adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
23 Iyul 2016 00:38
4020
GÜNDƏM
A- A+

BƏNZƏRSİZ ADAMIN ÖZÜ VƏ ƏSƏRİ HAQQINDA DÜŞÜNCƏLƏRİM

Qəzənfər Paşayev,
filologiya üzrə elmlər doktoru,
professor

Qocaman şərqşünas Cümşüd Muradovun neçə illərdən bəri mətbuatda ara-sıra xatirələrini, tarixi şəxsiyyətlərlə bağlı fikirlərini, gülməcələrini oxuyub gah gülmüş, gah da düşünmüşəm. O yazılarda düşündürücü anlar daha çox olduğundan yaddaşıma hopub. Hər dəfə Cümşüd müəllimlə görüşəndə söhbətimiz həmin xatirələr ətrafında gedib. Onun şərqlilərə məxsus müdrikliyi, dünyagörüşü, adət-ənənələrimizi dərindən bilməsi, yumoru, ədəbiyyatımıza, mədəniyyətimizə, doğma el-obaya vurğunluğu, nikbinliyi, böyüklər, tarixi şəxsiyyətlər haqqında böyük ehtiramla danışması məni heyran qoyub.
İsrarla xatirələrinizi yazın, çap etdirin - demişəm. Axı, özünüz deyirsiniz ki, görkəmli jurnalist Hacı Hacıyev deyərdi ki, ömrə etibar yoxdur, nəyiniz var yazın, gələcək nəsillərə yadigar qoyun gedin!.
Cümşüd müəllim təbəssümlə deyərdi: "Elə mən də o barədə düşünürəm". Cümşüd müəllimlə neçə illərdir dostluq edirik. Yəqin taledən gələn qismətdir ki, həmişə özümdən xeyli yaşlı adamlarla dostluq etmişəm. Müasirlərimiz mənim Abbas Zamanov, Bəkir Nəbiyev, Qasım Qasımzadə, Budaq Budaqov, İmamverdi Əbilov, Yaşar Qarayev, Hüseyn Kürdoğlu, Teymur Bünyadov, Yavuz Axundlu kimi şəxsiyyətlərlə münasibətimdən xəbərdardırlar. Onlarla dostluğumdan həmişə qürur duymuşam.
Dostlarımdan biri də, artıq qeyd etdiyim kimi dünyanın uzunömürlülər siyahısında yer alan, doxsan yaşı bu günlərdə tamam olan, ictimaiyyət arasında "qənimət adam" kimi tanınan Cümşüd müəllimdir. Onu da deyim ki, Bakı ətrafı kəndlərdə "qənimət adam" və "müəllim" adına layiq görülmək böyük şərafətdir. Dəfələrlə Vasim Məmədəliyev məclisə girəndə "müəllim" gəldi deyərək ayağa qalxdıqlarını görmüşəm. Eyni ehtiramı "qənimət adam" adını qazanan Cümşüd müəllimə də göstərdiklərinin şahidi olmuşam.
Sovet sistemi süqut etdikdən sonra Həcc ziyarətinə ilk gedənlərdən biri - iman sahibi Cümşüd müəllim bu adı xeyirxahlığı (neçə-neçə həmyerlisinə müqəddəs yerləri ziyarət etməkdə maddi-mənəvi dəstək olub), insanlara qayğısı, halallığı, könül toxluğu, ağsaqqallığı, səmimiyyəti ilə qazanıb. Əslində bu keyfiyyətlər uzunömürlülüyə dəlalət edir.
Akademik Telman Əliyev maraqlı bir məsələdən söz açır. Yazır ki, dünya miqyasında aparılmış statistik məlumatlar göstərir ki, 80 yaşa çatmış adamların yalnız bir faizi 90 yaşa çatır. Fəxr edirəm ki, dostum Cümşüd Muradov bu bir faizin içində Azərbaycanı təmsil edir. (Arzu edirəm ki, gələn il dostum Yavuz Axundlunu, 2018-ci ildə isə ağsaqqalım Teymur Bünyadovu o bir faizin içində dünya uzunömürlülərinin sırasında görmək bizə qismət olsun).
Cümşüd müəllim müdrik adamdır. O, müdrikliyi qismən Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars dili şöbəsində təhsil alarkən (1945-1950) müəllimlərindən öyrənib, bədii və elmi əsərlərdən əxz edib.
Mən qismən sözünü təsadüfi işlətmədim. Müdriklik elə keyfiyyətdir ki, o adama istedad kimi, ilahi vergi kimi gəlir. İnsan yaşa dolduqca həyat dərsləri onda yeni keyfiyyətlərə gətirib çıxarır, insan daha da kamilləşir, daha da müdrikləşir. Bunu onun yenicə çapdan çıxmış "Unudulmaz xatirələr" (Bakı, "Adiloğlu" nəşriyyatı, 2016, 280 səh.) kitabından da görmək olur. Kitabın ərsəyə gəlməsindən bir-iki kəlmə demək istərdim.
Düz üç il bundan əvvəl Cümşüd müəllim "Unudulmaz xatirələr" adlı kitabın əlyazmasını mənə verdi və oxuyub fikrimi bildirməyi xahiş etdi. Nə gizlədim, Memuar ədəbiyyat mənim stixiyamdır. Çünki Memuar ədəbiyyatda adətən xalqa başucalığı və şöhrət gətirən, qürur və iftixar mənbəyi olan, adı tarixə qızıl hərflərlə yazılan böyük şəxsiyyətlərdən, həyat həqiqətlərindən, keşməkeşli dünyamızın ibrət dərslərindən söhbət açılır. Mən bunu prof. İmamverdi Əbilovun "Ömrün və elmin romantikası" və prof. Yavuz Axundlunun "Xatirələr işığında ömür keçdi gün keçdi" kitablarında da görmüşəm. Hər iki kitabı istək və məhəbbətlə oxumuşam. Mətbuatda hər iki müəllif və kitab haqqında düşüncələrimi oxucularla bölüşmüşəm.
Cümşüd müəllimin kitabı da istisna olmadı. Kitabda müəllifin ömür yolundan - uşaqlıq, gənclik, tələbəlik illərindən, İrana və Əfqanıstana uzunmüddətli ezamiyyətlərindən, elmi yaradıcılığından (çox işlər görüb. Təəssüf ki, müdafiə etməyib), doğma Qala kəndindən, onun tarixindən, adət-ənənələrindən, tanınmış şəxsiyyətlərindən, məşhur musiqiçilərindən, Qala Muzeyindən söz açır. Ayrıca başlıqlarla müəllifin görkəmli yazıçı, ədəbiyyatşünas alim, Mir Cəlal Paşayev, Azərbaycanın ilk xalq şairi Səməd Vurğun, yazıçı-alim, görkəmli dövlət xadimi Şıxəli Qurbanov, musiqi mədəniyyətimizə xidmətlər göstərən Mansurovlar ailəsi, akademiklər Heydər Hüseynov, Telman Əliyev, xalq şairi Nəriman Həsənzadə, yazıçı Əlibala Hacızadə və digərləri barədə ədəbi ictimaiyyətə az məlum olan xatirələri verilib. Əlyazmanı oxuyub həqiqətən də bənzərsiz olan "Unudulmaz xatirələr"ə "Bənzərsiz əsər" başlıqlı rəy yazdım. Aylar, illər keçdi, bu çox maraqlı və gərəkli əsər işıq üzü görmədi. Hər dəfə Cümşüd müəllimi görəndə kitabın taleyi ilə maraqlanırdım "Darıxma, çıxar" cavabını alırdım. Hətta zarafatla Cümşüd müəllimin oğlu, dostum Elçinə və böyük oğlu Mahirə deyirdim ki, kişinin kitabını çap etdirməyə imkanınız yoxdursa, onu mən çap etdirim. Sən demə, məqsəd kitabı Cümşüd müəllimin 90 illik yubileyi ərəfəsində çap etdirmək imiş...
Bu günlərdə telefonum zəng çaldı. Cümşüd müəllim idi. Sevinclə kitabın çıxdığını xəbər verdi. Kitab nəfis şəkildə çap olunub (Adiloğlu, 2016, 280 səh.). Kitabın çapına ikili sevindim. Kitabın titul vərəqində səliqə ilə yazılıb.
"Əziz qardaşım Qəzənfər!
Çoxdan arzuladığınız kitab işıq üzü gördü.
Sevincimə şərik olmağınıza görə çox məmnunam!
Çox hörmətlə, Sizin Cümşüd".
14.06.2016
Sevincimə səbəb olan bir də o idi ki, bu bənzərsiz kitabın əvvəlində akademik Telman Əliyevin çox maraqlı rəyi ilə bərabər mənim də rəyim çap olunmuşdur. Oxucuların "Unudulmaz xatirələr" haqqında daha dolğun təsəvvürü olsun deyə əsər barədə bir az ətraflı danışmağı münasib bildim. Nəzərə aldım ki, cəmi min nüsxə çıxan bu qiymətli əsəri az qisim oxucu əldə edə biləcək.
Lakin öncə böyük şəxsiyyətlərlə bağlı kitabda yer alan lətifəyə bənzər bir neçə duzlu-məzəli, olmuş əhvalatdan söz açmaq istərdim. Kitabın müəllifı, Mir Cəlal müəllimin kiçik bacanağı Cümşüd müəllim güllü köynək geyməyi xoşlayarmış. Elə indi də güllü köynək geyir. Bir gün təzə bir köynək alıbmış. Mir Cəlal müəllimə müraciət edir ki, köynəyi xoşuna gəlirmi?
Mir Cəlal müəllim deyir:
- Cümşüd, sən o köynəyi alanda yanında bir adam vardı?
Cümşüd müəllim yazır ki, müxtəlif qonaqlıqlarda, toylarda onun haqqında sağlıq deyəndə, qulağıma yarı zarafat, yarı gerçək yavaşca deyərdi:
- Püstəxanımı da yada salsınlar.
Həmişə evə gələn kimi Püstəxanımı soruşardı. Vay o gündən ki, desinlər: "Cümə axşamına gedib".
- O, ölünü diriltməsə, evə gəlməyəcək, - deyərdi.
Cümşüd müəllim yazır ki, Mir Cəlal müəllimin bir şakəri vardı. Maraqlı bir əhvalat haqqında danışmazdan əvvəl gülərdi. Püstəxanım deyərdi: "Ay kişi, söhbəti elə, sonra gül.
Mir Cəlal müəllim mətləbə keçərdi:
Bu gün Ə.Haqverdiyevdən mühazirə oxuyurdum. Birdən Mirzə Cəlilin Haqverdiyevlə olan söhbətləri yadıma düşdü. Çay kənarında oturub söhbət edirlərmiş, kənardan bir "donosçu" onlara qulaq asırmış, ona nəsə deyirlər, o da, oradan uzaqlaşır. Ertəsi gün həmin "donosçu" onlara rast gəlir:
"Dünən məni yaman əkdiniz ha" - deyir.
Haqverdiyev cavabında:
- Səni əkənin atabatasına lənət!
Çox ciddi adam olan akademik Məmməd Arif Mir Cəlal müəllimgilə gəlmişdi. Söhbət əsnasında Məmməd Arif dedi:
- Mir Cəlal, bilirsən, "Beşmərtəbə"dən yuxarı, "Azad qadın" heykəlinin ətrafında kimlər yığışır?
- Kimlər?
- Ürəyi yumşaq qadınlar.
Mir Cəlal müəllim təbəssümlə dedi:
- Ay Arif, bəs sənin orada nə işin vardı?!
Ordubadinin 60 illik yubileyində bir qələm sahibi iştirak etmədiyindən, ədibi görəndə üzrxahlıqla deyir:
- Mirzə, sənin 100 illiyində mən məruzə edəcəyəm.
Ordubadi deyir:
- Gədə, sən o vaxta qalmazsan!
Bir dəfə Səməd Vurğun ailəsi ilə birlikdə süfrədə oturub parça-bozbaş yeyirmiş. Kasasından yaxşı bir tikə götürüb ov itinə verir.
Uşaqlardan biri deyir:
- Ata, iti bizdən çox istəyirsən?
Səməd Vurğun deyir:
- Az danış, hamınızı bir istəyirəm.
Lətifəyə bənzər əhvalatların sayını artırmaq da olardı. Lakin dənizin suyunun duzlu olduğunu bilmək üçün bir damla bəs etdiyi kimi, misal gətirdiyimiz maraqlı əhvalatlar da o böyük insanlar barədə təsəvvür yaradır, insanın əhval-ruhiyyəsi daha da yaxşılaşır.
Buna görə Cümşüd müəllimə təşəkkür etmək azdır.
O ki, qaldı Cümşüd müəllimin çox maraqlı kitabına, şübhəm yoxdur ki, zəngin hadisələrlə dolu, mənalı yaşanmış uzun bir ömrün salnaməsi olan "Unudulmaz xatirələr" hamının, xüsusən də Bakı əhlinin stolüstü kitabma, anlayanlar üçün bir müdriklik məktəbinə çevriləcək. Oxucunu düşündürəcək. İndiki zamanda buna çox
ehtiyacımız var. Təkcə oxuculara ünvanlanmış bir səhifə yarımlıq "Bir neçə söz"ün hər cümləsi qızıl qiymətli fikirlər olub, onun müəllifinin necə dərin biliyə, həyat təcrübəsinə malik, müdriklik zirvəsində dayanan, həyat və insanlıq barədə nüfuzlu söz deməyə qadir bir insanla üz-üzə dayandığımızdan xəbər verir: "Həyatda qazancım insanların hörmət və ehtiramı, itkim isə nəfsimin çəkib aparmaq istədiyi arzularım, istəklərim olub". Böyük fikirdir. Hamı yaxşı bilir ki, nəfsini boğmaq çətindir. Təəssüf ki, çoxları nəfsini cilovlaya bilmir. Nəticədə peşmançılıqla üz-üzə qalır.
Könül toxluğu, xeyirxahlıq Cümşüd müəllimin yaşam tərzidir. Xeyirxahlıq nəinki təkcə insanların hörmət və ehtiramını qazandırır, eləcə də ömür uzadır. Cümşüd müəllimin 90 yaşı haqlaması onun xeyirxahlığı, insanlara xoş münasibəti, könül rahatlığı sayəsində mümkün olmuşdur.
Bəşər övladı üçün vacib olan bu məsələlər kitabda qırmızı xətt kimi keçir. Cümşüd müəllim ömrü boyu xalqa gərəkli işlər görmüş, rahat həyat keçirmişdir.Bunu kitabın hər səhifəsindən aydınca görmək olur. Kitabı vərəqlədikcə poeziyasını çox sevdiyim,odur ki, yaradıcılığına Gülzar İbrahimqızı ilə portret kitab həsr etdiyim Tofiq Bayramın Qaysın Quliyevdən tərcümə etdiyi misralar gəlirdi:
Qoy şirin yuxuna girsin gecələr,
Sənin ürəyincə olan bir həyat.
Ləkəli deyilsə vicdanın əgər,
Sən arxayın yat!
Cümşüd müəllim ürəyincə olan bir həyat yaşayıb və həyatının ən mənalı anlarını kitaba köçürüb. Kitab bir-birindən maraqlı fəsillərə bölünüb. Burada "Qala kəndi" - ömrümün yenilməz qalası", "Həyat salnaməsi", "Səfərlərim", Əfqanıstan, İran və s. ölkələrə uzunmüddətli ezamiyyətləri və təəssüratlarından "Görkəmli şəxsiyyətlərlə bağlı xatirələrim", "Eşitdiklərim, gördüklərim, bildiklərim", (Cümşüd müəllim bu bölmədə ibrətamiz məsələlərdən, maraqlı hadisələrdən söz açır), "Mətbuatda dərc edilmiş məqalələrimdən seçmələr" və s. faktlarla zəngin, adamı ağuşuna alıb, öz aləmindən ayıran bölmələr vardır. Kitabı oxuduqca Cümşüd müəllimin sadəliyi, təvazökarlığı və səmimiyyəti insanın qəlbinə hakim kəsilir və müəllif gözündə ucalır. Elə fəsillərin başlıqları özləri çox şey deyir. Bilənlər bilir ki, Cümşüd müəllim böyük yazıçı və alim Mir Cəlal müəllimin kiçik bacanağıdır. O, görkəmli ədibimiz vasitəsilə bir çox şəxsiyyətlərlə ünsiyyətdə olub. Qələmə aldığı epizodlar onların, eləcə də Mir Cəlal müəllimin xarakterinin müəyən məqamlarını, bəzilərinin talelərinin qaranlıq səhifələrini açıb göstərməkdə əvəzsiz mənbədir.
Cümşüd Muradovun "Unudulmaz xatirələr" kitabı tarixi-etnoqrafik yönlü memuar əsərdir. Kitabın həm yaşlı, həm də gənc nəsil üçün eyni dərəcədə gərəkli olacağına əminəm.
Bu kitabın ən böyük məziyyətlərindən biri də ondan ibarətdir ki, onun təsiri ilə tariximiz, ədəbiyyatımız, tarixi şəxsiyyətlərimiz, ümumən mədəniyyətimizin qaranlıq səhifələrinə işıq tutacaq "Unudulmaz xatirələr"ə bənzər bir çox kitablar meydana gələcək. Odur ki, bu bənzərsiz ibrətamiz, əsəri əldə edib oxumağı tövsiyə edirəm.