adalet.az header logo
  • Bakı 16°C

Qəşəm İsabəyli

7354 | 2016-07-23 00:55
(hekayə)

Biri var idi, biri yox idi - bir "Var" var idi, bir "Yox". "Var" Allah idi, "Yox" - insan.
Allah elə böyük idi, elə böyük idi, qurd da bilirdi, Allahdı bu, quş da.
İnsan elə balacaydı, elə balacaydı, hətta sətrin başında da adını balaca hərflə yazırdılar.
Gəl ki, insan Allahın böyüklüyünü görsə də, özünün kiçikliyini görə bilmirdi.
Çünki insan təzə yağan qardan da təmiz idi. Danışanda ağzında sözü görünürdü, güləndə gülüşü.
Gəl ki, insanla Allahın ortaqlı malı da vardı. O da insanın ağlıydı. Ağlı olmasaydı, insan Allahlıq eləyərdi.
Bir an da boş-bekar dayanmayan insan gün batan kimi başını atıb yatardı.
Axı Allah da boş-bekar deyildi, bir əli yaradırdı, bir əli dağıdırdı.
Allah bir dəfə nə fikirləşdisə, gülümsədi. O dəqiqə bir dəstə insan həmcinslərindən aralandı -
Biri ulaya-ulaya gedib qurda qoşuldu.
Biri mələyə-mələyə qoyun sürüsünə cumdu.
Biri hürə-hürə it oldu.
Biri kişnəyə-kişnəyə at oldu.
Biri tülkü...
Biri ayı...
İnsan qurda qoşulan kimi qurdlar parçalayıb yedilər onu.
Qoyuna qoşulan insanı kəllələyib sürüdən çıxartdılar - qarğa-quzğun didib dağıtdı.
İt insanın leşini dartdı.
At təpikləyib qanına qərq elədi.
Tülkü tikəsini göyə götürdü.
Ayı belini qırdı...
Bu yandan da insanların başından çıxan ağlı düşdü dünya üzünə - gəzdi... gəzdi... gəzdi...
Biri gedib girdi itin kəlləsinə, it bir dəfə "ham" eləyib, dönüb oldu insan - qaçıb soxuldu insanların arasına.
Biri gedib girdi atın kəlləsinə - at "hi-ha" deyib, dönüb oldu insan - qaçıb soxuldu insanların arasına.
Qurd "uuu..." eləyən kimi düşdü insan cildinə.
Qoyun bu yandan...
Tülkü o yandan...
Ayı da...
Bayaqdan insan təkcə insan idisə, qoyundan insanı oldu, atdan insanı oldu, itdən insanı oldu, qurddan... tülküdən... ayıdan...
Day güləndə gülüşü görünmədi insanın, danışanda sözü.
Adını da başladı böyük hərflə yazmağa: - İnsan - Allah.

TƏQVİM / ARXİV