ƏŞRƏF VEYSƏLLİ

VAQİF YUSİFLİ
70515 | 2016-07-23 00:23
Əşrəf Veysəlli... Elə zənn edirəm Azərbaycan oxucusu üçün bu ad-bu imza təzə deyil və əlli ildən artıqdı bu oxucu, şairləri bol olan məmləkətdə Əşrəf Veysəllinin şeirlərinə də biganə deyil. Cavan yaşlarında doğulduğu Füzuli rayonunun Veysəlli kəndindən oxumaq, təhsil almaq məqsədilə Bakıya yollanan, BDU-nun şərqşünaslıq fakültəsini bitirən Əşrəf Veysəlli əlli ildir ki, Sumqayıtda yaşayır, bu şəhərin ədəbi-mədəni həyatında fəallığı ilə seçilir.

Bir köhlənin arxasınca köks ötürürəm,
Hələ əlim yetişməyib yüyənə kimi.
Kirpiyimlə ocaq çatıb, od ğötürürəm,
Deyilməli bir kəlməni deyənə kimi.

Qələmimdir ürəyimi anlayan, duyan,
Ürəyim də qələmimi səyirdir, çapır.
Sözdür mənim gözlərimə süzülən ziya,
Sözdür mənim taleyimə açılan qapı.

Əşrəfin şeirində deyildiyi kimi, onun "kirpiyində ocaq çatıb, od ğötürməyi" təsadüfi deyil və doğrudan da əlli ildir ki, o, sözün əzabına dözə-dözə yazır. Bu fikri haqqında söz açdığım bir şair üçün gəlişigözəl sözlər kimi qəbul etməyin. Şeir mənim fikrimcə, mənəvi ağrılardan doğur, burada təbii istedadla zəhmət, yəni içəridəki o ağrı birləşir, poeziya dünyasına yeni bir körpə ayaq açır. Və o körpə dil açır, danışır, böyüyür, hamının sevimlisinə çevrilir. Əşrəf Veysəllinin də belə şeirləri az deyil.
Hər hansı şair yaradıcılığa başladığı ilk illərdə kıminsə (ya kimlərinsə) təsiri altına düşür və bu təsirdən o zaman ayrılır ki, şeirdə öz yolunu tapır. Ə. Veysəlli üçün B.Vahabzadə, M.Araz, H.Arif, S.Tahir, Ə.Kərim yaradıcılığı bir örnək rolunu oynayıb, axtarsanız, ilk şeirlərində o ustadların nəfəsini də hiss edərsiniz. Amma get-gedə Ə.Veysəlli böyük poeziyada öz kiçik cığırını açdı. Onun şeirlərində məxsusi detallar, bədii təsvır vasitələri, sözün yeni poetik çalarları ilə qarşılaşdıq.

Hər bulaq başında, çay kənarında
Fışqırdı lalələr indi qan kimi.
Ağardı saçları ağacların da,
Qısqanc təbiətli bir eşq oğlunun
Saçı bir gecədə ağaran kimi.
Nəğmə boxçasına döndü bağ, bərə,
Şaxtanın qılıncı qına çəkildi.
Qoynu əfsanəli daş tarixlərə
Kəklik ayağından xına çəkildi.
Qalxdı göbələk tək yerdən çadırlar,
Ay düşdü üstünə, oldu süd kimi.
Meşə dənizində yelkən çadırlar
Sanki göydən düşdü paraşüt kimi.
Ötən əsrin yetmişincı illərində yazılan "Nəğməli dağlar" şeiri axıracan bu sayaq poetik təsvirlə, orijinal bənzətmələrlə doludur. Bu o illər idi ki, şeirimizdə tədricən şablon, artıq öz bədii gücünü itirmiş ifadələr, məcazlar, təşbih və istiarələr öz "əzəmətini" itirirdi, əvəzində təzə, orijinal deyimlər, bənzətmələr gəlirdi şeirə...
Əşrəf Veysəllinin şeir yolu ənənəvidir, bizim milli şerimiz olan heca şeirindən bir misra da kənara çıxmayıb, nə əruzda, nə də sərbəstdə bircə şeiri belə yoxdur. Amma əsl şair üçün bunun heç bir əhəmiyyəti yox. Əşrəf Veysəlli "dədə-baba yoluna" sadiqdir və şeirlərində nə yenilik eləyırsə, bunu elə ənənə daxilində eləyir. Şeirdə forma əsrlər boyu dəyişilməz qala bilər, amma bu forma daxilində məzmun yeniliyi nəzərə çarpırsa, "köhnə" forma da yeni görünür.

Bu uşaq ürəyim kövrələr, dinər
Gəlləm görüşünə yenə dağların.
Bağrımın başına odlar ələnər
Bürünmüş görəndə çənə dağları.

Bəlkə bu dünyanın görküdü dağlar,
Yoxsa gözəlliyə körpüdü dağlar.
Torpağın alışan qəlbimi dağlar,
Qaldırıb tutubdur günə dağları?..

Hələ o tərəfə yollar bağlıdır,
Araz sahilləri qəm ortaqlıdır,
Ayrılıq çəkmişəm, sinəm dağlıdır,
Heç kəsi görməsin sinə dağları.

İlk baxışda bu şeir klassik qoşmalardan seçilmir, bu təsəvvürü qoşmanın məlum forması yaradır, amma məzmun yenidir, misralara səpələnən təşbehlər də təzədir.
Əşrəfin şeirlərində poetik tablo yaratmağa meyl güclüdür və 90-cı illərə qədər yazdığı şeirlərində bu, daha çox nəzərə çarpır.

Bu qız sevda yaşındadır,
Gülnən, çiçəynən oynayır.
Eşq havası başındadır,
Odnan, küləynən oynayır.

Unudulmaz Əli Kərimin xatirəsinə çoxlu şeirlər həsr olunub, təbii ki, onlarin içində şairin şeirlərinin ruhu ilə həmahəng olan nümunələr də var. Əşrəf Veysəllinin dörd şeiri Əli Kərimə həsr olunub. O şeirlərdən biri-altı misralıq şeir daha uğurlu alınıb. Şairlər insanın mənəvi gözəlliyindən söz açanda çox zaman onları güllə, çiçəklə, təbiətin digər atributları ilə müqayisə edirlər. Adətən, gözəl qızlar utancaqlıqda, zəriflikdə bənövşə ilə müqayisə olunur, amma Ə.Veysəlli Əli Kərim təvazökarlığını, insan kimi zərifliyıni təsvir etmək üçün həmin ənənəvi təşbehin yönünü dəyişir:

Hamıdan gizliydi kədərı, qəmi
Asta danışardı,
xəfif gülərdı.
Xətrinə dəysələr,
Bənövşə kimi
Gedib kol dibində bitə bilərdi.

Yerı gəlmişkən, qeyd edim kı, Əşrəf Veysəlli Əli Kərimi yaxşı tanıyırdı. Əli Kərim Sumqayıtda dəfələrlə olmuşdu, onun bu şəhərin oxucuları ilə görüşləri keçirilmişdi, mərhum jurnalist Feyzi Mustafayevin "Dinmə, ey kədər" kitabında bu barədə maraqlı məlumatlarla qarşılaşırıq.
Ə.Veysəllinin "Ürəyim Allah evidir" və "Qarşıma siz çıxın" (sonuncu kitab 2015-ci ildə çapdan çıxıb) şeir kitablarında diqqəti ən çox cəlb edən bir mövzu var - Qarabağ həsrətindən, yurd itkisindən yazilan şeirlər sayca çox olmasa da, poetik sanbalı etibarilə seçilir.

Ürəklər kül oldu öz arzusunda,
Evin təki getdi, qoşası getdi.
Arana köçənlər yandı susuzdan,
"Ballıca", "Qırxbulaq", "Qoşasu" getdi.
Ayım bəd gətirdi, ilim nəs oldu,
Bu dərd ömrüm boyu mənə bəs oldu.
Bu yandan "Ərgünəş" görünməz oldu,
O yandan "Topxana" meşəsi getdi.

Ay Əşrəf, gülünclər qoy bizə gülsün,
Sızlayan ürəyin yansın, tökülsün,
Başına daş düşsün, yıxılsın, ölsün,
Kimin ki əlindən Şuşası getdi.

Əşrəf Veysəllinin bir qarabağlı kimi keçirdiyi mənəvi əzablar hamımıza yaxşı tanışdır. Kimsə onu qınaya bilməz ki, niyə doğma kəndi Veysəlliyə gedə bilməməyini özünə dərd edir, "Qarabulağ"ın yad əllərdə olmağına dözmür, "qaçqın" sözündən acığı gəldiyini gizlətmir. Bu hissləri anlayırıq, çünki o meşələrin, o çayların, o bulaqların, o cığırların xəritəsi çəkilib ürəyinə...
Həsrət dəniz, xəyal yelkən
Üzür Qarabağa tərəf.
Yurd-yuvasız tərlan könlüm,
Süzür Qarabağa tərəf.

Dözdükcə səbrim daralır,
Üstümü boran-qar alsr.
Gözümün kökü saralır,
Gözü Qarabağa tərəf.

Qara yellər qalxan kimi,
Qara günlər sıxan kimi,
Əydi günəbaxan kimi
Bizi Qarabağa tərəf.

Bu şeir 2007-ci ildə qələmə alınıb, amma indi 2016-cı ildir, Böyük şairimiz Qabilin hələ doxsanıncı illərdə sonsuz inamla söylədiyi "Ümid sənədir ancaq, Azərbaycan əsgəri" xitabı indi həqiqtə çevrilməkdədir - Azərbaycan ordusunun Aprel zəfəri hamımızın ürəyindən tikan çıxardı. Ona görə də "gözünün kökü saralan", "xəyal yelkəni Qarabağa tərəf üzən" Əşrəf Veysəlli bu bədbinlikdən xilas olmalı, şeirinin ahəngini dəyişməlidir.

Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru

TƏQVİM / ARXİV