adalet.az header logo
  • Bakı 16°C
23 Iyul 2016 00:59
4276
GÜNDƏM
A- A+

Ən qorxulu defisit

Fərhad Bədəlbəyli,
Azərbaycanın Xalq Artisti,
professor, Ü.Hacıbəyov
adına Musiqi Akademiyasının
rektoru

İlk növbədə onu deyim ki, Azərbaycanın tarixində çoxşaxəli fəaliyyət göstərən, həm iqtisadiyyat, həm mədəniyyət, həm siyasət sahəsində müstəsna xidmətləri olan şəxsiyyətlər olmuşdur. Hamı bilir ki, bir sənət xadimi kimi qibtə etdiyim belə şəxsiyyətlərdən biri Üzeyir bəydir. Bunu ona görə diqqətinizə çatdırıram ki, hər hansı bir görkəmli şəxsiyyət barəsində rəyimi bildirərkən istər-istəməz Üzeyir Hacıbəylinin surəti gözüm önündə canlanır. Çünki Üzeyir bəy məhz belə şəxsiyyət olmuş, öz fəaliyyətini Azərbaycanda mədəniyyət, incəsənət, musiqi, təhsil, maarifçilik və s. sahələrdə bir çox taleyüklü məsələlərin həllinə yönəltmiş, bütün mənalı ömrünü bu nəcib işə həsr etmişdir. Həmin dövrdən, o zamankı ictimai, sosial, mədəni problemlər dövründən bizi böyük bir zaman kəsiyi ayırır. Müasir Azərbaycanın bu günki inkişafı, bütün sahələrdə iri addımlarla irəliləməsi, beynəlxalq miqyasda nüfuzu göz qabağındadır. Lakin bütün dövrlərdə olduğu kimi, bu gün də qarşılaşdığımız bir çox problemlər var ki, bunların həllində ayrı-ayrı şəxsiyyətlərin müstəsna rolu olmuş və olmaqdadır. Mənim təsəvvürümdə mərhum akademikimiz, böyük alim və ictmai-siyasi xadim, unudulmaz insan Midhət Abasov məhz belə bir şəxsiyyətdir.
Midhət Abasovun həyatı - öz əqli, zəkası və qeyri-adi zəhmətsevərliyi sayəsində sıravi bir vətəndaşdan akademik və dövlət xadimi səviyyəsinə yüksəlmiş bir insanın, şəxsiyyətin keçdiyi çətin, keşməkeşli bir ömür yoludur. Və belə bir şərəfli yol keçmiş şəxsiyyətin öz həyatının bütün mərhələlərində, gördüyü işin, tutduğu vəzifənin kiçik və ya böyüklüyündən asılı olmayaraq, özünün həyat prinsiplərinə sadiq olması, mənəvi dəyərlərə münasibətini, cəmiyyətə, insanlara münasibətdə tutduğu mövqeyini dəyişməməsi onun şəxsiyyəti haqqında çox şey deyir. Cəmiyyətdə, xalqımızm tarixində baş verənlər, xüsusən son onilliklərdə keçirdiyimiz sarsıntılar, xalqımızm tarixinə yazılmış faciəvi səhifələr, həmçinin dünyada gedən proseslərin əks-sədası olaraq iqtisadiyyatda, mədəniyyətdə, siyasi arenadakı olaylar fonunda bir çoxlarının dünyagörüşü, cəmiyyətə və mənəvi dəyərlərə münasibətində köklü dəyişikliklər müşahidə edilirsə, Midhət Abasov kimi şəxsiyyətlər öz iradəsinin gücü sayəsində bu çətin sınaqlar dövründə də öz əqidəsindən dönməmiş, bir alim və vətəndaş kimi öz xalqının rifahı yolunda çalışmışdır. Onun həyatından belə bir epizod danışım. Midhət Abasov orta məktəbdə mənim bacımın həyat yoldaşı, Camo Hacınskinin oğlu ilə bir sinifdə oxumuşdur. O, həmin illər haqqında acı xatirələri ilə bölüşərkən söyləyirdi ki, müəllim onların hər ikisini ayağa qaldırır, üzünü şagirdlərə tutub deyirmiş ki, baxın, bunlar xalq düşnıənlərinin övladlarıdırlar. Bax, uşaq yaşlarında məruz qaldığı belə mənəvi zərbələr Midhət müəllimin yaddaşında dərin iz buraxsa da, iradəsini sındıra bilməmiş, insanlara münasibətini dəyişdirməmişdi.
Bildiyiniz kimi, Midhət müəllimlə bizim qohumluq əlaqəmiz olmuşdur - mənim ulu nənəm Rəhimə xanım Qacarla onun nənəsi Abbasa xanım Qacar əmiqızları olmuşlar. Və hər ikimiz bu nəslə aid olmağımızla fəxr etmişik. Midhət müəllim atam Şəmsi Bədəlbəyli ilə həm də yaxın dostluq münasibətində idi. O, evimizin əziz adamı, ailəmizin doğması idi. Bəlkə də belə nadir şəxsiyyətlərə daim ünsiyyətdə olduğuma görə mən bu günki fəaliyyətimdə onların vətəndaşlıq prinsiplərini özüm üçün örnək hesab edirəm.
Midhət Abasov həm də yüksək insani keyfıyyətlərə malik idi. Bunu da qanunauyğun hesab edirəm. Ali varlıq olan İnsan hər şeydən üstün olduğu kimi, insanlara münasibət də, yəqin ki, hər şeydən vacibdir və hər birimizin peşəkar fəaliyyətində də, ictimai fəaliyyətində də özünü büruzə verməyə bilməz. Bunu həm də hər bir ziyalıya xas olan mühüm xüsusiyyət hesab edirəm. Bu mənada da Midhət Abasov əsl ziyalı idi. Elə bir ziyalı ki, onun nuru, işığı bu gün də hər birimizin xatirəsində yaşayır və yaşayacaq.
Əlbət ki, bu kiçik müsahibədə Midhət Abasov kimi bir şəxsiyyətin dolğun portretini yaratmaq, onun haqqında düşündüklərimi ifadə etmək mümkün deyil, çünki onun fəaliyyətinin miqyası da, əhəmiyyəti də son dərəcə böyük və geniş olması ilə fərqlənir. Söylədiklərimlə bu görkəmli alim və şəxsiyyətin portretinə bir neçə mühüm cizgini əlavə etmişəmsə, hesab edin ki, onun haqqında ürək sözlərimi demişəm.
Eyni zamanda bu möhtəşəm insan haqqında öz ürək sözlərimi şəxsən Midhət müəllimin özündən eşitdiyim, bəşər üçün ibrətamiz bir hadisəni sizlərə söyləməklə bitirmək istəyirəm. Bu cür munis söhbətləri yalnız Midhət müəllim kimi fövqəlbəşir insandan eşitmək olur.
1981-ci ilin yanvar ayında Midhət müəllim Fransada keçirilən Beynəlxalq Neft və Qaz Konqrensindən yenicə qayıtmışdı. Respublika ictimaiyyəti, eyni zamanda ailəmiz həmin ilin fevral ayının 23-də rəhmətlik atam Şəmsi Bədəlbəylinin 70 illik yubileyinə hazırlaşırdıq. Həmin ərəfədə onsuz da vaxtaşırı görüşən bir qrup qohumlar və dostlar üçün atam bağ şəraitində növbəti "ünsiyyət və ülviyyət toplantısı" təşkil etmişdi. Şair Rəfiq Zəkanın bağ görüşlərinə verdiyi bu addan atamın xoşu gəlirdi. Söhbət əsnasında o zamankı Ali Partiya Məktəbinin (hazırda Prezident yanında Dövlətçilik Akademiyası) professoru, əziz dostumuz və qohumumuz, millətimizin olduqca nəcib ziyalılarından biri sayılan professor Cəmo Hacınski Midhət müəllimdən xahiş etdi ki, bir neçə kəlmə Fransa səfərində gördüklərindən, eşitdiklərindən danışsın. Midhət müəllim gülümsəyərək dedi ki, Cəmo-can, nə danışım, əsas xəbər və möhtəşəm hadisə budur ki, bu il Azərbaycan xalqı Şəmsi Bədəlbəylinin 70 illiyini qeyd edəcək, Fransa xalqı Pablo Pikassonun 100 illiyini. Mirzə Şəmsi Qacarın bu yubileyi ərəfəsində onun çox sevdiyi sənətkar barəsində Parisdə eşitdiyim bir hadisəni danışmasam günaha yazılar. Pavlo Pikassonun ev muzeyində bu cahanşümül hadisəni, dövlətin mədəni irsə sədaqətini və diqqətini eşidərkən həm heyrətləndim, həm də kədərləndim.
Pablo Pikasso həmişə deyirmiş ki, haçansa özünün milyonçu olmaq ehtimalına qətiyyətlə tüpürüb. Onun həyata baxışlarında əsas məsələ milyonçu olmadan milyonçu kimi tox yaşamaq olub.
XX əsrin əvvəllərində Pikasso milyoner olmasa da, zahirən milyonçu kimi yaşayıb. Fəqət dünyasını dəyişəndə dünyaya məlum olub ki, Pikasso milyonçu yox, əslində milyardermiş. Onun varislik və varislər bölgüsünün həllində 50 nəfərdən ibarət vəkillər, ekspertlər, sənətşünaslar, bir çox nazirliklərin məmurları və şəxsən Fransanın o zamankı Prezidenti Jiskar Desten bilavasitə iştirak edib.
1888-rəsm əsəri, 1228 heykəl, 7089 şəkil, 30 000 qrafika işləri, 150 nüsxə eskizlər albomu və 3222 keramika məmulatları. Onun ölümündən sonra bütün bunları sayıb hesablamaq və özəlləşdirmək üçün düz altı il fasiləsiz iş aparılıb.
Yuxarıda göstərilən xəzinəyə əlavə olunub aşağıdakı xırdavat: iki əzəmətli qəsr, Fransanın müxtəlif rayonlarında üç səltənət, imarət və emalatxanalar, qiymətli kağızlar, məşhur sənətkarların hədiyyə verdikləri rəsm kolleksiyaları, daxıllarda mövcud pul qalıqları-20 milyon frank və 6 milyon frank-qızıl! Ən çətin məsələ də bu imiş ki, Pikasso vəsiyyət yazmayıb. Nə etməli? Pikasso mirası bütün Fransaya səpələnib, o cümlədən varislərə. Pikassonun birinci nəvəsi və sonuncu qızı eyni ilin, eyni ayı və eyni günü dünyaya gələndə onun 79 yaşı vardı. Dörd nəfər həyat yoldaşı, dörd uşağı və üç nəvəsi onun ölümündən sonra kataloqa düşmək üçün çarpışırdılar. Eyni zamanda Fransa dövlətinin də bu varislik sərvətindən bac almaq niyyətlərinə təbii baxılırdı, çünki 50 il ərizndə Pikassonun heç bir əsərinə sahib olmaq Fransa dövlətinə qismət olmamışdı. Qanuna əsasən Vergi İdarəsinin varisliyin ümumi gəlirindən 20% tələb etmək hüququ var. Bu boyda sərvətə, bir belə vergiyə biganə qalmayan Fransa dövləti öz ordusuna göstəriş verir ki, bir gecəlik zirehli yük maşınlarının ən böyük və ən müasir kalonnası bütün ölkə ərazisindən Pikasso əsərlərinin yığılmasını və Milli Bankın nəzarətinə verilməsini təmin etsin. Əlqərəz, Pikassonun bütün sənət əsərlərinin dəyərlənməsi, nəhayət ki, 1976-cı ildə yekunlaşdı. Sonuncu rəqəm iki milyard frank təşkil edir. Dövlət xəzinədarları ilk baxışdan xeyli fərəhlənsələr də, məlum olur ki, kağızlar üzərində miras pul şəklində görünsə də, əslində üzə çıxan var-dövlət rəsm əsərləri, eskizlər və heykəllərdir. Nə etməli? Bəlkə vergi söhbətini bir yolluq qurtarmaq üçün, Pikasso əsərlərindən 300 milyon franklıq dövlət gəliri naminə Beynəlxalq auksionlar təşkil edilsin? Bəlkə milli incilər hərraclara qoyulsun? Mopasan deyən olmasın, satılana faişəlik yaraşır! Pikassonun sənətini satmaq olmaz! Pikassonun əsərini almaq olmaz! Pikassonun əsərinə neçə rəngdə yarlıq assan qiyməti bilinməyəcək! Nə etməli? Vergi yığan, vergi güdən məmurların sancıları kəsilməsin? Midhət müəllim bu maraqlı söhbətin şirin yerində bir an köks ötürüb mətləbə keçdi.
Nə yaxşı ki, belə bir zamanda Fransa Respublikasının Prezidenti Jiskar Desten imiş... Eşq olsun Jiskar Destenə! Sənət və mədəniyyətin nadir bilicilərindən olan bu müdrik Fransa rəhbəri məsləhət görür ki, varislik üçün vergi əvəzinə varislər dövlətə hesablanan vergi dəyəri nisbətində Pikassonun əsərlərini hədiyyə versinlər. Bu təklif heç bir məmləkətdə görünməyən, fəqət ən sərfəli çıxış yolu idi. Jiskar Desten təkcə Pablo Pikassonun irsini deyil, Fransanın mədəniyyət və incəsənət sərvətini satılmaqdan, hərrac bazarlarında quduzlaşan zənginlərin sahibkarlıq şəhvətindən qorudu. Jiskar Desten təkcə Pablo Pikassonun irsini deyil, Fransanın şəxsiyyət konsepsiyasını çala-çala çalağana dönənlərin caynağından qorudu. Və nəhayət, Jiskar Desten təkcə Pablo Pikassonun ruhunu yox, Fransanın təfəkkür və təkamül ənənəsini auksion əyyaşlarının şeytanbazar səltənətindən qorudu. Şeytanbazar məmləkəti paradoksal cəmiyyətdir. Şeytanbazar məmləkətində sənətin və sənətkarın, bir sözlə peşəkarın kəramət haqqı yoxdur. Paradoksal cəmiyyət cənnətdə atəş, cəhənnəmdə buz deməkdir. Və nəhayət bu maraqlı və ibrətamiz söhbətini Midhət müəllim belə tamamladı:
1981-ci ilin hər iki yubilyarı bizlər üçün ilahi mədəniyyətin müqəddəs mələkləridir. Hər ikisi gözəllik və kəramət aşiqləridir. Səma Şəmsimiz həyatı səhnəyə uyğunlaşdırmağın sənətkarıdır, Pablo Pikasso isə səhnəni həyata uyğunlaşdırmağın sənətkarı! Hər ikisi özlərini milyonçu kimi aparan, əslində milyarder dövlətlərin "dilənçi" övladlarıdır. Qınamayın sözdəki həqiqət zarafatdadır. Həmyerlimiz Landau həmişə deyirmiş ki, eşq olsun milyarder dövlətimizin "dilənçi" alimlərinə!
"Dilənçi" də olsaq, milyonçu da olsaq, qardaşlar, yanmaqdan qorxmayın, atəşin qoynunda donmaq günahdır! Qanmaqdan qorxmayın, kəramət haqqını danmaq günahdır! Dərd burasıdır ki, vaxtı ilə Azərbaycan KP MK-nın ikinci katibi işləyən Yelistratov soyadlı birisi Bakını tərk edərkən Səttar Bəhlulzadə başda olmaqla bizim görkəmli rəssamlarımızın 600-dən çox əsərini özüylə Moskvaya aparıb. Görəsən bizimkilərin haçansa qeyrətləri çatacaqmı ki, heç olmasa Səttar Bəhlulzadənin, Toğrul Nərimanbəyovun, Rasim Babayevin talan edilmiş əsərlərini geri qaytarmağa səy göstərsinlər?! Təkcə bu söhbətdən bilmək olur ki, akademik Midhət Abasov azəri xalqını sevdiyi üçün bəşəriyyəti, sevdiyi üçün bütün yer üzünü sevib. Təkcə bu söhbətdən başa düşmək olur ki, akademik Abasov həyatı dərk etdiyi üçün ölməzliyə, ölməzliyi dərk etdiyi üçün həyat eşqinə güvənib. Ölməzlikdə həyat eşqi, həyat eşqində ölməzlik tapan Midhət müəllim dünyaya cəngavər kimi doğuldu, cəngavər kimi yaşadı və cəngavər kimi də dünyasını dəyişdi. Əfsuslar olsun ki, cəngavərlik dəbdən düşdükcə, mərdlik və comərdlik xatirələr arxivində tozanaq tapır.
İllər ötdükcə zəmanə bizə sübut edir ki, ən qorxulu defisit şəxsiyyət və şəxsi fikir qıtlığıdır.
Əfsuslar olsun ki, cəngavərlik dəbdən düşdükcə çamadarları, canavarları və canazarları cangüdənlər qoruyur. Mandelştamın müqəddəs bir sözü var: "Gözəllik yarımallahın şıltaqlığı yox, sadə bir dülgərin gözəyarı ölçüsüdür".
Akademik Midhət Abasovun ömrü də dahi Üzeyir bəyin ömrü kimi əsil gözəllik rəmzidir, Yaradanın gözəyarı məhəbbət və şəfahət ölçüsüdür.