adalet.az header logo
  • Bakı 18°C
23 Iyul 2016 00:23
7599
LAYİHƏ
A- A+

BURA YARDIMLIDI

Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

Bakıdan kifayət qədər uzaq bir məsafədə yerləşən və əslində dağlar qoynunda məskən salan barlı-bərəkətli torpaqlarımızdan birinin də ünvanı Yardımlıdı. Bu qədim diyarın təkcə təbii mənzərəsi ilin bütün fəsillərində hər kəsin diqqətini çəkir. Çünki burdakı özəlliklər əslində böyük şəhərlərdə, aran ellərində ancaq xəyal edilə bilər. Görünür, Allah xalqımızı və onun yaşam ünvanı olan Azərbaycanı yüksək dəyərləndirdiyindəndir ki, bizim coğrafiyadan iqlim qurşaqlarının böyük bir hissəsi keçir. Bax, elə bu səbəbdəndir ki, Azərbaycanın bu cənub bölgəsində fəsillər də bəzən bir-birirnə qarışır. Çünki qışın qar qalağını dəlib çıxan qar çiçəkləri adama yazı xatırladır.
Bugünlərdə, məhz həmin o qar qalaqları yenicə isinməyə başladığı Yardımlıya səfər etdik. Yol boyu gördüyümüz mənzərələr təbii ki, bizi qarşıda gözləyən Yardımlı gözəlliklərinin qarşısında yalnız bir keçid, bir yaxınlaşma idi. Yəni hər bölgənin xarakterik cəhətlərinin olması ilə bahəm oxşarlıqları da danılmazdı. Amma nədənsə bu oxşarlıqların az qala ən əlçatmazı elə Yardımlıda bizi gözləyirdi və biz də onun görüşünə tələsirdikg
Bəli, bu da dağlar qoynuna sığınmış Yardımlı şəhəri. Bu şəhər Azərbaycanın dünəni ilə bugününü özündə birləşdirib. Hündür mərtəbəli binalarla yanaşı, sovet dönəmindən qalan evlərin də bir-birinə söykənməsi adamda qəribə hisslər oyadır.
Üstəlik də rayon mərkəzində aparılan abadlıq işləri, tikilinə sosial obyektlər bu mənzərəni bir az da cilalayır. Bizimlə birlikdə olan, əslən Yardımlı nümunəsi Şamxal Şabiyev də həm bu mənzərə barəsində bizə bilgilər verir, həm də bizi rayonla daha yaxından tanış edirdi.
Yol-yoldaşımızın təqdimatından öyrəndik ki, bu gün Yardımlıda ötən illərlə müqayisədə çox önəmli irəliləyişlərə nail olunub. Xüsusilə 2015-ci ilin sosial-iqtisadi inkişafında yardımlı sakinləri bir-birindən uğurlu layihələrin həm iştirakçısına, həm də şahidinə çeviriliblər, regionların inkişafına dair Dövlət Proqramına uyğun olaraq ötən il Yardımlıda tikinti-abadlıq işləri daha da sürətlə aparılır. Bunların arasında yol tikintisini xüsusilə qeyd etmək lazımdı. Çünki təbiətin tez-tez şıltaqlıq etdiyi bu bölgədə yolları tam istismara yararlı vəziyyətdə saxlamaq o qədər də asan iş deyil. Bunun üçün həm böyük vəsait, həm də texnika və insan qüvvəsi gərək olur.
Doğrudur, rayonda yol tikintisi ilə məşğul olan konkret təşkilat var və Azərbaycan prezidenti İlham Əliyev cənablarının ölkənin bütün bölgələrinə göstərdiyi diqqətin içərisində Yardımlının da öz yeri, öz payı var. Bax, bu mənada rayon üçün prezidentin ehtiyat fondundan ayrılan vəsaitin planlı və dürüst xərclənməsi Yardımlının həm xarici görünüşünü, yəni görkəmini dəyişir, həm də insanların sosial rifah halını daha da yüksəldir.
Bu gün Yardımlıda gerçəkləşdirilən Dövlət Proqramının tələblərini gözdən keçirəndə onda məlum olur ki, ötən il rayonda günün tələblərinə cavab verən bir çox layihələr gerçəkləşdirilmişdi.
Xüsusilə rayonda fəaliyyət göstərən sahibkarların, ayrı-ayrı iş adamlarının dəstəyi ilə Yardımlı şəhərində yerli iqtisadiyyatdan qaynaqlanan sahələrin yaradılması və inkişafı istiqamətində diqqətçəkən tədbirlər gerçəkləşdirilmişdi. Nəticədə də yaradılmış bu real və gerçək şəraitdən istifadə edən sahibkarlar və iş adamları həm özləri üçün, həm də Yardımlı üçün zəruri saydıqları iqtisadi layihələrin təməlqoymasını reallaşdırmışdılar. Sonda bu həm rayon üçün yeni iş yerlərinin asılmasına, həm də insanların öz ideyalarını həyata tətbiq etməsinə bir növü qapı açmışdı.
Qeyd edək ki, bu bölgənin təbiətlə bağlı problemi elektrik və rabitə ilə bağlıdır. Ona görə də tez-tez təbii səbəblər üzündən elektrik enerjisindən, rabitədən əziyyət çəkən yerli sakinlərin problemini köklü həll etmək üçün daha müasir texniki avadanlıqlardan istifadə etməklə planlı və davamlı işlərin aparılması bir zərurət kimi gündəlikdə durur. Rayon rəhbərliyi də bu məsələni diqqətdə saxlamaqla problemin həlli üçün gərəkli addımlar atır. Elə bunun nəticəsidir ki, rayonda yeni elektrik xətlərinin çəkilməsi, rabitə sisteminin yenidən qurulması, ötürücülərin, transformatorların və digər zəruri məsələlərin çözülməsi ən yüksək səviyyədə həllini tapmaqdadır. Əgər fikirlərimizi konkretləşdirsək, onda deyə bilərik ki, ötən il Yardımlıda 10, 63 və 100 KVA-lıq transformatorların quraşdırılması uğurla həyata keçirilmiş, üst-üstə 10 km əhatə edən məsafələrdə yeni faza xətləri çəkilmişdir. Bununla paralel olaraq ATS-lərin yenilənməsi, rabitə sisteminin müasirləşdirilməsi də gündəmdə saxlanılmışdır ki, bu da öz nəticəsini yüksək xidmətdə göstərmişdir.
Ümumiyyətlə, Yardımlı rayonundakı bugünkü durum onun özünəməxsus növrağından xəbər verir. İnanırıq ki, dağlar qoynunda günbəgün gözəlləşən bu bölgəmiz daha uğurlu, daha gözəl növrağlara qovuşacaqdır.
Faktiki olaraq bu gün Yardımlıda Ulu Öndərin adını daşıyan parkda və onun ətrafında görülən işlər, həmçinin şəhər mərkəzindəki köhnə, gərəksiz obyektlərin sökülüb yenisi və müasiri ilə əvəz edilməsi həm rahatlıq baxımından, həm də gözəllik baxımından rayon üçün çox önəmli sayıla bilər.
Burada onu da qeyd etmək lazımdır ki, Yardımlıda insanların sosial yardım, təhsil, səhiyyə, mədəniyyət sahəsində əldə etdikləri nailiyyətlər və bu sahələr göstərilən diqqət və qayğı da daim diqqət mərkəzindədi. Çünki rayon rəhbərliyi bugünkü iqtidarın, xüsusilə Azərbaycan prezidenti İlham Əliyev cənablarının məqsədini, tələblərini kifayət qədər dəqiq bilir və onu Yardımlıda gerçəkləşdirirlər.