adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
26 Iyul 2016 12:50
6315
MƏMLƏKƏT
A- A+

Nazirlikdə ümumrespublika müşavirəsi keçirilib - FOTO

Bu ilin ilk yarısında qeyri-neft sənayesində 2,4 faiz, kənd təsərrüfatında 3,1 faiz artım qeydə alınıb. Ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulub, əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz çoxalıb.

Virtualaz.orgsaytı xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aztəminatlı ailələrin özünüməşğulluğunun təmin edilməsi məsələlərinə dair bu gün keçirilən ümumrespublika müşavirəsində nazir Səlim Müslümov bildirib.

S. Müslümov deyib ki, son 12 ildə 1,5 milyondan çox yeni iş yeri açılıb. "Cari ildə də bu istiqamətdə mühüm addımlar atılır. İlin birinci yarısında 78 mini daimi olan 90 minə yaxın iş yeri açılıb. Sosial mənzillərin inşasına başlanması, rayonlarda sənaye zonalarının yaradılması üçün aparılan işlər, müxtəlif bölgələrdə toxuculuqla, xalçaçılıqla məşğul olanlara dövlət dəstəyi nəticəsində təkcə bu sahə üzrə 5 min iş yerinin yaradılması ümumilikdə ölkənin əmək bazarında ciddi irəliləyişlərə səbəb olacaq”,-deyə nazir əlavə edib.

S.Müslümov bu ilin 6 ayında təqdim edilmiş vakansiyalar əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə 44524 nəfər şəxsin münasib işlə təmin edildiyini, 550 nəfərin ödənişli ictimai işlərə cəlb olunduğunu, Əmək Birjaları vasitəsilə 1135 nəfərin müvəqqəti işlərə göndərildiyini bildirib: "Həmçinin 8 ali təhsil ocağında məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədi ilə "Karyerada ilk addım” devizi altında keçirilən 259 müəssisə tərəfindən 1452 boş (vakant) iş yerləri təqdim olunub, bu tədbirlərdə 2115 nəfər məzun və tələbənin şəxsi məlumatları qəbul olunub, 177 nəfərə boş (vakant) iş yerlərinə göndərişlər verilib, 95 nəfər peşə hazırlığı kurslarına cəlb olunması üçün qeydiyyata alınıb.

Əmək bazarına çıxan gənclərin mövcud əmək bazarında formalaşan tələb və təklif barədə məlumatlandırılması da diqqətdə saxlanılır. Belə ki, ölkənin aparıcı ali təhsil müəssisələrində quraşdırılmış 129 elektron informasiya köşkü, habelə müvafiq internet saytı vasitəsilə gənclərə məşğulluq orqanlarına təqdim olunmuş vakansiyalara dair daim yenilənən məlumatları öyrənmək imkanları yaradılıb”.

S.Müslümov cari ilin yanvar-may aylarında əhalinin sayının ilin əvvəlindən 41,8 min nəfər və ya 0,4 faiz artaraq iyun ayının 1-i vəziyyətinə 9747,4 min nəfərə çatdığını qeyd edib. "Artıq yaxın vaxtlarda aztəminatlı ailələrdən olan 1400 ailənin kiçik ailə təsərrüfatları yaradılacaq. Onların şəxsi biznesinin qurulması üçün layihə həyata keçiriləcək”,- deyə S.Müslümov söyləyib.