adalet.az header logo
  • Bakı 19°C
23 Iyul 2016 00:44
9612
ƏDƏBİYYAT
A- A+

Pəncərədən baxanda...


Tanınmış şair Sabir Adil şeirlərinin birində deyir ki, "Mənim də pəncərəm var". İlk baxışda bu misra şeir üçün poetik görünməyə bilər. Amma misranın ifadə etdiyi fikrin özü poetik olduğundan şairin bütün şeirlərinin epiqrafı kimi səslənir və bəzən gizli məqamları işıq salır. Ümumiyyətlə, götürəndə şifahi xalq ədəbiyyatından tutmuş, bugünkü müasir yazılı ədəbiyyatımıza qədər şeirimizdə daim "pəncərə" obrazı işlədilib. Şifahi xalq ədəbiyyatında "Pəncərədən, daş gəlir", "Dünya bir pəncərədir" ifadələri dönə-dönə işlədilir və xalq şairi Rəsul Rzanın "Pəncərəni açdım sabaha, gördüm ki, insanlar gəlib gedirlər, aylar, illər üstündən" misrasının işığı yuxarıda qeyd etdiyim "pəncərə" sözünün əsl mahiyyətini açıb göstərir.
Sabir Abdin də öz pəncərəsini sabaha, şeirə açır və bu pəncərədən gördüklərini poetik bir vüsətlə qələmə alır. Əslində bu pəncərənin özü dünyanı ifadə edir. Açdınmı, dünya həqiqətini görəcəksən. Hər adamın pəncərəsi ola bilər, ordan baxar, amma heç nə görə bilməz. Pəncərədən baxanda dünya gedişatını görmək üçün anadan şair doğulmaq lazımdır. Sabir Abdinin pəncərəsindən baxanda gördüyü bir kitab var. "Adını sən seç..." şeirləri kitabı bir neçə gündür mənim iş stolumun üstündədir. "Azərbaycan" jurnalına çap etdirmək üçün şeir gətirənlər, əvvəlcə bu kitabı götürüb vərəqləyirlər, bu da onlar üçün şeirlərini seçib mənə verməkdə bir stimul rolunu oynayır; görəsən şeir verim, verməyim? Eləsi də olur bu kitabı baxanda şeirlərinin hələ yetkin olmadığını bilir və eləcə də çıxıb gedir, şeirlərinin yetkinlik yaşına (çap yaşına) çatmağını gözləməyə.
Şairin pəncərəsindən ay kimi görünən bu kitabın bəzi cəhətləri mənə çox maraqlı gəldi. Hiss edirsən ki, bu şeirlər böyük bir ədəbi təcrübənin məhsuludur. Uzun illər yol gəliblər, həyatın enişli-yoxuşlu yollarında min cür əzab-əziyyət görüblər. Yol gələncən "üçüncü əl" qazanıblar, kitabların arasında çiçəklər solub, min cür küləklərə rast gəliblər və çəkdikləri əzabdan göy üzünə köçmək istəyiblər

Usandıran, usanan,
Qocaldıqca qocalan.
Üçüncü əl qazanan,
Əsan mübarək, mübarək.

Şairin pəncərəsinin önündən əli əsalı bir qoca keçir. O, əsanı elə-belə qazanmayıb. Gərək ömründən nə qədər il verəsən ki, o əsanı qazana biləsən. Qazanasan və o əsa ilə də itmiş gəncliyini axtara biləsən. Əslində həyatın əsas dialektikası budur. Baxın, belə bir obraz nə qədər gözəldir. Şairin başqa bir şeirinə diqqət yetirək.

Dəftər arasında qalan çiçəyim,
Quruyan çiçəyim, solan çiçəyim.
İndi gözlərim tək dolan çiçəyim,
Bağışla, nə olar, məni bağışla.

Hamımızın kitab - dəftərimizin arasında qurumuş bir çiçək var. Bəlkə də, biz hamımız o qurumuş çiçəkdən üzr istəməliyik. Ona görə ki, biz indiyə o çiçəyi axtarmamışıq, xatırlamamışıq və nəticədə solmuş çiçəklərin qarşısında günahkar kimiyik. Əsl poeziya odur ki, sənə nə isə xatırlada bilir, adi bir detalı ilə səni həyəcanlandır. Bu mənada Sabir Abdinin şeirlərində oxucunu göynədə bilən xatirə detalları var. Adi bir küləyi şair elə mənalandırır ki, istər-istəməz şəhərdə külək qarşılaşanda, onu araşdırmağa, təhlil etməyə başlayırsan.

Kim bilir, bəlkə də, bu küləklərin,
Yuxusu dağılıb, sönüb ocağı.
Yorulmaq bilmədən qovhaqovdadır,
İtirib sevgisin, boşdu qucağı.

Külək təbiətin sirli-sehrli bir möcüzəsidir. Təbiət hadisələrini ictimailəşdirmək şeirin əsas xüsusiyyətlərini təşkil edir. Külək də öz sevgisini itirib, onun yuxusu qaçıb, bir yerdə yata bilmir. Bu metafora çox tutarlıdır, gözəldir. Şairin aşağıdakı şeirinə nəzər salaq.

Sən ağlama...
Mən ağlatdığım
Bir sevgi,
Qəlbini qırdığım
Bir uşaq,
Budağını qırdığm
Bir budaq,
Közü sönmüş
Bir ocaq,
Ləçəyi qurumuş
Bir çiçək,
Buza donmuş
Bir ürək,
Göylərdə donan külək
Qoy ağlasın mənə.
Sən ağlama...
Üzünü ot basmış
Bir kənd cığırı...
O köhnə illərdə qalmış
Saralmış, solmuş
əlləri üzündən
asılmış
bir kənd uşağı... və s.

Bu şeirdə təsvirlərə fikir verin. Demək, yerdə tufan qoparan külək göylərdə donmuş vəziyyətdə olur. Külək göydə yaşaya bilmir. Çünki vurub-uçurmağa heç nə yoxdur. Küləyin əsməyi üçün bina, ağac, dəniz və insan lazımdır. Demək, külək göylərdə yaşaya bilməz, onunku yerdir. O yer ki, əlləri üzündən asılmış bir kənd uşağı var. O yer ki, orda sönmüş bir ocaq, ot basmış bir cığır, donmuş bir ürək, ləçəyi qurumuş bir çiçək var. Şair onların dərdini qələmə alır, adi görüntülərə poetik can verir. Sabir Abdinin şeirlərində təbiət hadisələri çox canlıdır. Şeirlərdə təbiət və cəmiyyət qarşılaşdırılır, nəticədə cəmiyyət təbiətə intiqrasiya edir.

Bilirəm ki,
dənizə yağan yağışın
yağışdan sonra
göy üzündəki
o qurşaq naxışın
pıçıltısı bəsimdir.

Sabir Abdinin pəncərəsindən baxanda çox həqiqətlər görünür. Bütün bunlar şairin dilə ilə poetik bir ovqata yüklənir, gözəl bir ədəbiyyat materialına çevrilir. Amma şair hərdən pəncərədən bezir də...

Tanrım, mənə yiyə dur,
Qoy göylərə yığışım.

Bəli, hər şeyin sonu göydür. Küləklərin donduğu və zamanın itdiyi yer. Elə göyə bu pəncərədən də uçmaq olur. Vay o şairin halına ki, baxmağa və uçub getməyə pəncərəsi olmaya.
Sonda tanınmış şairimizə uğurlar diləyirəm, arzu edirəm ki, bu pəncərə heç vaxt qapanmasın, daha geniş dünyaya, səhərlərə, xeyrə və şeirə açılsın həmişə.

Qəşəm Nəcəfzadə,
şair, "Azərbaycan" jurnalının poeziya şöbəsinin müdiri