adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Iyul 2016 15:23
26070
MARAQLI
A- A+

Amerikanın taleyini, İsa peyğəmbərin görünüşünü dəyişən Papa

Vatikanın ən qəddar, ən əxlaqsız Papası kimi tarixə düşən VI Aleksandrın özünün də xəbəri olmadan dünyaya mədəni miras qoyduğunu bilirsinizmi? İndi bilərik: amma əvvəlcə bu Papanın hakimiyyət kürsüsündə nə oyunlardan çıxdığına nəzər salaq. VI Aleksandr Borciya (əsl adı Rodriqo Borxio) Vatikanda dayısından sonra ikinci ispan əsilli ali dini rəhbər olub. Lakin bu böyük vəzifə onun qaynar ispan qanını soyuda bilməyib. Katolik dini rəhbərliyin şərti olan evlənməmək, qadınlarla cinsi münasibət qurmamaq, dünya malından uzaq durmaq kimi qaydalara əhəmiyyət vermədən öz keyfi ilə yaşayıb. Üstəlik digər papalardan fərqli olaraq bütün bu əməllərini gizlətməyib. Borciya vəzifəsindən istifadə edərək zəmanəsinin ən amansız rəhbərlərindən olub, siyasətə nəinki müdaxilə edib, hətta formalaşdırıb, torpaqlar istila edib və bütün bunları edərkən də özünün və kübar cəmiyyətin cinsi həzzlərini də görünməmiş şəkildə təmin edib.

Borciya 7 uşaq atası olub, təbii ki övladlar nikahdankənar münasibətlərin bəhrəsi olub, hər nə qədər də olsa Vatikan rəhbərinin ailə qurma yasağını ləğv edə bilməzdi. Bu yeddi uşaqdan ikisi – qızı Lukresiya ilə oğlu Çezare bir-biri ilə sevgili olublar. Maraqlıdır ki, ata onlara qarşı çıxmaq əvəzinə, əksinə təqdir edib. Belə şayiələr gəzirdi ki, Lukresiya həm də atasının sevgilisi olub. Hətta Vatikanda bütün eyş-işrət məclislərinin qurulması, orgiyaların təşkili işinə birbaşa özü və qızı Lukresiya baxırmış. Oğlu Çezareni isə İspaniyanın kral taxtına belə çıxara bilib.

İndi isə Borciyanın dünya kultuna necə təsir etdiyinə baxaq. Ümumilikdə bu insan incəsənətə, xüsusilə də rəssamlığa çox həssas yanaşıb. Buna görə də Vatikanda sonralar adını tarixə qızıl hərflərlə yazdıracaq rəssam və heykəltəraşları saxlayıb. Məsələn, bu gün dəyəri milyon dollarlarla ölçülən Mona Liza rəsminin yaranmasında xidməti olub. Oğlu Çezarenin İtaliyanı işğalı zamanı Leonardo da Vinçi onun yanında hərbi mühəndis və arxitektor olaraq çalışıb. İşlə əlaqədar olara Çezare Leonardonu Apenninə göndərib ki, bu ərazi də məşhur əsərin yaranmasında həlledici rol oynayıb.

Borciya Amerika hindularını ilk dəfə rəsmə köçürtdürüb. Onun şəxsi rəssamlarından olan Pinturikkio özünün "Diriliş” əsərində hinduları təsvir edib. Bu təsvir isə, əlbəttə ki, Xristofor Kolumbun sayəsində mümkün olub. Kolumbun "Yeni dünya”nı kəşfindən sonra geri qayıdıb orada gördüyü insanlara aid müşahidələrini yazır. Kolumb bunu gizləmək istəsə də, nüfuzlu Papa gündəliyi ələ keçirir, ordakı insan təsvirlərini kətana köçürtdürür. Üstəlik "Yeni dünya”nın məhz ispanlara aid olduğunu bəyan edərək, konkistadorları həmin ərazilərə yollayır. Bir sözlə, Borciyanın sayəsində dünya yeni bir qitəni tanıyır. Razılaşarsınız ki, İspaniyanın istilası olmasaydı, dünya tarixi bəlkə də başqa cür yazılacaqdı.

Borciya özü bir çox dilləri bilən savadlı şəxs olduğundan gənclərin təhsil almasında maraqlı idi. Odur ki, hazırda dünyanın Nobel mükafatı almış 5 universitetindən biri olan Aberdin Universitetinin vaxtilə əsasını qoydurub. Hazırda Universitet o qədər genişləndirilib ki, Borciyanın təsis etdiyi təhsil binası Universitet şəhərciyində muzey kimi qorunur.

Ən maraqlısı – dünyanın İsa peyğəmbərin görünüşü haqqında təsəvvürü məhz Borciyanın sayəsində dəyişib. Bu gün əsərlərdə, filmlərdə İsa peyğəmbər uca boylu, arıq bədənli, sarışın, iri mavi gözlü bir kişi kimi təsvir olunur. Dərindən düşünəndə isə yəhudi belə görünüşə sahib ola bilməz. Əslində, İsa peyğəmbər tipik yəhudi kimi orta boylu, qarabuğdayı, zil qara saçlı, iri qəhvəyi gözlü adam olub. Bəs bu sarışın yaraşıqlı kimdir? Cavab – Borciyanın oğlu Çezare!!! Məhz Papanın "gül balası” peyğəmbər təsvirində insanların təsəvvürünü qarışdırıb. İlk rəsmdə şəxsən Çezare rəssam Mikelanceloya poz verib. Sonrakı təsvirlər də bunun əsasında yayılıb. Və yəhudilərə dırnaqrası baxan xristianlara da sarışın peyğəmbər daha çox sərf edib.

Makiavellinin "Dövlət"i – siyasətçiləri stolüstü kitabı. Bu kitab indiyədək yaranmış ən yaxşı siyasi bələdçi rolunu oynayan kitabdır. O, nəinki orta əsrlər krallarının, hətta Mussolini və Bill Klintonun da sevimli kitabı olub. Yəni Çezarenin şəxsi məsləhətçisi Makiavelli dövlətin idarə olunmasında köməklik göstərsin deyə yazdığı bu kitab bu gün də öz sözünü deyir.

Daha bir fakt – vaxtilə ləkəli, şərəfsiz hesab olunan Borciya nəsli günümüzdə ən nüfuzlu soylardan hesab olunur. Çünki, Borciyanın nəslindən olan davamçılar bu gün Avropa krallıqlarının əsasını təşkil edirlər. İspaniya, Belçika, Portuqaliya kralları Borciyanın qızı Lukresiyanın törəmələridir, yəni insest münasibətin bəhrəsi!     


Şəfiqə ŞƏFA