adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Iyul 2016 12:04
9749
ƏDƏBİYYAT
A- A+

Azərbaycan Yazıçılar Birliyi Türkiyə hadisələri ilə bağlı bəyanat yaydı

Azərbaycan Yazıçılar Birliyi (AYB) Türkiyədə baş vermiş çevriliş cəhdi hadisələri ilə bağlı bəyanat yayıb. Bu barədə Adalet.az AYB mətbuat xidmətinə istinadən məlumat verir. Bəyanatda deyilir ki, qardaş Türkiyə Cumhuriyyətində 15 iyul hadisələrini Türkiyə vətəndaşları ilə yanaşı Azərbaycan vətəndaşları da həyəcan və narahatlıq içində izlədi: "Başı bəlalar görmüş Azərbaycan xalqına bu hadisələr yaxşı tanışdır. Silahlı qarşıdurmalar, dövlət çevrilişləri, xalqın üzərinə yeridilən silahlı qüvvələr, zirehli tanklar yaxın keçmişimizin ən ağrılı, ən acılı məqamlarıdır. Ancaq bununla belə Azərbaycan xalqı bu hadisələrdən qəhrəmanlıqla, üzü ağ, başı dik cıxdı. Ulu öndər Heydər Əliyevin qayıdışı, Azərbaycanın çətin zamanında xalqının yanında olması, ölkəmizə sabitlik, əmin-amanlıq bəxş etdi. Məhz bu böyük xilaskarın cəsarətli addımları, örnək siyasəti nəticəsində neçə-neçə təhlükəli hadisələrin, qardaş qırğınının qarşısı alındı. Qardaş Türkiyə xalqı da öz rəhbərinin arxasında dayandı. Demokratik dəyərləri hər şeydən uca tutdu. Ölümün üzünə düz baxdı. Şükürlər olsun ki, dövləti silah gücü ilə ələ keçirmək istəyən qüvvələrin arzusu gözündə qaldı. Azərbaycanla Türkiyə iki dövlət, bir millətdir. Türkiyə Azərbaycanın ən çətin anlarında qardaşlıq sevgisi göstərib. Azərbaycan xalqı da Türkiyənin sevincinə sevinib, kədərinə üzülüb. Ölkə prezidenti cənab İlham Əliyevin qardaş ölkənin rəhbəri cənab Rəcəp Tayyip Ərdoğana zəng etməyi və dəstək təklif etməyi qardaşlıq sevgisinin bariz nümunəsidir. Azərbaycan Yazıçılar Birliyinin çoxsaylı üzvləri adından qardaş ölkəyə keçmiş olsun diləklərimizi çatdırır, demokratiya uğrundakı zəfər münasibətilə təbrik edir, bu yolda fədakarlıq numayiş etdirib, həyatlarını qurban vermiş qandaşlarımıza Allahdan rəhmət diləyirik".