adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Iyul 2016 01:02
5163
GÜNDƏM
A- A+

BAXŞƏLİ DƏDƏ

Çox maraqlı, rəngarəng 96 illik tale qismətində yaddaşlarda qala biləcək və yadda qalan, əbədiləşən nəcib əməlləri olub. Bir işıqlı, nurlu, qabaqcıl ziyalı, müqəddəs müəllim kimi minlərlə yetirməsi var. İncə şair kimi işıqlı şeirləri, el ağsaqqalı kimi el-obaya yaxşılıqları, nurlu çöhrəsi qalıb.
Hamı kimi məsum bir körpənin müqəddəs uşaqlığı da olub, bu körpəyə hələlik heç kəs yaxşılıq eləməmişdi - bir Allahdan başqa! Allahın əmri, rəhmdilliliyi və xeyir-duası ilə dünyaya gəlmişdi. Bu bəndənin elədiyi yaxşılıq deyil ki, yeri gəldi-gəlmədi adamın başına vursun, bu, Allahın elədiyi yaxşılıq idi. Deyirlər ki, Allah körpələrə yaxşılıq eləyəndə Allahın gözləri gülür və bu zaman dünya da başlayır gülməyə. Yer-göy hamı gülür və sonra Yer üzünə yaz gəlir.
Zəngin tərcümeyi-halını vərəqləyirik, öz əlləri ilə yazıb ölümündən bir neçə gün əvvəl. Oxuyursan dönə-dönə. Muqəddəs nurlu bir insanın çöhrəsi canlanır gözlərin önündə. Baxşəli Dədənin ruhu ilə danışırıq elə bil. O ruh çox pak və təmizdir. Onun Tanrı dərgahında yeri behiştdir. Həmişə dünya durduqca bizimlədir Baxşəli Dədə, övladlarının, nəvələrinin, yetirmələrinin taleyində, ömürlüyündə. Adamın başının üstündən pırıltı ilə quş uçub keçəndə qanadlarının səsini eşidirsən, başını qaldırıb göyə baxırsan - adamın ovqatı qanadlanır - özün də qanadlanırsan; qanadlanırsan uçmağa, haqq qapısını açmağa...
Baxşəli Dostəli oğlu Vəliyev 1910-cu ildə qədim tarixə malik Kolanı elinin Papravənd mahalında anadan olub. Taleyinə iki əsrin ab-havasını görmək, ziddiyyətli, çətin illərin axarından keçmək, Sovetlər dövründə və iki dəfə müstəqil Azərbaycanda yaşamaq düşüb. Bu alın yazısının işığında tale yaşantılarını səhifə-səhifə vərəqləməklə, mərdlik, halallıq timsalı kimi ömür sürmüş Baxşəli müəllim haqqında bir ömür səlnaməsini yazmaq çox maraqlıdır.
Dostəli kişi də əməlisaleh adam olub - əli qabarlı, ürəyi qubarlı, gecə-gündüz taxıl zəmisiylə, mal-qara və canlıları ilə əlləşiblər ki, balalarını bir tərəfə çıxarda bilsinlər. İndi onlar haqq dünyasındadırlar - övladları, nəvələri, nəticələri və kötükcələri isə bu dünyada nənələrinin, babalarının yolunu davam etdirirlər.
Allah, o dünyalarını versin.
Dostəli və onun övladı Baxşəli kişi də hələ bu dünyada yaşayarkən öz təmiz qanları və toxumları ilə o dünyalarını qazanmışlardandırlar.
Bəşər övladının hamısına bəri başdan o dünyasını qazanmaq üçün Allah tərəfındən imkan verilsə də, bu xoşbəxtlik XX və XXI əsrdə bəşəriyyətin iki-üç yaxşı halda isə üç-dörd faizinə qismət olur.
Və mənə əyan olduğuna görə bu göstərici, bu faiz sürətlə aşağı düşür, aşağı sürüklənir - hamısını da eləyən nəfsdir. Nəfs olan yerdə haqq nahaqqa çevrilir. Heç kəs ölümünü gözünün qabağına gətirmir. Allahsızlıq baş alıb gedir. Allahsızlıq da baş alıb gedəndə Allah deyir ki, mən varam və haqq Allah özünü göstərir. Qəzəbi tutur. Allahın qəzəbi tutanda isə adamların tifağı dağılır, nəsli kəsilir. Yurdunda bayquş ulayır. Bəzən də bütöv bir xalqı zəlil-zəka eləyir. Bütöv bir xalqın cırağını söndürür. Özü də elə söndürür ki?!
Çox şükürlər ki, min illərdi işığı gur yanan izzəti-nəfısi tox olan Dostəli kişi də, Baxşəli kişi də nəvə-nəticələri də bu işığa yığışıblar. Çünki, bu işıq nurdan yaranıb. Haqqdan yaranan işığa zaval yoxdur.
Dostlar, ailə üzvləri, övladları, nəvələri Baxşəli Vəliyevin tale yazısının səhifələrini vərəqlədikcə bizə kömək oldular ki, xoşbəxt taleli insan idi: Övladlarının hamısı ali təhsilli, evin yiyəsi olublar. Nəvələri, nəticələri var. O, bir valideyn və müəllim olaraq ömrünün ixtiyar çağında da mən layiqincə yaşadım, söyləməyə mənəvi haqqı onlardandır. Tanrı ona macal verib ürək sözlərini misralara düzməyə. Bəli, onu Qarabağda, Ağdamda el ağsaqqalı kimi insanları barışdıran, xeyir işçisi olaraq tale missiyasını layiqincə yerinə yetirən dəyərli bir insan kimi tanıyırdılar. Həmişə el-obanın xoş günündə, qəmli vaxtında bu camaatın arasında olub. El-obada dəyərli ziyalısının qədir-qiymətini bilib, xətir-hörmətini, yolunu saxlayıb.
Baxşəli Vəliyev müəlliməyə Sovet dövrünün ilk illərində gəlib. 1924-cü ildə Ağdamın Güllücə kəndindəki yeddillik məktəbi, daha sonra Tərtərdə açılmış Təsərrüfat Texnikumunu əla qiymətlərlə bitirib. Tərcümeyi-halında həmin illəri xatırlayaraq yazır: "Bu qərara əsasən bizi yenidən komissiyadan keçirib, müəlliməyə layiq, savadlı olan tələbələrdən seçib dərs deməyə göndərdilər..."
Elə həmin vaxtda Ağdam rayon maarif komissarlığı onu Qarapirim kəndindəki məktəbə ibtidai sinif müəllimi göndərdi. Onda Baxşəli çox gənc idi. Həvəslə çalışmağa başladı. Beləliklə, taleyinə müəllimlik peşəsinə ürəkdən bağlanıbdır.
1938-ci ildə Qarapirim ibtidai məktəbi Papravənd yeddiillik məktəbi ilə birləşdirdilər. Öz xatirələrində bu dövrü belə xatırlayır: "Mən də Parabənd məktəbinə müəllim göndərildim. Qərara görə biz ixtisasımızı dəyişib pedaqoji təhsil almalıyıq. Pedaqoji şurada iştirak edib pedaqoji təhsil aldım".
O, 1939-1940-cı illərdə Şəkidə açılmış ikiillik tarix-coğrafıya kursunu bitirib natamam ali təhsillə fəaliyyətini davam etdirdi. Baxşəli müəllim, vətənin çağırışı ilə Böyük Vətən müharibəsinə yollandı. Müharibədə qəhrəmanlıq nümunəsi göstərdiyinə görə orden və medallarla təltif olundu.
Dava bitəndən sonra doğma kəndinə qayıtdı. Yenə də məktəbdə müəllimliyini davam etdirdi və onun hər bir dərsi şagirdlərinə vətənpərvəlik və həyat dərsi oldu. Həyatda bütün çətinliklərə dözdü, mərdliklə dayandı, ev-eşik düzəltdi və ailə zəhmətinə güvənib gün-güzəran qurdu. Baxşəli müəllim müharibə dövrünün xatirələrini və böyük qüruru ilə yazdı. O faşizm üzərində böyük qələbənin uğuruna sevindi. "Mənim həyat yolum" adlı qeydlərində 416 Taqanroq divizyasının tərkibində keçdiyi döyüş yolundan - böyük döyüş yolundan bəhs etdi.
1945-ci ildən Papravənd kənd məktəbində tarix-coğrafiya müəllimi, 1949-cu ildə 1950-ci ilə kimi dərs hissə müdiri, daha sonra direktor təyin edildi. 25 ildən yuxarı böyük bir şagird kollektivi bu məsul vəzifədə qayğıkeşliklə, tələbkarlığı, prinsipiallığı ilə böyük nüfuz və hörmət qazandı. O, ali təhsil almağı da unutmadı. Azərbaycan Pedaqoji İnstitutunun tarix-fılologiya fakultəsini uğurla bitirdi. Sıravi müəllimlikdən pedaqoji kollektivin idarə olunmasına, direktorluğa, müxbir fəaliyyətinə, sonra isə Papravənd torluğa, müxbir fəaliyyətinə, sonra isə Papravənd Kənd Sovetinin sədrliyinə yüksəldi.
Neçə illər dünyanın düz vaxtı Papravənd kəndində Dədə Baxşəlinin həyətində çoxlu qollu-budaqlı tut ağacı vardı. İşğaldan sonra məskunlaşdığı bir yerdə yenə də mehrini bağladı bir tut ağacına. Ömrünün sonuna kimi o tut ağacına bağlandı. Tut ağacı doxsan altı yaşlı taleyini kişi kimi yaşayıb və o, ən böyük dərsi o tut ağacından alıbdır. Ən böyük müəllimim də o tut ağacıdır. Dostum olduğuna görə demirəm, o tut ağacı bütün bəşəriyyətin olmağa layiqdir, təki adamlarda da onun şagirdi olmaq həvəsi, meyli olsun...
Kolanı elinin sıra dağlarının kölgəsi;
Böyük insan sırasının kölgəsi;
Hər ikisi əzəmətlidir!
Baxşəli müəllimin ikisi də Allahın qələmi ilə Yerin sifətinə həkk olunub, yazılıb. Bu yazının yuxarısında Allahın imzası var; Allah həmişə yuxarıda imza atır ki, özünə yaxın olsun.
Kənd torpağa bağlıdı.
Kənd torpağa bağlıdı - dünyanın ən güclü qasırğası kəndi yerəndən qoparıb apara bilməz - bağlıdı. Şəhər torpağın üstündədi - eləcə onun üzündə lövbərsiz dayanan gəmi - kənd isə üzmək bilmir - suya düşsən, boğularsan.
Dünyada yaşayan insanların sayı nə qədərdisə, o qədər də dil var - məlum dillərdən savayı hər adamın da öz dili var və bu mənada yer üzündə yaşayan adamlar miliyardlarla dildə bir-birilə danışır, ünsiyyət yarada bilirlər. Bu gün doğulan hər körpə uşaqla dünyaya yeni bir dil doğulur.
Xalq havayı yerə demir ki, "fılankəsin" dilini tapmaq lazımdır.
Torpağın da dili var - dədə Baxşəli Vəliyev torpağın dilini ana dilindən yaxşı bilir. Torpaq "elə bir varlıqdır" ki, sən onun dilini tapmasan, o da dəftər-kitabını töküb qabağına, başlayır sənin dilini öyrənməyə; sən torpaqla torpağın dilində danışarsan, torpaq da səninlə sənin dilində danışar. Sən torpağa inandığın kimi, torpaq da sənə inanmağa başlayar və bu qüdrətini, gücünü sənə bağışlayar, sənə etibar edər. Bax, o zaman sən də torpaq kimi güclü-qüdrətli olursan. Sən güclü olanda hamı səni tanıyar, sənə hörmət edər, səninlə hesablaşar və sənə ümid yeri kimi baxar. Sən bəndələrin ümid yeri kimi, özünə də bilmədən Allahın nəzarəti altında olursan, xalq demişkən Allahın nəzərləri sənin üstündən əskik olmur; və yalnız bundan sonra sən Yer üzündə cənnət yaratmaq necə mümkündürsə, elə bir cənnətin bünövrəsini qoyursan. Onu yaratmağa başlayırsan və Yer üzünün adamlarını bəri başdan cənnətməkan etmək istəyirsən. Allah öz dərgahından sənin əməlinə tamaşa eləyir və ona xoş gəlir. Bu işdə sənə kömək eləyənlər də çox olub və heç də onların hamısı torpağın dilini bilməyiblər, onun nə dediyini anlamayıblar, təəccüblə sənin üzünə baxıblar o zaman. Baxşəli müəllim, sən torpaqla insanlar arasında tərcüməçi olmusan. Lap sonralar isə insanlara torpaq dili öyrətmisən; adamlar torpaqla torpaq dilində danışanda, torpağın dili ilə bülbül kimi cəh-cəh vuranda, sənin yaratdığın Cənnətə cənnət quşları uçub gəlirlər - əsl Cənnətin özündən...
Oğlu Zahid Vəliyevin söhbətlərindən:
- Atam şeirə, sənətə ürəkdən bağlanmışdı. Nə vaxt yazmağa başladığını deyə bilmərəm. Hərçənd şair olmaq iddiası da yoxuydu. Hansı vəzifədə çalışır-çalışsın, atam imkan düşən kimi şeir də yazırdı. İncə zövqlü şeirləri vardı. Nəhayət, qələm məhsullarını toplayıb üç kitabda nəşr etdirdi. İndi əsərləri bizə yadigar qalıb...
Yurd itkisinin ağrılarına dözə bilmirdi. Ancaq həmişə inamlı gördük atamı. Deyərdi ki, mütləq torpaqlarımızı azad edəcəyik.
Baxşəli dədənin şeir kitablarını vərəqləyirik. İncə ruhlu, bir qədər kövrək həsrəti çökübdür dədəmizə. Necə də zəngin mənəvi dünyası varmış. "Bu dünya qalan dünya" (2002), "Həyat ucuz, ölüm baha" ( 2003) kitablarındakı bir çox şeirləri 80-90 yaşlarında, yəni məcburi köçkün illərində qələmə alıb.
Həyat yoldaşı Firuzə xanımın vəfatı Baxşəli kişiyə ağır dərd gətirdi. Bu sətirlərdə də ömür-gün dostuna, sirdaşına həsr etdiyi kövrək, sızıltılı, az qala oxucunu belə göyüm-göyüm göynədən misralardır:

O torpaqda ölmək asan,
Allah, qayıdırıq haçan?
Yurdumuzda bayram edək,
Ellər, tez Ağdama gedək.

Hələ sızıltısı ürəkləri yandıran bayatıları...

Qarqarımın gözü ağlar,
Dərdlərim qara bağlar.
Görən bizsiz bar verirmi,
Saldığımız bağça-bağlar?

Oğlu Zahid Vəliyevin dediklərindən:
- Həyatının son günlərinə qədər yazıb-yaratdı. 2001-ci ildə həyat yoldaşı vəfat edəndən sonra o, çox kövrək olmuşdu. Nə qədər ovundurduqsa da, təsəlli versək də, ömür-gün yoldaşını itirməsi ilə barışa bilmirdi. Onun çox güclü həyat sevgisi, övladlarına həssas münasibəti haqqında çox danışmaq olar.
Nəvələrini çox sevirdi Baxşəli dədə. Deyərdi ki, qolum-qanadımdır. Dövlətdə dəvə, övladda nəvə deyiblər. Bir də nəvə-nəticə nə qədər çox olursa, kökü bir belə çox olur. Palıdın gövdəsi çox möhkəm olur; Baxşəli müəllim də gövdəli, möhkəm kişilərdən idi. O, torpağın üstündə həmişə palıd kimi dayanıbdır.
Yetirmələri ilə fəxr edən, qürurlanan Dədə Baxşəli yaşının ixtiyar çağına da vaxtilə dərs dediyi yetirmələri ilə əlaqə saxlayırdı. Onların arasında alim, həkim, şair, jurnalist, hüquqşünas da var. Görkəmli fılosof Ziyəddin Göyüşov, böyük alim Xudu Məmmədov, fılosof Zeynal Məmmədov, görkəmli pedaqoq Zahid Qaralov, bənzərsiz şair Bəxtiyar Vahabzadə ilə məktublaşır, Kəlbəcərə gələndə aşıq Şəmşirlə görüşüb şeirləşər, istedadlı şairimiz Zəlimxan Yaqubla söhbətləşər, həyat hadisələrinə həssaslıqla, real və nikbin yanaşması ilə fərqlənərdi.
Oğlu Zahid Vəliyevdən soruşuruq:
- Baxşəli müəllim nəyi daha çox sevirdi?
- Qızıl gülləri. Kənddə həyətimiz başdan-başa qızıl gül kolları ilı dolu idi. Əlləri ilə əkib becərmişdi. Bir də tut ağacını xoşlayırdı, bərəkət və nurlu meyvəsi vardı. Yaxşı bağbanlığı vardı. Qeyrətli kişilərdən olan Kolanı elinin mərd oğullarının çoxu şəhid oldu. Yurd yerlərinin itkisi atamı bərk sarsıtmışdı.
2006-cı il iyun ayının 26-da Baxşəli Vəliyev dünyasını dəyişdi. El-obanın Bərdə şəhərindəki "İmamzadə" qəbiristanlığında ömür-gün sirdaşı Füruzə nənənin yanında dəfn olundu. İndi onun ruhu qarşısında bir müqəddəs borcumuz var: candan artıq sevdiyi Qarabağı, Ağdamı düşmən işğalından xilas etmək.
Allah rəhmət eləsin, Baxşəli Dədə! Sən nurdan yaranmış bir inci idin, ulu kişi, əsl əsilzadə idin!!!
Surxay Əlibəyli