrahim Qurbanov, Meyxos Hüseynov, Daşdəmir Paşayev, Məmmədhüseyn Əliyev, Hidayət Bəşirov, Kazım Talıbov və başqaları haqqında yazılar oxucunu razı salır.
"Ümid sənədir ancaq..." bölməsində Azərbaycanın milli qəhrəmanları Valeh Müslümov və Rövşən Abdullayev haqqında məlumat verilmişdir. Müəllif Qarabağın azad edilməsində ümid yerinin şanlı ordumuzun olduğunu vurğulayır. Ordumuzun 2016-cı ilin aprelində düşmənə endirdiyi zərbədən fəxrlə danışır.
"Yeni nəşrlər" bölməsində "Kəhrizlərin pıçıltısını dinləyərkən" yazısı çox aktualdır. Müəllif bu yazıda naxçıvanlı şair, el ağsaqqalı Firudin Süleymanovun "Kəhrizlərin pıçıltısı" kitabından aldığı təəssüratdan danışır. Kəndlərimizin boşalması üzündən kəhrizlərin qurumasından, cığırların ot basmasından kədərlənən şairin dərdinə şərik olur. Bu gün kəndlərin boşalması ümumi bəladır. Cavanlar şəhərə axışır. Hacı Firudin bu haqda yazır:

Hardan yaranıb bu axın belə?
Hərə bir tərəfə baş alıb gedir.
Qurbanı oluruq biganəliyin,
İlahi, kəndimiz boşalıb gedir.

Həmzə müəllim sanki şairlə birgə üzünü cavanlara tutub deyir:

Doğma elin müşküllərin,
Bir-bir yoxla, yad eylə sən.
İtib batmış kəhrizləri
Gur eylə sən, çay eylə sən.

"Abad obanın tarixi barədə salnamə" məqaləsində publisist E.Ağayevin "Təngəbin və təngəbinlilər" kitabından danışılır. Kitabı diqqətlə oxuyan Həmzə müəllim yazır: "Müəllif uzun illərdən bəri axtarışlar aparmış, arxivlərdən materiallar əldə etmiş, Lerikdən kənarda yaşayan qocaman həmkəndliləri ilə görüşüb, onların söhbətlərini, xatirələrini lentə almış, nəhayət, materiallar əsasında qələmini sınamışdır".
"Xalq şairinin ağsaqqallara yeni il hədiyyəsi" yazısında Zəlimxan Yaqubun 13 cild əsərlərini Lerik Ağsaqqallarına hədiyyə verməsindən danışılır. Zəlimxan Yaqubun birinci cildin ilk səhifəsinə yazdığı bu misralar avtoqraf kimi səslənir:

İşıqlandı nurda dostlar,
İşıq saldı yurda dostlar,
Xırdalandı xırda dostlar,
Böyük dosta salam olsun.

Zəlimxan Yaqub Lerik ağsaqqallarının böyük dostu idi.
Kitabın sonuncu "Yollar, görüşlər, təəssüratlar" bölməsində verilmiş yazılar faktlarla zəngindir. Maraqlananlar müəllifin kitabından oxuya bilərlər.
Əməkdar jurnalist Həmzə Vəliməmmədovun "Elimizin ağsaqqal oğulları" kitabı gənc nəsli ağsaqqallarla tanış etməklə, onların vətənpərvərlik ruhunda tərbiyələnməsində əhəmiyyətli rol oynayacaq. Bir oxucu kimi üzümü Həmzə müəllimə tutub deyirəm: Sağ olun, sizə uzun ömür və sağlamlıq arzulayıram.