ANA SƏHİFƏ / RUBRİKA

“Məni yazmağa insanlar vadar etdi” – HƏR ŞEYƏ RƏĞMƏN

59610    |   2016-07-25 13:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Fiziki məhdudiyyətli gənclər arasında həyat eşqi ilə yaşayan, ürəyi yaradıcılıq sevgisi ilə döyünən gənclərimiz də var. Cəmiyyət fobiyasına sinə gərib hər zaman cəmiyyət içində görünən belə insanlardan biri də yazar Mətanət Qüdsidir (Quliyeva). O, qələm sahibi olmaqla bərabər toxuculuqla da məşğul olur. Rəssamlıq qabiliyyəti isə ona verilən fitri istedaddır: "Rəsmlər məni başqa bir aləmə aparır. İncəsənət mənim daxili aləmimdir. Hələ toxuculuqla məşğul olan zaman sanki hər ilməylə həyatda daha bir addım yuxarı qalxıram. Hər sütunu bitirdikdə "Yenidən başla” deyə daxilimdə bir səs yaranır. Mətanət "Hər şeyə rəğmən”, yəni hər çətinliyi baxmayaraq öz potensialını gizlətmir, əksinə yaşamağı yaratmaqda gördüyünü deyir.

Həmsöhbətim 1997-ci ildə Şəmkir rayonunda anadan olub. Altıncı sinfə qədər məktəbə gedib. Daha sonra səhhətindəki problemlərlə əlaqədar orta təhsilini evdə davam etdirib: "İki yaşımda onurğamda skolioz xəstəliyi yaranıb və əlamətləri getdikcə böyüyüb. Artıq 6-cı sinifdə oxuyanda arabaya möhtac qaldım. Amma mənim oxumaq, təhsil almaq, arzularımı, xəyallarımı reallaşdırmaq istəyim həmişə güclü olub. Vaxt ötdükcə dərk etdim ki, heç bir fiziki ağrı, cismani əngəl insanı məqsədlərinə gedən yoldan döndərə bilməz.


Məqsədindən əl çəkmək, mübarizəni yarımçıq qoymaq acizliyin, özünə inamsızlığın sübutudur. Nə qədər acılar, ağrılar çəksəm də, düşündüm ki, fiziki məhdudiyyət mənə mane ola bilməz. Var gücümlə çalışmağa başladım".

Gənc istedad həyatındakı xoş hadisələri yada salır:

2014-cü ildə fiziki məhdudiyyətli bir dostunun məsləhəti ilə Slavyan Universitetində açılan Yaradıcılıq fakültəsinə imtahan vermək qərarına gələn Mətanət Quliyeva bunun üçün sənədlərini universitetə təqdim edib: "Dostum dedi ki, universitetdə imtahan keçiriləcək və yaradıcılığı olan insanları seçəcəklər. İstəsən sən də qoşula bilərsən. 100 nəfərdən 35 nəfər seçiləcək. Mən də maraqlandım, sənədlərimi verdim. Universitetə imtahanlara getdim. Nəticələr açıqlananda Bakıda xəstəxanaların birində müalicə alırdım. Tez-tez internetə baxırdım ki, seçilənlər arasında mənim də adım olacaq, yoxsa yox. Axşam vaxtı idi. Dəhlizdə oturmuşdum. Yenidən internetə daxil oldum və Slavyan Universitetinin qruplarında adımı və şəklimi gördüm. Həmin vaxt keçirdiyim sevincimi izah etmək çox çətindir.

Otağa daxil olub xəbəri anama dedim, sevincdən ağladım. Otaqdakı tibb bacısı və xəstələr də sevindilər. Sonra atama zəng vurub xəbəri çatdırdım, xəstəxanadan çıxandan sonra universitetə gəldim. Cəmiyyətlə daha sıx münasibətdə olacağımı hiss etdim. Ətrafımdakı insanlar çoxalacaqdı.

Universitet mənim üçün tamam fərqli mühit idi. Ruhuna yaxın, müxtəlif düşüncəli insanlarla birlikdə olmaq mənim üçün gözlənilməz və xoş idi. Universitetə getməzdən əvvəl Yaradıcılıq fakültəsinə qəbul olanlara "facebook"da dostluq yolladım. Mənim ümumiyyətlə yaradıcılıqla məşğul olan insanlara xüsusi sevgim var".


Mətanət Quliyeva hazırda Şəmkir şəhərində Heydər Əliyev Mərkəzində elmi-kütləvi kitabxanasının nəzdində fəaliyyət göstərən Yaradıcı Yazarlar Klubunun sədridir.

-Sizi yazıb-yaratmağa aparan səbəb nədir?

-Məni yazmağa insanlar vadar etdi. İnsanlardan gördüyüm pisliklərin nəticəsi olaraq şeir yazdım. Heç bir məhdudiyyət həyatda insanı məqsədindən döndərə bilməz. Mənim elə bacardığım işlər var ki, kimlərsə onu əl-ayaqla həyata keçirir. Mən ağlımla, düşüncəmlə edirəm. Bəzi insanlar var ki, məhdudiyyətlərinin qarşısında aciz qalırlar. Mən insanlara demək istəyirəm ki, arabada ola-ola bu qədər yol keçmişəmsə, məndən də çoxunu edə bilərsiniz. Sizin şansınız daha çoxdur. Mən məhdudiyyətimin qarşısında güclü dayanıb ona qalib gəlmişəm.

Mətanət söhbət zamanı fiziki məhdudiyyətli insanların cəmiyyətə qarşı çəkincəkliyini qınadığını və bunun üçün valideynlərdən çox şeyin asılı olduğunu söyləyir:

"Mən uğurlarımın 99 faizini valideynlərimə borcluyam. İlk dəfə arabaya məhkum olanda çölə çıxmaq istəmirdim. İstəmirdim yoldaşlarım, dostlarım məni belə görsünlər. Amma anam məni cəmiyyətdən kənarlaşdırmadı. Valideynlərim mənə həyatı sevdirdi. Fiziki məhdudiyyətli insanlar cəmiyyətə adaptasiya olmalıdırlar. Allah bizi belə yaradıbsa, bədbinliyə qapılmamalıyıq, əksinə, həyatda uğur qazanmaq üçün çalışmalıyıq. Özümə söz vermişəm ki, çətinlikdən asılı olmayaraq həyat mənə hansı oyunu oynayırsa, ona qalib gəlməliyəm. Güclü olmağımın sirri həyata olan sevgimdir”.

Həmsöhbətimiz sonda vurğuladı ki, ən böyük arzusu yollarda pandus probleminin həll olmasıdır: "Hər dəfə yolda əngəli aşa bilməyəndə, 2-3 nəfərin köməyinə ehtiyac duyanda utanırıq. Yol, market, park, məktəb, restoran, kitabxana və digər yerlərdə pandus problemi həll olunsun. Kiminsə köməyi olmadan istədiyimiz yerə gedə bilək”.

Mətanətin arzuları

Onun elə də çox böyük arzusu yoxdur. Ən böyük arzusu, elə məqsədi də xeyirxah bir insan olmaqdır. Əlil arabasında oturan bu qız özünə o qədər var-dövlət, pul arzulayır ki, heç olmasa, ən azı ayda bir dəfə qocalar və uşaq evlərinə baş çəkə bilsin. Təşkilat müdiri olmaq, ora insanları cəlb etmək, özünə televiziya kanalı açmaq, tanınmış şairə olmaq istəyir. Əslində o qədər böyük arzum yoxdu desə də, bu bir dəqiqə ərzində o qədər böyük arzular səsləndirdi ki, az qala bir insan ömrünə sığışmayacaq qədər böyük.

Rüfət Soltan




İmza:
SON XƏBƏRLƏR
2017-05-29
2017-05-28


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
İslam oyunlarına gedirsinizmi?

Hə (60%)
Yox (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın gecə işdən evə dönür. Ərini yuxudan oyatmamaq üçün səssizcə yatağa girmək istəyir. Yorğanın altında iki ayaq əvəzinə dörd ayaq görür. Bundan əsəbləşən qadın əlinə bir zopa alıb ikisinin də başına vurur. Mətbəxə keçəndə isə ərinin oturub qəzet oxuduğunu görür. Əri başını qaldıraraq deyir:

- Əzizim, rayondn ananla atan gəlib, mən də yataq otağımızı onlara verdim ki, rahat yatsınlar. Bax gör hələ yatmayıblarsa salam ver və görüş, ayıbdı.




digər lətifələr
ARXİV
FACEBOOK