adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
23 Iyul 2016 00:11
4396
GÜNDƏM
A- A+

Göyçayda Milli Mətbuat gününün bayram sevinci

İyul ayının 21-də Göyçay Rayon İcra Hakimiyyətinin ideoloji mərkəzində Azərbaycan Milli Mətbuatının yaranmasının 141-ci ildönümünə həsr edilmiş təntənəli yığıncaq keçirildi. Tədbirə bir sıra respublika qəzetlərinin, televiziya şirkətlərinin nümayəndələri, rayon ziyalıları və veteran jurnalistlər dəvət olunmuşdu.
Yığıncağı giriş sözü ilə açan Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə mətbuat nümayəndələrini Milli Mətbuat günü münasibətilə təbrik edərək 22 iyulu Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri kimi dəyərləndirdi.
Rayon İcra Hakimiyyətinin başçısının müavini Rəxşəndə Rəcəbova milli mətbuatımızın yaranması, keçdiyi çətin və şərəfli yoldan bəhs edən məruzə ilə çıxış etdi. O, böyük ziyalı, vətənpərvər şəxsiyyət Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan "Əkinçi" qəzetini milli mətbuatımızın ilk nümunəsi kimi dəyərləndirməklə yanaşı, peşəkar milli jurnalistikanın təşəkkül tapmasında müstəsna rol oynadığını qeyd etdi. Sonralar meydana çıxan "Ziya", "Ziyayi-Qafqaziyyə", "Şərqi-rus", "Kaspi" qəzetlərinin, "Molla Nəsrəddin", "Füyuzat", "Babayi-Əmir", "Zənbur" jurnallarının "Əkinçi" ilə başlanan mütərəqqi ənənələri ləyaqətlə davam etdirdiyini vurğuladı. Məruzəçi ötən əsrin ana dili mətbuatının ən yaxşı nümunələri kimi "Kommunist", "Azərbaycan gəncləri", "Sovet kəndi", "Ədəbiyyat və incəsənət", "Bakı" və "Baku" qəzetlərinin, "Azərbaycan", "Ulduz", "Qobustan", "Kirpi" jurnallarının oxucular tərəfindən böyük maraqla qarşılandığını, demək olar ki, hər ailənin bu mətbuat orqanlarının oxucusu olduğunu da qeyd etdi. Məruzədə Azərbaycan müstəqillik qazandıqdan sonrakı dövrdə mətbuatımızın vəziyyətinə də geniş toxunuldu, "Azərbaycan", "Xalq qəzeti", "Səs", "İki sahil", "Ədalət", "525-ci qəzet" və başqa mətbuat orqanlarının dövlətçiliyin möhkəmlənməsində, milli şüurun, özünüdərkin təşəkkül tapmasında xüsusi yerləri olduğunu diqqətə çatdırdı.
Rayonun ilk qadın jurnalisti, on il "Yeni həyat" qəzetinə redaktorluq etmiş İşrət Abbasova veteranlar adından öz həmkarlarını təbrik edərək yaradıcılıq uğurları arzuladı.
"Ədalət" qəzetinin baş redaktorunun regionlar üzrə müavini, tanınmiş yazıçı-jurnalist Məzahir Əhmədzadə çıxışında müasir Azərbaycan mətbuatının uğurlarından, vəzifələrindən, müasir mətbuatımızın dünya mətbuatının ən qabaqcıl nümunələri ilə bir səviyyədə dayanmasından, bu işdə Milli Mətbuat şurasının apardığı məqsədyönlü fəaliyyətdən bəhs edərək bildirdi ki, ümumən mətbuatımız Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bir sıra uğurlara imza atmışdır. Ölkəmizin sürətli inkişafını, əldə etdiyi qlobal nailiyyətləri, siyasi-iqtisadi, hərbi, mədəni sahədə ölkə rəhbərinin yorulmaz və müdrik fəaliyyətini layiqincə işıqlandırmaq üçün media nümayəndələri hələ çox işlər görməlidir.
Məzahir Əhmədzadə çıxışında Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin mətbuat işçilərinin ən böyük dostu və xeyirxahı olduğunu nəzərə çatdırdı.
O, uğurlarla yanaşı, mətbuat sahəsində bir sıra nöqsanların da mövcudluğunu qeyd edərək bildirdi ki, qeyri-peşəkarların, istedadsız və təmənnalı adamların mətbuata gəlməsi, həm oxucularda, həm də əsl mətbuatın keşiyində duranlarda narahatlıq doğurur. Amma zaman öz sözünü deyəcək, qeyri-peşəkarlar, "reket-jurnalistlər" zamanın süzgəcində ilişib qalacaq, gec-tez mətbuat belələrindən təmizlənəcəkdir.
AzTV-nin xüsusi müxbiri Samir Quliyev çıxışında televiziyanın əhalinin maariflənməsində, ölkədə gedən nəhəng quruculuq işlərinin, analoqı olmayan inkişafın təbliğində böyük imkanlara malik olduğunu qeyd edərək televiziya işçilərini vətənin sədaqətli əsgəri adlandırdı.
Bu sətirlərin müəllifi əsl, peşəkar mətbuatın milli sərvət olduğunu qeyd etməklə yanaşı, bu gün imzaları bütün ölkədə tanınan, öz yüksək səviyyəli, böyük istedadın məhsulu olan yazıları ilə minlərlə oxucunun ürəyinə yol tapan qələm sahiblərindən İradə Tuncayın, Məzahir Əhmədzadənin, Loğman Rəşidzadənin və başqalarının yaradıcılığının dəyərli sənət nümunələri olduğunu vurğuladı. O, həmçinin bildirdi ki, Məzahir müəllim bədii-estetik dəyərə malik olan publisist əsərləri ilə yanaşı, regionların sosial-iqtisadi inkişafı ilə bağlı yüzlərlə yazının müəllifidir.
Tədbirin sonunda etdiyi yekun çıxışda Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə mətbuatı milli mədəniyyətimizin mühüm bir sahəsi hesab etdiyini, vətənpərvərlik, azərbaycançılıq, milli şüur kimi dəyərlərin formalaşmasında mətbuatın əvəzsiz rol oynadığını xüsusilə vurğulayaraq Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin mətbuat işçilərinə göstərdikləri qayğıdan, diqqətdən danışdı.
Tədbirin sonunda mətbuat işçilərinə və veteran jurnalistlərə Rayon İcra Hakimiyyətinin hədiyyələri verildi.
Adil Məmmədov