adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
22 Iyul 2016 15:17
11668
ƏDƏBİYYAT
A- A+

Türkiyədə oxuculara maraqlı səyahət hədiyyə olunur

Türkiyədə ədəbiyyatsevərlər üçün maraqlı turlar təşkil edilir. Artıq ənənə halını almış bu turlarda oxucular sevdikləri əsərləri gerçəkdə hiss edə biləcəklər. Yəni əsərdə cərəyan edən hadisələr və onların baş verdiyi yerlərə səyahətlər təşkil olunacaq. Türkiyənin 4 tanınmış yazıçısı Tuna Kirəmitçi, Ayşə Kulin, Yekta Kopan və Gülşah Elibank oxucularla birlikdə bu səyahətlərdə fəal iştirak edəcək.

"Səyahət təkcə dəniz, qum və günəşdən ibarət deyil. Səyahət həm də yaşana biləcək gözəl anlardır. "Çox oxuyan deyil, çox gəzən bilər” məsəlinə biz belə cavab veririk ki, "çox oxuyan da, çox gəzən də uduzmaz”, – deyə maraqlı layihəni keçirən Prototour səyahət şirkətinin icraçı direktoru Əli Onaran bildirib.

İlk kitab turu avqustun 14-də Gülşah Elibankın "Yalançılar və sevgililər” romanıyla başlayacaq. Romanın qəhrəmanı Drakula kimi tanınmış, Osmanlı səltənətində əsir olmuş rumın şahzadəsi Vlad Tepeşın izi ilə Rumıniyanın Bukreş, Braşıv, Bran və Sinia şəhərlərinə səfər ediləcək. Oxucu səyyahlar tarixin izini qoruyan bu şəhərlərin küçələrində unudulmaz anlar yaşayacaqlar.

Daha sonra 22-25 sentyabrda Çexiyanın paytaxtına səfər olunacaq. Yazıçı Yekta Kopanın Frans Kafka ilə bağlı ərsəyə gətirdiyi əsərində Praqanın küçələri "ələk-vələk” olunacaq. Kafkanın həm sevib, həm nifrət etdiyi bu şəhərdə yazıçının xatirələrinə bir daha nəzər salınacaq.

Ayşə Kulinin "Sevdalinka” əsərinin səyahəti isə Bosniyaya istiqamət alacaq. Oxucular müəlliflə birlikdə oktyabrın 6-10-da yaxın hərb tarixini, onun fəsadlarını bir daha gözdən keçirəcəklər.

Noyabrda isə Tuna Kirəmitçi "Selanikdə son bahar” kitabının izi ilə oxucularını Yunanıstana aparacaq. Atatürkün duyğusal xatirələri Selanik şəhərində yenidən canlanacaq.