adalet.az header logo
  • Bakı 20°C

Gülüş sağlamlıqdır

8532 | 2016-07-23 00:37
(əvvəli ötən şənbə sayımızda)

Uilyam Ceyms: "Bəxtəvər olduğumuz üçün gülməyək. Güldüyümüz üçün bəxtəvər olaq" deyib. Bu məqsədlə günə kefini açan bir addımla başla. Gül, şənlən və sahib olduğun hər şey üçün şükür et. Görəcəksən, hər gün gözəl ərməğanlar gətirəcək. Gülməyin gücünü həmişə xatırla. Musiqi kimi o da həyatın stress və sıxıntılarına qarşı möcüzəvi bir üsuldur. Qəhqəhə ürəyinizi açar və ruhunuza sığal çəkər.
Balaca bir gülümsəmədir həyatın qırılmayan budağı! Və imtina etməmək lazımdıgülümsəməkdən. Nə bahasına olursa olsun. Üzünüzdəki gözəlliyin xaricə vurmasıdır o! Və əslində siz fikir vermədən də, başqalarının ağlının qapısını döymədən daxil olan dostunuzdur o! Bir balaca gülümsəyin, həyatınız dəyişsin! "Həmin o Münhauzen" filminin məşhurlaşmış ifadəsini yadınıza salıb "gülümsəyin cənablar, gülümsəyin!"
Bu yazını "Ədalət" qəzetinin satirik yönünə və Əbülfət müəllimə güvənərək 1990-cı ildə Naxçıvan televiziyasında efirə verdiyim felyetonla başa vururam: (Qeyd: Əgər felyetonu da çap etsəniz, bu tarixi xatırlatmanızı xahiş edirəm)


Exinokok
felyeton

Exinokok adlı mikrob məişət tullantılarından ibarət təpəcikdə altı yüz doxsan bir zövcəsi, otuz iki min beş yüz iyirmi bir oğlu, qırx beş min üç yüz yetmiş səkkiz qızı, saysız-hesabsız nəvə-nəticəsi ilə yaşayırdı özü üçün. O, bu şəhərdə doğulub boya-başa çatmış, hələ üç yaşı olmasa da bütün şəhərin az qala yarısını ayaqlamışdı. Bir yerdə qərar tutan kimi bir də görürdü ki, hansısa sanepstansiyadan gəlib üstünə nəsə fısqırdır, dezinfeksiya və dezinseksiya adlandırdıqları tədbirləri həyata keçirməklə qoparağını götürürdülər. Budur, artıq yeni məskəndədir, şəhərin mərkəzi demək mümkün olmasa da, mərkəzə beş-on dəqiqəlik yoldur, üstəlik bura gəzdiyi, gördüyü yerlərin ən yaxşısı, ən münbitidir. Təpəciyin adı da könülaçandır: Ballıca. Övladları Ballıcada doğulub, böyüyüb tərbiyə almışdılar. Maddi nemətlər bolluğu ailənin hər bir üzvünə heç bir əziyyət çəkmədən bütün gün yeyib içməsinə şərait yaratdığından, üstəlik oturaq bir həyat keçirmələri səbəbindən hədsiz kökəlmişdilər. Belə ki, zövcələr artıq yerlərindən yalnız təbii ehtiyaclarını ödəmək üçün qalxırdılar. Exinokokun özü isə iş adamı idi, Ballıcada yaratdığı elmi idarəyə rəhbərlik edir, hər səhər yerindən qalxanda zövcələrinə səslənib: "--Mənim sizə böyük hörmət və sədaqət bəslədiyimə əmin olun" - deyə bilir, arabir idmanla məşğul olurdu.
Exinokok böyük bir küflət sahibi olsa da çox tənha həyat keçirirdi. Heç kəsin yanına getmirdi, heç kəslə görüşmürdü. İş yerində dezinfeksiya və dezinseksiyaya qarşı immunitet yaratmaqla viruslara əbədi ölməzlik bəxş etmək problemləri üzərində çalışır, bu məqsədlə septika və antiseptikanın nəzəri və praktiki metodları, virus hepatitlərinin etiologiyası, epidemioloğiyası, patogenez və patomorfologiyası ilə məşğul olurdu. Hətta bir çoxları elə zənn edirdi ki, o da bütün ciddi alimlər kimi içki mübtəlasıdır. Doğrudur, içməyinə içirdi, lakin başqaları kimi sərxoş olunca deyil, ilham pərilərini çağırmaq üçün içir və yalnız bundan sonra bir parç qatıqaşını başına çəkib, elmi-tədqiqatlara girişirdi.
Bir gün o, çox sevdiyi "Ədəbi abidələr" qəzetində "alanimaminotransferaza" və "aspartataminotransfraza" bölmələrini nəzərdən keçirərkən yaxınlıqdakı binadan yeni məişət tullantıları gətirib Ballıcaya boşaltdılar. Orada nələr yoxdu. Ərzaq, meyvə-tərəvəz, şirniyyat-qənnadı, ət-süd məhsullarının qalıqları, pişik quyruğu, çəpiş dırnağı, kərgədan buynuzundan tutmuş nilufər çiçəyi, "Mercedes" avtomobilinin dal təkəri və üzülmüş sərçə başı vardı. Lakin mikroblar elə tənbəlləşmişdilər ki, dönüb onlara sarı gözucu da baxmadılar. Hələ köhnədən o qədər şey qalırdı kigTəzəsi nələrinə lazımdı.
Bolluqdan ürəkləri bulanır və deyinirdilər:
-İlahi! Bu qədər də yeməli şey olar?
Yalnız Exinokok yeniliklərlə maraqlandığından arabir hərəkətə keçirdi. Tullantılar içərisində ət məhsullarının çoxluğu onu zərrə qədər sevindirmədi, çünki son zamanlar vegetarianlığa meyllənmişdi. Nilufər çiçəyinə isə söz ola bilməzdi. Onun xoş ətrini sinə dolu içinə çəkib "oxay" dedi. Lakin yaxınlıqda ondan da xoş iyi olan nəsə vardı, bu iy axıb ciyərlərinə dolur, xoş əhval-ruhiyyə yaradırdı. Exinokok hər yeri iyləyə-iyləyə onu axtarıb tapdı. Bu, çoxdan sorağında olduğu "Ədəbi abidələr" qəzetinin son səhifəsi idi. Əzgilə büküldüyündən əzilsə də oxumağa yararlı idi. Səhifədə bir esse, iki başsağlığı və üç şairin iki soneti verilmişdi. Qoşa imzalı şairlərin sonetini oxumağa başladı. Qəzet üç-dörd il əvvəl çıxsa da, sonetlər öz təravətini saxlamışdı. Xoş iy də məhz o sonetlərdən gəlirdi.
Exinokok digər şeirlərə və esseyə də göz gəzdirdi, maraqlı olmadığından onu yuxu basdı.
g Bu xına o xınadan deyildi. İşə möhkəm girişmişdilər. Sanitariya tədbirləri şəhərin hər yerini əhatə etmişdi. Məhəllələrdən gələn xəbər təkcə Exinkoku deyil, onun fleymlərdən ibarət ailəsini, qohum-əqrəbasını, sülaləsini narahat edirdi. Belə ki, mikrobların kökünü kəsmək məqsədi ilə qidalanma sənayesi, kommunal, ictimai-iaşə, ticarət, su təchizatı, müalicə-profilaktika müəssisələrinin rəhbərlərinə müvafiq göstərişlər verilmiş, su təchizatı sistemlərində, ictimai, inzibati və fərdi binalarda, məişət tullantıları qoyulan meydançalarda dezinfeksiya və dezinseksiya tədbirləri həyata keçirilmiş, bütün ictimai-iaşə ticarət, su təchizatı, sərhəd gömrük məntəqələrində mikrobların aşkar olunması üçün uzaq məsafədən ölçən termometr sistemləri quraşdırılmış, bütün məhəllələrdə məişət tullantılarının qalaqları ekskavatora verilərək götürülmüş, yerlərində vizual müayinə aparılması təmin olunmuşdu.
Xəbər yayılmışdı ki, bakterioloji laboratoriyalarda su, yuyuntu, digər nümunələrin müayinələri aparılıb. Aşkar olunan fleymlər məhv edilib. Bu xəbərlərdən Exinokok dəhşətə gəlsə də, hamıya təskinlik verirdi:
--Narahatlığa dəyməz, çünki alanimaminotransferaza fleymlərə immunitet yaratmağa imkan verib. Artıq onu tətbiq etmişəm. Bizə heç bir qüvvə ilə qalib gələ bilməzlər.
Exinokokun zövcələri belə bir elmi kəşfi vecə almadan zarıyırdılar. Yeyib-içdiklələri də haram olmuşdu.
Bir gün sanitar maşını Ballıcaya yaxınlaşdı. İçəridən kombinezon geyinmiş iki nəfər yendi. Onlar püskürdücü nasosların sazlığını yoxlayıb qalağa dərman çiləmələ başladılar. Əvvəlcə qalağın tərkibində patogen mikroorqanizmlər, invaziya yaradan viruslar, helmintoz yumurtaları məhv edildi. Heç bir immunitet köməyə yetmirdi. Viruslar qırılırdı. Exinokokun gözləri qarşısında bütün nəsil-nəcabəti əldən gedirdi. Exinokok özünü ora-bura çırpır, müdafiə olunmağa çalışır, lakin əlindən heç nə gəlmirdi. Nəhayət dərmançiləyici nasos ona sarı tuşlandı. Şırnaq onu zərblə yerə çırpıb yarıcan elədi. Artıq nəfəs ala bilmir, boğulurdu.
Çiynindən tutub silkələyirdilər. Hövlnak yuxudan ayılıb gözlərini ovuşdurdu. Köklükdən zarıyan zövcələrini salamlayıb dedi:
--Mənim sizə böyük hörmət və sədaqət bəslədiyimə əmin olun!
İşə yubandığından idman eləməyə, nahara vaxt qalmamışdı. Düşünəndə ki, bu anda ondan başqa Ballıcanın bütün mikrobları iş başındadır, ürəyi sıxıldı, tez pencəyini çiyninə atıb çölə çıxdı.

Naxçıvan televiziyası, 1990-cı il

TƏQVİM / ARXİV