adalet.az header logo
  • Bakı 21°C
27 Iyul 2016 15:25
7123
GÜNDƏM
A- A+

Avropada terroru avropalılar törədir

Avropa tarixi-mədəni baxımdan, həmçinin əhalinin məskunlaşması üçün əlverişli region və sülh şəraitində dayanan bir qitədir. Lakin tarixi dövrlərdə Avropa müharibə və çaxnaşmaların mərkəzi olub. Hal-hazırda vəziyyətin stabil olmasına baxmayaraq son günlərdə qitənin əsas güc mərkəzləri sayılan Fransa və Almaniyada baş verən terror hadisələrinin ard-ardına yaşanması gündəmdə maraq yaratdı. Bir sıra sualların cavabları ictimaiyyət və ekspertlər tərəfində müxtəlif şəkildə cavablandırılır. Avropanın təhlükəsizlik sisteminin çökdüyünü bildirən bəzi ekspertlər bu sahədə NATO-nun da zəif iştirak etdiyini bildiriblər. 

Siyasi şərhçi Arzu Nağıyev açıqlamasında bildirdi ki, burada problemin səbəbi təhlükəsizlik sisteminin zəifləməsi deyil: "Söhbət ondan gedir ki, Avropada təhlükəsizliyə ciddi təhdidlər var. Yəni bu iqtisadi təhdid də ola bilər, siyasi təhdid də. Məlumdur ki, Amerikadakı 11 sentyabr hadisəsindən sonra dini təhdid anlayışı da ortaya çıxdı və bu həm milli təhlükəsizliyə, həm də dövlət təhlükəsizliyinə təhdid kimi qəbul edildi. Məsələn, dünyanın super gücü sayılan Amerikada təhlükəsizliyə təhdid dördüncü səviyyədədir. İqtisadi, siyasi, etnik və təbii təhlükələrin yanında dini radikalizm təhdidi də var. Avropa əvvəl dini radikalizmi təhdid kimi qəbul etmirdi. Lakin ərəb ölkələrində baş verənlər və ABŞ-da törədilən 11 sentyabr hadisəsindən sonra qəbul etməli oldular. Avropanın xüsusi xidmət orqanları gərək bu təhdidi ciddi qiymətləndirib özləri üçün bir nəticə çıxaraydılar. Bundan başqa, bir səbəb böyük miqrant axını arasında filtirasiya tədbirlərinin keçirilməməsini göstərmək olar. Kimliyindən asılı olmayaraq, insanlar hansısa ölkəyə kütləvi şəkildə keçirlərsə, onların məramını və məqsədini aydınlaşdırmaq üçün mütləq onların arasında müvafiq iş aparmaq, ölkəyə daxil olanları filtirasiyadan keçirmək vacib idi. Avropa ölkələri demokratiyanı, humanistliyi əsas iş prinsipi ilə səhv saldıqlarına görə belə bir nəticəyə gətirib çıxardı”.

NATO-nun da təhlükəsizliklə bağlı iş prinsipləri rusiyalı politoloq Serqey Qrinyayev tərəfindən dəyərləndirilib. Baş verənləri NATO-nun Avropanı terrorçulardan müdafiə edə bilməməsi ilə izah edən politoloq xatırladıb ki, 2001-ci il 11 sentyabr tarixindən sonra NATO nizamnaməsinin 5-ci maddəsinə terrorizmlə mübarizə məsələsi daxil edildi: 
"Lakin sonrakı illərdə Parisdə, Londonda, Brüsseldə, Ankarada, İstanbulda və digər yerlərdə genişmiqyaslı terror aktları törədildi, yüzlərlə insan həlak oldu, minlərlə şəxs yaralandı. NATO heç vaxt bu prosesin qarşısında dayan bilmədi və özünü kənarda saxladı. Buna görə də adi avropalı soruşur: "Əgər mən vergi verən kimi, NATO-nun hərbi büdcəsini formalaşdırmaqda iştirak edirəmsə, onda niyə bu təşkilat məni müdafiə etmir?”

Avropada terrora qarşı təhlükəsizlik xidmətinin optimal işləməməsi gələcəkdə qərbin içindən çıxan əsli şərqə dayanan terrorçular yenə üzə çıxmaqda davam edəcək.

Niyə Avropa?

Sözsüz ki, Avropada əslən Əlcəzair, Tunis, Suriyadan olan yerli vətəndaşlar yaşayır. Lakin onları radikallaşdıqları təqdirdə Fransa hökuməti bu vətəndaşların yoxlanılmasını qanunvericilik baxımından imkansız olduğunu bildirir. Bu hökuməti təhlükəsizliyin qorunması baxımından çətinliklərlə qarşı-qarşıya qoyur. Çünki Avropada terroru törədən şəxslər araşdırmalardan sonra məlum olur ki, əslən şərq ölkələrindən olan avropalı terroristlərdir. İŞİD-in Avropada yaşanan qanlı hadisələrdən sonra məsuliyyəti öz üzərinə götürməsi də əbəs yerə deyil. Politoloq Elxan Şahinoğlu Fransada və Almaniyada baş vermiş terraktlarla bağlı çərh verərkən bildirib ki, İŞİD-in Qərb ölkələrində tərəfdarları çoxdur. Əvvəllər terrakrtları qrup şəklində həyata keçirirdilərsə, indi həm Fransada, həm Almaniyadakı terror hadisəsi bir nəfər tərəfindən həyata keçirilib. Bu terrorçu qruplaşmasının yeni qaydasıdır. İŞİD-in həmin ölkələrdə yaşayan üzvlərinə verdiyi tapşırığın da məğzi bir başqadır. Onlara terror törətməkdə sərbəstlik verilib: "İstədiyin zaman öz işini özün planlaşdırmalısan”, yetər ki, terror baş tutsun. Avropada baş verən qanlı hadisələrin arxasında ABŞ-ın dayandığını ictimaiyyət əksərən qəbul edir. Lakin bunun heç də ABŞ-la əlaqəsi olmadığını deyən "Atlas” araşdırmalar mərkəzinin rəhbəri bildirib ki, ABŞ-ın özü də hal-hazırda terrorla mübarizə aparır: "Məsələnin tarixlə əlaqəsi yoxdur. Terror əsasən geo-siyasi problemlərlə bağlıdır”.

Dünya mediasının yaydığı məlumatlarda Avropada baş qaldıran terror təhlükəsinin kökündə başqa səbəb də dayanır. İŞİD məlumatlarında terror təşkilatı peyğəmbərin təhqirinə və Fransanın Suriyadakı hava hücumlarında iştirak etdiyinə görə terror aktlarının həyata keçirildiyini bəyan edib.

Təşkilat hücumların Fransanın hazırkı siyasəti davam etdirdiyi müddətə qədər davam edəcəyini bildirib. Bu terror aktını isə onların Fransaya bir xəbərdarlıq mesajı olduğunu deyiblər.

İŞİD-ə yaxın saytlar terror aktını "Avropanın 11 Sentyabrı” kimi şərh ediblər. Parisdə isə hücumu həyata keçirən terrorçulardan biri həbs edilərkən "mən İŞİD-in üzvüyəm” deyə şüar səsləndirib.

Fransanı qana bulayan terror aktı nəticəsində polisin açıqladığı rəqəmlərə görə, 128 nəfərin öldüyünü bildirilir. Amma qeyri-rəsmi məlumatlarda ölü sayının 153 olduğunu qeyd edilir.

Fransada matəmə səbəb olan terror aktları "Bataclan” incəsənət mərkəzində və onun konsert zalında, həmçinin "Kamboca" restoranında, "Le Karilyon” və "Bellek Ekip" barlarında, "Les Halz” ticarət mərkəzində, Fransa və Almaniya arasında futbol üzrə yoldaşlıq matçının keçirildiyi yerlərdə baş verib.

Hücumdan sonra Rusiya da daxil olmaqla bir çox dövlətlər Fransaya uçuşları təxirə salmaqla yanaşı, Fransanda yerləşən səfirliklərin də təhlükəsizlik tədbirlərini gücləndiriblər. Hətta Polşa hökuməti terror aktlarının baş vermə qorxusu ilə dövlət sərhədlərini miqrantların üzünə bağlayıb.

Qeyd edək ki, Fransa Suriyada koalisiya qüvvələrinə dəstək verən dövlətlərdən biridir. Fransua Olland G20 sammitində İŞİD-in necə məhv ediləcəyi barədə müzakirələrin aparıldığını bildirmişdi.

Rüfət Soltan