adalet.az header logo
  • Bakı 18°C
28 Iyul 2016 18:00
42817
LAYİHƏ
A- A+

AQİL ABBAS: QOCALDIQCA GƏNCLƏŞƏN GƏNCƏ


Gəncə haqqında təəssüratlarımı Nizami məqbərəsi ilə başlamışdım. Yəni Gəncəyə qədəm qoyan hər kəs bu müqəddəs məbəddən keçib gedir. Tarixçilərin fikrincə, Gəncənin 4000 yaşı var. Amma Səməd Vurğunun təbirincə desək, «bilinməyir yaşın sənin…». Gəncəni ölkəmizin başqa şəhərləri ilə fərqləndirən əsas özəlliyindən biri öz qədimliyini qoruyub saxlamasıdır. Bu qədimlik şəhərin yüz illərlə dağılmasına, sonradan yeniləşməsinə baxmayaraq, özünəməxsus memarlıq üslubunu qoruyub saxlamasındadır. Bu gün Gəncədə kim özünə yeni ev, lap elə villa tiksə də şəhərin özünəməxsus memarlığını qoruyub saxlamağa çalışır. Təbii ki, şəhər min il əvvəlkinə bənzəyə bilməz. İndi 21-ci əsrdi, dünyada yeni memarlıq üslubları yaranıb və inkişaf edən ölkələr də təbii ki, bundan istifadə edir. Gəncədə də yeni möhtəşəm binalar tikilir, amma bu binalar o qədər ağıllı şəkildə inşa olunur ki, şəhərin qədimliyinə xələl gətirmir. Avropa ilə Şərq memarlığı bu şəhərdə birləşir.

Aran rayonlarının içində Göyçayın qəribə bir özəlliyi var – Çinarlar şəhəri. Gəncə də belədi. Bağlar, parklar, küçələrdə sıralanmış yaşı bilinməyən palıd ağacları, xan çinarları, yəni bir yaşıllığın içində. Şəhərdə bir belə tikinti getməsinə baxmayaraq, bu yaşıllıq imkan daxilində qorunub saxlanılır. Və özü də nəinki qədim Gəncə bağları qorunub saxlanılır, həm də hektarlarla yeni-yeni bağlar salınır.

Şəhərin bir özəlliyi də Gəncə çayıdır. Şəhərmi adını bu çaydan götürüb, çaymı adını bu şəhərdən götürüb, bunu dəqiq deyə bilmərəm.

Əvvəllər bu çay Gəncənin gözəlliyinə xələl gətirirdi.

Vaxtilə Qarqar çayından ayrılan bir qol Ağdam şəhərini ikiyə bölürdü və ona heç çay demirdi camaat, qobu deyirdi. Biz uşaq olanda körpülərin altında daşları-filanı təmizləyib özümüz üçün balaca da olsa bir çimərlik düzəldirdik, bütün yay boyu da qaçıb orda çimişərdik. Amma elə gündəydi ki o su evə gələndən sonra analarımız bizi şapalaqlaya-şapalaqlaya iki-üç dəfə əlif sabunu ilə çimizdirərdi. O vaxt şəhərdəki bütün kanalizasiya suları həmin qobuya axıdılırdı. Və Ağdamın gözəl havasını da bu qobu korlayırdı. Sonra Ağdama Nadir Abbasov adlı bir şəxsiyyəti (bəli, şəxsi yox, şəxsiyyəti) katib qoydular. Bütün gücünü qoydu o qobunun suyunu, təxminən diametri 2 metr olan borulara yığaraq üstünü örtdü. Qobunun üstündə parklar saldı, xiyabanlar saldı, dövlət binaları tikdi. Təxminən deyəsən 68-69-cu illərdə. Və sonrakı nəsillər bilmədi ki, bu şəhərin içindən haçansa Qarqarın bir qolu keçib. Şəhərin havası da dəyişdi, həm də şəhər abadlaşdı.

Gəncə çayı da təxminən az qala bizim qobuya dönmüşdü. Susuzluqdan çayın içindəki daşlar da daşlıqlarını itirib kəsəkləşib.

Elmar Vəliyevin ən böyük xidmətlərindən birini sayıram. Gəncə çayı ilə bağlı həyata keçirdiyi layihə. O da Nadir Abbasov kimi bəlkə də bu çayın üstünü örtə bilərdi, amma o, əksinə etdi. Düzdür, böyük maddiyyata başa gəlib və gəlməkdədir, amma Gəncə çayını susuzluqdan qurtardı. İndi baxırsan adama ləzzət edir, həm də şəhərin gözəlliyinə bir gözəllik qatır. Susuz çaya su gətirməkdən böyük savab yoxdur.

Mətbuatın 140 illiyində bir qrup jurnalist Gəncəyə səfər etmişdik. Həmin vaxt şəhərdə Mətbuat Evinin açılışında da iştirak elədik. Regionda belə bir Mətbuat Evinin açılışına biz jurnalistlər sevinməyə bilməzdik. Bu Mətbuat Evinin özəlliyi nədi?

Gəncə ölkəmizin ikinci ən böyük şəhəridi. Təbii ki, burda ölkədə fəaliyyət göstərən televiziya kanallarının, dövlət və qeyri-dövlət qəzetlərinin xüsusi müxbirləri fəaliyyət göstərirlər. Həm də onların fəaliyyəti təkcə Gəncə ilə tamamlanmır, eyni zamanda həmin bölgəni də əhatə edir. Onların fəaliyyətlərinin genişlənməsi, istədikləri vaxt mərkəzlə əlaqə qurmaları, eyni zamanda dünya mətbuatını izləmələri üçün bu Mətbuat Evində hər cür şərait yaradılıb. Zəngin kitabxanası, konfrans zalları, jurnalistlərin rahat işləməsi üçün çalışma otaqları və sair və ilaxır. Bu il də Mətbuat günündə Gəncə həm jurnalistlərə, həm ziyalılara, ümumiyyətlə, gəncəlilərə daha bir ərməğan etdi. Möhtəşəm bir Kitab evinin açılışı oldu.

Bu gün çox kitabsızlaşırıq. Rayonlarda demək olar ki, kitab mağazaları ümumiyyətlə, yoxdur. Rayon mərkəzi kitabxanaları da demək olar ki, elə yox kimi bir şeydi. Düzdür, bəzi rayonlarda elektron kitabxanalar tikilib. Məsələn, Bərdədə belə bir kitabxana fəaliyyət göstərir. Ağcabədidə də belə bir elektron kitabxana tikilməkdədir. Ola bilər hansısa rayonlarda da bu yöndə iş görülür, amma elektron kitabxana dədə-baba kitabxananı heç vaxt əvəz edə bilməyəcək, kim istəyir gəlsin mübahisə eləyək. Mənim bir zarafatım var, ya bilgisayarda kitab oxudun, ya da əleyhqaz geyib qızılgül iylədin, eyni şeydi. Dadı, tamı, şirinliyi ola bilməz.


Mən orta məktəbdə oxuyanda Ağdamda fəaliyyət göstərən kitabxanaları sizə sayım: Mərkəzi Şəhər Kitabxanası, Müəllimlər Evinin kitabxanası, Pionerlər Evinin kitabxanası, Mərkəzi Şəhər Uşaq Ədəbiyyatı Kitabxanası, Maarif Şöbəsinin kitabxanası, deyəsən yadımdan çıxan da var.

Bu yaxınlarda mənim şəxsi kitabxanamdan Ağdam Şəhər Mərkəzi Kitabxanasına məxsus Natəvanın bir kitabı çıxdı, məlum oldu ki, yadımdan çıxıb qaytarmamışam. Kitabı 1967-ci ildə mən 7-ci sinifdə oxuyanda götürübmüşəm. Deməli, hətta bir il ondan əvvəl də mən Mərkəzi Şəhər Kitabxanasının üzvüymüşəm.

Bu kitabxanalara görəydi ey, Ağdamdan dünya şöhrətli Xudu Məmmədov çıxırdı, Rafiq Əliyev çıxırdı, Famil Mehdi çıxırdı, Şahmar Əkbərzadə çıxırdı, Bayram Bayramov çıxırdı, Zeynal Məmmədov çıxırdı, hamımızın jurnalistikada müəllimimiz Cahangir Məmmədov çıxırdı, general Murtuz Quliyev çıxırdı, general Yamən Yusifov çıxırdı, elə Ağdamı ən abad şəhərə çevirən Nadir Abbasov çıxırdı, professor Arif Babayev çıxırdı, professor Ramiz Quliyev çıxırdı, nə qədər professor desəz sayaram. Gözəl tarixçi alimlərimiz Boran müəllim çıxırdı, Akif Nağı çıxırdı, general Rövşən Əkbərov çıxırdı və canını Vətən yolunda qurban verən minlərlə şəhid çıxdı. Öz adımı ona görə yazmıram ki, mən Ağcabədi ilə əlli-əlliyəm. Yəni ata yurdum, doğulduğum Ağcabədinin haqqını yeyə bilmərəm.

Bəli, kitab budur, kitabxana budur, Kitab Evi budur.

Gəncədən çıxan böyük-böyük şəxsiyyətlər də anadan doğulanda şəxsiyyət deyildilər. Düzdür, qandan gələn var, Allahın verdiyi vergi var və sair və ilaxır. Amma bunların hamısını formalaşdıran, şəxsiyyəti şəxsiyyət edən elmdir, təbii ki, elm də hardadır, kafelərdə, barlarda deyil ha, kitablardadı! Yeri gəlmişkən, Xaçmazda da bir neçə kitabxana fəaliyyət göstərir, adamın ürəyi açılır. Şəmsəddin müəllim də kitaba böyük qiymət verir.


İndi Gəncədə belə bir Kitab Evinin açılışı çox möhtəşəmdi. Təəssüf ki, açılışda iştirak edə bilmədim, obyektiv səbəblərdən, amma iki yüzə qədər kitab hazırlamışdım ki, həmin kitab evinə bağışlayım. Yəqin yaxın günlərdə bu istəyimi yerinə yetirəcəm. Açılışda iştirak eləməsəm də açılışdan əvvəl Kitab Evində oldum və ürəyim dağa döndü ki, regionda belə bir Kitab Evi yaradılıb.

Biz Avropanı gəzib nəsə öyrənirik, amma elə bir-birimizdən öyrənməli də nəsə var.

Vaxtilə həftədə üç dəfə çıxan, tirajı da 8-10 min arası olan rayon qəzetləri fəaliyyət göstərirdi. Və həmin rayonun camaatı öz rayonları haqqında məlumatı ordan öyrənirdi. Mən tələbə olanda və ondan sonra da Ağdamın «Lenin yolu» və Ağcabədinin «Sürət» qəzetlərinə abunəydim. Boş vaxtlarım olanda da Axundov kitabxanasına gedib, məsələn, «Kirovabad kommunisti»ni, Bərdənin «Kommunizm yolu» qəzetini, «Şuşa» qəzetini, Kəlbəcərin «Yüksəliş» qəzetini, Naxçıvanın «Şərq qapısı» qəzetini (deyəsən o vaxtlar adı başqaydı) vərəqləyərdim. Çünki mərkəzi qəzetlər axı regionlara o qədər yer ayırmırdı.

İndi rayon qəzetləri ayda bir dəfə çıxır, özü də rəngli. Ay qardaş, bizə «kraskalı», bahalı qəzet yox, bahalı söz lazımdı. Azərbaycanın pulu ondakından əlli-yüz dəfə artıqdı. Yevlaxda bir qəzet çıxır, çox ağıllı və qabiliyyətli bir baş redaktoru da var, Əminə Yusif qızı.

Elmar Vəliyev Yevlaxda işləyəndə o qəzeti gündəlik qəzetə çevirdi, redaksiyaya yeni ofis verdi, baş redaktoru avtomobillə təmin elədi. Yevlax camaatı da şəhərdə və rayonda baş verən bütün hadisələri bu qəzetdən izləyirdi. Tirajı da deyəsən ya on mindi, ya da on mindən artıqdı. Bu Əminə Yusif qızına ən böyük mükafat düşür ki, 90-cı illərin ən çətin vaxtlarında o qəzeti qoruyub saxlaya bilmişdi, bu gün də fəaliyyətini yüksək səviyyədə davam etdirir.

Bu gün «Gəncənin səsi» qəzeti də çox yüksək səviyyədə fəaliyyət göstərir, təbii ki, icra hakimiyyətinin dəstəyi ilə.

Qəzetin baş redaktoru Rəfiqə xanım Sadıqovanın və redaksiya kollektivinin əməyini də xüsusi qeyd etmək istəyirik.

Və bir ciddi məsələni vaxtilə parlamentdə qaldırmışam, indi bu yazımda da yenidən gündəmə gətirmək istəyirəm. Və həm qələm dostlarımdan, həm də millət vəkilləri həmkarlarımdan dəstək gözləyirəm.

Məsələ nədir? Niyə Gəncənin, böyük bir şəhərin, həm də əslində regionun qəzeti olan «Gəncənin səsi» və Naxçıvanın, blokadada olan Naxçıvanın, ermənilərlə dör-dör döyüşən Naxçıvanın «Şərq qapısı» qəzetləri Bakıdakı qəzet köşklərində, eləcə də rayonlarımızdakı köşklərdə satılmasın? Mən bura Sumqayıtın qəzetini də əlavə edirəm. Çünki biz nə qədər istəsək də həmin regionlara o qədər diqqət ayıra bilmirik.

Eləcə də niyə Naxçıvanın və Gəncənin televiziyalarını həm Bakıda, həm də regionlarda izləyə bilməyək? Region TV-ləri uyduda izləmək olur, o da çətinliklə, hamı izləyə bilmir. Hamının «tarelkası» yoxdu ha. Varsa da üzünü tutub Türkiyənin mənasız kanallarına. Necə TRT-1-i yayımlaya bilirik, bütün ölkə izləyə bilir, eləcə də Naxçıvan MR-in və Gəncə şəhərinin televiziyalarını yayımlaya bilərik, burda böyük bir problem yoxdu.

Hər halda müvafiq orqanlar bu barədə fikirləşsə, pis olmaz.

Gəncə haqqında təəssüratlarımı oxumaq istəyirsinizsə, yaxın nömrələrimizi izləyin.