ANA SƏHİFƏ / RUBRİKA

“Dedilər ki, öz vertolyotumuzu vurmusuz” - DÖYÜŞ TARİXİ

41807    |   2016-07-22 17:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Müharibədə nə qədər ağrılı-acılı tarix yaşasan da, onun xatirələrlə dolu nəticəsi bir gün belə uzun-uzadı danışmağına vəsilə olur. Unutmadıqların və yaxud səni unutmayanlar xatirə filmini yaradır. Qazilər danışanda elə bil insan film izləyir. Rejissoru özün olursan, operator gözlərin, içində yaranan savaş romantikası isə çevrilir olur həmin "film”in premyerası... Elbrus Mustafayevin danışdıqları film yaratdı.

"Döyüş tarixi” rubrikamızın növbəti qonağı Mustafayev Elbrus Zülfüqar oğlu 5 may 1959-cu ildə Ağdam rayonu Xıdırlı kəndində anadan olub. Atası Mustafayev Zülfüqar Qayıb oğlu 1960-cı illərdə Azərbaycanın məşhur neftçilərindəndir və 1964-68-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı olub. Atası Siyəzən Qazma idarəsində çalışdığı dövrlərdə uşaqlığı Siyəzən qəsəbəsində keçib. Məktəb illərinin ilk dövrünü Siyəzən şəhər 2 nömrəli orta məktəbdə keçirən qazi daha sonra 1968-ci ildə doğma kəndi Xıdırlıya qayıdaraq təhsili orada davam etdirib. 8-ci sinfi Xıdırlı kənd orta məktəbində bitirdikdən sonra Bakıya gələrək orta təhsilimi kimya-biologiya təmayüllü 5 nömrəli internat məktəbində başa vurub. Əmək fəaliyyətini fəhləliklə başlayan qazi daha sonra sənədlərini indiki Kənd Təsərrüfatı İnstituna verərək oraya qəbul olub. Xıdırlı kəndində aqronom işləyən Elbrus Mustafayev daha sonra 1985-1991-ci illərdə Aqrar sənaye işçiləri həmkarlar ittifaqı Ağdam rayon komitəsində əvvəlcə təlimatçı – müfəttiş, sonra isə baş mühasib vəzifəsində işləyib:

"1991-ci ilin iyul ayında Qarabağda müharibə qızışanda kənd camaatımızın ümumi yığıncağında, kəndimizdə yaradılan 50 nəfərlik zastavaya kənd sakinlərinin seçimi ilə komandir təyin olundum. 01 noyabr 1991-ci ildən Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin yaratdığı Ağdam ərazi özünü müdafiə batalyonunun tərkibinə bir dəstə şəklində qəbul olduq və mən dəstə komandiri təyin olundum. 1992-ci ilin aprel ayında 836-cı alayın nəzdində kəndimizdə rota yaradıldı və mən komandir təyin olundum. 1992-ci ilin noyabr-dekabr aylarında 836-cı alayın komandir müavini olmuşam. Alay dağıdıldıqdan sonra 1993-cü ilin yanvarından aprel ayına qədər 708-ci briqadanın nəzdində 2-ci batalyonun qərargah rəisinin müavini olmuşam. Qarabağ müharibəsində kəndimizin igidləri ilə bərabər baş serjant rütbəsində, "zastava” komandirliyindən alay komandirinin müavini kimi şərəfli bir döyüş yolu keçmişəm. Qarabağda Ağdamın və Ağdərənin ermənilərlə sərhəd olan, bütün kəndlərinin müdafiəsində iştirak eləmişəm və düşmənə bir qarış torpaq belə verməmişik. Bir türk oğlu kimi son nəfəsimə qədər VƏTƏNİM və XALQIM naminə döyüşüb və ölməyə hazıram. Kaş öləydim, Ağdamın bu gününü görməyəydim. Mənim cənnətim Qarabağ, qibləm Ağdamın Şəhidlər Xiyabanıdır. Ağdamsız yaşadığım illəri ömrümdən saymıram. Ağdamın igidləriylə həmişə fəxr eləyirəm, Vətənin dar günündə onlarla çiyin-çiyinə bir səngərdə olduğumdan şərəf duyuram”.

Onun unudulmaz qəhrəman silahdaşları olub

Müsahibimiz "döyüş tarixini” ağır keçdiyini deyir:

"8 may 1992-ci il Xıdırlı rotası üçün ağır bir gün oldu. ...mayın 7-si axşam Ağdamdakı hərbi hissələrin əksəriyyətinin komandirləri Şahbulaqda, bizim polka yığışmışdılar. Briqada komandiri Elxan Orucov, Şirin Mirzəyev, Faiq Baxşəliyev, Yaqub Rzayev və iki-üç nəfər də nazirlikdən gəlmişdi. Şuşaya yardım məqsədilə aldadıcı manevir planlaşdırılırdı. Sabah Fərrux yüksəkliyi və Fərrux kəndi alınmalı idi. Fərrux dağının ən çətin sıldırımlı hissəsiylə qalxmaq məhz Xıdırlı rotasına tapşırılmışdı. Mənə tapşırıq veriləndə nədənsə Elxan Orucov Mirzəyevdən soruşdu ki, "bilir hara gedir?" Mirzəyev cavab verdi ki, "onlar öz işlərin yaxşı bilirlər". Sonra bildim ki, ən çətin sahə bizə tapşırılıb. Rəhmətlik Komandirimiz əmin idi ki, onun etimadını doğruldacayıq. Saat 6-da dağın başında pozisiyada olmalı idik. Vaxtında pozisiyanı tutduğumuzu komandirə məlumat vermək istəyəndə sərəncamımda olan 2 ədəd R-58 ratsiyanın ikisinin də antenasının dibindən kəsilmiş olduğu məlum oldu (bu hələ də mənə bir sirr olaraq qalır). Ratsiyalar işləmədi. Antenaları təmir etməyə çalışdıq. Güc- bəlayla Mirzəyevlə əlaqə yarada bildim. Kimsə başqa birisi onun adından bizim gecikdiyimizi, hamının çoxdan kənddə olduğunu qışqır-bağırla mənə deməsindən başa düşdüm ki, danışan komandir deyil. Ancaq vaxt itirmək olmazdı, tanklarımızın səsi dağın ətəyindən eşidilirdi. Mühasirəyə düşməmək üçün rotanı 3 hissəyə böldüm. Birinci dəstəni sağa, ikinci dəstəni sola göndərdim. Üçüncü dəstəylə özüm mərkəzdə qaldım. Bir az da yaxşı mövqe tutmaq üçün dağın üstündəki taxıl sahəsinin ortasında yerləşən ermənilərin səngərinə yerləşdik. Kəndlə aramız 250-300 metr olardı. Ara-sıra bizi atəşə tuturdular. Get-gedə də atəş intensivləşirdi. Yarım saata qədər səngərdə qaldıq. Yaqubun dəstəsiylə gəlmiş çeçen uşaqları da bizimlə idilər. Əslində onlar bizim solumuznan qalxmalı idilər. Az keçmədi ki, snayper gülləsindən sıravi döyüşçü - RƏHİMOV RASİM NƏBİ OĞLU şəhid oldu. Ermənilər kənddə gücləndilər, güllə yağışı gücləndi, ordudan bir xəbər çıxmadı. Bir azda ləngisək, xilas olmaq ehtimalımız olmayacaqdı. Məcbur olduq meyitimizi götürüb geri çəkildik. Allah saxladı, güllənin altından salamat çıxa bildik. Əməliyyatın pozulduğunu başa düşəndə uşaqlara RASİMİ də götürüb aşağı düşməyi tapşırdım. Özümsə dağın başında qalıb uşaqları axtarmağa getdim. Ancaq çox uzağa gedə bilmədim, güllələr imkan vermirdi. Hər tərəf minayla dolu idi. Hərəkət eləməyə seçim az idi. Meşənin aşağılarında uşaqların səsini eşidirdim. Nə qədər çağırsam da onlar məni eşitmədilər. Bir təhər geri qayıdıb qalxdığımız yolla aşağı düşdüm. Dolayı yola çatanda dönüb geri baxdım. Gördüm ki, iki erməni məni qumbaraatanla nişan alıblar. Aramız 150-200 metr olardı. Ağacın dalına keçdim, ancaq mərmi çox yuxarıdan gedib meşənin içinə düşüb partladı. Xoşbəxtlikdən xəsarət alan olmadı. Mən də yoldaşların arxasınca dağdan endim. Kəndimizin camaatı dağın dibində bizi gözləyirdilər. Şəhid qardaşımız Rasimi kəndə apardılar. Təkcə oturub qalmışdım üçbulağın yanında. Bir də gördüm döyüşçü yoldaşımız İbadov Akif meşədən mənə tərəf ağlaya-ağlaya gəlir və deyir: "komandir Eldarı vurdular, Eldar şəhid oldu". HÜMMƏTOV ELDAR ƏHMƏD OĞLU - kiçik leytenant, dəstə komandiri idi. "Vətən uğrunda irəli" deyərək dəstəsini hücuma qaldırmış, ancaq bu dəfə də snayper imkan verməmiş, düz ürəyindən vurmuş. Döyüşçülər ELDARIN meyitin çox çətinliklə güllənin altından çıxarmışlar. Biz tərəfə düşmək imkanı olmayıb deyə Cinli kəndinə yendirmişdilər”. RASİM və ELDAR qardaşlarımızı o biri şəhid qardaşlarımızın yanında - AĞDAMIN ŞƏHİDLƏR XİYABANINDA torpağa tapşırdıq. Mayın 9-da ELDARI dəfn eliyəndə camaat xəlvətcə xısın-xısın bir-birinin qulağına pıçıldayırdı ki: "deyəsən ŞUŞA gedib"...

-Elbrus müəllim, Vaqifin xəbərini necə eşitdiniz? Onu danışmağın məncə, əsl yeridi. Zəhmət olmasa düşmən helikopterinin vurub salınması epizodu barədə xatirələrinizlə də bölüşərdiz.

İyunun 12-də keçirilən hücum əməliyyatı müvəffəqiyyətlə başa çatdıqdan sonra rəhmətlik komandirimiz Şirin Mirzəyev bizim rotaya Yeni Qaralarda ehtiyatda qalmağı və Fərrux tərəfə nəzarət eləməyi tapşırmışdı. Səhərisi gün nahar eləməyə batalyona getdik və saat 4 radələrində geri qayıtdıq. Biz geri gələndə bizim yanımıza təzə bir tankın və bir qədərdə canlı qüvvə gəldiyini gördük. Təzə tikilmiş binanın arxasında - KŞM-in arxasında - saqqallı bir oğlanın uzandığını və onun yanında əvvəllər görmədiyim bir silahın olduğunu müşayiət elədim. Yaxınlaşıb tanış oldum. Bakıdan olduğunu dedi adı, isə Ağayla başladığından hamı məni Ağa deyə çağırır dedi. Soruşdum ki, bu nədir? Dedi bu "İQLADI", uçan obyektləri vurmaq üçündür. Dedim ki, onsuz da bekarçılıqdı, bu silahı işlətməyi bizə də başa sal, bəlkə döyüşdə lazım oldu. Dedi, mənim gözüm üstə. Ağanın yanında bir cavan köməkçisi var idi. Ona dedi ki, sən anlat görüm düz bilirsənmi? Əvvəl o başladı, arxasın Ağa başa saldı. Sonra mən durub pozisiyalara nəzarət eləməyə başladım. Hərlənib gəlib qonşu binanın arxasında hücum vaxtı minaya düşmüş bir tankımızın yanında təmirçilərə kömək eləyirdim. 

Katoku dəyişmişdilər, köməkli sepi çəkirdik. Təzəcə işi qurtarmışdıq ki, qəfildən iki helikopter peyda olub bizim Kiçandakı pozisiyalarımızı vura-vura dağdan Xaçın çayına tərəf düşürdülər. Yolla Sırxavəndən bizə tərəf gələn maşınlarımıza divan tutdular. Çaya çatanda ermənilər meşədən trasiruşiy güllələrdən piramida şəkilində atəş açdılar. Sən demə, bizim Vəng körpüsünə nəzarət eliyən kəşfiyyat dəstəmizi mühasirəyə alıb işarə verirlərmiş ki, helikopter onları qırsın. Hamı bir an donub qalmışdı, qəfildən Ağa yadıma düşdü. Qışqırdım Ağa, Ağa, hay vermədi. O, yerində deyildi. Bir də gördüm ki, köməkçi əlində iqla mənə tərəf qaçır. O mənə çatmamış Ağa ona çatıb iqlanı əlindən aldı və qaça-qaça hazırlıq işlərin gördü. Mənim yanıma çatanda əmr elədim ki, helikopteri vursun. Helikopter yerində fırlanırdı ki, bizim kəşfiyyatçılara hücum eləsin. Ağa ona imkan vermədi, raketi buraxmaqla vurmağı bir oldu, o birisi aradan çıxdı. Bayaqdan kinoya baxan tamaşaçılar kimi sakitcə döyüşü seyr eliyən döyüşçülərimiz bir atəşfəşanlıq elədilər ki, gəl görəsən. Mirzəyevlə əlaqə yarada bilmədikdə briqadaya raport verməyi qərara aldım. Ratsiya ilə briqadanı yığıb erməni helikopterini vurduğumuzu "doklad” elədim... keşkə eləmiyəydim. Ağızlarından gələni mənə dedilər. Dedilər ki, öz vertolyotumuzu vurmusuz. Qulaqlarım batdı, əlim-ayağım əsməyə başladı. Ağa mənnən də pis günə düşdü. Hamının kefinə soğan doğrandı, səs-küy kəsildi. Əsgərlərin baxışından nələr oxuduğumu onu bir Allah bilir, yazmağa söz tapmıram. İkimiz də yarı ölü vəziyyətində binanın arxasında barıya sıxılıb qalmışdıq. Bu ara helikopterin maşınların üstündə gələn yaraladığı əsgərlərimizi gətirdilər. Birdən alayın qərargah rəisi Sabir Abbasov Mirzəyevin maşınında gəldi. Maşından düşəndə ayaq üstə güclə dururdu, dili ağzından bir qarış çölə çıxmışdı, təmiz özünü itirmişdi. Ay Allah sizə kömək olsun, sizə kim dedi axı vertolyotu vurduz, evimizi yıxdız. Briqadadan zəng vurub mənnən izahat istəyirlər... Ayağa qalxıb gəldim Sabirin yanına, dedim ki, bu yaralıları görmürsən, bizimkiydisə niyə bizimkiləri qırırdı? Mirzəyevin maşının minamyot yaraladığından Sabirlə maşını dəyişmişlərmiş. Həmişə birinci zəngə cavab verən komandirin niyə zənglərə cavab vermədiyini indi anladım. Şoferdən xahiş elədim ki, çalışıb komandirlə məni calaşdırsın. Az keçmədi Mirzəyev cavab verdi. "Doklad” elədim ki, komandir, bizim pozisiyaları vuran vertolyotu vurdurdum. Briqadadan deyirlər ki, özümüzünküdür, bu necə ola bilər? Bilirsiz bura nə qədər yaralı gəlib. Rəhmətlik dedi ki, qələt eləyirlər, yalan deyirlər. Bizimki olsaydı ən azından mənə məlumat verməli idilər. Düz eləmisən, yoxsa bizi məhv eləmişdi. Bu sözlərdən sonra bir az ürəkləndim, təzədən briqadanı yığdım. Dedim ki, bəs Mirzəyevlə danışdım, dedi ki, bizim vertolyot olsaydı mən bilərdim.

-Bəs bizim təyyarəni vurduğunuzu hansı əsasla deyirdilər sizə?

- Daha sonra zəng edəndə dedilər ki, Vaqifin təyyarəsi Əsgəranda vurulmuşdu. Elə bildik siz vurmusuz. Orda bizim vertolyotumuz-filan olmayıb. Bu xəbəri eşidəndə sevinmək əvəzinə qəhər məni boğdu. Adını eşitmişdik, üzünü görməsək də hamı onu çox istəyirdi. Hər dəfə Vaqif başımızın üstündən uçub düşmənə hücum eliyəndə ona baxıb fəxr eləyirdik. Hamı ürəyində Allaha dua eləyirdi ki, Vaqifə bir şey olmasın. Təəssüf Qarabağın ilk şahini həmin gün əbədiyyətə qovuşaraq ŞƏHİD oldu.

-Allah rəhmət eləsin.

- Helikopter vurulanda kəşfiyyatçılarımızı mühasirəyə alan dığaların arasına vəlvələ düşür, rəhmətlik İdris dayının bacarığı sayəsində 44 nəfərdən ibarət rəhmətlik Yavərin başçılıq elədiyi kəşfiyyat dəstəmiz sağ-salamat mühasirədən çıxa bilirlər. Az sonra gəlib bizim yanımıza çıxdılar. Yavərin uşaqlarında o İQLADAN iki dənə gördüm. Soruşdum ki, nə yaxşı özünüz vurmadınız. Rəhmətlik Yavər dedi ki, mən bunlara vurun əmri verəndə dedilər ki, komandir biz bunu ata bilmirik. O uşaqlar Elxan Orucovun briqadasından Yavərə verilmişdilər. Erməni vertolyotunu vurduğumuza görə Ağanı bilmirəm, şəxsən mənim mükafatım az sonra qospitalda ürəyimin kardioqramasın çıxardanda bəlli olan keçirdiyim infarkt miakard oldu. İndi hər şey yolundadır ancaq mən və silahdaşların həmin Ağanı axtarırıq...

Rüfət Soltan




İmza:
SON XƏBƏRLƏR
2017-01-21
2017-01-20


VİDEO